AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Qadınların IV Qurultayının nümayəndələri İlham Əliyevin namizədliyini dəstəkləyir

Qadınların IV Qurultayının nümayəndələri İlham Əliyevin namizədliyini dəstəkləyir

Siyasət
14 İyun 2013, 16:34 1787
Dünən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “İnkişaf naminə birlik” devizi altında keçirilən Azərbaycan Respublikası Qadınlarının IV Qurultayı başa çatıb.

Qurultayın ikinci hissəsində çıxış edən Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayeva bildirib ki, vətənini sevən hər bir adam, vətəninə bağlı olan hər kəs həmişə ailəsini sevir: “Belə adamlar həmişə öz yaxınlarını, öz qohum-qardaşını, dostlarını sevir və əlbəttə ki onlar üçün ana və Vətən məfhumları ömrünün axırına müqəddəs və dəyişməz qalır: “İstərdim ki, Azərbaycan vətəndaşı olan hər bir qadın yaşından, millətindən, tutduğu vəzifədən, peşədən, siyasi baxışlarından asılı olmayaraq, həmişə sağlam olsun, uğurlu olsun, ruhu həmişə yüksəkdə dayansın”.

Konstitusiya Məhkəməsinin sədr müavini Sona Salmanova da Azərbaycan qadınlarının qurultayının keçirilməsini yüksək qiymətləndirib. O bildirib ki, Azərbaycanın müstəqilliyinin, beynəlxalq münasibətlərin bərpa olunmasında qadınlar yüksək təşəbbüskarlıq və fəallıq göstərib.

Azərbaycanın İnsan Haqları üzrə Müvəkkili Elmira Süleymanova da qadınların ölkənin ictimai-siyasi həyatındakı rolundan danışıb. Onun sözlərinə görə, qadınların hüquqlarının qorunması, onların sosial vəziyyətinin yaxşılaşdırılması dövlətin əsas prioritetlərindən biridir.

Yeni Azərbaycan Partiyasının Qadınlar Şurasının sədri Nurlana Əliyeva bildirib ki, Azərbaycan qadını özünü heç vaxt görülən işlərdən kənarda hiss etməyib. N.Əliyeva qeyd edib ki, qadınlar bu il ölkədə keçiriləcək prezident seçkilərində yaxından iştirak edərək layiqli namizəd olan İlham Əliyevə səs verəcəklər.

Bakı şəhər Səhiyyə İdarəsinin rəhbəri Elmira Əliyeva ana və uşaq sağlamlığı işinə göstərdiyi diqqətə görə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya səhiyyə işçiləri adından təşəkkür edib. Onun sözlərinə görə, qadınlara qarşı zorakılıq, qadın və hamiləlik, reproduktiv sağlamlıq kimi məsələlər daim Səhiyyə Nazirliyinin diqqət mərkəzindədir. E.Əliyeva qeyd edib ki, ölkədə görülən işlər nəticəsində Azərbaycanda ana və uşaq ölümü faktları azalıb, sağlamlığın qorunması istiqamətində mühüm işlər görülüb.

Daha sonra tədbirdə çıxış edənlər də qadınların ölkənin ictimai-siyasi həyatındakı rolundan danışıblar.

Qurultayın sonunda Azərbaycan Respublikası Qadınlarının IV Qurultayı nümayəndələri tərəfindən Prezident İlham Əliyevə müraciət ünvanlanıb. Qurultay iştirakçıları BMT-yə, Avropa Şurasına və digər beynəlxalq təşkilatlara ünvanlanmış müraciət də qəbul ediblər. Sonda IV Qurultayın qətnaməsi qəbul olunub.

Prezident İlham Əliyevə ünvanlanmış müraciətdə bildirilir ki, bu ilin ən mühüm hadisəsi Azərbaycanda prezident seçkilərinin keçirilməsi olacaq. Hər bir vətəndaşın seçib-seçilmək hüququ ən ali qanunumuz olan Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapıb: "Biz Azərbaycan qadınları seçkilərdə hamılıqla iştirak edəcəyik. Həm dövlət orqanları, həm qeyri-hökumət təşkilatları, həm də hər bir vətəndaş bu məqsədlə səylərini davam etdirəcək. Xalqımızın, övladlarımızın gələcəyini, Azərbaycanın sabahını düşünərək, Vətəni canından əziz tutan insana - cənab İlham Əliyevə səs verəcəyik. Çünki o, bizim bütün uğurlarımızın qarantıdır. Biz - bütün Azərbaycan qadınlarını təmsil edən IV Qurultayın nümayəndələri Vətənimizin qüdrətlənməsinə aparan siyasi xəttinizi, dərin zəka, möhkəm iradə ilə gördüyünüz işləri dəstəkləyir, Sizə olan etibarımızı və inamımızı bildiririk".

Müraciətdə deyilir ki, Azərbaycan qadınları XX əsrdə qısa müddət ərzində yüzilliklərə bərabər inkişaf yolu keçib. Onların cəmiyyətdə, ictimai həyatda, ailədəki mövqeyində köklü dəyişikliklər baş verib. Azərbaycan qadını öz iradəsi və mərdliyi, saflığı və sədaqəti ilə cəmiyyətimizin həyatında, siyasi, iqtisadi və mədəni proseslərdə, ictimai həyatda daha fəal iştirak edir:

"Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonrakı dövr qadınların qarşısında yeni məqsəd və vəzifələr qoydu. Bazar iqtisadiyyatının təşəkkül tapması, ölkəmizin müxtəlif sahələrində aparılan islahatlar, vətəndaş cəmiyyətinin formalaşmasında vətəndaşların fəallığının artırılması yolunda görülən işlər qadınların cəmiyyətdəki rolunun daha da gücləndirilməsini tələb edir. Azərbaycanda qadın problemlərinin həlli sahəsində görülən işlərin əsasını ulu öndər Heydər Əliyev qoyub. Heydər Əliyevin siyasətinin davamçısı kimi, Sizin tərəfinizdən ailə, qadın və uşaq problemlərinin həlli istiqamətində işlər davam etdirilib və səylər artırılıb. Azərbaycanda qadın hüquqlarının müdafiəsi və gender bərabərliyinin təmin edilməsi sahəsinin dövlətin diqqətində olmasının sübutu həmin sahələr üzrə beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsidir. Sizin tərəfinizdən Azərbaycan qadınlarının cəmiyyətdə özünü reallaşdırma imkanlarının artırılması, qadın hüquqlarının etibarlı təmin edilməsi, onların hərtərəfli sosial müdafiəsinin gücləndirilməsi istiqamətində müstəsna əhəmiyyət kəsb edən işlər görülüb. Bu gün Azərbaycan qadınları ölkədə aparılan quruculuq proseslərinin fəal iştirakçılarıdır. Ölkəmizdə yaradılmış demokratik quruluş hər bir vətəndaşın, o cümlədən qadınlarımızın həyatda özünütəsdiqi üçün yeganə həlledici amil kimi onların biliklərini, intelektual potensiallarını, peşəkarlıqlarını, təşkilatçılıq bacarıqlarını ön plana çəkib, bu keyfiyyətləri əsas meyara çevirib".