AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Qaçqın teatrları” Qanlı Yanvar hadisələrini xatırladılar

“Qaçqın teatrları” Qanlı Yanvar hadisələrini xatırladılar

19 Yanvar 2015, 11:03 767
Qarşıdan “Qanlı Yanvar” hadisələrinin 25 illiyi gəlir. Bu ərəfədə demək olar bütün teatrlarda vətən mövzusunu əks etdirən tamaşalar nümayiş olunsa da vətənindən didərgin düşmüş, təəssüf ki, “qaçqın” adlandırdığımız teatrlarımızın ürəyi daha çox sızıldayır. Çünki onlar öz yurd-yuvalarını tərk etmək məcburiyyətində qalıblar, başqa bir ərazidə fəaliyyətlərini davam etdirirlər. Buna baxmayaraq, yeni-yeni tamaşalar hazırlayır, ruhdan düşmədiklərini, əzmkar olduqlarını bir daha göstərirlər. Onlar tamaşalarında təqdim etdikləri vətənpərvərlik dastanlarının canlı iştirakçısıdırlar. Bu mənada, “Qaçqın teatrlar”ın aktyorlarının bu gün danışılacaq çox sözü var.

Şuşada yenidən fəaliyyət göstərəcəyimiz günün ümidi ilə yaşayırıq

Şuşa Teatrının direktoru, respublikanın əməkdar artisti Yadigar Muradov bizimlə söhbətində həmin hadisələri belə xatırladı: “”Qanlı Yanvar” hadisələri zamanı Bakıya səfərim var idi. Elə oldu ki, bir həftə ləngidim. 19-dan 20-nə keçən gecə Bakıda ”Qanlı Yanvar” faciəsi baş verdi, nə qədər soydaşlarımız həlak oldular. Şuşaya çox yanlış və az məlumat çatdırırdılar. Bütün Şuşa camaatı Mədəniyyət Evinin qarşısında cəmlənmişdi. Hər kəs ac-susuz mərkəzdən xəbər gözləyirdi. Kimisi 20 min kimisi də 30 minə yaxın soydaşımızın öldüyünü deyirdi. Ağız deyəni qulaq eşitmirdi. Bizə şişirdilmiş rəqəmlər çatdırırdılar. Deyirdilər ki, ruslar Azərbaycanı işğal ediblər. O hadisə Azərbaycanın tarixinə yazılan qanlı bir hadisədir. Heç bir Azərbaycan vətəndaşı o günü unutmamalıdır”.
Y.Muradov teatr xadimi kimi fəaliyyət göstərsə də o zaman müharibədə ən aktiv iştirak edənlər sırasında olub: “Aktyorlarımız, yaradıcı insanlarımız sıravi bir əsgər kimi düşmənlə döyüşürdü. Hətta qadın aktrisamız Şükufə Musayeva da bizim sıramıza qoşulmuşdu. O vaxt həmin faciə hər kəsə çox böyük təsir etmişdi. Vətənin azadlığı uğrunda nə qədər vətəndaşlarımız şəhid oldu. Sanki vicdanı, insafı olan insanlar arasında bir intibah baş verdi. Düşmənlər bizim Şuşamızı da əlimizdən aldılar. Silahımız az olduğu üçün onlara qalib gələ bilmədik. İndiki gücümüz, silahımız olsaydı, əminəm ki, biz məğlub olmazdıq. Məni inandıra bilsələr ki, biz Şuşaya bir daha qayıtmayacağıq, özümə Allahdan ölüm arzulayaram. İçimdə bir əminlik var. Hər an inanıram ki, biz Şuşaya yenidən qayıdacağıq. O gözəl torpaqlarımızın üzərində gəzmək bizə yenidən qismət olacaq. Hamımız birlikdə Şuşada yenidən fəaliyyət göstərəcəyimiz günün ümidi ilə yaşayırıq”.

