AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Qara qutular haqda xəbər təsdiqlənmədi

Qara qutular haqda xəbər təsdiqlənmədi

İqtisadiyyat
31 Yanvar 2013, 10:14 1672
“Qara qutu adlandırılan cihaz ölkə daxilində fəaliyyət göstərən ictimai nəqliyyata tətbiq edilməyəcək”- bu sözləri qəzetimizə Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Namiq Həsənov deyib.
Qeyd edək ki, ölkə mətbuatında bir neçə müddətdir ki, ictimai nəqliyyatda qara qutuların quraşdırılması ilə bağlı xəbərlər yayılıb. Amma Namiq Həsənov bizimlə söhbətində bu məlumatların yanlış olduğunu bildirdi: “Qara qutu adlandırılan cihazların yaxın müddətdə ölkə daxilində fəaliyyət göstərən, sərnişin daşıyan avtobuslara quraşdırılması nəzərdə tutulmayıb. Bu qutular ölkəmizdə beynəlxalq sərnişin və yük daşımalarının sürücülərinə nəzarət etmək üçün tətbiq ediləcək. Avropada qəbul olunmuş konvensiyaya görə, belə cihazlar quraşdırılmayan nəqliyyat vasitələri Avropaya buraxılmır. Bu səbəbdən Avropaya göndərilən nəqliyyat vasitələrinin konvensiyaya uyğun olaraq maneələrlə qarşılaşmaması üçün qara qutular beynəlxaq sərnişindaşıma və yük maşınlarına tətbiq ediləcək ”.
Qara qutu nədir?

Qara qutu deyərkən ilk olaraq ağıla təyyarələrdə istifadə olan qutular gəlir. Belə ki, bu qutular təyyarə qəzaya uğrayarkən qəzanın səbəblərini araşdırmağa kömək edir. Sərnişin avtobuslarında və yük maşınlarında istifadə olunan cihaz isə taxoqraf adlanır. Lakin qara qutuya bənzədiyi üçün bunu belə adlandırırlar. Namiq Həsənovun sözlərinə görə, taxoqraf adlanan cihaz sürücülərin iş və istirahət rejiminə nəzarət edir: “Dünyada qəbul olunmuş normalara əsasən, sürücü 56 saatdan artıq nəqliyyatı idarə edə bilməz və tez-tez avtobusdan düşüb istirahət etməlidir. Taxoqrafda bütün bunlar qeydə alınır və bunlar mütəxəssislər tərəfindən oxunur. Hər hansı bir qəza olarsa, həmin vaxt sürücünün istirahət rejiminə əməl edib-etməməsi taxoraf vasitəsilə öyrənilir”.

Mətbuatda yayılan ikinci informasiya isə marşrut xətlərinin azaldılması ilə bağlı idi. Belə ki, şəhərdə 43 marşrut xəttinin ləğv olunacağı bildirilirdi. Nazirlik rəsmisi bizimlə söhbətində bu məlumatı da yalanladı: “Mən bu informasiyanın necə yayılmasını bilmirəm. Amma hal-hazırda 43 marşrutun dayandırılması ilə bağlı hazırlıq görülmür. Bir neçə il bundan öncə şəhərdə 310 marşrut fəaliyyət göstərirdi. İndi isə bu rəqəm 174-ə qədər endirilib. Zənnimcə, 174 marşrut Bakıda sərnişin daşınması üçün kifayət edir. Ola bilər ki, gələcək günlərdə bir neçə marşrutda yoxlamalar aparılaraq fəaliyyətləri dayandırılsın, amma faktiki olaraq bu günə olan məlumata görə 174 marşrut xətti fəaliyyət göstərir”.

İctimai nəqliyyatın (avtobusların) kart sisteminə keçirilməsi ilə bağlı məlumat verən Namiq Həsənov artıq bununla bağlı işlərin sürətləndirildiyini və ilin ikinci yarısına kimi tətbiq ediləcəyini bildirdi: “Artıq ilin birinci yarısında bütün avtobuslar elektron ödəmə kart sistemi ilə işləyəcək. Elektron ödəmə kartları pul ödənilərkən şəffaflığın qorunması baxımından çox əhəmiyyətlidir. Həmçinin sərnişinlərin avtobuslara minib-düşməsində də nizam-intizam yaranacaq”.
Aygün Cəfərli