• cümə axşamı, 25 aprel, 20:07
  • Baku Bakı 21°C

Putinlə Ərdoğan niyə Dağlıq Qarabağdan danışmadılar?

15.11.17 11:30 3955
Putinlə Ərdoğan niyə Dağlıq Qarabağdan danışmadılar?
Soçidə Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 4 saatdan artıq davam edən görüşdə bir sıra məsələlər diqqət mərkəzində olub. Görüş zamanı bəzi mürəkkəb mövzulara toxunulub ki, onların detalları açıqlanmır. Görəsən açıqlamayan məsələlərə Dağlıq Qarabağ problemi ilə bağlı müzakirələr də daxildirmi? Çünki səfərdən əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan verdiyi açıqlamada Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı həmkarı Putinlə müzakirələr aparacağını qeyd etmişdi. Ərdoğanın Moskvaya səfəri baş tutdu, lakin ikitərəfli görüşün yekunları ilə bağlı mətbuat konfransında bu məsələ ilə bağlı bir cümlə belə işlədilmədi. Görəsən hansı səbəbdən Dağlıq Qarabağla bağlı açıqlama verilmədi?

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirdi ki, Rusiya prezidenti ilə görüş öncəsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan səfər çərçivəsində ikitərəfli münasibətlərin geniş spektrinə dair məsələlərlə yanaşı, eyni zamanda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun həlli yolları ətrafında da fikir mübadiləsi aparacağı ilə bağlı mövqeyini də açıqlamışdı: "İki ölkə başçısının görüşü baş tutub, lakin görüşün nəticələri, xüsusilə Dağlıq Qarabağla bağlı mətbuatda hər hansı bir danışıqların aparılması ilə əlaqədar heç bir məlumat yoxdur. Burada iki məsələ ola bilər. Birincisi, digər məsələlər o qədər önəm kəsb edib ki, Qarabağ məsələsinin müzakirəsinə vaxt çatmayıb. Yəni, bu məsələ bir qədər diqqətdən kənarda qalıb. Yaxud da, kifayət qədər konfidensial danışıqlar getdiyi üçün tərəflər razılaşıblar ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan müzakirələr və onun nəticələri haqqında mətbuata heç bir məlumat sızdırmasınlar. Amma Türkiyə prezidenti Ərdoğanın Azərbaycanın mövqeyini hər zaman müdafiə etdiyi reallığını və eyni zamanda sözünün üstündə duran dövlət başçısı imicinə sahib olduğunu nəzərə alsaq, hesab edirəm ki, ikinci variant daha ağlabatandır. Yəni, bununla bağlı danışıqlar gedib, sadəcə, bir sıra məlumatların ictimailəşdirilməsi bəzən problemin həllinə deyil, buxovlanmasına xidmət edir. Bu nöqteyi-nəzərdən istisna deyildir ki, bu mövzu ilə bağlı mətbuata açıqlama verilməməsi razılaşdırılıb”.
E.Nəsirov münaqişənin həlli ilə bağlı Rusiya və Türkiyə prezidentlərinin hansısa bir məqamda razılaşmadığı üçün açıqlamanın verilməməsi məsələsinə toxunaraq qeyd etdi ki, bir çox hallarda məsələlərin həllin ilə bağlı razılaşma olanda da və olmayanda da məlumat verilmir: "O baxımdan ki, hansısa razılaşmanın əldə edilməsi Dağlıq Qarabağ məsələsində tərəflərin, indiki halda Ermənistanın qıcıqlandırılmasına səbəb ola bilər. Təbii ki, bunlar hamısı fərziyyələrdir. Lakin hər halda hesab edirəm ki, Rəcəb Tayyib Ərdoğan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı rusiyalı həmkarı ilə danışıqlarda toxunmayacağını bəyan etsəydi, bu halda məsələnin üstündən sükutla keçə bilərdi. Yox, əgər bunu səsləndiribsə, deməli, onun konkret niyyəti olub. Düşünürəm ki, bu müzakirələrdə müəyyən pozitiv məsələlər ola bilər və sadəcə, onun ictimailəşdirilməsi müəyyən mənada gərginliyə səbəb olacağından susmağa üstünlük veriblər”.

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğanın noyabrın 13-də Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşündə açıqlandığı kimi iqtisadi və ticarət əməkdaşlığının uğurla inkişafından, regional layihələrdən danışılıb: "Ancaq iki ölkə arasındakı bu məsələlər əvvəldən də yoluna qoyulub və bunun üçün ayda iki dəfə görüşməyə ehtiyac yox idi. Təbii ki, işlər öz axarı ilə davam edir, "Türk axını” Qara dənizinin dibinə döşənir və qrafiki qabaqlayır, Rusiya Türkiyədə atom elektrik stansiyasının tikintinə hazırlaşır, Rusiya bazarı Türkiyə pomidorları üçün açılıb və s. Lakin diqqət etsək görərik ki, Ərdoğan Putinlə bu dəfə tamam fərqli mövzuları müzakirə etmək istəyirdi. Misal üçün, elə götürək Dağlıq Qarabağ məsələsini. Görüşdə böyük ehtimalla Dağlıq Qarabağ məsələsinə də toxunulub. Amma çox təəssüflər olsun ki, buna qarşı tərəfin marağı olmayıb.Çünki ilk növbədə, Türkiyə prezidenti hələ bir həftə əvvəl demişdi ki, Rusiya prezidenti ilə Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə etmək istəyir. Ərdoğan önəmli cümləsini əlavə etməyi də unutmamışdı: "Putin istəsə münaqişə qısa müddətdə həll oluna bilər”. Ərdoğan Putinlə 4 saat qapalı görüş keçirib. Mümkündür ki, həmin görüşdə Ərdoğan Qarabağ məsələsinə toxunub. Ancaq Putinin bu mövzuda ümumi ifadələr işlətdiyi və dərhal başqa mövzuya keçdiyi ehtimalı yüksəkdir. Kreml sahibi Ərdoğanın dediyi kimi Qarabağ münaqişəsinin həllini sürətləndirəcək əsas şəxs olsa da, bu imkandan yararlanmaq istəmir. Çünki Putin və Kreml rəsmiləri yaxşı anlayırlar ki, Türkiyə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağ münaqişəsinin qısa müddətdə həllini arzulayır. Amma Rusiyada fərqli düşündükləri üçün bu məsələ Ərdoğanla müzakirə edilmədi”.

E.Şahinoğlu qeyd etdi ki, əgər müzakirə edilsəydi Türkiyə və Rusiya prezidentləri görüşdən sonra keçirdikləri mətbuat konfransında Dağlı Qarabağ məsələsi haqqında fikir bildirərdilər: "Bunun da iki səbəbi var. Birincisi, bu məsələdə hər hansı razılıq olmayıb, ortaq məxrəcə gələ bilməyiblər. Digəri isə, Putin bu məsələnin Ərdoğanla müzakirəsində maraqlı deyil”.
Bəxtiyar Məmmədli

banner

Oxşar Xəbərlər