• çərşənbə, 08 May, 15:29
  • Baku Bakı 16°C

Qarabağda müharibə ehtimalı artır

19.10.16 11:30 1255
Qarabağda müharibə ehtimalı artır
Aprel döyüşlərindən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar intensivləşsə də, əksəriyyətin gözləntilərinin əksinə olaraq, irəliləyiş əldə olunmadı. Yaranmış mənzərə, danışıqların, gözləntilərin yenidən fiaskoya uğraması isə Azərbaycanın maraqlarına uyğun gəlmir. Bu səbəbdən, növbəti dəfə aprel ayında yaşanan müharibəyə, hətta daha güclü hücuma ehtiyac olduğu barədə fikirlər bildirilir.Bu barədə fikirlərini bölüşən Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov rəsmi qəzetdə dərc olunan məqaləsində yazıb ki, Dağlıq Qarabağ münaqişəsinin dondurulmuş qalması hər an qaynar müharibəyə səbəb ola bilər.

N.Məmmədov onu da qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi regionun inkişafına ən böyük maneədir: "Azərbaycanın regional və beynəlxalq səviyyədə fəaliyyətinin qarşısında dayanan birinci dərəcəli məqsəd öz ərazi bütövlüyünün bərpasıdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi isə təkcə Azərbaycanın deyil, eləcə də bütün regionun inkişafı qarşısında duran əsas maneədir. 20 ildən çoxdur ki, Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayon Ermənistanın işğalı altındadır. Ermənistanın hərbi təcavüzü və etnik təmizləmə siyasəti nəticəsində torpaqlarımızın 20 faizi işğal edilmiş, ölkədə 1 milyondan çox insan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Azərbaycanın mövqeyi bundan ibarətdir ki, münaqişə yalnız beynəlxalq hüquq normalarına uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır".

Biz də mövzunu inkişaf etdirərək, yaxın zamanlarda təmas xəttində növbəti müharibə ehtimalının nə qədər olduğunu soruşduq. Ekspertlərin fikrincə, Azərbaycan üçün müharibə variantı hər zaman aktuallığını saxlayır. Çünki torpaqlarını işğaldan azad etmək bizim ən təbii haqqımızdır.

Millət vəkili Elşən Musayev "Kaspi"yə açıqlamasında dedi ki, PA rəsmisi Novruz Məmmədovun Qarabağla bağlı söylədiyi fikirlər əslində, dövlətin mövqeyidir: "Tamamən də açıq, düzənli formada beynəlxalq ictimaiyyətə yönəlik açıqlamadır. Həqiqətən də, regiondakı inkişafı əngəlləyən ən ciddi səbəblərdən biri Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsidir. Bu yaxınlarda cənab Prezident İlham Əliyev də çıxışlarının birində növbəti dəfə vurğuladı ki, Qarabağla bağlı qəbul edilən sənədlər, qətnamələr, qərarlar icra olunmalıdır. Həm də dərhal icra olunmalıdır. Əks halda, bu cür hərəkətsiz, icraya yönəlməyən vəziyyət bu qərarları qəbul edən beynəlxalq təşkilatların nüfuzu və perspektivi üçün də acı gələcək vəd edəcək. Gerçəkdən də, belədir və artıq ədaləti bərpa edə bilməyən ikistandartlı dünya bizim üçün müharibədən savayı çıxış yolu qoymur. Bu gedişlə isə aprel döyüşlərinin ikinci, üçüncü, dördüncü mərhələsi qaçılmazdır. Düzdür, Azərbaycan tərəfi müharibə, hücum bəyanatları verən kimi müxtəlif provokasiyalarla üzbəüz qalır. Amma sonuc etibarilə bu torpaqlar nə zamansa qayıtmalıdır və Azərbaycanın siyasi hakimiyyəti də bütün iradəsini məhz o məqsəd üzərindən səfərbər edib ki, işğal olunmuş torpaqlarımız tezliklə geri qayıtsın. Ən əsası isə budur ki, Azərbaycan xalqı müharibədən qorxmur, aprel döyüşlərindəki şücaəti daha kütləvi formada göstərməyə hazırdır". Millət vəkili qeyd etdi ki, Azərbaycanın hərbi potensialı işğal altındakı torpaqları qaytarmaq gücündədir və bu proses hər nə yolla olursa olsun, çox yaxınlarda reallaşacaq: "Novruz Məmmədov tamamən haqlı olaraq söyləyir ki, artıq bıçaq sümüyə dirənib. Bundan sonra düşünməyə çox az zamanımız var".

Politoloq Arzu Nağıyev də münaqişə danışıqlar yolu ilə həlli olmasa, müharibənin qaçılmaz olduğunu bildirdi. Xatırlatdı ki, münaqişənin həlli istiqamətində bir neçə yol var. Bunlardan birincisi, diplomatik yoldur: "İkincisi, ATƏT-in Minsk qrupunun həmsədrlərinin üzərlərinə götürdüyü missiyasıdır. Üçüncüsü isə təbii ki, müharibə yoludur. Biz sülhsevər millətik. Dövlət olaraq da, hər zaman mövqeyimizi açıqlayanda deyirik ki, münaqişənin sülh yolu ilə həllini tapmasını istərdik. Amma bu yolla nəticə olmayanda öz suverenliyimizi, ərazi bütövlüyümüzü qorumaq üçün hərbi yola əl atmağa məcbur oluruq. Bu gün Azərbaycan təbii ki, həm diplomatik yollar, həm də ATƏT-in Minsk qrupuna həvalə olunan məsələlərlə məşğuldur. Amma üçüncü - ehtiyat variantımız həmişə var". Politoloq düşünür ki, müharibədən, hərbi toqquşmadan əvvəl münaqişənin sülh yolu ilə həlli mümkündür. Amma təəssüf ki, ermənilər sülh yoluna gəlmirlər: "İllərdir danışıqlar aparılır, lakin ortada heç bir nəticə yoxdur. Bu, təbii ki, Azərbaycanı qane etmir, edə də bilməz. ATƏT-in Minsk qrupunun həmsədrliyində Birləşmiş Millətlər Təşkilatının beş daimi üzvünün üçü təmsil olunur - Rusiya, Fransa, ABŞ. Buna baxmayaraq, real nəticə əldə edilmir. Hər üç dövlət müxtəlif cür bəyanatlar verməklə kifayətlənirlər, sanki münaqişənin həllində müsbət addımlar atmaq istəmirlər. Yəni verdikləri bəyanatlar tam deklorativ xarakter daşıyır. Məlumdur ki, cənab prezident İlham Əliyev də dəfələrlə təkrar edib ki, biz aprel döyüşlərində çox vacib qələbə əldə etmişik. Ermənilər də bundan öz nəticələrini çıxardılar. Bu gün müxtəlif siyasi şoulara əl atırlar. Çünki Serj Sarkisyan bu yollarla öz hakimiyyətini qoruyub saxlamağa çalışır, müxtəlif addımlara qol qoyur. Yəqin ki, Dağlıq Qarabağ ərazisində separatçılara verdiyi müstəqillik sözünü yerinə yetirə bilmədiyinə görə müxtəlif səpkili addımlar atır. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının İrəvanda keçirilən son iclasında istər Putinin bəyanatı, istər Lukaşenkonun çıxışı, Nazarbayevin iştirak etməməsi və s göstərdi ki, bu təşkilat vacib qurum deyil və beynəlxalq qüvvələr tərəfindən tanınmır. Ona görə də bu istiqamətdə hər hansı köməyi edə bilməz. Regionda nüfuz sahibi olmaq üçün Putin dəfələrlə münaqişənin həlli istiqamətində bir sıra addımlar atmaq istədi. Lakin Ermənistanla olan münasibətlərinə görə bu addım danışıqlar masasından o yana keçmədi. Danışıqlar xatirinə də danışıqlara getmək bu gün Azərbaycana sərf etmir. Yəni biz bu gün şərt qoyub, diqtə edən tərəf kimi çıxış edirik. Aprel hadisələrinin təkrarı olmasa da, ehtiyat variant kimi, Qarabağ münaqişəsinin həlli, eyni zamanda suverenliyin qorunması, işğalçıların ərazidən çıxarılması üçün bir antiterror əməliyyatı keçirilə bilər".

Şəfa Tapdıq

banner

Oxşar Xəbərlər