• çərşənbə, 17 Aprel, 02:54
  • Baku Bakı 14°C

Qarabağ münaqişəsinin həllində yeni bir mərhələ başlayıb

21.04.16 14:31 2754
Qarabağ münaqişəsinin həllində yeni bir mərhələ başlayıb
Azərbaycan ordusunun düşmənə sarsıdıcı zərbə vurduğu 4 günlük müharibədən sonra Dağlıq Qarabağ probleminin sülh yolu ilə tənzimlənməsi yenidən aktuallaşıb. İndiyə qədər Bakı və Yerevana səfərlər edib tərəflərlə görüş xətrinə görüşlər keçirməklə öz vəzifələrini bitmiş sayan ATƏT-in Minsk qrupu həmsədrləri münaqişənin qısa zamanda həll olunmasının tərəfdarı kimi çıxış edirlər. Xüsusən də Rusiya bu məsələdə daha çox fəallıq nümayiş etdirir. Cəbhə xəttində yaşanan son hadisələr zamanı Kreml rəhbərinin Azərbaycan prezidenti ilə telefon danışığı, ardınca Rusiya xarici işlər nazirinin, baş nazirin ölkəmizə səfərləri, münaqişənin həlli üçün danışıqlar aparması bunu deməyə əsas verir. Bu günlərdə isə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun həm Azərbaycan, həm də Ermənistana səfər edəcəyi, tərəflərə konkret təkliflər təqdim edəcəyi gözlənilir. Mövzu ilə bağlı “Kaspi”nin suallarını Yeni Azərbaycan Partiyasının (YAP) Beynəlxalq əlaqələr komissiyasının katibi, politoloq, millət vəkili Elman Nəsirov cavablandırır.
- Elman müəllim, Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu günlərdə mediaya verdiyi müsahibəsində qeyd edib ki, yaxın günlərdə Dağlıq Qarabağ probleminin nizamlanması üzrə danışıqların intensiv mərhələsi başlayacaq. Aprel ayının ilk günlərindən indiyə qədər cərəyan edən prosesləri, Rusiya rəsmilərinin Bakıya səfərlərini, səsləndirdikləri bəyanatları gözlənilən intensivliyin ilkin mərhələsi hesab etmək olarmı?
- Cənab Əli Həsənovun müsahibəsində də bu məqam diqqətdə saxlanılıb ki, münaqişənin həlli ilə bağlı prosesdə bir intensivlik müşayiət olunacaq. Artıq bu intensivlik müşahidə olunmaqdadır. Bu da təsadüfi deyil. Aprel ayının ilk günlərində Azərbaycan-Ermənistan təmas xəttində baş vermiş məlum hadisələrdən sonra münaqişənin həllində yeni bir mərhələ başlayıb. Bu yeni mərhələdə Azərbaycan diktə edən tərəfdir və bunu bütün dünya görür. Üstünlüyümüzü şərtləndirən ən mühüm amillərdən biri də ondan ibarətdir ki, Azərbaycan ordusunun hansı gücə, potensiala malik olduğu üzə çıxıb. İkinci həqiqət bu oldu ki, Ermənistan istisna olmaqla, bütün dünya dövlətləri, eyni zamanda beynəlxalq təşkilatlar Azərbaycanın haqq işini müdafiə etdilər, ölkəmizin ərazi bütövlüyünü dəstəklədilər. Üçüncüsü isə Ermənistan tərəfinin uydurduğu “güclü erməni ordusu”, “güclü erməni hərbi vətənpərvərliyi” və sair miflər sabun köpüyü kimi əriyib yox oldu. Bu reallıqları həmsədrlər də dərk edirlər və buna görə də münaqişənin tənzimlənməsində fəallıq nümayiş etdirilməkdədir. ATƏT-in Minsk qrupunun həmsədr dövləti kimi Rusiyanın fəallığı bu məsələdə daha çox gözə çarpmaqdadır. Rusiya prezidenti Azərbaycan dövlət başçısı ilə telefon əlaqəsi yaradıb, xarici işlər naziri Sergey Lavrov, baş nazir Dmitri Medvedev ölkəmizdə səfərdə olublar. Bu günlərdə Lavrov yenidən Bakıya və Yerevana səfərə gələcək. Hazırda erməni mətbuatı da yazır ki, Lavrovun yeni təkliflərlə bölgəyə səfərə gəlməsi ehtimalı böyükdür. Bu təkliflərin nədən ibarət olması, mahiyyəti barədə həm Rusiya, həm də erməni mediasında da geniş fikirlər əksini tapmaqdadır. Söhbət ilk