• cümə, 19 Aprel, 04:40
  • Baku Bakı 18°C

Qarabağ münaqişəsi yenə Moskvada müzakirə edilir

28.04.17 12:30 1033
Qarabağ münaqişəsi yenə Moskvada müzakirə edilir
Dağlıq Qarabağ probleminin həlli istiqamətində danışıqların aparılması yenidən gündəmə gəlib. Baxmayaraq ki problemin həlli üçün ATƏT-in Minsk qrupu 20 ildən çox zaman kəsiyində münaqişə tərəfləri ilə müxtəlif səpkili görüşlər keçirib, lakin hələ də Qarabağ düyünü açılmaq bilmir. Ötən ilin aprelində təmas xəttində baş verən hərbi toqquşma zaman isə Azərbaycan Ordusu ermənilərə lazımi dərsi verə bildi. Bununla Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud status-kvonun qəbuledilməzliyini bir daha ortaya qoydu.

Bu gün isə münaqişə tərəflərinin və Rusiyanın xarici işlər nazirləri yenidən bir masa ətrafında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə edəcək. Belə ki, Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvada görüşü baş tutacaq. Bundan əvvəl belə görüşlərin keçirilməsinə təşəbbüs olsa da, Ermənistan tərəfi səbəb göstərmədən müzakirələrdən imtina edib. Bəs bu dəfə xarici işlər nazirlərinin görüşündən nə isə gözləməyə dəyərmi?

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında politoloq Fikrət Sadıxov bildirib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündə münaqişənin həlli ilə bağlı hansısa sıçrayış bir qərar olmayacaq: "Ermənistanın siyasəti, özünü qərəzli aparması və ona bir sıra aparıcı dövlətlərin dəstək verməsi görüşlərdə hər hansı yeni bir qərar verilməsinə gətirib çıxarmayacaq. Çünki Ermənistan arxayındır ki, onu aparıcı ölkələr dəstəkləyir, başını sığallayır və təbii ki, belə olanda halda, hansısa razılıq olacağına şübhə edirəm. Belə vacib qərarlar ancaq dövlət başçılarının görüşündən sonra baş verə bilər. Bu görüşlər hər halda, özü-özlüyündə bir addımdır. Ən azından, Azərbaycana şərait yaradan bir məqamdır. Bununla işğal olunmuş torpaqlarımızla və digər məsələlərlə bağlı öz mövqeyimizi bir daha qəti şəkildə bildirəcəyik. Eyni zamanda, hər zaman onu bəyan etmişik ki, ölkəmizin ərazi bütövlüyü çərçivəsində bütün kompromislərə hazırıq və bu istiqamətdə hər zaman addım ata bilərik”.

F.Sadıxov əlavə edib ki, Rusiya hər zaman Qarabağ məsələsinə nəzarət edir və heç vaxt bu nəzarətini zəiflətməyib: "Çünki Rusiyanın bu regionda öz maraqları var, Ermənistan onun müttəfiqidir. Eləcə də Rusiyanın Ermənistanda hərbi bazası var. Amma eyni zamanda, Rusiya başa düşür ki, Azərbaycan da güclü regional bir dövlət kimi Kreml üçün vacib ölkədir. Bu əlaqələr ikitərəfli münasibətlər formatında inkişaf edir. Əlbəttə, bu məsələdə Rusiyanın təşəbbüsünü görürük. Həmçinin inanmıram ki, digər həmsədrlər münaqişənin həllinə biganə yanaşır və öz sözünü sonra deməyəcək”.

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskva görüşündən hər hansı nəticə gözlənilmir: "Çünki ümidverici bir açıqlamada verilməyib. Rusiya Ermənistana da təzyiq etmir ki, münaqişənin həlli sürətlənsin və ya mərhələli həll planı işə düşsün. Kremlin yeganə məqsədi odur ki, atəşkəsə riayət olunsun. Bu isə Azərbaycanın maraqlarına cavab vermir. Çünki atəşkəsin uzun müddət qorunması status-kvonun davamı deməkdir. Ona görə də ciddi bir nəticə gözləmirəm. Həm də Rusiya Ermənistana dəstəyini davam etdirir. Faktiki olaraq, Ermənistanın silah alması üçün 200 milyon dollar pul ayırıb, "İsgəndər” operativ-taktiki raketləri yerləşdirib. Eyni zamanda, Rusiya xarici işlər naziri Lavrov ötən il qeyd etdi ki, Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması mümkündür, amma status müəyyənləşməlidir. Bu da bizim maraqlarımıza ziddir. Bu səbəbdən də, belə məsələlər olduğu bir məqamda Lavrovun Nalbandyana təsir göstərərək, münaqişənin həllini sürətləndirəcəyini düşünmürəm. Həmişəki görüşlər necə nəticələnibsə, bu da elə nəticələnəcək”.
E.Şahinoğlu deyib ki, münaqişənin həlli ilə bağlı son illər əsas vasitəçi Rusiyadır: "Amerika və Fransa faktiki olaraq, 10 ildir passiv mövqedədirlər. Sanki kənara çəkiliblər. Əsas danışıqlar Rusiya ərazisində keçirilir, Kreml rəsmiləri Azərbaycana və Ermənistana gəlirlər. Demək olar ki, Dağlıq Qarabağla bağlı danışıqları Rusiya inhisara alıb. Amma bu inhisarçılıq da münaqişənin həllini sürətləndirmir, sadəcə, ortada fəallıq var. Keçən il prezidentlərin görüşü olub, tez-tez xarici işlər nazirləri bir araya gəlir. Əsas görüşlər də məhz Rusiya ərazisində keçirilib. Lakin bu görüşlərdən, müzakirələrdən də ortada ciddi nəticələr yoxdur. Yəni, Kreml münaqişənin həlli üçün yetərli addımlar atmır. Bizdə bilirik ki, Rusiyanın Ermənistan hakimiyyətinə güclü təsir imkanları var. Bu mexanizmləri işə salsa, münaqişəni həll etmək mümkündür. Amma Rusiya bundan istifadə etmək istəmir, sanki münaqişənin həll olunmasını istəmir. Eləcə də hansısa mərkəzlər elə bil ki, bundan yararlanırlar. Əks halda, Ermənistan hakimiyyətinə göstərdikləri təsirlə bu münaqişənin həlli prosesini sürətləndirə bilərdirlər. Rusiya digər yandan, Azərbaycanı Avrasiya İttifaqında görmək istədiklərini deyir. Bəli, bu mümkündür. O halda ki, münaqişə həll olunsun. İndiki halda Azərbaycan Ermənistanla eyni inteqrasiya məkanında yer ala bilməz. Bir yandan Azərbaycanı Avrasiya İttifaqında görmək istəyirlər, digər tərəfdən münaqişəni həll etmək istəmirlər. Bu ikisi isə bir arada mümkün olan məsələ deyil”.
Bəxtiyar MƏMMƏDLİ

banner

Oxşar Xəbərlər