• cümə axşamı, 18 aprel, 13:15
  • Baku Bakı 22°C

“Pulun yoxdursa, ideyan yaxşı olmalıdır”

23.06.20 09:00 5281
“Pulun yoxdursa, ideyan yaxşı olmalıdır”
Nəsibə Məmmədzadə: Terraruium sahəsində ölkəmizdə nömrə bir olmağı bacardım
Ötən il 8 Mart Beynəlxalq Qadınlar Günündə anasına terrarium hədiyyə etmək istəyir. Ancaq bazarda qiyməti görəndə, fikrindən daşınır və anası üçün evdə özü də bunu hazırlaya biləcəyini düşünür. Cəhdi uğurlu alınır və sonra "niyə də bu sahədə öz işimi qurmayım?” deyir. Beləliklə, bir ildən çoxdur ki, həmin işi davam etdirir. Müsahibimiz terrarium sahəsində "Nessys Garden” biznesini quran Nəsibə Məmmədzadədir.Qeyd edək ki, N.Məmmədzadənin 24 yaşı var. Azərbaycan Dövlət İqtisad Universitetində sertifikatlaşdırma və standartlaşdırma ixtisası üzrə təhsil alıb.

- Nəsibə, söhbətə öz işini qurmaq fikrinin yaranması ilə bu işə start verməyin arasındakı vaxtla başlayaq.
- Universitetin birinci kursunda məndə müəyyən biznes ideyaları yaranmağa başlamışdı. Həmişə də qeyi-adi, kreativ ideyaları reallaşdırmaq istəyirdim. Bu zaman uğur qazanma ehtimalının daha çox olduğunu fikirləşirdim. Təəssüf ki yetərincə vəsaitim olmadığına görə, o ideyalar elə ideya olaraq da qalırdı. Ancaq yetərincə təcrübə yığandan sonra, universiteti bitirəndə, artıq öz işimi qurdum. Deyim ki, işi quranda da əlimdə yetərincə vəsait yox idi (Gülür).

- Yəni o qənaətə gəldiniz ki, öz işini qurmaq üçün əsas olan pul deyil?
- Mən tələbə vaxtı işləyirdim və bu təcrübələr mənə öyrətdi ki, biznes qurmaq üçün heç də həmişə əlində böyük məbləğ olmasına ehtiyac yoxdur. Bəzən yavaş-yavaş, xırda-xırda nələrsə edərək də iş qurmaq mümkündür. Mən aldığım maaşdan az-az ayırıb işi qurmağa başladım. 150 manatla başladım, əlimdə böyük məbləğ yox idi. Ancaq deyim ki, bəzi sahələrdə iş qurmaq üçün büdcə lazımdır. Ümumiyyətlə, əgər pulun yoxdursa, ideyan yaxşı olmalıdır.

- Tələbə vaxtı işlədiyinizi dediniz. Bu, təhsil aldığınız ixtisasla bağlı idi?
- Mən birinci kursdan işləmişəm. Bilirsiniz, elə insanlar var ki, yaradıcı işləri görməyi sevirlər, elələri də var ki, sənədlərlə işləmək onlara xoşdur. Sənədlərlə işləmək mənə çəkici gəlmirdi. Cəhd etdim, gördüm ki, mən özümü orda çox da görmürəm. Yaradıcı sahəni ona görə seçdim ki, özümü burda daha yaxı hiss edirəm.Tələbə vaxtı çalışdığım işlərə gəlincə, sosial media meneceri, rəqəmsal marketinq sahələrində çalışırdım. Bir çox istiqamətdə fəaliyyət göstərən şirkətlərdə işlədim. Tədris mərkəzləri, yanğın söndürən balonlar satışı, təmizlik şirkətləri və s. Öz işimi quranda, SMM kimi fəaliyyət göstərirdim.

- Adətən biznes ideyası olsa da, başlamaq üçün nə isə təkanverici bir hadisə də baş verir. Başlamaq qərarı verməyiniz necə oldu?
- Ötən il 8 Martda anama terrarium hədiyyə etmək istədim. Maraqlandım, qiyməti çox baha oldu, fikirləşdim ki, bunu anam üçün özüm də hazırlaya bilərəm. Hazırladım, yaxşı da alındı. Sonra qərara gəldim ki, bunu bir iş olaraq da qura bilərəm. Həmin ərəfədə 4-5 fərqli şirkətdə frilans olaraq işləyirdim. Onlardan gələn pulla əvvəlcə qab aldım, sonra bitki və s. Yavaş-yavaş materialları əldə edib işləməyə başladım.

- Emalatxana götürdünüz, yoxsa evdə işləyirdiniz?
- Apreldə başladım, iyunun ortalarına kimi evdə hazırladım. Çünki tələbi öyrəndikdən sonra ayrıca emalatxana tutmaq fikrindəydim. Hazırlayıb satırdım, yenə o pula material alıb yeni işləri görürdüm. Terrariumların içərisindəki təbii bitkilərdir və onlar torpağa əkilir. Torpaqla evdə rahat işləmək olmurdu. Ona görə emalatxana götürdüm. Qarşıma münasib qiymətə bir məkan çıxdı, fikirləşdim ki, qazancım olmasa da, o biri işlərdən aldığım gəlirlə kirayəsini ödəyərəm. Həmin ərəfədə satış az sayda idi, amma risk edib yer götürdüm.


- Tək idiniz, yoxsa kömək edənlər oldu?
- Tək başlamışam. Bu işin alınacağına inanmayan insanlar var idi, amma mən özümə güvənirdim. Sonra ən böyük dəstəyi bacım göstərib. Sənədləşmə və s. işlərdə o mənə çox dəstək olur. Ailəmdən kömək görürəm.

- Ad seçiminiz də maraqlıdır...
- Yaxınlarım məni həmişə Nesi deyə çağırıblar. Ona görə mən də ad seçimini bu cür etdim. Tərcümədə Nesinin bağçası anlamına gəlir.

- Böyük şirkətlərdən korporativ sifarişlər alırsınız. Nə qədər vaxt sonra artıq bu cür sifarişlər almağa başladınız?
- Yeni başladığımızda "Synergy” şirkətindən 20-yə yaxın sifarişimiz oldu. Qısa zamanda biz korporativ sifarişlər aldıq. "Socar”, "Avrora”, Azərbaycan Banklar Assosasiyası və s. bizə sifariş veriblər.

- Qısa zamanda bunların olmasının səbəbi nə idi?
- Hamısı reklam, əl işinin diqqət cəlb etməsi nəticəsində olub. Özüm sosial media ilə bağlı işlədiyim üçün müştərilərin nə istədiyini daha tez anladım. Müştərilərlə düzgün danışıq qabiliyyətim artıq formalaşmışdı. Kimin büdcəsi üçün nə hazırlamaq lazım olduğunu da bilirdim. Sosial şəbəkədə ödənişli reklama qoyduq, bloggerlər vasitəsilə də reklam etdik. Təbii ki, bir də müştəri müştəri gətirirdi. Bir müştəri sifariş verirdi, sonra tanışları da bizə müraciət edirdi. İndiyə kimi işimdən narazı qalan müştəri olmayıb. Bunlar hamısının işimizin reklamı üçün böyük rolu oldu.

- Bütün işləri özünüz görürsünüz?
- Bəli. İstər kənarlarındakı rəngli qumlar olsun, istər içərisindəki suvenirlər - özüm hazırlayıram. Bəzi suvenirlər hazır olur, bəzilərini taxtadan düzəldirəm. Bəzən kiçik maketlər də yığıram.

- Sifariş çox olanda, bu, sizi yormur?
- "Socar”ın 180 terrarium sifarişini bir həftə ərzində çatdırdım. 2-3 gün materialları toplamağa getmişdi. 4-5 günə o qədəri özüm tək hazır etmişəm. Hətta xırda süvenirləri hazırlamağa bacım və dostlarım kömək ediblər, amma işləri özüm edirəm. Həmin ərəfədə işə səhər saat 7-də gəlib, gecə 3-4-ə qədər ayaq üstə işləmişəm. Yorğunluq olur, amma çox büruzə verməmişəm. Çünki insanın sevdiyi iş olandan sonra zəhmətini çəkməyə hazırdır.

