• cümə, 29 Mart, 14:45
  • Baku Bakı 14°C

Qan xeyriyyəçiləri - canlı həyat mənbəyi

14.06.17 11:30 1488
Qan xeyriyyəçiləri - canlı həyat mənbəyi
Bu gün Ümumdünya Qan Donorları Günü kimi qeyd olunur. 2004-cü ildən qeyd olunan bu günün öz tarixi var. Belə ki, 14 İyun AB0 qan qrupu sistemini kəşf edən, Nobel mükafatına layiq görülmüş, Karl Landsteiner'in doğum günü, könüllü və qarşılıqsız qan vermə sahəsində fəaliyyət göstərən Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası, Beynəlxalq Qan Donor Təşkilatları Federasiyası (FIODS), Beynəlxalq Qan Transfuziya Cəmiyyəti (ISBT) tərəfindən "Ümumdünya Qan Donorları Günü" olaraq seçilmişdir. Bu üç böyük quruluş Ümumdünya Səhiyyə Təşkilatı (WHO) tərəfindən birləşdirilərək, 192 Üzv Dövlət, 181 Milli Qızıl Aypara və Qızmızı Xaç Cəmiyyətləri, 50 Milli Qan Donor Təşkilatları və dünyanın hər yerindən olan transfuziya mütəxəssisləri ilə təmsil olunur.Yəqin ki, hər biriniz tez-tez sosial şəbəkələrdə qanla bağlı müraciətlərə rast gəlirsiniz. İnsanlar öz yaxınlarına, ailə üzvlərinə uyğun olan qan qrupunu tapmaqda çətinlik çəkir və son ümidini sosial şəbəkəyə bağlayır. Düzdür, son illər bu sahədə müəyyən işlər görülsə də, bəzi problemlərin hələ də qaldığını heç kim inkar etmir. Təəssüflər olsun ki, bir çox ölkələrdən fərqli olaraq, bizdə qanvermə ənənəsi hələ də geniş təşəkkül tapmayıb. Bəs bu ənənəni formalaşdırmaq üçün nə etmək lazımdır? Ümumiyyətlə, donorluğa maraq necədir? Könüllü donorların miqyasını böyütmək üçün hansı tədbirlər görülməlidir?
Orqanizmi sağlam olmalıdır
Tibb üzrə ekspert Adil Qeybulladeyir ki, hər kəs donor ola bilməz: "Ölkəmizdə insanlar könüllü olaraq Mərkəzi Qan Bankına müraciət etməklə, qan verirlər. Qan Bankının üstünlüklərindən biri də odur ki, hər bir şəxs burada öz qanını rezerv edib saxlaya bilər. Hazırda donorların verdikləri qan xəstəyə birbaşa tətbiq olunmur. Yəni qan komponentlərə ayrıldıqdan sonra eritrositlər, kütlə, plazma və trombositlər xəstəyə ayrı-ayrı tətbiq edilir. Belə demək olarsa, qandan komponentləri ayrılmış şəkildə istifadə edilir. Donorluq həm də insanlarda mərhəmət hissi formalaşdırması baxımından müsbət tendensiyadır. Mərkəzi Qan Bankı qanköçürmə işinin təsadüfi əllərə keçməməsi baxımından çox vacibdir. Beləliklə, həm də yayılan virus və digər xəstəliklərin başqa xəstələrə keçməsinin qarşısını alır. Orada donorların verdikləri qan yoxlamadan keçirilir və nəzarət edilir. Qan vermək üçün donorun orqanizmi sağlam olmalı, qanın tərkibində infeksiyalar olmamalıdır. Bununla yanaşı, qanın tərkibindəki hemoqlabinin normada olması da vacib amillərdən biridir. Qeyd edim ki, anemiyası olan şəxslər, hamilə qadınlar, xroniki xəstəlikdən əziyyət çəkənlər donor ola bilməzlər”.
Qanvermənin insan sağlamlığına da müsbət təsirləri var
"Qan Donorları Assosiasiyası”nın rəhbəri Fuad Əsgərov bildirdi ki, respublikada irsi qan xəstəliklərindən əziyyət çəkən kifayət qədər insan var və məhz bu amil qana olan tələbatı artırır: " Qan o qədər zəruri tibbi vasitədir ki, tibb elminin inkişafından asılı olmayaraq, onu əvəz edəcək alternativ yoxdur. Lakin Azərbaycanda donorluğun səviyyəsi təəssüf ki, qaneedici deyil. Yaxşı olar ki, hər bir sağlam insan könüllü olaraq ildə bir neçə dəfə qan versin. Çünki qanvermənin insan sağlamlığına da müsbət təsirləri var. Bundan başqa, donor öz qanını verməklə, bir başqasının həyatını xilas etmiş olur. Yəni donor başa düşməlidir ki, o bununla ilk olaraq özünə, daha sonra bir başqasına kömək edir. Adətən Ramazan ayında və yay aylarında qan qıtlığı yaranır. Vətəndaş cəmiyyəti olaraq, biz bu sahədə təbliğatla məşğul olur, müxtəlif