• cümə, 29 Mart, 09:38
  • Baku Bakı 5°C

Qadın xilasının tragediyası

31.10.16 11:28 2459
Qadın xilasının tragediyası
Bir etirafla başlayıram: İnsan nəsli içində mövcud olan müxtəlif qruplar arasındakı təməl fərqləri araşdıran bütün siyasi-iqtisadi nəzəriyyələrə, sinfi və irqi ayrıseçkiliyə, qadın və kişi hüquqları arasında çəkilmiş bütün süni sərhədlərə baxmayaraq, bu fərqliliklərin qovuşacağı və xoş təsir bağışlayan bir bütün ola biləcəyi nöqtənin olduğuna inanıram.
Bu etirafla barış müqaviləsi təklif etmək istəmirəm. Bir-birinə zidd, uyuşmayan mənfəətlərin təsiri ilə yaranmış və bu gün ictimai həyatına tam hakim kəsilən bu cinsi-ictimai qayrı-seçkilik iqtisadi bərabərlik adlı dünyəvi hərəkatın təkan tapması ilə aradan qalxacaq. Cinslər və fərdlər arasında sülhün, birgəyaşayışın əldə olunması sadəcə insanların səthi formada bərabərhüquqlu olmasına bağlı deyil; nə də bununçün fərdi keyfiyyət və özünəməxsusluqların məhv edilməsi tələb olunur. Bu gün qarşıda duran və yaxın gələcəkdə həllini gözləyən problem həm özümüz kimi qalıb, həm də başqaları ilə bütünləşə bilməyin özünəməxsus cəhətləri qorumağın yolunu tapmaqdır.
Bu mənə bir çox problemin əsası kimi görünür – kütlə və fərd, əsl demokratla əsl vətəndaş, kişi-qadın qütbləşməsi olmadan bir nöqtədə birləşə bilməyin təməli kimi. Buna görə də şüarımız "Bir-birinizi bağışlayın” yox, "Bir-birinizi anlayın” olmalıdır. Madam de Stalın tez-tez təkrarladığı ifadə var idi: "Hər şeyi anlamaq, hər şeyi bağışlamaq deməkdir”. Bu ideya mənə heç vaxt cazibədar gəlməyib, içində mənasız "GÜNAHÇIXARMA” ayininin qoxusu var. Hər şeyi bağışlamaqda ikiüzlü ola bilmək kimi məziyyət var. Vəziyyəti anlamaq kafidir. Qadının xilası və onların "bağışlayan” olması haqqında klişedən arınmaları ilə bağlı çıxışda bu əsas qəbuledilən fikirdir.
Qurtuluş qadının sözün tam mənasında insan kimi qəbul edilməsini təmin etməlidir. Qadının azad olmağı və hərəkət etməyi, reallaşmağı gözləyən hər şey bütün varlığı ilə ehtiyac duyduğu şeyə qovuşmalıdır. Onun ayrı-ayrı yerlərdə, fərqli zamanlarda başlayan hərəkatlarının hədəfi məhz bu idi. Ancaq niyəsə bugünə qədər əldə edilən nəticələr qadını yenə də nələrdənsə təcrid etdi, onu xoşbəxtlik bulağından məhrum qoydu. Görüntüdə baş tutmuş azadlıq isə müasir qadını süni varlığa çevirdi. Günün qadını Fransanın parniklərində piramida, təkər, çələng formasında yetişdirilən ağacları, fidanları xatırladır insana. Qadının daxili dünyası ilə əlaqəsi olmayan formalara düşdüyünün şahidi oluruq. Parniklərdə yetişmiş bu qadınlara hər yerdə rast gəlmək olur, xüsusilə də, intellektual çevrədə.
Qadına azadlıq və bərabərlik! Bir zamanlar ən əsilzadə və cəsur adamlar tərəfindən ilk dəfə səsləndiriləndə bu ifadələr necə böyük ümidlər, arzular oyandırmışdı. Günəş bütün parlaqlığı və möhtəşəmliyi ilə yeni bir dünyanın üzərinə doğacaqdı sanki. Bu dünyadakı bütün qadınlar öz tale yollarını təyin etməkdə sərbəst olacaqdı. Bu isə cəhalətin hökm sürdüyü bir dünyaya qarşı çıxan, bu yolda hər şeyini təhlükəyə atacaq, öləcək qədər cəsur qadınlar və kişilərin müqəddəs savaşına dəyəcək bir hədəf idi.
Mənim də ümidlərim bu aqibətədir. Lakin bugünkü sözdə azadlığın əldə edilməsi və qəbulundan da görünür ki, bu mübarizə o böyük hədəfə çata bilməyib. İndi qadın sözün əsl mənasında azad olmaq üçün ona sırıdılan bu səthi, süni azadlıqdan və onun kriteriyalarından xilas olmalıdır. Paradoks kimi görünə bilər. Amma təəssüf ki, həqiqətdir.Qadın bu qurtuluşu ilə nə əldə etdi? Bəzi yerlərdə səsvermə hüququ. Bəs, bu cəmiyyətin siyasi həyatını ləkələrdən təmizləməyə kifayət etdimi? Əlbəttə ki, yox. Artıq açıqfikirli, sağlam iddialı insanların siyasətin yüngül formada təqdimi haqqında internat məktəbinin yetirmələri kimi danışmağının zamanı keçir. Siyasi yüngüllüyün siyasətçilərin əxlaqı və ya zəifliyi ilə əlaqəsi yoxdur. Bunun əsas səbəbi maddidir. Siyasət biznes və sənaye dünyasının əks-sədasıdır və artıq onun "Almaq verməkdən daha müqəddəsdir”, "Ucuz al, baha sat”, "Dinsizin öhdəsindən imansız gələr” kimi şüarları var. Odur ki, qadına səsvermə haqqı verilməsinin nə siyasətə, nə qadına bir xeyri var.
Azadlıq qadına kişi ilə iqtisadi bərabərlik imkanı verdi. Artıq qadın öz ixtisasını, işini seçə bilir, amma keçmişdə və indi aldığı təhsil səviyyəsi, gec təcrübə qazanmağa başlamaq ona kişi ilə rəqabət apara bilmək imkanı vermir. Bu səbəbdən də qadın bazar şərtlərinə uyğunlaşdıra bilmək üçün inanılmaz enerji sərf edir, canlılığını, parıltısını itirir, əsəbləri pozulur. İndiyə qədər az qadın öz sahəsində alternativsiz olaraq, uğurlu hesab olundu. Çünki qadın müəllimlər, həkimlər, vəkillər, memar və mühəndislər kişi həmkarları qədər etimad görməməklə yanaşı, onlarla eyni maaşı da ala bilmirlər. Və bu ağılçaşdıran bərabərliyi əldə edənlər, yəni milyonlarla qadının içindən seçilə bilənlər də bunu fiziki-psixoloji sağlamlıqlarını itirmək hesabına qazanırlar. İşçi qızlar və qadınlar üçün ev mühitinin məhdudluğu, yeknəsəqliyin yerinə fabrikin, atelyenin, mağazanın, ofisin məhdudiyyətləri və monotonluğu keçəndə azadlıq nə qədər təmin olunmuş hesab olunur ki? Hələ bir də ağır iş gününün sonunda "evim, gözəl evim” deyə içindən keçirən bir çox qadın üçün soyuq, yalnız, dağınıq və heç də gözəl görünməyən bir evə getməyin məcburiyyəti də yüklənir. Necə də gözəl müstəqillikdir! "Tikiş və yazı maşını arxasında müstəqillik”lərdən bezib-uzanmış yüzlərlə qızın ilk evlilik təklifinə düşünmədən razılıq verməsi heç də təəccüblü deyil. Güclə yaşamaq üçün lazımi pul qazanmaqla nəticələnən "uydurma” müstəqillik heç də qadının hər şeyini fəda etməsinə dəyəcək qədər ülvi və cəlbedici deyil. Bizim olduqca dəyərli bildiyimiz müstəqillik qadının korşalmasına, təbiətinin, eşq və analıq duyğusunun təzyiq, zor altında saxlanmasına səbəb olan yorucu bir mərhələyə çevrilib.
Yenə də işçi qızın vəziyyəti ilk baxışdan daha bəxtəvər və daha alidir. Xüsusilə də, həkim, vəkil kimi sahələrdə. Ən azından daxili dünyası quruyarkən, üstəlik yaşlı və kədərli görünən tibb bacıları və katibələrlə müqayisədə daha insani ömür sürürlər.Qadının müstəqilləşməsinin dərk olunmasındakı korluq; sosial statusu fərqli olana vurulmaqdan qorxmaq; eşqin azadlığı və qayğısızlığı yox edəcəyi fikrinin gətirdiyi narahatlıq; sevgi və ya analıq sevincinin qadını işindən geri salacağı həyəcanı – müasir və azad qadını bir başqa cəhətdən məcburi rahibəliyə itələyir. Həyatın ağrıları, dərin, başdan çıxaran sevincləri qadına dəymədən, onun ruhunu qavramadan, oxşamadan önündənkeçib-gedir.
Əxlaq məfhumunun əhatə sahəsinin kişinin mübahisəsiz üstün olduğu zamanlardan qalan və hələ də işəyarayan çürümüş qalıqları ilə dolu olduğunu görənlər vəziyyətin belə nəticələnəcəyini əvvəlcədən görmüşdülər. Mövcud sistemləri yıxmağı və yerinə daha yeni, mükəmməl olanı ucaltmağı hədəfləyən hər hərəkatın bir tərəfdən radikal fikirləri müdafiə edib, bir tərəfdən də gündəlik həyatlarında sıradan insanlar kimi davranan, ictimai baxımdan qəbuledilən insanlar qalmağa çalışan, düşmənlərinin haqqında yaxşı düşünməsi üçün çırpınan üzvləri olur. Məsələn, bəzi sosialistlər, hətta anarxistlər mülkiyyət əldə etməyin oğurluq olduğunu deyirlər, sonra da kimsə onlara üç qəpik borclu qalsa, hiddətdən vəhşiləşirlər.
Müstəqilləşmənin ən böyük əskikliyi etibar, nüfuz həvəsindən qaynaqlanır. Qadının ruhunda boşluq yaradır, ona həyat bulağından su içməyə imkan vermir. Məqsədim keçmişə qayıtmaq, ya da qadını köhnə komasına, mətbəxə, uşaq otağına məhkum etmək deyil. Əsl müstəqillik daha aydınlıq və açıq gələcəyə doğru yorulmadan irəliləyə bilsək, reallaşar. Köhnə adət-ənənələrdən xilas olan, əngəl tanımayan bir inkişafa ehtiyacımız var. Qadının azadlıq mübarizəsi indiyə kimi sadəcə ilk addımı ata bilib. Səsvermə hüququ, hüquqi bərabərlik yaxşı nəticələrdir, amma müstəqillik rəsmi qurumlarda başlamır. Qadının ruhunda başlayır. Tarix dönə-dönə sübut edib ki, əzilən zülmdən yalnız öz əzmi, mübarizəsi ilə qurtula bilər. Qadının şəxsi gücü və bacarığı haralara qədər uzana bilirsə, o qədər müstəqildir. Həyatın hər sahəsində bərabər hüquq tələbi ədalətlidir, amma dünyadakı ən çox ehtiyac duyulan şey aşiq olmaq və sevilmək tələbidir. İşə ənənələrin ağırlığından qurtulmaqla başlamaq lazımdır.
İngilis dilindən tərcümə edən: Elcan SALMANQIZI
banner

Oxşar Xəbərlər