- Müştərilərin istəyini kiçik şüşə qaba yerləşdirə bilirsiniz?
- (Gülür) Terrariumu şüşə içərisində kiçik bağça adlandırırıq. Sifarişlər fərqli olur. Kimsə sevgilisinə hədiyyə edəcəksə, istəyi fərqli olur. Məsələn, ikisinin bir yerdə ağacın altında, yaxud dəniz kənarında suvenirini görmək istəyir. Kiminsə övladı dünyaya gəlir, körpəyə uyğun nəsə istəyir. Kimsə ailə üçün nəsə etməyimizi istəyir. Biz bunları şüşə qabın içərisinə yerləşdirə bilərik.


- Terrariumların hazırlanması üçün lazım olan məhsulları tapmaqdan da danışaq.
- Çox çətin olur. İndi bir çox şeyləri hardan alacağımı bildiyim üçün elə çətinlik yaşamıram. Amma yenə də sayının az olması üzücüdür. Məsələn, bitkilər hamısı Hollandiyadan və digər ölkələrdən, üstəlik də məhdud sayda gəlir. Hər növdən bir-iki ədəd gəlir. Sifarişi hazır edib, şəklini paylaşanda, sabah müştəri həmin bitkidən istəyəndə, bizdə qalmaya bilir. Digər ölkələrə nisbətən o bitkilərin qiyməti bizdə çox bahadır. Qabları da xarici ölkələrdən gətiririk. Bəzi şüşə qabları özümüz hazırlayırıq. Mamırları Yaponiyadan, suvenirləri Türkiyə, Yaponiyadan gətiririk. Bu səbəbdən məhsulları tapmaqda bir az çətinlik çəkirik.

- Dediniz ki, ananıza terrarium hədiyyə etmək istəyəndə, qiyməti baha olduğu üçün almamısınız. Maraqlıdır, indi sizdə qiymətlər necədir?
- (Gülür) Anam üçün hədiyyə axtaranda, bir səhifədə gördüm, mənə 150 manata dedilər. Düşündüm ki, nə vaxtsa bunu etsəm, hər büdcəni nəzərə alacam. Formasından, dizaynından fərqli olaraq qiymətlərimiz 15-250 manat arası dəyişir. 200-250 manata olanların ölçüləri böyükdür. Bir yox, bir neçə nəfərin adından hədiyyə verildikdə, bunu alırlar.

- Bu hədiyyələrin ömrü nə qədər olur?
- Terrariumların fərqli növləri var. Bizdə əsasən florarium və mossariumlardır. Təbii florariumların ömrü bir ildir. Mossariumlar təbii və ya stabilizə edilmiş mamırdan hazırlanır. Stabilizə edilmiş mamırın qalıcılığı 3-5 ildir. Mən dediyim müddət aşağı bir rəqəmdir, düzgün baxım olduqda, o vaxt uzanır.

- Bir ildə öz işini idarə etmək təcrübəsi sizə nə öyrətdi?
- Çox şey öyrəndim. Buna əsasən işini qurmaq istəyən gənclərə kiçik tövsiyələrim də olacaq. İşə başlayırlarsa, özlərindən başqa heç kimə güvənməsinlər. Düşünsünlər ki, bunu mən edəcəm. Heç kəs sənin işinə özün kimi can yandırmır. Heç kəsdən heç nə gözləmək lazım deyil. Əgər bir işdə uğur qazanacağını düşünürsənsə, vaz keçməməlisən. Elə olub ki, bir ayda bircə sifariş də olmayıb. Ancaq heç vaxt həvəsdən düşməmişəm.

- Hazırda sırf bu işlə məşğulsunuz?
- Yox, digər işlərdən uzaqlaşmadım. Hazırda yenə də frilans olaraq fərqli şirkətlərdə SMM işində çalışıram.

- Bundan sonra hədəfləriniz nələrdir?
- Terraruium sahəsində ölkəmizdə nömrə bir olmağı bacardım. İlk etdiyimizi demirəm, amma fərqlilik gətirən biz olduq. Hazırda mağaza yoxdur, onlayn satışdır. Hazırkı əsas hədəfim böyük ticarət mərkəzlərindən birində stendimin olmasıdır. İndi o istiqamətdə çalışıram. Növbəti hədəfim brendimi hər kəsin tanımasına nail olmaqdır.
Aygün Asimqızı

banner

Oxşar Xəbərlər