• cümə axşamı, 25 aprel, 21:57
  • Baku Bakı 21°C

Qar bərəkətdir

04.02.17 12:00 6285
Qar bərəkətdir
El arasında qar ruzi-bərəkət rəmzi sayılır. Bu hələ qədimdən qarın torpağa, əkinçiliyə xeyrinin olması ilə əlaqələndirilməsindən yaranan fikirdir. Bu qış bəzi regionlarda qar yağmışdı. Bir neçə gün öncə isə Bakıda və demək olar ki, bütün bölgələrimizdə qar yağdı. Bəs ruzi-bərəkət rəmzi olan qarın kənd təsərrüfatımız üçün hansı təsirləri olacaq?
Meyvəçilikvə Çayçılıq Elmi-Tədqiqatİnstitutunundirektoru İlham Qurbanov "Kaspi”yə açıqlamasında dedi ki, qarın indiki vaxtda yağması, hətta 10-15 gün olması xeyirlidir "Qarın kənd təsərrüfatına xeyri böyükdür. Ən azından, zərərvericiləri təmizləyir. Aprel ayında şaxtalar olanda bunun mənfi təsirləri ola bilər. Çünki həmin dövrdə ağacların meyvələrinin çiçəkləyən vaxtıdır. O vaxt şaxtanın olması çiçəkləri məhv edir. Amma indi nə yağırsa bərəkətdir. Hətta 10-15 gün davam etsə, daha yaxşı olar. Qar torpağın nəmliyini artırır, zərərvericiləri öldürür. Torpağın münbitliyinə təsir etməsə də, nəmliyini qaldırır. Yeni əkilən bağlara xeyri çoxdur”.
İ.Qurbanov bildirdi ki, hansısa qış qarın yağmaması yalnız dəmyə əkinçiliyi olan yerlərdə məhsuldarlığa təsir göstərə bilər: "Əgər suvarma yoxdursa, hansısa il qar yağmırsa, bu, məhsuldarlığa təsir göstərir. Amma damla suvarma varsa, qar da yağmasa, bunun məhsuldarlığa mənfi təsiri olmaz”.
TərəvəzçilikElmi-Tədqiqatİnstitutunundirektor müavini Elmar Allahverdiyev bildirdi ki, qarın yağma zamanına görə kənd təsərrüfatına təsirləri müxtəlif ola bilər. O baxımdan qarın indi, yəni qış aylarında yağması kənd təsərrüfatı üçün xeyirlidir: "Torpağın münbitliyini artırır, zərərvericiləri öldürür, xəstəlikləri aradan qaldırır. Bu hava şəraiti taxıl yetişdirənlər üçün daha əlverişlidir. Çünki taxılın yetişdirilməsi üçün münbit şərait yaranır”.
E.Allahverdiyevin sözlərinə görə, indi yağan qarın tərəvəzçiliyə mənfi təsirlər ola bilməz. Çünki indi tərəzəvlər daha çox istixana şəraitində yetişdirilir: "Hazırda tərəvəzlər istixana şəraitində yetişdirildiyi üçün onlara qarın hər hansı bir təsiri yoxdur. Açıq sahə tərəvəzi ancaq payızda əkilənlərdir. Onlar sarımsaq, toxumluq soğan, çuğundur, payızlıq kələm və s.-dir. Onlara isə xeyri var ki, ziyanı yoxdur. Açıq sahələrdə tərəvəz əkini yaz aylarında başlayır”.
E.Allahverdiyev deyir ki, kənd təsərrüfatında suvarma ilə bağlı problem olmaması baxımından da qarın yağması yaxşıdır: "Azərbaycanda su qeyri-bərabər paylanıb. Elə ərazilər var ki, orada su qıtlığı özünü daha geniş büruzə verir, elə yerlər var ki, yox. Su qıtlığı olan yerlər üçün qarın yağması sərfəlidir. Dəmyə əkinçiliyi üçün qarın yağması yaxşı haldır. Bizdə həddindən artıq qar yağmayıb ki, problemləri də çox olsun”.
E.Allahverdiyev onu da bildirdi ki, qışda quraqlıq olsa, qar yağmasa, yay da quraqlıq olur: "Dağlara qar yağmır, ona görə də su ehtiyatı az olur. Amma qarın çox yağmasının mənfi tərəfləri də ola bilər. Qar çox yağsa, yayda əriyib seli çaylarda daşqın yaradar, bu da torpaqların münbit qatını yuyub aparar, əkin sahələrini su basa bilər”.
Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik şöbəsinin müdir müavini Seymur Səfərli bildirdi ki, indi yağan qar payızda əkilən bitkilərin yetişdirilməsi, yazda əkiləcəklər üçün isə torpağın nəmlik ehtiyatının toplanması cəhətdən önəmlidr: "Qar ilk növbədə torpaqda nəmlik ehtiyatının toplanması deməkdir. Həmçinin bu, payızlıq, dənli bitkilərin soyuq havalardan qorunmasında əhəmiyyətli rol oynayır. Onlarda müəyyən istiləşdirici qat yaradır, üzərini örtür və onların şaxtada soyuqdan donmasının qarşısını alır. Həmçinin meyvə ağaclarının köklərinin donmasının qarşısını alan bir qat yaradır. Tədricən əridikdə isə, yazda əkilən bitkilər üçün torpaqda kifayət qədər nəmliyin toplanmasını təmin edir. Ən böyük əhəmiyyəti də ondan ibarətdir ki, qarın altında payızlıq bitkilər daha rahat qışlayırlar”.
S.Səfərlinin sözlərinə görə, qış dövründə meyvə-tərəvəz əsasən istixanalarda yetişdirildiyi üçün qarın onlara heç bir mənfi təsiri ola bilməz. Amma həddindən çox yağarsa, bu zaman istixanaların örtüyünü dağıtmaqla hansısa ziyan vura bilər: "Azərbaycan şəraitində isə o qədər qar yağmadığı üçün bu cür problemlər də müşahidə olunmur. Amma havalar tez isinərsə və bundan sonra yenidən qar, şaxta olarsa, bu, çiçəklənməyə mənfi təsir göstərər”.
S.Səfərli də bildirdi ki, qış aylarında qarın yağmamasının ziyanı əsas dəmyə əkinçiliyinə olur: "Qış dövrlərində havaların quraq keçməsi payızlıq bitkilərin yetəri qədər nəmliklə təmin olmamasına gətirib çıxarır. Azərbaycanda dənli bitkilərin əksəriyyəti dəmyə şəraitində yetişdirilir. Qarın yağmaması isə burada mənfi təsir göstərə bilər”.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər