• cümə axşamı, 28 mart, 18:25
  • Baku Bakı 13°C

“Qara bazar”la açıq mübarizə

13.12.16 12:30 1278
“Qara bazar”la açıq mübarizə
Manatın devalvasiyasından sonra dollara olan tələbin ödənilməməsi "qara bazar”ın yaranmasına səbəb oldu. Son vaxtlar isə "qara bazar” məsələsi daha çox gündəmə gəlir. Çünki valyutanı bankdan ala bilməyənlərin üz tutduqları ünvan məhz bu istiqamət olur. Bu isə heç də yaxşı olmayan tendensiya yaradıb. Hətta bəzi banklar dolları "qara bazar”da satmağı daha məqsədəuyğun bilirlər.
Artıq "qara bazar”la ciddi mübarizəyə başlanılıb. Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədriElman Rüstəmov bildirib ki, əlaqədar orqanlar "qara bazar"la ciddi mübarizə aparır: "Bu işdə Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatası və müvafiq hüquq-mühafizə orqanları çox ciddi iş aparır. Bu gün "qara bazar"la rəsmi məzənnə arasındakı cüzi fərqi görürüksə, bu, məhz mübarizənin nəticəsidir".
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev isə bildirib ki, "qara bazar”la bağlı proseslər bütün dünyada gedir. Azərbaycanda hər bir proses açıq şəkildə həyata keçirilir. Ölkə prezidentinin tapşırığı ilə bununla əlaqədar məruzələr hazırlanıb və tədbirlər həyata keçirilib. Bununla bağlı müxtəlif cinayət işləri qaldırılıb, müəyyən adamlar artıq saxlanılıb. Digərlərinin saxlanması istiqamətində addımlar atılır”.
İqtisadçı alim Vüqar Bayramovqəzetimizə açıqlamasında bildirdi ki, inzibati metodlar və hüquq mühafizə orqanlarının monitorinqləri vacibdir: "Qara bazar”a vəsaitin daxil olması ilə bağlı monitorinqlər, araşdırmalar aparılması təqdirəlayiqdir. Digər tərəfdən nəzərə almaq lazımdır ki, bu problemin həlli ilə bağlı dövlət başçısının özünün birbaşa tapşırığı var. Azərbaycan Prezidentinin bununla bağlı tapşırıq verməsi onun göstəricisidr ki, "qara bazar”ın mövcudluğu maliyyə stabilliyi, eləcə də manatın məzənnəsinin optimallaşdırılması baxımından ciddi problemə çevrilib. "Qara bazar” genişlənib, son bir ayda isə daha çox böyüyüb, qara olmasına baxmayaraq açıq şəkildə fəaliyyət göstərir”.
V.Bayramov deyir ki, problemin həll yollarından əsas olanı "qara bazar”a gedən valyutanın qarşısını almaqdır: "Maliyyə Bazarlarına Nəzarət Palatası və Mərkəzi Bank tərəfindən monitorinqlərin keçirilməsi vacibdir. Söhbət "qara bazar”da monitorinq aparılmasından getmir. "Qara bazar” artıq bəllidir. "Qara bazar”da kimlərin olduğunu qısa zamanda müəyyənləşdirmək mümkündür. Əsas məsələ bu bazara gedən valyutanın qarşısını almaqdır. Çünki "qara bazar” valyuta alır. Qiymətləndirmə və monitorinqlərimiz göstərir ki, həmin vəsaitlərin bir qismi bir sıra kommersiya bankları tərəfindən bazara ötürülür. "Qara bazar”a gedən dollarların qarşısı alınarsa, valyuta banklarda qalarsa və banklar özləri satarlarsa, bu, mərhələli şəkildə "qara bazar”ın aradan qaldırılmasına gətirib çıxara bilər”.
İqtisadçı bildirdi ki, "qara bazar”a gedən valyutanın qarşısını almaq üçün bankların gündəlik monitorinqinin aparılmasına ehtiyac var: "Əvvəla, bütün kommersiya banklarının gündəlik, eləcə də valyuta alqı-satqı dövriyyələrinin monitorinqinin aparılmasına ehtiyac var. Palata belə məlumatları əldə etmək imkanına malikdir. Həmin monitorinq nəticəsində bütün kommersiya banklarının hərracda nə qədər vəsait aldığını və rəsmi olaraq bank daxilində nə qədər alqı-satqı həyata keçirdiklərini müəyyənləşdirmək mümkün olacaq. Bu monitorinqlə "qara bazar”a vəsait ötürən bankları müəyyənləşdirmək mümkün olacaq. Əgər bank hərraca çıxırsa, həftə ərzində 40 milyon dollar vəsait alırsa, monitorinq nəticəsində öz valyutadəyişməsi 2 milyondursa, 38 milyonun hara getməsinin araşdırılmasına ehtiyac var. Əgər fərq böyükdürsə, biz təklif edirik ki buna uyğun olaraq həmin bankların hərraca girişi məhdudlaşdırılsın. Valyuta satışını rəsmi şəkidə həyata keçirən banklar hərraca daxil ola bilsinlər. Bu, "qara bazar”a valyuta çıxışının qarşısını almağa şərait yaradacaq, nəticə etibarilə bazarın ləğvinə gətirib çıxara bilər”.
