• şənbə, 20 Aprel, 12:25
  • Baku Bakı 23°C

Qarabağ Dirçəliş Fondunun yaradılması milli birliyimizin təzahürüdür

13.04.21 23:59 697
Qarabağ Dirçəliş Fondunun yaradılması milli birliyimizin təzahürüdür
Qarabağ Dirçəliş Fondu 44 günlük Vətən müharibəsi dövründə bir yumruq olan xalqımızın Qarabağın bərpasında da birlik və iştirakının təminatçısı olmasına zəmin yaradır. Azərbaycan xalqı böyük Qələbə qazanaraq ərazilərini Ermənistan işğalından azad etdi, tarixinin ən yaddaqalan və şanlı dövrünə qədəm qoydu. Otuz ilə yaxın müddətdə erməni qəsbkarları tərəfindən maddi və mədəni sərvətləri talan edilmiş ərazilərimizin yenidən qurulması ölkənin siyasi-iqtisadi suverenliyinin güclənməsinin mühüm dayaqlarından biri olacaq.
Kaspi.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Şahin Seyidzadə bildirib.
Deputat diqqətə çatdırıb ki, dünyada əhəmiyyətli inkişaf yolu keçmiş ölkələrə baxdıqda dövlət-özəl tərəfdaşlığı həmişə geniş parametrli mövzu olaraq xüsusi əhəmiyyət kəsb etdiyini görürük. Dövlət-özəl sektor münasibətlərinin prioritet mövzu olaraq iqtisadi, sosial, hüquqi, mədəni, siyasi və digər sahələri özündə əks etdirdiyini vurğulayan deputat deyib: "İnstitusional təşəbbüslərin mövcudluğu dövlətin taleyüklü məsələlərin həlli istiqamətində strateji yanaşma ortaya qoyduğunu göstərir. Belə ki, Azərbaycan Prezidentinin 2021-ci il 4 yanvar tarixli Fərmanı ilə yaradılan Qarabağ Dirçəliş Fondu işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin göstərilməsini özündə ehtiva edir. Bu Fondun yaradılması milli birliyinin bariz nümunəsi və dövlətin Qarabağla bağlı siyasətinin təzahürüdür. Həmvətənlərimizin həmin Fonda müəyyən məbləğdə vəsait köçürmələri təkcə maddiyyatla bağlı deyil, eyni zamanda, milli-mənəvi birliyimizin möhkəmləndirilməsinə, vətəndaşlarımızın bir-birinə dəstək olmasına şərait yaradır”.
Şahin Seyidzadənin sözlərinə görə, dövlət-özəl tərəfdaşlığının inkişafını təmin edən Qarabağ Dirçəliş Fondunun xətti ilə mərkəzləşdirilmiş qaydada görüləcək işlər nəticəsində ərazilərimiz tamamilə yenidən qurulacaq, orada infrastruktur yaradılacaq, müasir şəhər, qəsəbə və kəndlər tikiləcək, bölgəyə dinc, təhlükəsiz, rahat həyat gələcək, Qarabağ sakinləri daimi yaşayış yerlərinə qayıdacaqlar. Dirçəliş prosesinin getdiyi zaman yeni iş yerləri açılacaq, ölkə həyatının bütün sahələrində sürətli inkişafa nail olunacaq. Bütün bunlar həmvətənlilərimizin həyat şəraitinin daha da yaxşılaşdırılmasına töhfə verəcək.
banner

Oxşar Xəbərlər