• çərşənbə axşamı, 23 aprel, 15:10
  • Baku Bakı 24°C

Qadınlar niyə qətl törədir?

02.07.15 12:51 2746
Qadınlar niyə qətl törədir?
Ekspert-psixiatr: Qadınlar üçün ailədə və şəxsi həyatlarında baş verənlər daha əhəmiyyətli olduğu üçün onların qurbanları ən yaxın adamları olur
“Gənc qadın iki övladını qətlə yetirdikdən sonra özünü də bıçaqlayıb”, “Ana öz uşağının başını kəsdi”, “Qadın ərini bıçaqladı”, “Qadın qaynanasını öldürdü”... Azərbaycan mətbuatının gündəmi demək olar ki, hər gün bu tip dəhşətli xəbərlərlə silkələnir. Sosial şəbəkələrdə qadınların dəhşət saçan cinayətləri paylaşılır. Amma zərif cins nümayəndələrinin dəhşətli cinayətləri niyə törətdiyinə nə psixoloqlar, nə psixiatrlar doğru-düzgün cavab tapa bilmirlər. Problem isə sərhədləri aşır.
Qonşu Rusiyada da qadın cinayətlərinin ağırlığı və çoxluğu narahatlıq yaradır. Federal Tibbi Tədqiqat Mərkəzinin professoru, ekspert-psixiatr Marqarita Kaçayeva qadınların nə üçün öz əsəblərinə riayət edə bilmədiyi və cinayətlərini “xəstəlik” pərdəsi altında gizlətməyə cəhd etmələri ilə bağlı danışıb.
“Mətbəxdə qətl”

- Belə bir statistika var – kişilər tərəfindən törədilən hər 10 qətl hadisəsinin 9-u kənar şəxslərə yönəldilir. Qadınlarda isə vəziyyət başqa cürdür...

- Bu statistika xüsusilə Böyük Britaniya və Rusiya üçün xarakterikdir. Qadınlar üçün ailədə və şəxsi həyatlarında baş verənlər daha əhəmiyyətlidir. Ona görə də onların qurbanları ən yaxın adamları olur. Onlar hətta xəyanətkar ərlərindən qisas almaq üçün doğma uşaqlarını da öldürürlər. Bu, «medeya sindromu» adlanır. Çünki onların qurbanları ən yaxın adamları olur. Qeyd etmək lazımdır ki, bu, daha çox ailədə baş verənlərlə – ailə zorakılığının uzun illər davam edən psixi travmalı vəziyyəti ilə əlaqədardır. Elə həmin anda qadının əlinə nə düşürsə: - bıçaq, tava, qazan, çəkic və s. alətlərlə aqressiv hərəkətlər törədir. İngilislər bunu «mətbəxdə qətl» adlandırırlar. Məhkəmə psixiatrik ekspertizası müəyyən edib ki, bu, affekt və xəstə vəziyyətlərdə baş verir. Əksər hallarda ekspertiza o cür cəzaları yumşaltmağa yönəlir.
- Mən qadın koloniyasında uşaq öldürənlərə rast gəlmişəm. Onları «cəza dəstəsi» adlandırırlar. Onlar öz ərlərini öldürməyə görə həbs edilənlərdən fərqli olaraq bu cür faciələrdən peşmançılıq çəkirlər. Yadımdadır, məhkumlardan biri «Əgər hər şeyi qaytarmaq mümkün olsaydı, yenə də öldürərdim. Çünki daha təhqirlərə dözə bilmərəm» - deyirdi.

- Kişiləri əksər hallarda məişət zorakılığı zəminində öldürürlər. Bu qaranlıq dünyada göz yaşları hətta rifah halı yüksək olan ölkələrdə – ucuz motel otaqlarından tutmuş, ən dəbdəbəli villaların qapıları arxasında belə axır. Bu cür qətllərlə bağlı həqiqi statistika mövcud deyil. Nə məlumdursa, bu, yalnız aysberqin görünən tərəfidir. Vəziyyət isə olduqca ağırdır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu problemlə məşğul olur və insanlar ona inanmağa başlayıblar. Rusiyada məişət zorakılığına qarşı qanun qəbul olunub. Ancaq bu qanun işləyirmi? Bu gün qadın–sadistə heç kimin yazığı gəlmir. Onu döyürlər, o, polisə zəng edir və cavabında «öz ailə məsələlərinizi özünüz həll edin, bizi işdən ayırmayın» sözlərini eşidir. O, xüsusi sığınacaqlarda gizlənə bilər, ancaq sonra nə edəcək? Onları döyürlər, siqaretlə yandırırlar, sümüklərini sındırırlar, dırnaqlarının altına iynə batırırlar, sevgiliyə çevirir və onları sekslə məşğul olmağa məcbur edirlər. Məhkəmə işlərinin materiallarında onların hadisələrini sakit oxumaq mümkün deyil. Hətta, ər-sadistlərin arasında yüksək səviyyəli siyasətçilərə, biznesmenlərə rast gəlmək mümkündür.
«Dovşan pələngə dönür»