V.Bayramov hesab edir ki, "qara bazar”ın fəaliyyət göstərməsi həm də psixoloji baxımdan manata təzyiqi artırır: "Nə qədər ki "qara bazar” var, o qədər psixoloji olaraq bazara təsir göstərəcək və bazarda psixoloji baxımdan təzyiqin artması müşahidə olunacaq. Vətəndaş, yaxud sahibkar bankdan dollar almaq istəyir, amma tapmırsa və "qara bazar”dan alırsa, bu həmin vətəndaşda manata inamsızlığın artmasına və dolların məzənnəsinin daha da yüksələcəyi ilə bağlı narahatlığın yaranmasına gətirib çıxarır. "Qara bazar”ın ləğvi həm də bazara psixoloji təzyiqin azaldılması baxımından önəmlidir”.
İqtisadçı valyutadəyişmə məntəqələrinin bərpa olunmasını təklif edir: "Mərkəzi Bankın vayutadəyişmə məntəqələrinin ləğvi ilə bağlı qərarı "qara bazar”ın kiçilməsinə deyil, genişlənməsinə gətirib çıxarır. Nəzərə alsaq ki, valyutadəyişmə məntəqələrinə vəsait banklar tərəfindən ötürülə bilər, nəticədə valyutadəyişmə məntəqələri leqal olaraq dollar satışı həyata keçirə bilərlər. Bakının hər rayonunda və kurort bölgələrdə 5, turistlərin nisbətən az getdikləri yerlədə isə 3 vayutadəyişmə məntəqəsinin yerləşdirilməsinə ehtiyac var. Valyutadəyişmə məntəqələrinin fəaliyyətlərinin optimallaşdırılması imkan yaradacaq ki, Palata həmin valyutadəyişmə məntəqələrinin fəaliyyətini izləsin, nəzarət həyata keçirilsin. Bu cür fəaliyyət nəticəsində valyutadəyişmə məntəqələrinin bərpası "qara bazar”ın yenidən valyutadəyişmə məntəqələrinə transferi və "qara bazar”ın ləğvinə gətirib çıxaracaq. İnstitusional metodlarla "qara bazar”ın ləğvi mümkündür. Palata daha qısa zamanda "qara bazar”ın ləğvini həyata keçirməyə çalışmalıdır”.
Maliyyə bazarları üzrə ekspert Cəfər İbrahimli deyir ki, valyuta alınıb-satılan bir vasitədir. Bu alış-satışın həyata keçirilməsi üçün bazar infrastrukturu var, amma bu infrastruktur indiki bazar daxilindəki şərtlərlə valyutanın alınıb-satılması üçün əlverişli deyil: "Bunun başqa bir yolunu tapmaq lazımdır. Valyuta dəyişmə ilə məşğul olacaq qurum və ya təşkilat banklardır. Bir də rəsmi qanunvericiliklə bu işi həyata keçirənlər valyutadəyişmə məntəqələridir. Tələbat çox olduğuna görə, daha sürətli və çevik əməliyyatı aparmaq üçün vətəndaşa istənilən yerdə, əlçatan şəkildə valyutadəyişmə imkanı yaradılmalıdır. Biz bunun məhdudlaşdırıldığını görürük. Valyutadəyişmə məntəqələri bağlandı. Bankların valyutadəyişmə ilə bağlı məhdudiyyətləri var, rəsmi alqı-satqı üçün valyutadəyişmə ilə bağlı marjalar qoyulub. Qoyulan məhdudiyyətlər bazarın rəsmi qaydada tənzimlənməsini stimullaşdırmır, daha da tərsi olaraq, bunun fərqli yönlərə getməsini stimullaşdırır”.
C.İbrahimli bildirdi ki, bir prosesin qeyri-rəsmi situasiyası yaranırsa, bunu ortadan qaldırmaq üçün məhdudiyyətləri ləğv etmək lazımdır: "Mərkəzi Bank birinci valyutadəyişmə məntəqələri ilə bağlı əlçatanlığı təmin etməlidir. Valyutanı dəyişmək hər kəs üçün istənilən vaxt əlçatan olmalıdır. İkincisi də banklar bu məhdudiyyətlər çərçivəsində valyutanı sata bilmirlər deyə, bazara gedirlər. Ona görə Mərkəzi Bankın rəsmi kursundan 4 faiz aşağı, 4 faiz yuxarı tətbiq olunan marjaları ləğv etmək lazımdır. Dolayısı ilə tarixçəyə baxsaq, "qara bazar” dediyimiz qeyri-rəsmi bazar məhdudiyyətlər gündəmə gələndən sonra aktuallaşdı. Məhdudiyyət məsələsinə baxmaq, onları aradan qaldırmaq lazımdır ki, bazar öz çərçivəsində prosesləri tənzimləsin”.
Aygün
banner

Oxşar Xəbərlər