“Qadınlarımızın danışacağı çox şey var” - Fenomen
Erkin Ergin: Bu
günün insanları ən çox yıxılana, təhqir olunana gülür
İnsanları güldürmək çətindir. Düşündürərək,
özlərini onlara olduğu kimi təqdim edib, necə varsansa elə göstərməyə çalışmaq
isə ondan da çətindir. Bu baxımdan, yerli stand up ustalarımızın, eləcə də
bloggerlərimizin üzərinə böyük yük düşür. "Fenomen” rubrikamızın qonağı Erkin
Ergin də maraqlı ssenarilər yazaraq, onları tamaşaçılara fərqli şəkildə təqdim
edir. Beləliklə, aktyor, blogger, vayner və stand up ustası Erkin Ergin bizimlə
söhbətində internet resurslarının onlara yaratdığı imkanlardan danışdı.
- Fenomen
olmaq üçün çıxdığınız bu yolda gözləntiləriniz nələr idi?
- Əslində fenomen olmaq kimi bir gözləntim yox idi.
Açığı, heç indi də düşünmürəm ki, çox izlənilən biriyəm və fenomenəm, böyük kütlə
tərəfindən izlənilirəm. Əsas hədəfim, sadəcə rahat işləmək və bundan gəlir əldə
etmək idi. Demək olar ki, bu hədəflərimə çatmışam. Ancaq hər dəfə bir hədəfimə çatdıqdan
sonra növbəti hədəfim formalaşır. İndi daha çox öz PR-ım üçün çalışıram.
- İzləyici toplamaq
üçün ilkin olaraq hardan və necə başlamaq lazımdır?
- Hər şey istəkdən asılıdır. İlk növbədə bu işlə məşğul
olan insanların necə, hansı üsulla məşhurluq qazandıqlarını araşdırmaq
lazımdır. Ondan sonra da öz ideyalarını ilkin mərhələdə həyata keçirməyə başlamalıdırlar.
Kütləyə özünü tanıtdıraraq, ssenarilərini gerçəkləşdirərək, tutduğun yolda iri
addımlarla irəliləməyin lazımdır. Məşhur olduqdan sonra istədikləri şəkildə ssenarilərinə
uyğun videolar çəkə və stand up söyləyə bilərlər. İnsan özünün düşündüyü
məhsulu istədiyi şəkildə kütləyə "yedizdirməsi” üçün ilk növbədə tanınmalıdır.
Bu da bir az zaman tələb edir.
- Əvvəllər məşhur
insan dedikdə, ya xalq, ya da əməkdar artistlər nəzərdə tutulurdu. İndi isə məşhurluq
İnstaqramda daha çox izləyici sayı ilə ölçülür.
- Təəssüf ki, bu, həqiqətdir. Əvvəllər aktyorlar özlərini
televiziya və ya filmlərdə göstərirdilərsə, indi onlara bu meydanı sosial şəbəkələr
yaradır. Peşəkar aktyorların əksəriyyəti sosial şəbəkədə o qədər də aktiv
deyillər. Onlar dövrün tələblərinə cavab verən şəbəkələrin aktiv iştirakçıları
olmalıdır ki, işləri, istedadları görünsün. O zaman izləyicinin də peşəkar və
qeyri-peşəkar arasında müqayisə etmək vərdişi formalaşar. Bu gün peşəkar
aktyorlar sosial meydanı boş qoyurlar. Onlar dövrlə, zəmanə ilə ayaqlaşmalıdırlar.
- Sizcə, vayner yaxşı
aktyor ola bilərmi?
- Vaynerin izləyicisinin çox olması onun
peşəkarlığının göstəricisi deyil. Sadəcə, nə qədər çox sevildiyindən xəbər verir.
Meydan boş qaldıqda, istedadı az olan insanlar daha tez məşhurlaşırlar. Belə
olduğu halda, istedadlıların gördükləri işlər kölgədə qalır. Demirəm ki, onlar sosial
şəbəkəyə gəldikləri gündən tutarlı olacaq. Ancaq müəyyən bir vaxtdan sonra peşəkarlıq
öz sözünü deyir.