- Məişət zorakılığının əksər qurbanları illərlə travmalı vəziyyətdə yaşayırlar. Onlar nə üçün buna sona qədər dözürlər?

- Mazaxist əlamətli qadınlar da olur. Belə bir sindrom var: cəllad qurbanını axtarır. O, daha çox nəyi bağışlayırsa, onun vəziyyəti də bir o qədər pisləşir. Ancaq psixoloq və psixiatrların fikrincə, belə şeyləri bağışlamaq olmaz. Bu qapalı dairədə bütün zəngləri çalmaq lazımdır. Ədəbiyyatda da bu cür nümunələr yer alıb. Cəllad qurbanını döyəndə tökülən qan ona narkotik kimi ləzzət edir. Bir çox kişilər qadınları təhqir edəndən sonra onları seksual münasibətə məcbur edirlər. Bu, barışıq nümunəsi kimi qəbul olunur. Məşhur xalq misalını xatırlayırsınızmı: «Döyürsə, deməli sevir?» Ancaq belə sevgi olmaz.
- Belə də deyirlər: «Səbr edirsə, demək sevir». Ancaq bəzən dözümlülük dəhşətli nəticəyə gətirib çıxarır - cavabsız qurban monstra çevrilir.

- Qocaman alman psixiatrları belə hadisələri «dovşan pələngə dönür» adlandırırlar. Bu hadisələr fonunda yaranan depressiya bir neçə il gizli davam edə bilər. Bəzən belə qadınlar ümumi təcrübə ilə ginekoloqa, endokrinoloqa müraciət edir, səhhətlərindən şikayətlənirlər. Ancaq onlarda heç bir xəstəlik tapılmır. Çox nadir hallarda həkim reseptə xəstənin əhval-ruhiyyəsinin düşkün olmasını yazır və onun psixiatrın məsləhətinə ehtiyacı olduğunu qeyd edir. Depressiyanı müəyyən etmək üçün psixiatr olmaq mütləq deyil. Əgər insan məyusdursa, daim ağlayırsa, ünsiyyəti kəsirsə, özünə qapanırsa, həyəcan təbili çalmaq lazımdır.
- Qadınların daxili maneədən imtina etmələri onların günahlarını etiraf etməsidir?

- Çox nadir hallarda, onlar heç nə xatırlamasalar belə, ittihamla razılaşırlar. Qadın qətl törətdikdən sonra uzun müddət tormozlanmış vəziyyətdə olur. O, nə baş verdiyini dərhal başa düşmür. Huşsuz, inamsız, şüursuz vəziyyətdə oturur. Bəziləri hətta yuxulayır…
- Axı, demək olmaz ki, bu qadınların hamısı qurbanlardır. Yəqin ki, onların arasında soyuqqanlı qatillər də var?

- Onlar çox deyil, amma mövcuddurlar. Onlar həmişə dəhşət saçırlar. Kim fikirləşə bilərdi ki, sovet dövründə öz rəqiblərinin aradan götürülməsini sifariş edən işgüzar qadınlar meydana gələcək? Qadın təbiəti üçün emosiyaların tüğyanı, spontanlıq xarakterikdir. Nə zaman ki qadını parıldayan gözlə görürük, onda hər şeyi oxuyuruq: demək haradasa səhv edib. Qadınların arasında psixoloji hazırlığın qurbanları olan terrorçular da var ki, onlar xüsusi proqramlarla təlimatlandırılırlar.
Affektin də alqoritmi var

- Xəyanətkar ər də qadının ağlını başından ala bilərmi?

