• cümə axşamı, 18 aprel, 06:36
  • Baku Bakı 12°C

Qalalar şəhərinin sirri Fotolar

17.05.13 09:44 3469
Qalalar şəhərinin sirri Fotolar
Gecədən səhərə qədər yol getməlisən. Amma qəribədir ki, ya avtobusun komfortundanmı, ya yolların rahatlığındanmı adam nə yorulur, nə darıxır, nə də bu məsafədə gözünə yuxu gedir.
Yolların kənarında eyni sıra ilə düzülən qırmızı kərpicli balaca evlər, yamyaşıl həyətlər, rəngbərəng güllər - qucaq açmaq istədiyin bu füsunkarlıq səhərin alatoranlığında daha gözəl görünür. Hətta gözünü ani çəkməkdən, ətrafdakıları bir andaca itirməkdən qorxursan.
“Edinburqu təmiz saxla”
Avtobus stansiyasından şəhərin mərkəzinə aparan yolun hər qarışında suvenir dükanları yerləşib. Səhər saat 8.00 olmasına baxmayaraq açıqdır. Bunu isə turist şəhərinin tələbi hesab edirlər. Bu dükanlarda ölkənin bütün tarixini özündə əks etdirən müxtəlif suvenirlər, əşyalar və geyimlər satılır. Dükanların hər birində və küçələrdə yalnız şotland musiqisi eşidirsən. Küçələrdəki qırmızı ətəkli musiqiçilər isə ölkənin simvollarından sayılır. Dama-dama yun parçadan hazırlanan şotland ətəyi şotlandların ən məşhur geyimi sayılır. Buna şotlandlar “kilt” deyirlər. Hər bir şotland ailəsinin özlərinə məxsus rəngdə yun parça növü vardır. Onlar bu parçaları Şotland Parçalarının Beynəlxalq Evində rəsmi qeydiyyatdan keçirirlər. Bəzən isə “kilt” əvəzinə yun şalvar geyinirlər. Şotlandiyada qadınların xüsusi milli geyimi olmasa da şotlandkadan tikilən geyimlərə üstünlük verirlər. Şotland kişilər öz toylarında şotland ətəyi geyinirlər. Turistlər də şotland ətəklərini almağa üstünlük verirlər.
Şotlandiyanın ikinci böyük şəhərinin və paytaxtının tarixi çox qədimdir. Bunu hər bir küçə, hər bir bina deyir. Edinburqu əbəs yerə qalalar və qəsrlər şəhəri adlandırmırlar. Buradakı hotellər və hostellər belə yaşı əsrlərlə ölçülən qədim qəsrlərdə yerləşir. Elə bu şəhəri turistlərə daha çox sevdirən də qədimliyi və təkrarsızlığıdır. Şəhəri gəzdiyim müddətdə rast gəldiyim yeganə müasir bina “Festival evi” oldu.
Hələ ingilislərə məğlub olmazdan əvvəl Edinburq kral hakimiyyətinin və ailəsinin atributlarını qoruyan şəhər olub. Sonra isə bu atributlar, o cümlədən kral tacı Britaniya krallığına keçib. Bu tarixin unudulmadığını göstərmək üçün kral sarayının girişində yerləşən suvenir mağazası yeganə dükandır ki, kral tacının surətini satmaq hüququnu qazanıb.
Edinburq 7 təpənin üstündə yerləşir. Şəhərin mərkəzi sarayın ətrafı sayılır. Bu da 133 metrlik qalanın üstündə yerləşir. Saray rəsmi olaraq kral iqamətgahı sayılır. Amma qədim zamanlarda o həm də etibarlı müdafiə obyekti olub. Və məhz elə bu sarayda 1457-ci ildə düzəldilən məşhur Mons Meq adlı top yerləşir. Hərçənd bu top artıq işlək qabiliyyətini itirib, amma elə bu iqamətgahda sarayda yerləşən başqa bir top hər gün günorta saat 12-də gurultulu səsi ilə nahar vaxtını elan edir. Saray başqa bir əlamətdar hadisə ilə də tarixə düşüb - məhz bu iqamətgahda dünyanın ən tanınmış qadınlarından olan Mariya Stüart Britaniya xalqına I Yakob adlı kralı bəxş edib.
Edinburq qalası turistlərin ən çox ziyarət etdiyi qəsrdir.
Edinburq festivalının əsas tədbirləri də bu qalanın qabağındakı meydanda keçirilir. Hər il avqust ayında şəhərə gələn bir çox dövlətlərin hərbi orkestrləri təntənəli marşla həmin meydanda hərəkət edirlər. Paradı isə “valınka” çalan Şotlandiya hərbçiləri açır. Edinburqun avqust festivalı dünyada ən rəngarəng və ən məşhur festivallardan biri kimi tanınır. Bu səbəbdən həmin vaxtlarda ölkəyə turist axını daha da çoxalır. İkimərtəbəli qırmızı avtobusların üzərində “Bizim xalqımız”, “Biz Şotlandiyanı sevirik” sözlərinə rast gəlmək olur. Avtobus dayanacaqlarının üzərində isə “Edinburqu təmiz saxla”, “Zibilini özünlə götür” sözləri yazılıb. Şəhərin küçələrində kiçicik bir siqaret kötüyünə də rast gələ bilməzsən. Elə bu üzdən insanlar yorğunluqlarını almaq və istirahət etmək üçün qarşılarında parklar olmayanda elə asfaltın üzərində otururlar.
Bir də şəhərdə diqqət çəkən məqamlardan biri - hər yerdə teatrla, kinolarla, konsertlərlə bağlı afişaların və şəkillərin vurulmasıdır. Təbliğat bütövlükdə şəhəri, ölkəni və xalqı sevməyə, incəsənətlə tərbiyələnməyə, milli musiqi ilə ruhlanmağa və təmiz mühitə çağırır.
Hər qarışı qədim binalardan hörülən şəhərin qeyri-adi görkəmi bir yana, burada yaşayan yerli əhali də çox mehribandır. Soruşduğun hər sorğuya həvəslə, gülərüzlə cavab verirlər. . Şotlandlar özlərinin iş, isdən sonrakı həyat və həftə sonları - “weekend” lər üçün vaxtlarını yaxşı bölüşməyi bacarırlar. Axşama doğru şəhər camaatının həyatı yavaş-yavaş barlara, restoranlara, pablara və kafelərə köçür. Ucsuz-bucaqsız yaşıl parklarda dincələnlərin isə sayı hesabı yoxdur. Şəhərin ən qocaman küçəsi Royal Mayl olduğundan burada adam əlindən tərpənmək olmur. Amma qəribədir, şəhərdə bu qədər qələbəliyə rəğmən qəribə bir sakitlik hökm sürür. Burada maşınların aramsız siqnallarını, insanların bərkdən hay-küylərini eşitməzsən. İnsanlar sanki pıçıltı ilə danışır.
Küçələrdə addımlayan adamların çoxu turistlərdir. Ancaq bunların arasından yerli sakinləri tanımaq olur. Ümumilikdə fikirlər budur ki, şotlandlar emiqrantlara qarşı düzümlüdürlər. Yeganə tələbləri budur ki, onların qanunlarına riayət edəsən. Türkiyədən olan və kafedə çalışan bir türk də bizimlə söhbətində bu fikirləri təsdiqlədi. Şotland qadınla evlənib orada yaşamaq izni qazanan Həsən adlı türk dedi ki, emiqrantlar ölkədə ofis işlərində işləyə bilmirlər. Ölkə üçün önəmli olan ilk növbədə öz vətəndaşlarıdır. Miqrantlar kafelərdə çalışır, küçə süpürür, ayrı-ayrı sahələrdə fəhləlik edir, hətta acından ölməmək üçün ən əzablı işlərdə belə işləyirlər. Ölkənin öz istehsal sahələri var. Bu sahələrdə çalışan əsas işçi qüvvəsi isə miqrantlardır.
21 universitet
Şotlandlar ölkənin təhsil sistemi ilə fəxr edirlər. Zarafat deyil, buradakı ali məktəblərdə, kolleclərdə oxumağa dünyanın hər yerindən gəlirlər. Edinburq Universitetində oxumaq isə hər kəsin arzusudur. Biz isə təsəllini şəhərin hər yerində yerləşən universitet binalarının əzəmətli və qədim korpuslarına baxmaqla, muzeyinə, kitabxanasına daxil olmaqla, haqqında məlumatlar əldə etməklə və qarşısında fotolar çəkdirməklə alırıq.
