• şənbə, 20 Aprel, 05:36
  • Baku Bakı 15°C

Qaçmaq, oynamaq, tullanmaq... - Fotolar

28.10.14 13:15 6335
Qaçmaq, oynamaq, tullanmaq... - Fotolar
Gimnastika haqqında danışanda lentlərlə, toplarla, çənbərlərlə zərif hərəkətlər edən, bədənlərinin elastikliyi ilə diqqətləri üstünə çəkən xarici idmançılar yada düşür. Amma son zamanlar biz bu zərif hərəkətləri xaricilərin deyil, məhz öz idmançılarımızın timsalında izləyirik. Gimnastlarımız olimpiada və beynəlxalq turnirlərdən digər yarışmalardan kifayət qədər medallar gətirir, bayrağımızı dünyanın bir çox ölkələrində dalğalandırırlar.
Biz də ölkəmizi dünyada tanıdan gimnastların yetişdiyi məktəbdən reportaj hazırlamaq, balaca gimnastların məşq prosesini müşahidə etmək, onlarla söhbətləşmək üçün Bakıda fəaliyyət göstərən Uşaq-Gənclər Gimnastika İdman Məktəbinə üz tutduq.
Qaçmaq, oynamaq, tullanmaq...
İlk baxışdan bura adi məktəbdən fərqlənmirdi. Digər təhsil ocaqları kimi burada da kürəklərində çanta olan uşaqlar, məktəbin həyətində uşaqlarını gözləyən valideynlər diqqətimizi çəkir. Lakin içəri daxil olanda bu məktəbin digər ümumtəhsil məktəblərindən kifayət qədər fərqləndiyinin şahidi olduq.
Qeyd edək ki, hazırda sözügedən gimnastika məktəbində 700 nəfər şagird təhsil alır. Beş gimnastika idman bölməsi var – idman və bədii gimnastika, akrobatika, tamblinq və batut. Məktəbə qəbul isə 5-6 yaşından başlayır.
Məktəbdə bizi qarşılayan direktor müavini Şahin Kazımzadə deyir ki, ötən illərlə müqayisədə Azərbaycanda gimnastikaya maraq köklü surətdə dəyişib. Onun sözlərinə görə, burada uşaqlar vaxtlarını səmərəli keçirirlər: “Balaca uşaq üçün nə lazımdır: qaçmaq, oynamaq, hərəkət etmək, tullanmaq. Bütün bunlar gimnastika idman növündə cəmləşib. Uşaqlar burada həm əylənir, həm sağlam böyüyür, həm də Azərbaycanda gimnastikanın inkişafına öz töhfələrini verirlər. Bizdə mentalitet fərqli olduğu üçün əvvəllər gimnastikaya o qədər də yaxşı baxmırdılar. Xüsusilə, qızları bu sahədən uzaq tuturdular. Sonradan bizim millət başa düşdü ki, gimnastika nəinki idman növüdür, o, uşağa estetik zəriflik verir, onun bədən quruluşunu müsbət formada dəyişir”.
Gələcəyin gimnastları
Daha sonra Şahin müəllimlə otaqları gəzirik. 4 mərtəbədən ibarət olan bu binada demək olar, bütün otaqlar azyaşlı idmançılarla doludur. Valideynlər isə otaqların qapısının qarşısında dayanıb uşaqları izləyirlər.
6 yaşlı oğlunun dərsinin bitməsini gözləyən Könül xanım deyir ki, övladını həkim məsləhəti ilə bu məktəbə yazdırıb: “Oğlum Tahirin ayağında problem var idi. Həkiminin məsləhətindən sonra gimnastikaya yazdırdım. Həqiqətən də oğlumun problemi həll olundu və o, özünü burada çox xoşbəxt hiss edir”.
Təsadüfi seçdiyimiz otaqlardan birinə daxil oluruq. Dərsin gedişatına mane olmamaq üçün əvvəlcə dərs prosesini izləyirik. Dərs otaqlarında uşaqlar qaçaraq akrobat aşır, müəyyən idman hərəkətləri edirdilər. Kimisi müəllimlərinin tapşırığını yerinə yetirir, kimisi də qeyri-adi hərəkət edən kimi qaçıb müəlliməsinə göstərməyə can atırdı. Müəllimlərinin müşayiəti ilə müəyyən akrobatik hərəkət edən kiçik istedadlara zövq ala-ala baxdıqdan sonra söhbətləşmək üçün onlara yaxınlaşırıq.
Qrupda oğlan olmasın?