Y.Muradov hazırda teatrda “Qanlı Yanvar” günü ilə bağlı məşq prosesləri getdiyini bildirdi: “20 yanvar hadisələri ilə bağlı silsilə tədbirlərimiz olacaq. Yanvarın 17-dən başlayaraq Şuşa Rayon İcra Hakimiyyəti qaçqınların sıx məskunlaşdığı Ramanıda tədbir keçirəcək. Ondan sonra silsiləli tamaşalar nümayiş etdirəcəyik. Hazırda tamaşaların məşqləri gedir. “Qanlı Yanvar” hadisələri bizim unudulmaz faciəmizdir. Ürəyimiz intiqam hissi ilə döyünür. Ən böyük arzum odur ki, bayrağımızı Şuşada sancaq”.

Bəxti gətirməyən teatr

Ağdam Dövlət Dram Teatrının direktoru Məhəmməd Hüseynov “Kaspi”yə açıqlamasında hazırda teatrın yeni baş rejissoru Sərvər Əliyevin bir sıra tamaşalar üzərində çalışdığını, “20 yanvar” hadisələri ilə bağlı ədəbi-bədii kompozisiya hazırlandığını açıqladı: “Rayonda Şəhidlərin şərəfinə ucaldılmış abidənin qarşısında şəhidlər yad olunacaq. Orada ikinci bir kompozisiyamızı nümayiş etdirəcəyik. Həmin kompozisiyada Ağdam Teatrının yaradıcı kollektivi iştirak edəcək”.

M.Hüseynov “Qanlı Yanvar” hadisələrini unutmadığını, həmin günləri xalqımızın qan yaddaşına qara həriflərlə yazıldığını qeyd etdi: “Ağdam rayonu hadisələrin mərkəzi olduğu üçün xəbərlər bizə tez-tez çatırdı. O zaman mən kənddəki Mədəniyyət Evinin direktoru vəzifəsində çalışırdım. İlk mitinq təşkil edənlərin biri də mən oldum. Şəhidlərin qırxı tamam olan günü - Martın 2-də onların şərəfinə bizim kənddə gözəl bir abidə ucaldılmışdı”.

Teatrın direktoru söhbət zamanı qeyd etdi ki, Ağdam işğal olunandan sonra teatrın köçkünlük həyatı başlayıb. O zaman Bərdədə sözügedən teatra müvəqqəti yerləşmək üçün məkan ayrılsa da həmin bina tamaşa göstərmək üçün əlverişsiz olub. Teatr çox çətinliklə də olsa orada fəaliyyətini davam etdirib. Teatrın bir sıra istedadlı aktyor və aktrisaları isə bu çətinliklərə dözməyərək oranı tərk ediblər. M.Hüseynov həmin vəziyyəti belə izah edir: “Kimlər ki, etibarlı idi, sözün həqiqi mənasında teatrdan ayrılmaq istəmirdilər, onlar teatrda öz fəaliyyətlərini davam etdirdilər. Daha sonra Ağdamın inzibati mərkəzi sayılan Quzanlı qəsəbəsində fəaliyyətimizi davam etdirdik. Bura təmirlidir və demək olar ki, bizim üçün əlverişlidir. Burada mütəmadi tamaşalar hazırlayırıq”.

“Bu, bizim alın yazımızdır”

Füzuli Dövlət Dram Teatrının direktoru, əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev isə bizimlə söhbəti zamanı hazırda Horadiz şəhərində fəaliyyətlərini davam etdirdiklərini, “Qanlı Yanvar” hadisələri ilə bağlı tamaşa üzərində teatrda məşq prosesinin getdiyini bildirdi: “Hazırda “Bu nifaq qiyamətə qalmaz” adlı poetik xalq faciəsi üzərində qurulmuş tamaşa hazırlayırıq. Yanvarın 18-19-20-də tamaşa rayon ictimaiyyətinə təqdim olunacaq. Bundan başqa biz fəaliyyət göstərdiyimiz illər ərzində Cəlil Məmmədquluzadənin “Kamança”, Hüseynbala Mirələmovun “Taleyin hökmü”, Elnurə Abdullayevanın “Ağ qayıq” və Qarabağ hadisələrindən bəhs edən digər əsərlərə müraciət etmişik. Onlar ictimaiyyətə təqdim olunub və mütəmadi olaraq N saylı hərbi hissədə nümayiş etdiririk”.