Birləşmiş krallığın ən qədim təhsil ocaqlarından olan bu universitet 1582-ci ildə yaranıb. Edinburq Universiteti Britaniyanın tədqiqat universitetlərini birləşdirən "Russell Qrupu"na, eləcə də, "21 universitet" adlı beynəlxalq elmi-tədqiqat assosiasiyasına daxildir. Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universitiet Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Edinburq Universiteti 100 ən yaxşı ali məktəb arasında 21-ci yerdə dayanıb. İki binada yerləşən muzey hər zaman cəmiyyət üçün açıqdır. Universitetin elmi nailiyyətlərinə, inkişaf yoluna aid kolleksiyalar muzeyi bəzəyir. Burada 200 000-dən çox incəsənət əsəri, qədim tapıntılar, modellər, musiqi alətləri, elmi-texniki avadanlıq və s. saxlanır. Portret Kolleksiyası adlanan incəsənət nümunələri universitet yarandığı gündən toplanıb və hazırda təhsil müəssisəsinin divarlarını bəzəyir. İlk diqqəti çəkən isə təhsil ocağının məşhur məzunlarının portretləri və adlarıdır. Bu sırada Culius Nyerere (Tanzaniyanın sabiq prezidenti), Yun Po Sun (Cənubi Koreyanın sabiq prezidenti), Uiliyam Uolker (Nikaraqua Respublikasının sabiq prezidenti), Qordon Braun, Con Rassel və Henri Templ - Böyük Britaniyanın keçmiş baş nazirləri), müasir iqtisadi nəzəriyyənin banisi Adam Smit, dünya şöhrətli yazıçılardan Artur Konan Doyl və Valter Skott, Robert Stivenson və bir sıra Nobel mükafatı laureatlarının adları var. Muzeyin qədim musiqi alətləri şöbəsi beynəlxalq əhəmiyyətə malikdir. Universitetin nəzdində həmçinin Talbot Rays qalereyası, Təsviri incəsənət, Polşa tibb məktəbi, Kimya, anatomiya, resurs mərkəzi kolleksiyaları, Cokburn Geologiya, Şotland tədqiqatları, arxiv muzeyləri fəaliyyət göstərir.
Edinburq yaşamaq və oxumaq üçün təhlükəsiz şəhərdir. Burada təhsil alan tələbələr üçün, demək olar ki, bütün şərait yaradılıb. Onlar yataqxanalar, restoranlar, idman, müxtəlif əyləncə mərkəzləri, media-oxu zalları, rahat nəqliyyat, hətta iş yerləri ilə də təmin olunurlar. İtaliyadan gələn tələbələrdən biri universitet haqqında maraqlı məlumatlar verdi. 2011-ci tədris ilində Edinburq Universitetinin illik dövriyyəsi 592 milyon funt-sterlinq təşkil edib. Tələbələrin təhsil haqqı kollecdən, məktəbdən, seçdiyi ixtisasdan asılı olaraq dəyişir. Təhsil haqqını ödəmək üçün tələbəyə kredit təklif olunur. Kreditin məbləği tələbənin ailə büdcəsindən asılıdır. Tələbə kredit borclarını universitetdə təhsil alarkən tədricən ödəyir. Tələbəyə kredit verildiyi gündən hər sentyabr ayı borcun uzərinə faiz əlavə olunur. Bundan irəli gələrək, tələbə borcunu nə qədər tez qaytararsa, bu o qədər onun üçün sərfəlidir. Əyani və yarımçıq təhsil haqqı isə yenə də tələbənin oxuduğu kollec və məktəbdən asılıdır. Edinburq Universiteti müxtəlif proqramlar üzrə onlayn distant təhsilindən yararlananlar da dünyanın hər bir nöqtəsindədir.
Universitetin kitabxanası Şotlandiyanın ən böyük universitet kitabxanası hesab olunur. Burada 2 milyondan çox kitab, əlyazma, dissertasiya işi, mikroforma və s. mövcuddur. Onların əksəriyyəti Corctaun meydanında səkkizmərtəbəli binada yerləşən əsas kitabxanada - Avropanın ən böyük akademik kitabxanasında toplanıb.
Təranə Məhərrəmova
Bakı-Edinburq

(ardı var)

banner

Oxşar Xəbərlər