“Qarabağ” yatağına qayıdış milli neft siyasətinin uğurudur
"Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu uğurlu neft strategiyası Azərbaycanı
yeni inkişaf mərhələsinə yüksəldib, iqtisadiyyatımızın dünya iqtisadiyyatına
qovuşmasına zəmin yaradıb. Ölkə Prezidenti İlham Əliyev tərəfindən milli neft
strategiyasının uğurla həyata keçirilməsi isə Azərbaycan dövlətinin enerji təhlükəsizliyi
sahəsində güclü və müstəqil tərəfdaşa çevrilməsinə, müstəqil ölkəmizin güclənməsinə,
sosial-iqtisadi tərəqqisinə, xalqımızın rifah halının daha da yüksəlməsinə
böyük töhfələr verib".
Bunu Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.
Millət vəkili
qeyd edib ki, avqustun 10-da Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda
Prezident İlham Əliyevin iştirakı ilə SOCAR-ın BOS Şelf şirkəti tərəfindən
tikilmiş neft-qaz kəşfiyyatı və hasilatı üçün nəzərdə tutulan "Qarabağ” dayaq
blokunun dənizə yola salınması bunun bariz nümunəsidir. Texnoloji baxımdan nəhəng
və mürəkkəb konstruksiya olan "Qarabağ” dayaq blokunun istifadəyə verilməsi
eyni zamanda, dövlət Başçımız tərəfindən görülən məqsədyönlü tədbirlər nəticəsində
bütün sahələrdə olduğu kimi neft və qaz sənayesinin də inkişafını, bu sahə üzrə
mütəxəssislərin yüksək peşəkarlığa malik olmasını göstərdi.
Uğurla həyata keçirilən milli neft siyasəti dövlətimizin güclənməsinə,
xalqımızın rifahına və mədəni intibaha xidmət etməklə yanaşı Xəzərin Azərbaycan
sektorundakı karbohidrogen ehtiyatlarının birgə işlənilməsi üçün dünyanın
Qafqazda marağı olan bütün mərkəzlərinin iqtisadi mənafelərinin ödənilməsinə şərait
yaratdı. Bu
isə ölkəmizin beynəlxalq aləmdəki tərəfdaşlarının, dostlarının sayının daha da
artması deməkdir.
Ölkə Prezidenti İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində
"Qarabağ” yatağının dayaq bloku üzrə dənizə yola salınmasının çox əlamətdar
hadisə olduğuna diqqət çəkib: ” Neft yatağı olaraq bu, birinci yataqdır və bu nəhəng
qurğu Xəzər dənizində inşa edilmiş ən böyük qurğudur. Ona görə bu
layihənin əhəmiyyəti haqqında çox danışmaq olar. Əlbəttə ki, bu, bizim uğurlu
siyasətimizin nəticəsidir. Çünki artıq 1994-cü ildən başlayaraq xarici neft
şirkətlərinin Azərbaycanda böyük həcmdə sərmayə qoymalarına baxmayaraq, bu günə
qədər Azərbaycanın neft-qaz sənayesinə, neft-qaz potensialına xarici
investorlar tərəfindən maraq azalmır, əksinə, artır. Əminəm ki, növbəti illərdə
"Qarabağ” və digər yataqlar uğurla istismar ediləcək və ölkəmizə böyük fayda
verəcək”.
Bəli, ötən dövrdə uğurla həyata keçirilən milli neft siyasəti hələ uzun
illər dövlətimizin güclənməsinə, xalqımızın rifahına və mədəni intibaha xidmət
edəcək, işğalçı ermənistan hakimiyyəti tərəfindən öz evlərindən, el-obalarından
didərgin düşmüş bir milyon qaçqın və məcburi köçkün soydaşlarımız doğma
torpaqlarımıza qayıdacaq. Ölkə Prezidentimizin qeyd etdiyi kimi: "Bizim ərazi
bütövlüyümüz tam bərpa ediləcək, necə ki, bu gün biz vaxtilə tərk edilmiş
"Qarabağ” yatağına qayıdırıq, eyni qaydada biz doğma Qarabağ torpağımıza da
qayıdacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”
Alpər TURAN