maarifləndirici layihələr həyata keçiririk. Bizim əsas məqsədimiz dünya təcrübəsini ölkəyə gətirməkdir. Adətən digər ölkələrdə təbliğat kampaniyalarına ciddi ehtiyac olmur. Çünki hər bir vətəndaş bunu mənəvi öhdəlik hesab edir və donor olması ilə qürur duyur. Bizdə isə sosial şəbəkələrdə bu kimi elanlara tez-tez rast gəlinir. Müxtəlif qan qruplarının axtarışı onu göstərir ki, qana ciddi tələbat var. Ümumiyyətlə, donorluq elə bir sahədir ki, daima qayğı tələb edir. Qan Donorları Assosiasiyası olaraq, donorluğun təbliği istiqamətində xeyli nailiyyətlər əldə etmişik. Düzdür, birlik olaraq çox məsuliyyətli iş öhdəmizə götürmüşük. Birlik qısa müddətdə Dünya Qan Donorları Cəmiyyətləri Federasiyasına üzv olmaqla, bir çox beynəlxalq layihələrin icrasında iştirak edib. Görülən işlərdən biri də, ilk dəfə paytaxt və regionlarda forumlar keçirərək təbliğat aparmaqla yanaşı, daimi donorları mükafatlandırmaqdır. Hazırda əsas məqsədimiz düşərgələrin yaradılmasıdır. Qan donorları və onların ailə üzvləri yay və qış düşərgələrində sağlamlıq sahəsində maarifləndirilir. Burada əsas məqsəd donorun sağlamlığını qorumaqdır. Təəssüflər olsun ki, bizə bu istiqamətdə dəstək verən dövlət qurumlarının sayı çox azdır. Çünki bu kimi layihələr maddi dəstək tələb edir. Ümid edirəm ki, bu kimi problemlər tezliklə öz həllini tapacaq. Çünki burada söhbət genefondumuzun sağlamlığından gedir. Fürsətdən istifadə edib bütün qan xeyriyyəçilərini 14 iyun Ümumdünya Qan Donorları günü münasibəti ilə təbrik edirəm. Donorlar bilməlidirlər ki, onlar canlı həyat mənbəyidir. Ona görə də öz sağlamlıqlarının qayğısına qalmalıdırlar. Çünki hər kəs donor ola bilmir. Ümid edirəm ki, yaxın gələcəkdə donorluq ölkəmizdə bir mədəniyyətə çevriləcək və insanlar mütəmadi olaraq, dəvətsiz şəkildə qan şöbələrinə yaxınlaşıb, könüllü donor olacaqlar”.
Məqsəd, vəzifə, borc
Sosioloq Lalə Mehralı deyir ki, bizdə nə qan, nə orqan donorluğu ictimailəşməyib: "Deyək ki, ölkəmizdə orqan transplantasiyası çoxçeşidli deyil, ona görə donorluq üçün ümumi müraciət yoxdur, amma sadəcə, qan verərək insan həyatı qurtarmaq, bir canlını həyata bağlamaq qədər asan və gözəl nə var? Bəzən sosial şəbəkələrdə talassemiyalı xəstələr üçün qan elanı verilir, könüllülər çox olur, gedib təmin edirlər. Amma o könüllülər qan bankına qan vermir. Düşünürlər ki, onun xeyirxahlıq üçün verdiyi qanını sata bilərlər. Amma demokratik bir ölkədə, hər şey yazılı, sənədli olan bir yerdə, hələ qan bankı kimi ciddi bir yerdə belə şeydən söhbət gedə bilməz. Sizin verdiyiniz qan lazımı şəraitdə mühafizə edilir, ehtiyacı olan üçün göndərilir. Əgər qanınızı verməkdən çəkinirsinizsə, o zaman əlaqə vasitəsi qoyun, qan qrupunuza ehtiyacı olan xəstələr, qan axtaranda sizinlə əlaqə yarada bilsinlər. Qan, orqan donorluğu qədər müqəddəs iş yoxdur. Bu gün dünyada insanlar ilik donorluğu ilə xərçəng xəstəliyindən əziyyət çəkən milyonlarla can xilas edilər. Sizin sağlamlığınız üçün heç bir təhlükə yaratmayan bu kiçik prosedur xərçəngin yenməyə çalışdığı bir insanı, bir uşağı ölümdən qurtarır. Sizin verəcəyiniz bir şüşə qan bir talassemiya xəstəsini həyata qaytarır. Üstəlik, qan verməklə həm yaxşılıq etmiş olursunuz, həm də sağlamlığınıza xeyirdir. Xarici kanallarda insanları donorluq etməyə səsləyən sosial video-çarxlara çox rast gəlirəm. Sadə bir filmdə, çox izlənən bir serialda, xəbər proqramlarında da bu təbliğ edilir. Amma bizim telekanallarda belə bir şeyə heç vaxt rast gəlmirəm. Donorluğu məqsəd, vəzifə, borc kimi görmək lazımdır. Bu gün qana ehtiyacı olanın yerində sabah biz də ola bilərik”.
ŞəbnəmMehdizadə
banner

Oxşar Xəbərlər