• cümə, 19 Aprel, 22:57
  • Baku Bakı 24°C

Qablaşdırma Sənayesi Assosiasiyası yaradılıb

17.03.17 16:01 1928
Qablaşdırma Sənayesi Assosiasiyası yaradılıb
Ölkədə fəaliyyət göstərən qabaqcıl qablaşdırma məhsulları istehsalçıları və ixracatçılarının təşəbbüsü, İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə Azərbaycan Qablaşdırma Sənayesi Assosiasiyası təsis olunub.
Bununla bağlı martın 17-də Bakı Biznes Mərkəzində keçirilmiş tədbirdə ölkəmizdə qablaşdırma məhsullarının istehsalı və ixracı ilə məşğul olan 30-a yaxın sahibkar, habelə aidiyyəti qurumların nümayəndələri iştirak edib.
Tədbirdə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov çıxış edərək sahibkarlığın inkişafının, əlverişli biznes mühitinin yaradılmasının Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi siyasətin prioritet istiqaməti olduğunu vurğulayıb. Dövlət başçısının iqtisadi islahatlar paketi çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat verən Sahib Məmmədov sahibkarlıq subyektlərində aparılan yoxlamaların dayandırılmasının, lisenziya və icazə sisteminin təkmilləşdirilməsinin, apellyasiya şuralarının yaradılmasının, dövlət satınalmalarında yerli mallar üçün güzəştlərin tətbiqi və şəffaflığın artırılmasının, investisiya və ixrac təşviqi mexanizmlərinin özəl sektorun inkişafında xüsusi rol oynadığını qeyd edib. Bildirilib ki, Prezident İlham Əliyevin regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda tara və qablaşdırma istehsalının ölkədə təşkili və bu sahədə idxaldan asılılığın aradan qaldırılması ilə bağlı tapşırığına uyğun olaraq, qablaşdırma məhsullarının istehsalı və ixracı ilə məşğul olan sahibkarların fəaliyyətini əlaqələndirmək və onların qarşılaşdıqları problemlərin həlli məqsədilə yaradılacaq assosiasiyanın fəaliyyəti də sahibkarlığın inkişafı, eləcə də qablaşdırma istehsalının artırılması, ölkənin ixrac imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətli olacaq. İqtisadiyyat Nazirliyi tərəfindən assosiasiyanın fəaliyyətinin təşkilinə lazımi dəstək göstəriləcəkdir.
Sonra Sahibkarlar (İşəgötürənlər) Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov çıxış edərək son illər qeyri-neft sektorunun, xüsusilə də regionlarda kiçik və orta sahibkarlığın inkişafı istiqamətində genişmiqyaslı tədbirlərin, qabaqcıl beynəlxalq təcrübəyə uyğun müxtəlif layihələrin həyata keçirildiyini qeyd edib, Konfederasiyanın yeni yaradılacaq assosiasiya ilə yaxından əməkdaşlıq edəcəyini vurğulayıb.
İqtisadiyyat Nazirliyinin şöbə müdiri Elçin İbrahimov isə tədbir iştirakçılarına beynəlxalq təcrübədə geniş yayılmış bu cür assosiasiyaların fəaliyyəti və onların sahibkarlığın inkişafında rolu barədə məlumat verib.
Sonra tədbir iştirakçılarının təklifi əsasında "Azərbaycan Qablaşdırma Sənayesi Assosiasiyası”nın təsis edilməsi məsələsi səsə qoyulub və yekdilliklə qəbul olunub. Assosiasiyanın dövlət qeydiyyatı ilə bağlı təşkilati məsələlərə dair müzakirələr aparılıb, qurumun nizamnaməsi təsdiq olunub, idarə heyətinin və nəzarət-təftiş komissiyasının üzvləri seçilib. "Kartonpak” MMC-nin rəhbəri Kamran Hacızadə assosiasiyanın İdarə Heyətinin sədri seçilib.
Göstərilən etimada görə təşəkkürünü bildirən Kamran Hacızadə "Azərbaycan Qablaşdırma Sənayesi Assosiasiyası”nın fəaliyyətinin qablaşdırma məhsullarının istehsalı və ixracı sahəsində fəaliyyət göstərən sahibkarlar arasında assosiativ əlaqələrin qurulması, onların qarşılaşdıqları problemlərin birgə həlli, eləcə də ixrac imkanlarının genişləndirilməsi baxımından səmərəli olacağını qeyd edib.
banner

Oxşar Xəbərlər