- Sizcə, nə üçün bizdə
qadın stand up ustaları yoxdur?
- Qadın stand up ustalarının olmamasının səbəbi bizim
bu sənətə sırf yumor kimi yanaşmağımızdan irəli gəlir. Əslində, qadınlarımızın danışacağı
çox şey var. Stand up yumor üzərindən qurulmuş bir şey deyil. Fikrini səsləndirir
və ona yumor da qatır ki, bir qədər maraqlı olsun. Yumor hissi olan qadınlarımız
var. Əslində cəhd etsələr, bu, onlarda çox yaxşı alınar. Sadəcə, istək yoxdur və
bizdə bu sahədə ixtisaslı prodüser çatışmazlığı var. Prodüserlər tamam başqa işlərlə
məşğuldur.
- Bizdə isə stand
up yalnız Cem Yılmazın söylədiyi monoloqlar hesab edilir. Əslində isə, bu, tam
olaraq stand up deyil.
- Cem Yılmaz bu günün stand up ustalarına çox yaxşı
nümunədir. Əgər izləyicilər stand up-ın marağındadırlarsa, onlar bir nəfərlə kifayətlənməməlidirlər.
Rusiya, Amerika stand up ustalarını izləməlidirlər.
Biz o stand upları izləyib, sonra onları özümüzünküləşdirməliyik. İzləyici təbilik
tələb etsə də, ancaq onu qəbul etmir.
- Belə hallarla çox
tez-tez rastlaşırıq və çox zaman da özümüzü bəyənmirik.
- Bu, bizim yaralı yerimizdir. Əslində, bəyənməmək çox
asandır. Biz dəyər verməyə ilk növbədə özümüzdən başlamalıyıq. Təbii ki, Cem Yılmazı
bəyənirəm, ancaq türk dilində stand up dinləmək üçün 700 manat biletə pul verən
tamaşaçının öz stand up ustasına 30-40 manat pul verməməsi mənə çox təsir edir.
Hansı ki, Azərbaycan stand up ustaları öz ölkəsində baş verən problemlərdən, özümüzdən,
bizi biz edən özəlliyimizdən bəhs edir. Biz
nəyə görə gözləməliyik ki, xaricdən bir nəfər gəlib, bizə "ay balam”, "balalar,
gəlirəm” kimi səslənsin. Məgər biz balayıq? Hesab edirəm ki, içimizdə olan biri
bizi bizə daha yaxşı göstərə bilər. Biz bu dəyəri insanlara aşılamalıyıq.
- Bu günün insanı hansı
mövzulara daha çox gülür?
- Bu günün insanları ən çox yıxılana, təhqir olunana
gülür. Amma bu o demək deyil ki, insanları ancaq ucuz və yüngül gülüş
maraqlandırır. Keyfiyyətli bir məhsula gülən kontingentimiz də var. Bu gün cəmiyyətimizin
başına gələn neqativ halları kimsə səsləndirəndə, ona gülürlər.
- Bəs siz kimləri izləyirsiniz
və kimlərə gülürsünüz?
- Daha çox amerikan stand up ustalarını izləyirəm. Rus
və türk komediya ustalarına da nəzər yetirirəm. Bunlarla bərabər, yerli bloggerlərdən
Taleh Yüzbəyovu, Əlixan Rəcəbovu izləyirəm. Çalışıram, hər kəsi izləyim ki, məlumatlı
olum. Əgər bu işin içindəyəmsə, qaynadığım qazanda kimlərin olduğunu bilməli,
ən zəif bloggerdən tutmuş, ən güclüsünə qədər hər birinin işi ilə tanış
olmalıyam.
- Ən çox baxış sayınız
nə qədər olub?
- Ən çox baxılan videom milyonu keçib. Ancaq həmin videonu
müəyyən müddətdən sonra silmişəm. Məndə qəribə bir xasiyyət var ki, özümü yeniləməyi
sevirəm və il ötdükcə köhnə videolarımı bəyənməməyə başlayıram. Bilirəm ki, bu çox
pis bir xüsusiyyətdir. Sanki karyeramı yenidən başlayıram. Keçmişimə qarşı bir az
kompleksim var. Köhnə videolarıma baxanda düşünürəm ki, orda çox səhvlər etmişəm.
İndi bu fikri daha yaxşı səsləndirərəm - deyə düşünməyə başlayıram. Bəzən də tamaşaçı
məni həvəsdən salır. Ən çox baxış yığan videom Formula-1 yarışları ilə bağlı çəkdiyim
video olub.
- Erkin Ergin yaxşı
vaynerdir, aktyordur, video bloggerdir, yoxsa stand up ustasıdır?
- Bir az şablon səslənsə də, hər şeydən öncə insani
keyfiyyətlərə malik olmaq lazımdır. Nəyisə etmək istəyirəmsə, buna görə özümü
sıxmıram. Özümü hansısa peşənin içində saxlamaq istəmirəm. Bəlkə də gələcəkdə həkim,
memar ola bilərəm. Özümə hər hansı bir qadağa qoymamışam ki, sən sadəcə aktyor olmalısan.
Mən hər an dəyişə bilərəm.
- Sosial şəbəkədə özünüzü
çox azad hiss edirsiniz, yoxsa sizin özünüzün də öz çərçivələriniz var?
- Sosial şəbəkədə çox rahat və azad biriyəm. Məni çərçivəyə
ancaq tamaşaçı rəyi, mentalitet sala bilər. Bunlar məni tam olaraq sıxmır, ancaq
ən böyük maneəm də elə bunlardır. Xarici videoları izləyəndə görürəm ki, biz həm
düşüncə baxımından və həm də digər məsələlərdə onlardan çox geri qalırıq.
- Sizcə, bu gün Youtube
televiziyanın "çörəyini” əlindən alıbmı?
- Almayıb, ancaq ona doğru gedir. Bizim reklam şirkətlərinin
sosial şəbəkə həyatı çox zəifdir. Böyük şirkətlər var ki, onların rəhbərləri yaşlı
insanlardır. Onlar hələ də televiziyalara pul tökürlər. Ancaq PR sahəsində
çalışan bir az gənc, müasir düşüncəli reklamla məşğul olan insanlar görürlər ki,
real nəticə ala biləcəkləri yer sosial şəbəkələrdir. Bu şirkətlər daha çox internetə
yatırım edirlər. Bloggerlərlə işləyirlər, Youtube-da sponsorluq edirlər. Sponsorların
demək olar ki, hamısı internetə cəlb olunsa, televiziyanın aktuallığı itəcək. İstənilən
halda televiziya öz tamaşaçılarını itirib. Bugünkü tamaşaçının əlində telefonu var,
istədiyi filmə, verilişə özünün istədiyi vaxtda baxma imkanına malikdir. Bu tamaşaçı
çox məntiqli və düşünən tamaşaçıdır. Televiziyada standart xəbər izləməkdənsə, o
xəbərləri telefon vasitəsi ilə hər kəs öz maraq dairəsinə uyğun izləmək
imkanına malikdir.
- Həm də sosial
şəbəkələr istedadlı insanlara çox geniş imkanlar təqdim edir...
- Hər bir televiziyanın özünəməxsus senzuraları
var. Belə ki, "bu sözü efirdə demək olmaz”, "efirdə belə hərəkət
yolverilməzdir” və sair. Sosial şəbəkələrdə isə belə qadağalar yoxdur. Hər şey
sənin öz əlindədir. Tamaşaçıya məhsulunu istədiyin şəkildə təqdim etmək
imkanına maliksən. Heç kimdən asılı deyilsən. Misal üçün, ssenarini yazırsan,
bunu redaktor aparıb baş redaktora göstərmir. Axı sən hansı meyarla deyə bilərsən
ki, bu ssenari çox pisdir? Televiziyada bəzən deyirlər ki, bu veriliş daha çox
reytinq verdi. O reytinq də bəzən şübhə doğurur. Bizə reytinqli veriliş kimi
sırınan verilişlər tamaşaçı tərəfindən bəyənilmir. Ancaq sosial şəbəkədə onun
kimlər tərəfindən izlənildiyini, nə qədər maraq kəsb etdiyini bilmək mümkündür.
Xəyalə Rəis