• cümə, 29 Mart, 10:50
  • Baku Bakı 5°C

“Qarabağ klanı” Paşinyandan əl çəkmir

16.10.19 17:46 727
“Qarabağ klanı” Paşinyandan əl çəkmir
Separatçı Dağlıq Qarabağ rejimi ilə Yerevan arasında münasibətlər günbəgün gərginləşməkdədir. Nikol Paşinyanın nəyin bahasına olursa-olsun işğal altında olan Azərbaycan torpaqlarında hakimiyyətə öz adamını gətirmək istəyinə qarşı ciddi təpkilər və müqavimət formalaşır. Bütün diqqət isə gələn il keçiriləcək qondarma seçkilərə yönəlib. Bu dəfə erməni mediası yazır ki, "Qarabağ klanı” hakimiyyəti heç bir halda N.Paşinyanın timsalında yeni Yerevana vermək niyyətində deyil və işğal altında olan Qarabağda özünün nümayəndəsini təyin etməyə hazırlaşır. Separatçı qurumun qondarma rəhbəri Bako Saakyan və tərəfdarları 2020-ci ildə keçiriləcək "parlament” seçkilərində yeni koalisiya yaratmaq niyyətindədir. Bu koalisiya da sonradan "prezidentliyə” öz namizədlini irəli sürmək fikrindədir. Bu şəxs isə qondarma qurumun "xarici işlər naziri” Masis Mailyan ola bilər. Onun namizədliyini müdafiə edənlər arasında keçmiş və indiki güc strukturları, o cümlədən N.Paşinyan əleyhinə mütəmadi olaraq kütləvi informasiya vasitələrində tənqidlər yağdıran qondarma qurumun "təhlükəsizlik şurası”nın keçmiş rəhbəri Vitali Balasanyan da var. Bundan əlavə, KİV-də yayılan xəbərlərə görə, "Qarabağ klanı” Yerevanın ciddi dəstək verdiyi və separatçı qurumun "prezidenti” olmağa iddialı keçmiş "baş nazir” Araik Arutunyanın namizədliyini geri götürməsinə çalışır. Bir sözlə, "Qarabağ klanı” nəyin bahasına olursa-olsun separatçı qurumun Paşinyanı dəstəkləyən şəxsin əlinə keçməməsinə çalışır. Çox güman ki, N.Paşinyanın separatçıların lideri B.Saakyanla ötən gün baş tutan görüşündə də bu məsələlər diqqət mərkəzində olub. Nikol yəqin ki, Saakyanı "seçkiərdə” favorit olduğu bildirilən Balasanyana dəstək verməməyə çağırıb.
V.Balasanyandan söz düşmüşkən, separatçı qurumun əsas söz sahiblərindən olan bu şəxs qalmaqallı açıqlamaları ilə gündəmdə qalmaqda davam edir. Ötən gün o bildirib ki, guya Ermənistan baş naziri ilə Azərbaycan prezidenti arasında anlaşma var ki, Dağlıq Qarabağ danışıqlar masasına qayıtmasın. N.Paşinyanın ən qatı düşməninə çevrilməkdə olan qarabağlı səhra komandiri habelə bildirib ki, Paşinyanın lovğalandığı kimi, təmas xəttində gərginliyin azalması Azərbaycanı tam qane edir. "Sadəcə görmək lazımdır ki, bütün bu vaxt ərzində Azərbaycan qoşunların təmas xəttində hansı mühəndis işlərini görüb. Xüsusən də müdafiə döyüşlərinin, hücum döyüşlərinin aparılması, hava müşahidəsi, gündüz müşahidəsi, gecə müşahidəsi üçün. Gedin görün və əmin olun ki, Nikol Paşinyanın operativ əlaqəsi antierməni mahiyyəti daşıyır, təhlükəlidir və bizim təhlükəsizliyimizi təhdid edən anlaşmadır”, - deyə Balasanyan deyib. Əlavə edib ki, "Ermənistan hakimiyyətinin bu gün Qarabagla bağlı seyr etdiyimiz siyasəti tam olaraq Levon Ter-Petrosyanın bu münaqişə ilə baglı proqramının davamıdır. Onun məşhur sitatını yada salaq: "Serqo can, biz Qarabağı qaytarmasaq, pis gündə yaşayacağıq”. Balasanyan deyib ki, Azərbaycanın Ağdam şəhərini işgal edən erməni əsgərlərinə başçılıq edib. "Mən Ağdama hücuma keçən hərbi birləşmənin komandiri idim. Bizə o vaxtkı hakimiyyət tərəfindən tapşırıq gəldi: "Agdama girməyin!” Amma mən bu qərara fikir verməyib, hücuma keçdim. Fürsəti əldən vermək olmazdı. Biz bir günə Ağdamı öz nəzarətimiz altına aldıq. Demək olar ki, hər gün hakimiyyətdən telefonoqramlar gəlirdi: Ağdamı boşaldın! Onu demək istəyirəm ki, Ter-Petrosyanın Qarabağla planı başqadır və hazırkı hakimiyyət bu yola davam edir. Paşinyan Qarabağı qaytarmaq istəyir”, - deyə Balasanyan qeyd edib. Erməni generalın fikrincə, Daglıq Qarabağa Azərbaycan bayrağı altında geniş muxtariyyət veriləcək.
Bundan əvvəl Balasanyan Paşinyana fiziki divan tutmaqla hədələmişdi. Daha sonra o, Paşinyanın Dağlıq Qarabağın Azərbaycanın tərkibində muxtariyyət statusuna razılaşdığını iddia edib. Balasanyan bildirir ki, onun özünün mənbələri var və Paşinyanın Əliyevlə nədən danışdığını, hansı anlaşma əldə etdiklərini bilir. Yeri gəlmişkən, hazırda Ermənistan Xüsusi İstintaq Komitəsi onun Paşinyanıla bağlı bəyanatı ilə bağlı araşdırmalara başlayıb.
Balasanyan daha bir maraqlı məsələyə toxunub və bu münasibəti ilə çox şeyə aydınlıq gətirmiş olub. Söhbət Rusiyaya münasibətdən gedir. Onun sözlərinə görə, bu gün Ermənistan və Rusiya arasında diplomatik kanallar belə desək, dağıdılıb: "Eyni zamanda, Ermənistan və İran arasında da diplomatik kanallar da yox dərəcəsindədir - dağıdılıb. Mən siyasi terminləri anlayıram, nə dediyimi də gözəl bilirəm”. Əlavə edib ki, özü və digərləri N.Paşinyanın Birləşmiş Ştatlarda hansı danışıqları apardığından xəbərdardırlar. "Paşinyan ABŞ-da Adam Şifflə görüşür, axı kimdir o? Bu şəxs Birləşmiş Ştatlar prezidentinə impiçment təşəbbüsü qaldıran qrupun rəhbəridir. Məgər Ermənistanın siyasəti bunun üzərində qurulub?”
Separatçı qurumun nüfuzlu nümayəndəsi eks-prezident Serj Sarkisyanla görüşündən də danışıb. Onun sözlərinə görə, insanlarda belə bir təəssürat yaranıb ki, V.Balasanyanın S.Sarkisyanla görüşü cinayətkar bir addımdır: "Biz birlikdə yol getmişik və mən hər kəs ilə görüşürəm. Sarkisyan Qarabağa gələndə anamla görüşür”. V.Balasanyan hamını inandırmağa çalışıb ki, S.Sarkisyan və yaxud Robert Koçaryan onu idarə edə bilməzlər. Əlavə edib ki, Sarkisyan hazırda Qarabağdadır. "Hətta ötən gün birlikdə şam da etdik. Biz siyasi söhbətlər aparmamışıq”, - deyə jurnalistləri inandırmağa çalışıb.

Azər
banner

Oxşar Xəbərlər