• cümə axşamı, 25 aprel, 03:30
  • Baku Bakı 19°C

Qarabağdakı terrorçularla bağlı atılacaq addımlar

25.09.20 16:15 1365
Qarabağdakı terrorçularla bağlı atılacaq addımlar
Ekspertlərin fikrincə, terrorçuların işğal olunmuş ərazilərdə yerləşdirilməsi təkcə Cənubi Qafqaz regionu üçün deyil, beynəlxalq təhlükəsizlik üçün də təhdiddir
Tovuz hadisələrindən sonra Ermənistan cəbhədə və sərhəd bölgəsində mütəmadi olaraq təxribatlara cəhd edir. Eyni zamanda Ermənistan öz çirkin işğalçılıq siyasətini davam etdirmək üçün işğal edilmiş Azərbaycan ərazilərində qeyri-qanuni məskunlaşdırma da aparır. Amma maraqlı məqam ondan ibarətdir ki, son günlər müxtəlif ölkələrin, o cümlədən Azərbaycan mediasında yayılan məlumatlardan bəlli olur ki, işğal edilmiş ərazilərə köçürülənlər heç də sivil insanlar deyil. Belə ki, Ermənistan ASALA, PKK terror təşkilatlarının üzvlərini təlim keçmək üçün Qarabağda yerləşdirir. Hətta bu məsələ barədə Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videokonfrans formatında çıxışında söyləyib. Dövlət başçısı qeyd edib ki, Ermənistan müxtəlif ölkələrdən muzdlular və terrorçular cəlb edir, onları Azərbaycana qarşı istifadə edir: "Ermənistan terrorçuluğa sponsorluq edən ölkədir. Ermənistan Azərbaycana qarşı 30-dan artıq terror aktı törədib. Bizdə erməni ASALA terror təşkilatının işğal edilmiş ərazilərimizdə olması ilə bağlı etibarlı məlumatlar var”.

Prezident bildirib ki, erməni terrorçuları 24 türk diplomatını qətlə yetirib: "Paris şəhərinin Orli hava limanında terror aktı törədərək müxtəlif ölkələrin vətəndaşlarını qətlə yetirən ASALA terror təşkilatının Varujan Karapetyan adlı üzvü daha sonra Ermənistana ekstradisiya olunmuş və Ermənistan prezidenti tərəfindən əfv edilmişdir. Həmin terrorçu Ermənistanda qəhrəman kimi qəbul edilir”.

Dövlət başçısının da qeyd etdiyi kimi, Azərbaycanın əlində artıq təkzibolunmaz sübutlar var. Bundan sonra Azərbaycan hansı addımları atmalıdır?

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, siyasi elmlər doktoru Elşad Mirbəşir bildirdi ki, Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci yubiley sessiyasında bir çox strateji məqamlara toxundu: "Bunların içərisində xüsusi olaraq Ermənistanın bu gün həyata keçirdiyi təxribatlar, işğalçılıq siyasətini qeyd etmək lazımdır. Hesab edirəm ki, artıq dünya miqyasında heç kimdə şübhə yoxdur ki, Ermənistan dövlət səviyyəsində terror həyata keçirməkdədir. Vaxtı ilə ATƏT-in Minsk qrupunun faktaraşdırıcı missiyası regionda səfərdə olan zaman işğalçı Ermənistanın Azərbaycan ərazilərində qeyri-qanuni məskunlaşmanı həyata keçirdiyini hesabatda ifadə etmişdir. Təbii ki, o zaman kimlərin köçürülməsi haqqında dəqiq məqamlar yer almamışdı. Amma bütövlükdə bəlli olan reallıq ondan ibarətdir ki, Ermənistan Azərbaycana qarşı hərbi təxribatlar törədən zaman muzdlulardan istifadə edir. Nəzərə almaq lazımdır ki, xüsusi olaraq ASALA Ermənistan dövlətinin Azərbaycana qarşı işğalçılıq siyasətinin əsas ruporlarından biri rolunda çıxış etməkdədir. Hesab edirəm ki, bu hal, olduqca təhlükəli presedent yaradır. Bu, təkcə Azərbaycanın qarşılaşdığı təhlükə kimi qiymətləndirilməməlidir. Bildiyimiz kimi, müasir beynəlxalq təhlükəsizliyə mövcud təhdidlər içərisində ən təhlükəlisi məhz terrorizmdir. Nəzərə almaq lazımdır ki, bu gün də beynəlxalq terrorizmə qarşı ciddi mübarizə aparılmaqdadır. Ermənilərin terrorçu ASALA təşkilatı da beynəlxalq miqyasda fəaliyyət göstərir. Bu təhdid təkcə Azərbaycana qarşı deyil. ASALA bir çox regionlarda terror fəaliyyətini həyata keçirib. Cənab Prezidentin qeyd etdiyi kimi, əlimizdə olan tutarlı sübutlara söykənərək məsələni beynəlxalq hüquq müstəvisinə qaldırmalıyıq”.

E.Mirbəşir qeyd etdi ki, beynəlxalq terrorizmə qarşı mübarizə kontekstində işğal altında olan ərazilərdəki terrorçulara qarşı mübarizə imkanlarını nəzərdən keçirməliyik və bununla bağlı beynəlxalq dəstəyə nail olmalıyıq: "Təbii ki, bu zaman dünya ölkələrinin, ayrıca, başda BMT olmaqla terrorizmə qarşı beynəlxalq səviyyədə nə dərəcədə səmimi mübarizə apardıqlarını müəyyənləşdirmək imkanlarımız da ola bilər. Çünki "mübarizə aparılması zəruri olan və olmayan terrorçular kateqoriyası”na ayrılma olduqca təhlükəlidir. Bu, təkcə Cənubi Qafqaz regionu üçün deyil, beynəlxalq təhlükəsizlik üçün çox ciddi təhdiddir. Bir daha qeyd etmək istəyirəm ki, terrorizmin cəzasız qalması dünyanın digər regionları üçün də olduqca təhlükəli, neqativ presedent yaradır. Hesab edirəm ki, Azərbaycan tərəfi məsələnin ciddiliyini məhz bu prizmadan əsaslandırmaqla erməni terrorçularını işğalçı Ermənistanın hərbi nəzarətdə saxladığı Azərbaycan ərazilərindən çıxarılmasına, zərərsizləşdirilməsinə, onlara qarşı beynəlxalq dəstək fonunda real mübarizə aparılmasına nail olmaq üçün addımlar ata bilər. Cənab Prezidentin BMT Baş Assambleyasında çox kəsərli məntiqlə məsələyə toxunması, hesab edirəm ki, bu istiqamətdə mübarizə aparmaq üçün artıq ilkin əsaslar formalaşdırmış oldu”.
Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli bildirdi ki, əslində Azərbaycan yaranmış vəziyyətlə əlaqədar olaraq müvafiq addımlar atır: "Prezident İlham Əliyevin istər yerli kütləvi informasiya vasitələrinə verdiyi son müsahibələrində, istərsə də BMT Baş Assambleyasının sessiyasındakı çıxışında bu məsələ ilə bağlı konseptual şəkildə o qədər aydınlıq yaranır ki, bu fikirlərə əlavə eləmək çox çətindir. Yəni Azərbaycan Prezidenti bildirdi ki, Ermənistan beynəlxalq hüquq normalarını pozaraq xarici ölkə vətəndaşlarını Azərbaycanın işğal olunmuş ərazilərinə yerləşdirir, qanunsuz məskunlaşma prosesi həyata keçirilir. Bu, təkcə yerli xarakterli qanunsuzluq deyil, beynəlxalq xarakterli hüquqa zidd əməldir”.

İ.Rüstəmli əlavə etdi ki, Prezident İlham Əliyev də bu məsələlərə öz kəskin münasibətini bildirdi: "Bununla bağlı ölkədə istər siyasi, istərsə də hərbi sahədə konkret addımlar atılır. Səfərbərliklə, hərbi təlimlərlə bağlı konkret əmrlər verilib. Bu gün Azərbaycan Ordusu tam döyüş hazırlığı səviyyəsindədir. Bir sözlə, Azərbaycan beynəlxalq hüquq normalarının tələbləri çərçivəsində nə etməlidirsə, onu da edir. Bunu da ən yüksək tribunalardan bəyan edir. Azərbaycan Prezidentinin rusiyalı həmkarı ilə danışıqlarında, eyni zamanda Türkiyə Prezidentinin dünya ictimaiyyətinə müraciətində bu məsələlərin ən xırda detallarına qədər şərhini gördük. Qardaş Türkiyə dövlət başçısı və müdafiə naziri səviyyəsində bəyan etdi ki, Qarabağ Azərbaycanın dünya birliyi, , beynəlxalq hüquq tərəfindən tanınmış torpaqlarıdır, bu ərazilər erməni təcavüzünə məruz qalıb və bu torpaqlar işğaldan azad olunmalıdır. Necə ki, bütün dünya birliyi Azərbaycanın ərazi bütövlüyünü məhz bu torpaqlar çərçivəsində tanıyır. Hələ ki, Silahlı Qüvvələrin Ali Baş Komandanının iradəsi sayəsində bu məsələlər kəskin şəkildə dünya ictimaiyyətinə çatdırılır. Bu, hüquqi baza üçün çox önəmlidir və bundan çıxış edərək Azərbaycan ən yaxın müddətdə konkret addımlar atacaq. Təbii ki, bu addımlar sırasında hərbi əməliyyatların mümkünlüyü istisna olunmur”.

BƏXTİYAR

banner

Oxşar Xəbərlər