Qarşısına gələcəkdə məşhur gimnast olmağı məqsəd qoyan 9 yaşlı Ceyla 4 ildir ki gimnastika ilə məşğul olur. Üstəlik, müəllimləri də onun istedadlı gimnast olacağına ümid edirlər: “Televiziya kanallarında gimnastlara baxmaq xoşuma gəlirdi. Mən də onlar kimi elastik olmaq istəyirdim. Anama gimnast olmaq istədiyimi bildirdikdə, məni bu məktəbə yazdırdı”.
Yerində bir dəqiqə belə olsun dayanmayan Adil deyir ki, məktəbdən sonra həyətdə oynamağa vaxtı olmur: “5 yaşımdan bu məktəbə gəlirəm. Əvvəllər məktəbə getmədiyimə görə, səhər gəlirdim indi isə dərsdən çıxandan sonra anam məni bura gətirir. Burada o qədər qaçıram ki, evə gedəndə həyətdə oynaya bilmirəm”.
Uşaqlarla birlikdə məşq edən gimnastika müəllimi Leyla Mehdizadə uşaqların bu sahəyə həvəsli olduqlarını bildirdi: “Tələbələrimin götürmə qabiliyyəti çox yaxşıdır. Onlara öyrətdiyim hər şeyi həvəslə etməyə çalışırlar. Son vaxtlar valideynlər də bu sahəyə maraq göstərdiyi üçün uşaqlarla işləmək daha rahatdır. Amma əvvəllər bəzi valideynlər tələb edirdi ki, qrupda oğlan olmasın, qızları başqa otaqda öyrədək. Mühafizəkar valideynlərin sayı nisbətən azalıb”.
“Xaricilər bizi görəndə təəccüblənir”
Otaqlardan birində tələbələrini başına toplayan müəllim diqqətimizi çəkir. O, tələbələrlə sanki nəvələri kimi rəftar edir, məşq prosesində özü də uşaqlarla birlikdə uşaq kimi əylənirdi. Şagirdləri isə müəllimlərinə məharətlərini göstərmək üçün səbirsizlənirdilər. Otağa yaxınlaşdıqdan sonra gördük ki, uşaqların sevimlisi olan bu müəllim Bakı Gimnastika Məktəbinin direktoru, batut və tamblinq üzrə beynəlxalq dərəcəli hakim Adil Hüseynzadədir. Adil müəllim deyir ki, məktəbdə rəhbər vəzifədə işləsə də, tələbələri ilə məşq etməkdən zövq alır: “Mən bu sahədəki təcrübələrimi uşaqlarla bölüşmədən otağımda otura bilmərəm. Bu zaman özümü yararsız hesab edirəm. Biliyimi, təcrübəmi uşaqlara öyrətməliyəm. Bizim məktəbdə o qədər uşaq var ki, bəzən xarici şagirdlərin valideynləri təəccüblənir ki, Azərbaycanda da bu sahəyə maraq göstərirlər”. Adil müəllim bu sahədə müəllim çatışmazlığından şikayətləndi və bildirdi ki, tək məqsədi ölkəmiz üçün gimnastika sahəsində təcrübəli müəllim yetişdirməkdir: “Sovet dövründə gimnastikaya maraq daha çox idi. Bu sahədə çalışan müəllimlər Azərbaycandan getdikdən sonra vəziyyət dəyişdi. Bizdə müəllim çatışmazlığı oldu. İndi biz yavaş-yavaş həmin müəllimlərin sayını çoxaltmağa çalışırıq”.
“Müəllim olmaq istəyirəm”
Adil müəllimlə söhbət əsnasında məlum olur ki, məktəbin ən məşhur gimnastlarından biri Mixail Malkindir. Mixail 13 ildir ki, gimnastikanın tamblinq növü ilə məşğul olur. O, beynəlxalq turnirlərdə qalib olmaqla ölkəmizə medallar gətirib. Mixail deyir ki, gələcəkdə müəllim kimi bu sənətin sirlərini öyrətməyi qarşısına məqsəd qoyub: “5 yaşımdan bu idman növü ilə məşğul oluram. Hərəkətli uşaq olduğum üçün məktəbə valideynlərimin təkidi ilə gəlmişəm. Amma sonradan öz marağım oldu və bu məşğuliyyətimi inkişaf etdirməyi qarşıma məqsəd qoydum. Gimnastika o qədər gözəl sənətdir ki, idmançının hansı alətdə çıxış etməsindən asılı olmayaraq tamaşaçı böyük zövq alır, insanın yaratdığı möcüzə qarşısında heyrətə gəlir. Gələcəkdə müəllim kimi işləyib qazandığım təcrübəni şagirdlərimlə paylaşmaq istəyirəm”.
Uşaqları müəllimləri və qeyri-adi dərs prosesi ilə baş-başa qoyub reportajımızı hazırlamaq üçün bu ecazkar məkandan uzaqlaşdıq.
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər