• cümə, 19 Aprel, 16:20
  • Baku Bakı 25°C

“Qaralar” problemindən “qara inqilab”a doğru

29.04.15 05:38 898
“Qaralar” problemindən “qara inqilab”a doğru
Amerika Birləşmiş Ştatlarında (ABŞ) irqi ayrı-seçkilik zəminində aksiyalar səngimək bilmir. Dünya birliyinə daxil olan ölkələri “rəngli” inqilablarla qorxudan, “inqilab ixracatçısı” kimi ad çıxaran ABŞ indi özü “qara inqilab” təhlükəsini yaşayır. Artıq inqilab təhlükəsinin Birləşmiş Ştatların başının üstünü aldığı qənaətində olanların sayı da durmadan artır.
Beləliklə, Birləşmiş Ştatların ən ciddi problemi kimi ortaya çıxan “ağlar-qaralar” məsələsi getdikcə prioritet məsələyə çevrilir. Problemin həllində hakimiyyət gücsüz qalıb. Belə görünür ki, bu hal hələ çox davam edəcək. Hətta qaradərili şəxsin prezident kürsüsünə əyləşməsinə baxmayaraq, problemin həlli istiqamətində əsaslı irəliləyişlər görünmür.
ABŞ-ın Fergüson şəhərində qaradərili yeniyetmənin polis əməkdaşı tərəfindən qətlə yetirilməsi ilə bağlı məhkəmə qərarından sonra ölkə bir növ alışıb-yanır. Fergüsonun ardınca bu dəfə gərginliyin episentri Baltimor olub. Belə ki, 25 yaşlı Baltimor sakini, qaradərili Fredi Qrey polis tərəfindən saxlanıldığı zaman boyun nahiyəsindən indiyə kimi səbəbi məlum olmayan xəsarət alıb və xəstəxanada həlak olub. Onun ölümü polisin afroamerikalılarla rəftarına dair ictimai etirazlar doğurub. ABŞ-da yüz minlərlə insan hesab edir ki, Braun kimi Qrey də məhz irqi ayrı-seçkilik zəminində qətlə yetirilib. Polis komissarı Entoni Batts etiraf edib ki, Qrey istəyəndə ona tibbi yardım göstərilməyib. Polis əməkdaşının sözlərinə görə, istintaq hadisənin təfərrüatlarını müəyyən etməyə çalışır.
Qreyin ölümü şəhərdə etirazlara səbəb olub. Etiraz nümayişinə çıxmış amerikalıların əsas tələbi Qreyi öldürən zabit Darren Uilsonun həbsi və məhkəməyə cəlb olunmasıdır. Qreyin dəfnindən sonra kortəbii başlanan etiraz aksiyası əsnasında nümayişçilərlə toqquşmalar nəticəsində ən azı 15 polis xəsarət alıb. Polis kapitanı Erik Kovalçuk bəyan edib ki, polis vəziyyəti öz nəzarəti altına almağa çalışır və gözyaşardıcı qazdan istifadə etməyə hazırdır. Bu, şəhərin tarixində ən böyük aksiyalardan biri hesab edilir. Helikopterdən çəkilmiş videogörüntülərdə onlarla insanın polislə toqquşmaya qatıldığı müşahidə olunur. Nümayişçilər polislərə butulka atır və onları daşa basır. Baltimordan alınan videogörüntülərdə izdihamın yerli bazarı talaması və polis avtomobilinə od vurması əks olunub. Merilend ştatının qubernatoru Larri Hoqan isə şəhərdə fövqəladə vəziyyət elan edib və Baltimorda asayişi bərpa etmək üçün ştatın milli qvardiyasını səfərbər edib. Şəhərin meri Stefanie Ravlinqs-Bleyk bəyan edib ki, ötən gün yerli vaxtla axşam saat 10-dan səhər saat 5-dək komendant saatı elan olunub. “Bu, o deməkdir ki, həmin vaxt siz iki səbəbə görə küçədə ola bilərsiniz: ya sizdə tibbi xarakterli təxirəsalınmaz vəziyyət yaranıb, ya da siz işə gedirsiniz” – deyə xanım Ravlinqs-Bleyk dəqiqləşdirib. Polis iğtişaşlarda yeniyetmələrin də iştirak etdiyini bəyan edərək, onları evlərinə aparmaq çağırışı ilə valideynlərə müraciət edib.
“Bu gün Baltimorda baş verən qarət və zorakılıq aktlarına dözməyəcəyik” - deyə qubernator Hoqan bildirib: “Etiraz aksiyası ilə zorakılıq arasında fərq var, bu işləri görənlər qanun qarşısında cavab verəcəklər”.
Baltimor şəhərinin meri deyir ki, əldə olan bütün resurslar situasiyanın nəzarət altına alınması üçün işə salınıb: “Bu gün şəhər küçələrində gördüklərimiz son dərəcə həyəcan doğuran olaylardır”. S.Ravlinqs-Bleykin sözlərinə görə, bir neçə nəslin tikdiyi şəhəri xuliqanlar dağıtmaq istəyir. İlk nümayişlərin təşkilatçılarından biri pastor Jamal Brayant isə televiziya müsahibəsində deyib ki, Baltimor küçələrində baş almış zorakılıq “etirazın ruhunu əks etdirmir”. Onun sözlərinə görə, kilsə nümayəndələri camaatı evlərinə getməyə razılaşdırmaq üçün hadisə yerinə gediblər.
Artıq altı nəfər polis əməkdaşı F.Qreyin ölümünün səbəblərinin araşdırıldığı müddətdə işdən kənar edilib. Son məlumatlara görə, Baltimor küçələrində vüsət alan xaos və zorakılıq dalğası polislərlə toqquşmalar və bir neçə nəfərin yaralanması ilə nəticələnib. Axşam saat 10-dan səhər saat 5-dək komendant saatı elan edilməsinə baxmayaraq, şəhər küçələrində kütlələr polislərlə toqquşmaqda, polislərə hücum etməkdə davam edir.Qrey ailəsinin vəkili Billi Murpiy mərhumun ailəsinin əmin-amanlığa çağırdığını bildirib. Polis onlarla iğtişaşçının həbs olunduğunu xəbər verir. Etirazlardan istifadə edən müxtəlif kriminal qruplaşmalar polisi hədəfləmək üçün “ittifaq” yaradıblar. Baltimor şəhərinin sakinləri isə polislə qaradərili icma arasında uzun sürən gərginliklə bağlı sualların cavablandırılmasını istəyir. Baltimor Polis İdarəsi isə hadisə ilə bağlı təhqiqatın nəticələrini gələn həftənin sonuna qədər açıqlayacağını bildirib. Şəhər sakini Şon Səndtoun bildirir ki, onlar buranı tərk etməyə hazırlaşırlar: “Bizim qaçmağımızın səbəbi budur ki, biz 90 faiz əminik, əgər qaçmasaq, bizə qarşı hansısa ittiham irəli sürülərək, həbs ediləcəyik”. Melisa adlı sakin isə deyir ki, sən ya həbs ediləcəksən, ya da sənə xəsarət yetiriləcək, “təəssüflər olsun ki, biz illərdir cəmiyyətə çatdırmaq istədiklərimizi kimsə öldükdən sonra çatdıra bilirik”. Melisa hesab edir ki, polislərə insanlara zülm etmək üçün ixtiyar verilib.
Kamran
banner

Oxşar Xəbərlər