- Sözsüz ki, sevgi yüksək hissdir. Qadın bu hissdən başını itirəndə – o, atılanda, öz rəqibini izləməyə başlayır. Öz xarici görkəmini dəyişir, sonra amansızcasına qisas alır.
- Nə üçün qadınlar təzə doğulan uşaqlarını öldürür və zibil yeşiklərinə atırlar? Axı həmişə alternativ var.

- Düzdür, bəzən gənc qadınlar özlərinin hamilə olduqlarından xəbərsiz olurlar. Ərli olmaya-olmaya hamilə qalmalarına görə valideynlərindən qorxu hissi, arzu olunmayan hamiləlik onları bu addımı atmağa məcbur edir. Onlar həmin uşağı dünyaya gətirənə qədər heç qadın məsləhətxanasının siyahısında da olmurlar. Doğuşlar tələbə yataqxanalarının hamamında, vağzalların tualetlərində, qaranlıq keçidlərdə baş verir. Rusiyada yeni doğulan körpəsini öldürən qadınlar üçün qanun qüvvədədir. Qanun humanistdir, çünki bu qadınların doğuşdan sonrakı psixoloji, emosional vəziyyətlərini öyrənməyə çağırır. Bəzən elə hallar olur ki, əgər bu, affekt vəziyyətdə baş veribsə qadını çox uzun olmayan müddətə azadlıqdan məhrum edirlər, ya da məhkəmə zalından azadlığa buraxırlar.
- Qadının kritik günlərdəki vəziyyəti öyrənilirmi?

- Təəssüf ki, yox. Ancaq Fransa məhkəməsində ekspert qadının aybaşıqabağı sindromunu sübut kimi göstərə bilər və bu, günahın azaldılması arqumenti kimi qəbul olunacaq. Hətta məsuliyyətin məhdudlaşdırılması kimi tanınacaq. Biz də hesab edirik ki, qadın orqanizminin bioloji funksiyasını öyrənmək çox vacibdir.
- Cinayətkar qadınların özlərini «dəli» kimi qələmə verib real «müddət»dən qaçmağa cəhd etmələri halları olurmu?

- Özünü xəstə kimi göstərmək faktları çoxdur. O qadınlar polis orqanlarına düşəndə inandırmağa başlayırlar ki, onları gözləyən var, əgər günahları məhkəmədə sübut olunsa, onlar hər şeyə hazırdırlar, təki cinayət cəzasından qaça bilsinlər. Onlar əksər hallarda öz hərəkətlərini psixi xəstəlik pərdəsi altında gizlətməyə çalışırlar. Elə başa düşürlər ki, bu, onların xilası ola bilər. Ancaq belə cəhdlər göründüyü kimi həmişə nəticə vermir. Hər bir psixoloji xəstəliyin özünün əlamətlər toplusu var. Psixiatr saxta xəstə ilə həqiqi xəstəni dərhal ayırd edir. Çünki bunun öz nüansları var. Hərdən hansısa məhkuma haqq qazandıran psixiatrlar da olur. Ancaq onların da cəhdi ifşa olunur. Psixi xəstə olan bütün insanlar monotondurlar. Özlərini yalandan psixi xəstə kimi göstərənlərin ən istedadlısı belə, bütün hallarda obrazdan çıxır. Məsələn, tibb bacısı öz gündəliyində hər hansı xəstə haqqında «kədərlidir, həkimin qəbuluna gələndə ağlayırdı, onu güclə sakitləşdiriblər» - deyə qeyd edir. Ancaq otaqdan çıxan kimi o, canlanır, südlü sıyıq soruşur, televizorun qarşısına keçərək seriala baxır və gündəlik hadisələr haqqında fəallıqla şərh verir. Komissiya belə müşahidələrini analiz edir.
- Elə hallar olurmu, insanlar affekt vəziyyətində görünməyə cəhd etməklə az cəza alsınlar?

- Affektin də öz alqoritmi var: mübahisə, təhqir, nəhayət partlayış… Daha sonra affektiv gücdən düşmə, cinayətdən dərhal sonra şüurun qayıtması. Qadın dəhşət içərisində pillələrlə qaçaraq qonşulara zəng edir, uşaqlarına qışqırır: «Mən sizin atanızı öldürdüm». Digər bir mənzərə isə onun hadisəni xəstə vəziyyətdə törətməsi ilə bağlıdır. Qadının hansı vəziyyətdə cinayəti törətməsindən asılı olmayaraq, o, mühakimə olunur. Cinayət heç vaxt cəzasız qalmır.
Rusiya mətbuatından çevirdi Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər