• cümə axşamı, 28 mart, 20:40
  • Baku Bakı 13°C

"Qarabağ" yatağında qiymətləndirici quyunun qazılmasına start verilib

30.12.19 13:51 597
"Qarabağ" yatağında qiymətləndirici quyunun qazılmasına start verilib
Xəzərin Azərbaycan sektorunda yerləşən "Qarabağ" yatağına ilk qiymətləndirici quyunun qazılmasına başlanılıb.
Bunu "APA-Economics"ə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.
Qeyd edək ki, bu ilin martında "Caspian Drilling Company Ltd" (CDC) və "Equinor" ("Equinor Azerbaijan Karabagh BV") şirkətləri arasında qazma əməliyyatlarının aparılmasına dair müqavilə imzalanıb. Müqavilə şərtlərinə əsasən, "Equinor"un layihə əməliyyatçısı olduğu və SOCAR ilə birgə işlənməsi nəzərdə tutulan "Qarabağ" yatağında CDC tərəfindən iki quyu qazılacaq. "Equinor" və SOCAR "Qarabağ" yatağının işlənməsi üzrə layihədə bərabər paylarla yarı-yarıya iştirak edirlər.
""Qarabağ” yatağında qazma işlərinə artıq başlanılıb və quyunun qazılması prosesi iki aya yaxın vaxt aparacaq", - deyə, İ.Əhmədov qeyd edib.
Sözügedən yataqda quyunun qazılması CDC-nin balansında olan "Dədə Qorqud" yarımdalma qazma qurğusu vasitəsi ilə həyata keçirilir. "Qarabağ" yatağında işlər tamamlanandan sonra qurğu "Aypara" perspektiv strukturuna yönəldiləcək.
Əlavə edək ki, qiymətləndirici quyunun qazılmasından sonra yataqda stasionar özülün quraşdırılması və həmin özüldən hasilatın başlanılması planlaşdırılır. Özülün dayaq blokunun inşaat işləri artıq SOCAR-ın "Bos Shelf" şirkəti tərəfindən başa çatdırılmaq üzrədir. Platformanın üst hissəsinin konsepsiyası müəyyən olunandan sonra onun da inşasına start veriləcək.
"Equinor" şirkəti (2018-ci ilədək "Statoil" – red.) Azərbaycanda 1992-ci ildən fəaliyyət göstərir. Şirkət AÇG layihəsi üzrə 2049-cu ilə qədər uzadılmış Hasilatın Pay Bölgüsü Sazişinin (7,27%) və Bakı-Tbilisi-Ceyhan (8,71%) neft boru kəmərinin iştirakçısıdır.30 may 2018-ci il tarixində SOCAR və "Equinor" arasında "Xəzər dənizinin Azərbaycan sektorunda "Qarabağ" neft yatağının işlənməsi ilə əlaqədar risk xidməti" və "Xəzər dənizinin Azərbaycan sektorunda "Əşrəfi-Dan Ulduzu-Aypara" sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü" sazişləri imzalanıb.
Xatırladaq ki, "Qarabağ" perspektivli dəniz strukturu kimi 1959-cu ildə seysmik kəşfiyyat işləri nəticəsində aşkar edilib, 1984-cü ildə dəqiqləşdirilib, 1997-1998-ci illərdə kəşfiyyat qazması ilə strukturun neft-qazlılığı təsdiqlənmişdir. Yataq Bakıdan şərq istiqamətdə 120 kilometr aralıda, açıq dənizin 150-200 metr dərinliyində yerləşir. "Dan Ulduzu" və "Əşrəfi" perspektiv strukturları Xəzər dənizində, Bakıdan şimal-şərqə doğru 100-110 kilometr məsafədə yerləşir. Burada dənizin dərinliyi 80-180 metrdir. 1980-ci ildə seysmik kəşfiyyat işləri nəticəsində aşkar edilən "Aypara" sahəsi isə Bakıdan 90 kilometr şimal-şərqdə yerləşir.
banner

Oxşar Xəbərlər