• cümə, 26 Aprel, 00:04
  • Baku Bakı 16°C

Qadın oyunları

05.07.14 11:02 2552
Qadın oyunları
23 iyul... S.Vurğun adına Rus Dram Teatrının səhnəsi... Bakı Bələdiyyə Teatrı... Kşiştof Zanussi... və Amaliya Pənahova...
Bu faktların ümumi kontekstində vahid hadisə dayanır. Məhz bu tarixdə bu səhnədə iki məşhurunun təqdimatında Azərbaycan teatrında “hadisə” kimi qavraya biləcəyimiz tamaşanı seyr etdik. Bu qəti fikir deyil, təstiq olunmuş bəyanat da deyil... Bu, kim üçün isə heç hadisə də deyil. Ancaq vahid məkanda K.Zanussinin rejissurasını-A.Pənahovanın ifasını görmək və görükdürmək özü-özlüyündə mühüm teatr hadisəsidir.
Kiçik bir xatırlatma fikirlərimi təstiqləmək yolunda atılmış ən vacib addım ola bilər. Belə ki, dünyaca məşhur Zanussinin Azərbaycanla tanışlığı 2012-ci ildən başlayır ki, bu da çağdaş teatrımızın ən aktual faktlarından biridir. Elə o zaman biz bildik ki, Akademik Milli Dram Teatrına təşrif buyuran Zanussini canlı görmək – çəkilən saysız-hesabsız filmlərin, quruluş verilən tamaşaların müəllifini eşitmək və görmək özü böyük xoşbəxtlikdir. Kşiştof Zanussi - bir çox beynəlxalq mükafatlar laureatı, dünya şöhrətli teatr və kino rejissoru, Beynəlxalq Kann Kinofestivalının “Rejissor” nominasiyasının mükafatçısı, Beynəlxalq Venesiya Kinofestivalının baş mükafatının sahibidir. Zanussi yaradıcılığı isə bir cümlə ilə ifadə oluna bilməz. O cümlədən, Azərbaycan teatrının da bir cümlə ilə ifadə edilməsi çətin olan sənəti və sənətkarları var. Amaliya Pənahova - Azərbaycanın xalq artisti, Dövlət mükafatları laureatı, ...
Bu yazını oxuyan yaşlı nəsil böyük sənətkarı dəfələrlə Azərbaycan səhnəsində görüblər. Bizlərə isə sadəcə onun səsini, oyununu video arxivlərdə görmək nəsib olub. Elə məhz buna görə də bizim üçün bu tamaşanın hədəfi, dəyəri çəkiyə gəlməz...
Zanussi görkəmli aktrisanın - A.Pənahovanın əslində tək oyununa əsaslanan “Qadın oyunları” adlı tamaşanı təqdim etdi. II hissəli dram kimi təqdim olunan tamaşanın I hissəsi “Əlçatmaz” adlanır ki, burada A.Pənahova tam özünü məşhur sənətkarın həyat yaşamını ifa edir. Zanussinin rejissurası əlbətdəki dünya kinosu konteksində daha əlçatmazdır. Bunu xatırlatmaqda məqsəd sizə o gün sadəcə bir teatr tamaşasına deyil, bir tamaşa-filmə baxdığımı qeyd etməkdir.
Səhnəyə üzəri qana bulaşmış bir gənc daxil olur. Ona zəng etmək üçün telefon lazımdır. Gənc (Bakı Bələdiyyə Teatrının aktyoru Tural Ağayev) çaşqındır, əli-ayağı söz tutmur, lakin bəlli ki, hara və niyə gəldiyini anlayır. Bu stressli məqamda əlvan sarı tülün fonunda, gözqamaşdıran geyimdə Amaliya Pənahova səhnədə görünür. Eyni səs - heç dəyişilməyib. Görünür, insanın səsi və gözü heç zaman dəyişikliyə uğramır. Elə sənətkarın dəyişilməyən, sabit qalan - bəli, bu bizim tanıdığımız Amaliya Pənahovadır, deyə biləcək dəlildir, sübutdur: emosional-hissi səsi və daxilindəki fırtınanı ifadə edən gözləri.
Aktrisanın yerə-göyə sığmayan ədaları, illərin süzgəcindən keçən qətiyyəti nəinki tamaşaçını, səhnədə əsas tərəf müqavilini - Gənci də (T.Ağayev) təlaşlandırırdı. Bu səbəbdən də o, ya stola ilişir, ya da mizanı unudurdu. Lakin bu o demək deyil ki, Gənc özünü ifadə edə bilmirdi. Artıq televiziya ekranlarından, teleseriallardan tanış olduğumuz və bu gün istedadlı gənclər arasında seçilən Tural bu tamaşanın qəhrəmanına çevrilə bilməsə də, səhnədə Sənətkara uduzsa da, məncə, bu onun üçün məğlubiyyət deyil, yaradıcılıq qələbəsi sayıla bilər.
Və... qadının qurduğu oyun başlayır. Səbəb və nəticəsini öncədən bilən, onun üçün həyat təcrübəsinin süzgəcindən çoxdan keçirilən, bu qısa, fraqmental xarakter daşıyan Gəncin kələyi Qadına görə sadəcə əyləncədir, ciddiyə almadığı oyundur.
Oyunun qaydaları Qadın üçün keçərli deyil. Zatən Avropalı görünüşlü, bütün dünyanın qarşısında boyun əydiyi, hər zaman diqqət mərkəzində olan Qadın zavallı Gənci 45 dəqiqəlik xoşbəxt olmaqdan məhrum etmir. Rəssam gəncin kələyi məşhur sənət əsərlərinə baxmaq bəhanəsi olsa da, burada Qadına yaxın olmaq, sadəlövhcəsinə sahiblənmək hərisliyində bulunmaq cəhdi də var. Hadisələrin fonunda Gənc evin sahibəsinə, zəngin Qadına laqeyd deyil. Axı, Qadın əlçatmazdır. Fon demişkən, tamaşanın səhnəqrafiyası klassik Avropa evinin görüntüsünə əsaslanırdı. Avropa rəssamlarının sənət əsərləri, panoraması işıqların gözəl və nizamlı quruluşunda olan pəncərə tamaşanın ən kiçik, ən elementar xırdalığına qədər düşünülmüşdü.
“Qadın oyunları” əlçatmaz Qadının oyunu ilə başlayıb, digər Qadının - Markizanın yeni oyununun başlanmasına estafet verir.
“Şövkətliyin əvvəlcədən ödənişi” adlanan II hissəyə keçməmişdən öncə söyləyim ki, bu ad ya düzgün tərcümə olunmayıb, ya da düzgün uyğunlaşdırılmayıb. Burada da Aktrisa (A.Pənahova) gənc, gözəl qadının əksini - yaşlı və xəstə Markizanı yaradır. Xəstə qadın Markiza ona səhərəcən qulluq edəcək tibb bacısı axtarır. Axtarır deyəndə ki, hər iki gündən bir bu tibb bacıları onun varlığına dözməyib qaçırlar.
Kimdir Markiza? Markiza zəhlətökən qoca, biraz da irəli getsək xalis ifritədir. Səhnənin mərkəzində qurulan yataqdan demək olar ki, durmayan Markiza A.Pənahovanın ifasında zamanında həyatın ən yaxşı anlarını yaşayan, varlı, zəngin, bu gün isə insanlarla ünsiyyətə ehtiyacı olan yaşlı qadındır. Bu qadın da aktrisanın ifasında Avropalıdır. Görünüşü, saç düzümü, fakturası bizlərdən deyildir. Lakin ümumi olan tənha qocalara məxsus psixoloji faktlardır ki, buna da ruslar demişkən, “kapriz” deyilir. Qocanın kaprizləri, nizamlanması mümkün olmayan “vərdişləri” və məkana, zamana sığmayan “qulluq və buyruq”larıdır. Bu oyunu da A.Pənahova-Markiza idarə edir. Zatən sənətkar olan yerdə kim idarə etsin ki?
Yazıq tibb bacısı Milena - Zülfiyyə Məmmədova (Bakı Bələdiyyə Teatrının aparıcı artisti) isə fiziki, ruhsal, texniki imkanlarından daha çox oyun sərgiləyir ki, balans pozulmasın. Həyatın doğuluşdan ağır günlərini yaşayan gənc, lakin daxilən yaşlanmış tibb bacısı hövsələsiz, səbirsiz, çıxış yolunu özü üçün ayırd edə bilməyən təcrübəsiz gəncdir. Hələ burada guya kar olan Florentina - Səmayə Sadıqova (əməkdar artist) tamaşanın rejissor tərəfindən incəliklə işlənən mizanlarından biridir. Sadiq qulluqçu, sahibdən də dərin bicliyi olan heç nəyə sahiblənməyən qoca...
Bu tamaşanın və tamaşaların mərkəzində sözsüz ki, Amaliya Pənahova dayanır. Xanım sənətkarın Azərbaycan teatr səhnəsində özünəməxsus yeri və söylənilən, yazılan elə bir sənət bioqrafiyası var ki, bura nə isə əlavə etmək yenilik olmayacaq. Gənc bir yazar kimi düşünürəm, lakin tutarlı olacaq, yeni olacaq ifadə tapa bilmirəm. Sadəcə ona sevinirəm ki, Amaliya xanımın dünən tamaşalarda yaratdığı rolların rejissorları - Tofiq Kazımovdan, Mehdi Məmmədovdan sonra məhz bu gün səhnədə oynadığı tamaşa dünyaca məşhur ismə aiddir. Kşiştof Zanussi birmənalı olaraq hər bir zaman qeyd edir ki, “Şərqlə Qərb arasında böyük irs (ideya baxımından) fərqi mövcuddur”. Ona görə də Zanussi Polşanı daha çox mərkəzi Avropaya, Qərbə aid edir. Məsələn, Zanussi Şərqin bir hissəsi kimi Rusiyanı özünə hər bir zaman maraqlı, lakin yad hesab edir. Onun üçün bu iki dünya arasında ən böyük fərq ruh və materiyadadır. Və bu iki dünyanın qarşıdurması Zanussinin filmlərində öz əksini tapır (məsələn, “İmperialist”). Ancaq bu gün onun A.Pənahova ilə işləmində nə Polşanın bizə sığmayan ənənəsi, nə də Azərbaycanın onlara sığmayan anlayışları müzakirə obyekti ola bilməz. Müzakirə obyekti olmalı nəsnələr isə daha çoxdur. Belə incəlikləri duyan rejissorların az olması, Azərbaycan teatrının A.Pənahova kimi sənətkarlarının hələ də tükənməmiş zəngin oyun texnikalarından bu gün istifadə olunmaması.
Bir də düşünürəm ki, bu tamaşada iştirak edən gənclər artıq ömürlərinin sonuna qədər unudulmayacaq, onlar üçün nümunə olacaq məktəb keçirlər.
Bəli, biz A.Pənahovanın sayəsində K.Zanussini və onun Bakı Bələdiyyə Teatrında quruluş verdiyi tamaşanı gördük, çağdaş teatrımızın ən maraqlı, yaddaqalan hadisələrindən birinin şahidi olduq... Teatr bu tamaşanı öz səhnəsində oynamasa belə... Hər şeyə görə təşəkkürlər!
Aygün Süleymanova
teatrşünas
banner

Oxşar Xəbərlər