V.Vəliyev 1993-cü il hadisələrindən sonra Mədəniyyət Nazirliyinin əmri ilə Sumqayıt Teatrının binasına köçürüldüklərini və 2004-cü ilə qədər Sumqayıt Teatrının binasında fəaliyyətlərini çətinliklə də olsa davam etdirdiklərini qeyd etdi: “Mədəniyyət və Turizm Nazirliyinin qərarı ilə hazırda Horadiz qəsəbəsində yerləşən klubda məskunlaşmışıq. İki ilə yaxındır ki, bu qəsəbə şəhər statusu alıb. Fəaliyyət göstərdiyimiz bina yüksək səviyyəli təmirdən sonra ixtiyarımıza verilib. Burada yüksək standartlara cavab verən tamaşa zalı, qrim otaqları var. Hər halda bura bizim üçün Sumqayıt Teatrının binasından qat-qat yaxşıdır. Çünki bura bizim öz doğma yerimizdir. Sumqayıtda yerləşəndə nə qədər tamaşamız olsa da, bizdə bir nisgil var idi. Şəhərdə qaçqın teatrı kimi təqdim olunanda bu bizi bir qədər incidirdi. Bizim yurdumuz Füzulidir.
Aktyorlarımızın əksəriyyəti Qarabağ hadisələrində bilavasitə iştirak ediblər. Tamaşaları canlandırarkən bu ağrı onların içərisindən keçir. Elə bir ailə yox idi ki, onun qohumu, yaxud da əziz bir insanı şəhid olmasın. Nə qədər müharibə veteranlarımız oldu. Tam cəsarətlə deyə bilərəm ki, heç bir aktyor yaşadığımız Qarabağ hadisələrini bizim qədər canlı oynaya bilməz. Biz düşmənlə üzbəüz də olsaq öz fəaliyyətimizi davam etdiririk. Gecələr atəşkəs mütəmadi olaraq pozulur, bu gün də həmin prosesləri yaşayırıq və hesab edirik ki, bu, bizim alın yazımızdır. Biz də incəsənət səngərində bir növ mübarizə aparırıq”.

C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyev yaxın zamanlarda müəllifi olduğu, qəhrəmanlıq, vətən sevgisi təlqin edən “Qalx ayağa, Azərbaycan” tamaşasını nümayiş etdirəcəklərini bildirdi: “Bundan öncə isə, yanvarın 19-da Rus Dram Teatrının səhnəsində Hidayət Orucovun pyesi əsasında hazırlanmış “Burdan min atlı keçdi” tamaşası nümayiş olunacaq. Vətənpərvərlik mövzusuna həsr olunan sözügedən tamaşa Xətai Rayonu İcra Hakimiyyətinin təşəbbüsü ilə bu rayonda yaşayan həmvətənlilərimiz üçün oynanılacaq”.
İ.Piriyev vətənpərvərlik və Azərbaycançılıq hisslərinin İrəvan teatrının kollektivi üçün çox önəmli xüsusiyyət olduğunu və teatrın repertuarında hər zaman bu ruhlu əsərlərə üstünlük verdiklərini qeyd etdi: “Bizim repertuarımızda vətənpərvərliklə bağlı əsərlər üstünlük təşkil edir, bu ruhda əsərlərin hazırlanmasına daha çox səy göstəririk. Xalqımıza vətənpərvərlik hisləri aşılamaq, onu qabarıq hala gətirmək İrəvan Dövlət Azərbaycan Dram Teatrı üçün bir meyardır”.

Xəyalə Rəis
Teatrşünas