AZE | RUS | ENG |


“Qara qızıl”ın bədii tərənnümü

“Qara qızıl”ın bədii tərənnümü
Və ya Cəmil Müfidzadənin neft mövzulu əsərləri

XX əsr Azərbaycan təsviri sənətində duyulası bədii təşəkkülün baş verdiyi altmışıncı illərdə, geniş sərgi salonlarında, əsərləri tamaşaçı diqqətini cəlb edən sənətkarlar arasında Xalq rəssamı Cəmil Müfidzadə (1934) də vardı. Əvvəlcə Bakıdakı Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində (1948-1955), sonra isə Xarkov Dövlət Rəssamlıq İnstitutunun qrafika fakültəsində (1956-1962) ixtisas təhsili alan fırça ustası Bakıya  qayıtdıqdan sonra müxtəlif miqyaslı sərgilərdə fəal iştirakı ilə həmkarlarının və sənətsevərlərin diqqətini cəlb etmişdi. Onun müxtəlif mövzularda çəkdiyi qrafik lövhələr ilk növbədə, ənənəvi motivlərə yeni bədii yanaşması ilə fərqlənirdi. Bunu onun işlədiyi "Bakı  - neft paytaxtıdır” (1967-1970) və "Abşeron nefti” (1967-1975) silsiləsinin timsalında daha qabarıq görmək mümkündür. Onların müxtəlif qrafika texnikalarında ərsəyə gətirilməsi neftli məkanlara xas səciyyəvi xüsusiyyətləri cəlbedici və yaddaqalan tutumda ifadə etməyə imkan vermişdir. Daha dəqiq desək, Cəmil Müfidzadənin ilk baxışda estetikası qapalı qalan neft mədənlərinə, "qara qızıl”a bələnmiş çən və borulara bədii münasibətində həmin dövrün aparıcı bədii cərəyanı sayılan "sərt üslub”un lirik-romantik çalarlarını görmək mümkündür...
 
Rəssamın adını çəkdiyimiz neft mövzulu iki silsiləsinə daxil olan əsərlərin bədii xüsusiyyətlərindən söz açmazdan əvvəl  demək lazımdır ki, onun bu mövzuya marağı hələ tələbəlik illərində yaranmışdı. Diplom işini "dünyanın səkkizinci möcüzəsi”ni yaradan Bakı neftçilərinə həsr edən gənc rəssam o vaxt "Neft daşları” mövzusunda rəngli ofortlar silsiləsi işləmişdi. Onun işlədiyi on iki əsər kompozisiya baxımından bir-birindən fərqlənməklə, daşıdıqları estetik yükə görə kifayət qədər duyğulandırıcı görünürdülər. Bu silsiləyə daxil olan "Aylı gecə”, "Kranlar təmirdə”, "Növbəyə gedənlər” və digər lövhələr rəng çalarlarının zənginliyi ilə diqqət çəkirlər. Onlarda çətin neftçi əməyinin romantikasını qabartmağın müəllifin başlıca istəyi olması duyulmaqdadır. Ofort texnikasının incəliklərindən ustalıqla istifadə edən rəssam cizgi və rəng qovşağından tamaşaçını duyğulandıran yaddaqalan kompozisiyalar yaratmağa nail olmuşdur...
 
 

Rəssamın  "Neft Bakısı” (1974) qədim torpağın şöhrətini çox-çox uzaqlara yayan təbii sərvətin tərənnümünə həsr olunmuş maraqlı əsərlərdəndir. Mövzunun daşıdığı əzəmətə monumental tutum vermək istəyən müəllif bunu kompozisiyanı şaquli formatda bədiiləşdirməklə əldə etmişdir. Belə ki, vərəqin hündürlüyünü bir iri, iki nisbətən kiçik tağlı səthə  bölən, mərkəzi hissədə "qara qızıl”ı emal edən neftayırma qurğusunu, kənarlarında isə üst-üstə sıralanmış neft buruqlarını yerləşdirən rəssam, kompozisiyanın aşağı hissəsini neft dolu çənlərlə tamamlamaqla, bütünlükdə neft mövzusuna özünəməxsus-obrazlı görkəm verə bilmişdir. Ofort texnikasının rəng çalarları yaratmaq gücündən uğurla istifadə edən Cəmil Müfidzadə, son nəticədə qrafik səthin cizgi-rəng vəhdətində ifadə olunan oynaqlığını və gözoxşayan ritmini əldə etmişdir...