növbədə Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasından, Azərbaycana qaytarılmasından gedir. Bunun ardınca ərazidə sülhməramlı qüvvələrin yerləşdirilməsi aktualdır. Dağlıq Qarabağın hüquqi statusunun müəyyən edilməsi isə növbəti mərhələyə saxlanılır. Bununla bağlı da dövlət başçısı İlham Əliyevin qəti mövqeyi var. O, dəfələrlə bəyan edib ki, Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına heç zaman yol verilməyəcəkdir. Hazırda ATƏT-in Minsk qrupu münaqişə ilə bağlı ilk növbədə xarici işlər nazirləri səviyyəsində görüş keçirmək istəyirlər. Bu görüşün Rusiya ərazisində, daha çox Kremlin təşəbbüsü ilə baş tutacağı daha çox ehtimal edilir. Bunun ardınca isə yenə də rəsmi Moskvanın təşəbbüskarlığı sayəsində Rusiya şəhərlərinin birində prezidentlərin iştirakı ilə yüksək səviyyəli görüşün olacağı gözləniləndir. Ona görə də hesab edirəm ki, danışıqlar prosesindəki intensivlik əvvəlkilərdən ciddi surətdə fərqlənir. Əgər əvvəllər sadəcə, görüş naminə görüşlər keçirilirdisə, artıq indi ATƏT-in Minsk qrupu fərqindədir ki, əgər onlar görüşdə konkret nəticə əldə etməsələr müharibənin başlamayacağına heç kim təminat verə bilməz. Çünki cəbhə xəttindəki hadisələrdən sonra həmsədrlər anlayıblar ki, Dağlıq Qarabağ problemi dondurulmuş münaqişə deyil. İstənilən vaxt tərəflər arasında müharibə yenidən başlaya bilər.
- Ermənistan cəmiyyəti bu proseslərə necə münasibət sərgiləyir? Sizcə, rəsmi və ya qeyri-rəsmi şəxslər Ermənistanın kompromisə getməsinə razı olacaqlarmı?
- Erməni mətbuatında belə bir tendensiya müşahidə olunmaqdadır ki, Azərbaycan neftdən və qazdan əldə etdiyi gəlirlər hesabına kifayət qədər güclənib, ona görə də Azərbaycan və Ermənistan arasındakı fərq daha da böyümədən kompromisə getmək lazımdır. Buna eks-prezident Levon Ter-Petrosyan yanaşması da deyirlər. O da məlumdur ki, düşmən cəbhə xəttində sarsıdıcı zərbə alandan sonra Ermənistan prezidenti Serj Sarkisyan müxalifətin lideri, vaxtilə hakimiyyətdən devirdiyi Petrosyanın evinə getdi. Bu amili nəzərə alan erməni ekspertləri hesab edirlər ki, Sarkisyan Petrosyan yanaşamasına üstünlük verməyə başlayıb, Azərbaycanla kompromisə getməyə hazırlaşır, onun başqa çarəsi yoxdur. Başqa bir reallıq erməni cəmiyyətinin buna reaksiyasıdır. Erməni ekspertlərin yazdıqlarına görə, Ermənistanda böyük ruh düşkünlüyü yaşanır, ölkədən köç prosesi daha da sürətlənib, ictimai fikir daha çox sülhə yönəlib. Çünki erməni cəmiyyəti müharibəyə başlamağın onlar üçün böyük itkilər olacağını tam çılpaqlığı ilə anlayıb. Ermənistanın müxalifət mediası yazır ki, erməni rəsmi qurumları əsl həqiqətləri xalqdan gizlədir, 4 günlük müharibədə 322 erməni əsgər və zabiti öldürülüb, 50-dən çox hərbçi itkin düşüb, 500-dən çoxu yaralanıb. Ermənilər hətta iddia edirlər ki, itkin düşmüş kimi qələmə verilən erməni hərbçilərinin çoxu döyüşlərin gedişində öldürülüb, sadəcə, hökumət onları gizlin şəkildə dəfn edib, narazılıqların artmasından ehtiyatlanıb, həmçinin itkilərin böyük olmasını etiraf etmək istəməyib. Bütün bu reallıqlar göz qabağındadır.
- Siz də qeyd etdiniz ki, ATƏT-in Minsk qrupunun həmsədr dövləti Rusiya münaqişənin sülh yolu ilə həlli prosesində fəallıq nümayiş etdirir, təşəbbüskarlıq göstərir. Digər həmsədr dövlətlər isə daha çox seyrçi təsiri bağışlayır. Bu, nə ilə əlaqədardır?
- Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli prosesi bəlkə də yeganə məsələdir ki, Rusiya ilə Qərb arasında ixtilaf yoxdur. Çünki digər beynəlxalq proseslərə münasibətdə, misal üçün Liviya, Suriya və sair məsələlərlə bağlı Rusiya və Qərb, xüsusən də ABŞ, Fransa arasında 180 dərəcə fərqli mövqe var. Ancaq Dağlıq Qarabağ münaqişəsinin unikallığı ondadır ki, həmsədr dövlətlərin üçü də eyni mövqedən çıxış edə bilirlər. Hətta bəzi Qərb ekspertləri deyirlər ki, ABŞ və Fransanı, eləcə də digər Qərb ölkələrini Rusiya ilə barışdırmaq üçün Dağlıq Qarabağ problemi unikal imkandır. Çünki tərəflər bu məsələdə ortaq mövqedən çıxış edə bilirlər. Digər iki həmsədrin bu məsələdə bir qədər passiv mövqedə görünməsini şərtləndirən digər amil rəsmi Vaşinqtonla və Parisin təhlilləridir. Onlar bu nəticəyə gəliblər ki, istənilən halda münaqişənin bir tərəfi olan Ermənistana yüz faizlik təsir imkanına malik dövlət Rusiyadır. Çünki, əgər Kreml rəhbərliyi assosiativ sazişlə bağlı 3 il Avropa İttifaqı ilə danışıqlar aparan Serj Sarkisyanın mövqeyini bir gecədə dəyişdirə bilibsə, deməli, Rusiya Qarabağ münaqişəsinin həllində də bu dövlət üzərində yetərincə təsirli vasitəyə malikdir. Ona görə də ABŞ-ın və Fransanın indiki mərhələdə passivliyinin mahiyyətini başa düşmək olar. Bundan başqa, ABŞ və Rusiyanın milli təhlükəsizlik konsepsiyalarına fikir verməklə də sualınıza cavab vermək olar. ABŞ-ın son milli təhlükəsizlik konsepsiyasında qeyd olunur ki, Amerikanın strateji maraqları içərisində Yaxın Şərq regionu ön mövqedə dayanır. Rusiyanın xarici siyasət konsepsiyasına baxsaq görərik ki, MDB məkanı strateji maraqlar içərisində birincidir. Rusiyanın Yaxın Şərqdə fəallığı Qərb tərəfindən mənfi qarşılanır, eynilə Qərbin də MDB məkanında fəallığı Rusiyanı qıcıqlandırır. Çünki strateji maraqlar toqquşur. Tərəflər öz maraqlarını qorumaq üçün strateji sənədlərdə bir-birlərinə mesajlarını bu cür göndəriblər. İndiki şəraitdə Qərb bu kimi faktorları nəzərə alır, Rusiyanın fəallığına kənardan müşahidəçi statusunda qiymət verir. Rusiya xarici işlər naziri Lavrovun qısa müddətdə ABŞ dövlət katibi Con Kerri ilə iki dəfə telefon danışığı aparması onu da göstərir ki, rəsmi Moskva münaqişənin tənzimlənməsi üçün atacağı addımlarla bağlı əvvəlcədən digər həmsədr dövləti məlumatlandırmağı vacib sayır.
- Münaqişənin tənzimlənməsi mərhələsində ərazidə sülhməramlı qüvvələrin yerləşdirilməsi də aktualdır. Bu məsələ necə həllini tapacaq? Azərbaycan öz ərazisində yenidən Rusiyanın, yaxud başqa bir dövlətin hərbi bazasının yerləşdirilməsinə razılıq verəcəkmi?
- Bu məsələ ilə bağlı Azərbaycan dövlət başçısı İlham Əliyevin prinsipial mövqeyi var. Bu da ondan ibarətdir ki, sülhməramlı qüvvələrin müəyyən edilməsində heç bir dövlətin inhisarçı mövqeyi olmamalıdır. Elə indiki məqamda ən gərgin məsələ də bununla bağlıdır. Tam yerində olan sual yaranır ki, işğal olunmuş rayonlar Azərbaycana qaytarılarsa, Dağlıq Qarabağın statusu növbəti mərhələyə qalarsa, bu halda sülhməramlı qüvvələr deyərkən, kimi nəzərdə tutursunuz? Həmin sülhməramlı qüvvələr hansı qüvvələrdən ibarət olacaq? Bu qüvvələr Türkiyədən ibarət olacaqsa, buna Ermənistan, yalnız Rusiyadan ibarət olacaqsa Azərbaycan etiraz edəcək. Belə olan halda, sülhməramlı qüvvələr statusunda müxtəlif dövlətlərin təmsilçisi olmalıdır. Bu zaman heç bir dövlət burada monopolist, inhisarçı qüvvə kimi çıxış etməli deyil. Ən optimal variant budur ki, sülhməramlı qüvvələr paritet əsasda müəyyən olunmalı, hansı dövlətlərin iştirakı açıqlanmalıdır. Məhz bundan sonra həmin qüvvələr BMT mandatı altında fəaliyyətlərini tənzimləyə bilərlər. Bir daha qeyd edirəm ki, bu məsələdə inhisarçı mövqe qəbuledilməzdir. Əks təqdirdə bu, problemin müvəqqəti dondurulması anlamını kəsb edəcək, münaqişənin alovlanması istənilən zaman mümkün olacaq. Ona görə də bu məsələ danışıqlar prosesində həlledici xarakter daşıyır.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər