Qadın sahildəki gəmiləri görərək “onlara doğru getməliyik?” sualını verir - Onun film seçimi
Filmlər
izləyicidə müxtəlif duyğular yaradır. Sizi güldürə də bilər, ağlada da... Bəzən
problemlərinizlə üzləşməyinizə səbəb olar, bəzən isə onları həll etməkdə kömək
edər. Filmlərlə bağlı hər kəsin öz maraq dairəsi var.
Kimi dram sevir, kimi fantastika, kimi də komediya. Amma elə kateqoriyada filmlər
də var ki, onlara hər kəsin baxması tövsiyə olunur. Filmləri izləyən insanların təcrübələri bu mövzuda
bizə çox kömək edə bilər.
"Onun
film seçimi” rubrikamızın qonağı Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin
sədri İlqar Orucovdur.
İlqar
Orucovun məsləhət gördüyü ilk film 1994-cü ildə çəkilən Robert Zemekisin
ekranlaşdırdığı, Tom Xenksin baş rolda oynadığı "Forrest Qamp”dır. Film Uinston Qrumun eyni adlı romanı əsasında çəkilsə
də, ssenari romandan böyük ölçüdə fərqlənir. Baş rollarda Tom Henks, Robin
Rayt, Geri Sinis, Maykelti Vilyamson və Salli Fild kimi görkəmli şəxslərin yer
aldığı film, zəka səviyyəsi 75 olan birinin həyatını ələ alır. Zəka səviyyəsindən
ötrü dövlət məktəblərinə girməkdə belə çətinlik çəkən Forrest Qamp, zaman
keçdikcə məntiqə uyğun gəlməyən nailiyyətlərə imza atır. Hər nə qədər zəka səviyyəsi
aşağı olsa da, fiziki olaraq son dərəcə sağlam olan Forrest, zaman keçdikcə baş
verən hadisələr zəncirində bizi xəyal edə bilməyəcəyimiz bir dünyaya aparır. Mükəmməllərdən
mükəmməl hesab olunan filmlər sırasındadır: " Düşünürəm ki, gənclər üçün çox
faydalı filmdir. Hansı ki, gəncləri motivasiya edə biləcək məqamlara toxunur.
İnsanın düşdüyü uğursuzluqlara rəğmən çarpışması və daim uğura doğru irəliləməsi
bu filmin əsas süjetini təşkil edir. Əqli cəhətdən geri olan Forrest Qampı məktəbə
götürmürlər. Lakin anasının yaxşı istiqamətdə təşviqi ilə Forrest gələcəkdə
böyük hadisələrin mərkəzində yer almaq imkanı əldə edir. Təşviqin böyük əhəmiyyətindən
danışan Forrest, Vyetnam müharibəsində döyüşmək üçün hərbi xidmətə yollanır.
Yaxın dostunun bütün günü dəniz ilbizlərindən danışmasından sonra gələcəkdə belə
bir iş qurmaq üçün bir-birilərinə söz verirlər. Ancaq dostu müharibədə şəhid
olur. Forrest bu işin arxasınca gedir və sözünü tutmaq üçün yaşayır”.
Həmsöhbətimizin
tövsiyə etdiyi ikinci film "Apokalipsis”dir:
"Apokalipsis” Amerikalı kinoaktyor və rejissor Mel Gibsonun əməyinin bəhrəsidir.
Filmin ssenari müəllifləri Mel Gibson və iranlı kinomütəxəssis Farhad
Safiniadır. Film Mayyalıların doğma kəndlərində xoşbəxt həyatlarının təsviri ilə
başlayır. Həyat mücadilələri, zarafatları, gözlənti və ümidləri tamaşaçıya "bir-birimizdən
heç bir fərqimiz yoxdur” düşüncəsi aşılayır. Mübarizənin sonu nə qədər qalibiyyətlə
bitsə də, çəkilən əziyyətlər unudulmayacaq. Ən əsası isə filmin sonunda ağdərililərin
Amerikanı kəşf edən gəmiləri vəhşi torpaqların sahilində görünür. Film boyu ən əsas
lazımlı sual isə sonda eşidilir: Qadın sahildəki gəmiləri görərək "onlara doğru
getməliyik?” sualını verir. Yerli gənc Yaquar isə "Meşəyə doğru getməliyik” deyərək
insanı düşünməyə sövq edir.
Həmsöhbətimizin
məsləhət gördüyü 3-cü film isə məşhur real hadisə əsasında çəkilən əfsanəvi "Titanik” filmidir: "Filmdə "Titanik”in
səyahətə başlayıb batmasına qədər davam edən 2 günün təsviri verilib. Film real
hadisəyə əsaslansa da, burada məhəbbət xətti də var. Kasıb ailənin oğlu olan
Cek "Titanik”in yola çıxmasına 5 dəqiqə qalmış qumarda gəmiyə bilet qazanır. Bu
səyahətdə isə varlı ailənin qızı Rouzla tanış olur. Filmdə həmçinin gəmi sahiblərinin
özündənrazılığı göstərilib. Onlar daha tez çatmaq üçün gəminin sürətini
artırırlar və buna görə də qarşıdan gələn aysberqi gördükdə gəminin istiqamətini
dəyişməkdə gecikirlər. Filmdə məhəbbət xətti ilə yanaşı, sinfi fərqləndirmələrin
doğurduğu acı nəticələr də göstərilib.
Aygün Əziz