"Bakı krujevası” (1971) adlanan  digər əsərdə yenə də şaquli kompozisiya formatından istifadə edən rəssam, ümumi səthin zərifliyinin qabarıqlığının əldə olunmasına çalışmışdır. Elə müəllifin, lövhənin məna-məzmun daşıyıcısı olan neft buruqlarının bədii şərhində də arzulanan cizgi-təsvir incəliyini duymaq mümkündür. Qobustan qaya rəsmlərinin fonunda üst-üstə sıralanan dörd sıra buruq və  bu "sərvət zirvəsi”ni tamamlayan naxışlı  günəşin birlikdə aşıladığı estetik tutumda cəlbedici məqamlar kifayət qədərdir...

Onun ofort texnikasında ərsəyə gətirdiyi "Mənim Bakım” (1971) və "Polad meşə” (1971) əsərləri də neft mövzusuna obrazlı yanaşma kimi çox yaddaqalandır. Bu dəfə də kompozisiyanı şaquli vəziyyətdə təqdim edən rəssam Abşeronun qumlu "sinəsi”nə yayılmış buruqlar məcmusunu polad meşəyə bənzətməklə, neftli-qazlı məkanın qürur doğuran təbii sərvət məskəni olduğunu göstərmək istəmişdir. Yanan qazın bir-birinə "söykənən” buruqların mərkəzində tünd rənglə naxış formasında təqdimatı da yerin təkindən çıxarılanların insan həyatında əhəmiyyətinin vurğulanmasına xidmət edir.
 
 

"Mənim Bakım”da isə müəllif sudan və qurudan çıxarılan neftin Abşeron torpağına bəxş etdiyi gözəllik qaynaqlarını qrafik vasitələrlə göstərmək istəmişdir. Qumun və suyun "sinəsi”nə səpələnən metal konstruksiyaların zərgər dəqiqliyi ilə təqdimatındakı estetik çalarlar duyulası dərəcədə təsirli və yaddaqalandır. O, bunu qrafik cizgilərin məntiqlə istifadə olunan təzadı sayəsində əldə etmişdir desək, həqiqəti ifadə etmiş olarıq.

"Bakı - neft paytaxtıdır”(1974) və "Əməyin təntənəsi” (1976) lövhələrini isə Cəmil Müfidzadənin ofort texnikasında yaratdığı yaddaqalan "bədii hekayət”in yekunu saymaq olar. Belə ki, bu iki əsərdə onun kompozisiyaya daxil etdiyi müxtəlif detallar bilavasitə Azərbaycan neftinin beynəlxalq şöhrətinin tərənnümü kimi düşünülmüşdür. Əgər birinci əsərdə qədim şəhərin neft buruqları əlaqəli təsviri ilə qarşılaşırıqsa, digər lövhədə yer kürəsinin üzərində ucalan Bakı ünvanlı "buruqlar meşəsi”nin respublikamıza  bəxş etdiyi şan-şöhrətin bədii ifadəsini görürük...

Bütün yaradıcılığı boyu gördüklərindən təəccüblənməyi bacaran Cəmil Müfidzadə neft ünvanlı məkanlarda başqaları üçün də maraqlı görünə biləcək motivlər üzə çıxara bilmişdir. Bunu onun "Keşlə”(1973), "Sənaye Bakısı” (1968) və s. lövhələrində görmək mümkündür. Bu əsərlərində "bədii şişirtmə”yə müraciət edən qrafika ustası "qara qızıl”ın emal olunduğu məkanları əsərin dominantına çevirməklə, onların cəlbediciliyinə nail olmuşdur.

Linoqravüra qrafikada bir qədər sadə texnikalardan hesab olunsa da, onun əksər mövzuların bədii şərhində əvəzsiz olduğunu söyləmək mümkündür. Bu mənada, Cəmil Müfidzadənin bu texnikada ərsəyə gətirdiyi əsərlər digər müəlliflərin işlərindən fərqlənir və duyulası icra zənginliyi ilə seçilir, desək, yanılmarıq. "Neft daşları” (1965), ”Dəniz mədəni” (1971), "Neft dənizi” (1971), "Abşeron motivi” (1968), "Köhnə mədənlər” (1968), "Abşeron çiçəkləri” (1971) və s. lövhələrinin cizgi zərifliyinin əldə olunmasında müəllifin nümayiş etdirdiyi sənətkarlıq sözün əsl mənasında  şaşırdıcıdır. İnsanlarla texnikanı, neft saxlancları ilə emal qurğularını, təbiətlə sənaye obyektlərini qarşı-qarşıya qoyan rəssam, son nəticədə əldə etdiyi təzadın ümumi duyğulandırıcı bədii ruhu ilə əsərlərin təsirliliyini əldə etmişdir. 
 
 

Cəmil Müfidzadənin özünəməxsus dəst-xəttinin formalaşmasında onun tətbiq etdiyi qarışıq texnikanın böyük rolu olmuşdur. Müxtəlif motivləri rəngarəng texnikaların qovşağında tətbiq edən rəssam bununla da görüntüyə gətirdiyi məkanların daşıdıqları bədii-estetik dəyərləri zərifliyinə qədər tamaşaçıya çatdırmağa nail olmuşdur. Onun "Neft məbədi” (1972), "Neftayırma zavodu” (1972), "Neft çənləri” (1970), "Neft eşalonu” (1971), "Bakı piramidası” (1970), "Qaradağ” (1970), "Çənlər” (1970), "Abşeron mənzərəsi” (1975), "Neft saxlancı” (1978) və s. əsərləri bu qəbildəndir. Motivlər yığcam rəng çalarları ilə təqdim olunsalar da, bu "qənaətcillik” məkanın-obyektin səciyyəvi xüsusiyyətlərini yaddaqalan biçimdə ifadə etmək üçün kifayət edib...

Rəssamın Azərbaycan neftini tərənnüm edən qrafik irsi ilə tanışlıq göstərir ki, Cəmil Müfidzadə sənətdə artıq öz sözünü demiş və yaradıcı "mən”ini təsdiqləmiş  simalardandır. Odur ki,  artıq zamanın sərt sınağından çıxdığını da sübut edən əsərlərin - əvəzsiz milli-mənəvi dəyərlər məcmusunun Azərbaycan təsviri sənətinin ayrılmaz tərkib hissəsi kimi qalacağı və dəyərləndiriləcəyi birmənalıdır.
 
Xalq rəssamı, professor Cəmil Müfidzadənin neft mövzusunda çəkdiyi əsərlər həm də zamanına tutulan "bədii güzgü” kimi də dəyərlidir. Belə ki, onlar dünyanın XX  əsr neft xəritəsində özünəməxsus yeri olan Azərbaycanda bu önəmli sənaye sahəsinin yadda qalmağa layiq olan inkişafının bədiiləşdirilmiş mənzərəsini zamansızlığa qovuşdurmaq baxımından mühüm əhəmiyyət kəsb edir. Elə onun Azərbaycan nefti ilə bağlı yaratdıqlarının "Əsrin müqaviləsi”nin ildönümündə xatırlanması da, bunun göstəricisidir.
 
Musa Əmiraslanov
Azərbaycan Rəssamlar İttifaqının üzvü
 
     
 
 
 
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0042
GEL 1 Gürcü larisi 0.6654
GBP 1 İngilis funt sterlinqi 2.2846
TRY 1 Türk lirəsi 0.4379
KWD 1 Küveyt dinarı 5.6285
SEK 1 İsveç kronu 0.2014
EUR 1 Avro 2.0032
CHF 1 İsveçrə frankı 1.7194
USD 1 ABŞ dolları 1.7001