“Pulu şeytan apardı...”
"Ay qızım, ay qızım... Cavan qızsan, nəsə fikirli
görünürsən. Gəl bir falına baxım...”. Qız gedir. "Qızım, qızım... 2 manata
baxıram. 2 manata nə verirlər ki, gəl sənə taleyini deyim. Xoşuna gəlməsə,
pulunu alarsan...”.
Necə deyərlər, qızın "saqqızını” oğurlayır, qız şəhərin
mərkəzində skamyada onu çağıran qaraçıya yaxınlaşır. Əvvəlcə, özünün də dediyi
kimi, "əl haqqı”nı alır. Təbii ki, qız pul qabından pulu götürərkən qaraçı boş
dayanmır və pul qabına göz atır...
"Qızım, səni tilsimləyiblər (saçından bir tük qırır
və əlində tükü düyünləyir), pul qabında böyük məbləğdə pul var. Ver, bu tükü
pula büküm tilsimin getsin”. Qız 5 manat uzadır.
- Yoox, böyük pul olmalıdır. Bu təsir etməz.
Narahat olma, özünə qaytarıram.
Qız 50 manat verir. Qaraçı saçı bükür, dodağının
altında mızıldanır, üfürür və pul yoxa çıxır.
Qız: Pulumu ver...
Qaraçı: Qızım, tilsimin, üzərində olan nəfəs o qədər
güclüdür ki, pulu şeytan apardı...
Uzun mübahisələrdən sonra qız 52 manatını
fırıldaqçıya verərək oradan uzaqlaşır.
Yəqin ki, bizim şahidi olduğumuz bu hadisə
çoxlarının başına gəlib. Etiraf etməliyik ki, istər ziyalısı, istər savadsızı,
istərsə də savadlısı- bütün təbəqələrdən olan insanların bir qismi ömründə bir
dəfə də olsa falçıya müraciət edir. Kimisi taleyi, kimisi itkisi ilə bağlı,
kimisi də problemlərini həll etmək üçün bu yolu seçir.
İstər
cahillik deyin, istərsə də bilgisizlik...
Günay da fala inanır. Demək olar ki, bütün işlərini
falçı ilə məsləhətləşir. İddia edir ki, fala inanmıram deyən insanların əksəriyyəti
baxıcı yanına gedənlərdir: "Fala inanma, falsız da qalma” deyə bir söz var.
Başqalarını deyə bilmərəm. Mən fala inanıram. İstər cahillik deyin, istərsə də
bilgisizlik. Cadu ilə insan həyatını dəyişmək mümkündür. Allah da cadunu lənətləyib.
Əgər cadu, falçı yoxdursa, necə ola bilər ki, Allah olmayan bir şeyi lənətləsin?
Qurani-Kərimdə də cadugər sözü hallanır. Bu səbəbdən də cadumu təmizlətdirmək
üçün falçılara müraciət edirəm”.
Bəs falçılarla mübarizə aparmaq üçün nə etməliyik?
İnsanlar nə üçün falçılara, baxıcılara üz tutur?
"Niyyətin
hara, mənzilin ora”
"İrşad”
İslam Araşdırmaları Mərkəzinin direktoru Rafiq Əliyev "Kaspi”yə açıqlamasında bildirdi ki, insanların əksəriyyəti
öz problemlərinin sivil yollarla həllini tapmadıqda falçılara və ziyarətgahlara
müraciət edirlər və bu onlara sonuncu ümid yeri kimi görünür: "Əslində nə ziyarətgah,
nə də falçı heç bir problemi həll etmir. Ziyarətgahdan fərqli olaraq, falçının
mövcud problemlərin haradan qaynaqlandığını demək imkanı ola bilər. Bu da
yalnız yüksək intellekt sahibi olan ekstrasenslərə aiddir. Digərlərinin əsas məqsədləri
insanları onların istəklərinə inandırmağa cəhddir. Əgər kimsə ona deyilənlərə səmimi
qəlbdən inanırsa və bunu öz arzusuna, məqsədinə çevirirsə, istəyi reallaşa bilər. Bu, falçıdan deyil,
insanların kainatla şüuraltı münasibətlərindən asılıdır. "Niyyətin hara, mənzilin
ora” atalar sözü də elə buradan qaynaqlanır”.
Dinşünas alimin sözlərinə görə, insan bir şeyi ürəkdən
istəyirsə, mütləq ona nail olur: "İnsanın beynində minlərlə niyyət ola bilər.
Yalnız dilə gətirilən arzuya çevrilir və ətrafımızda olan enerji sisteminə
qarışaraq kainatın energetikasının bir hissəsi olur. Biz insanlara da, əslində
Allahın özü deyil, onun göndərdiyi mələklər kömək edirlər. Onların sayı-hesabı
yoxdur. İnsanın istəyi, arzusu onlara enerji vasitəsilə çatır və əksər vaxt
onların inandığı arzu, istək reallaşır. Mən paralel dünyaya inanıram və orada
olan mələklərin bizimlə əlaqəsinə də şübhə etmirəm. Odur ki, bir şeyi ürəkdən,
səmimi qəlbdən istəyin, o, reallaşacaq. Falçıların yanına gedib aldanmayın”.
"Falçılar
cinlərlə oturub-durur”
Astroloq
Firudin Qurbansoy qəzetimizə
açıqlamasında bildirdi ki, falçılıq islam dinində ən böyük günahlardan hesab
olunur. Müsahibimizin sözlərinə görə, peyğəmbər falla məşğul olmağı bədənini satan küçə qadınlarının işinə bənzədir:
"Falçılıq murdar və Allah qatında bəyənilməyən əməldir. Ona görə də burada
halallıqdan söhbət gedə bilməz. Bu, günahdır. Falçının da, cindarın da gördüyü
işlər islam dininin əleyhinədir. Falçılar cinlərlə oturub-durur, gözəgörünməyən
şər qüvvələrlə əlaqədə olurlar. O cin şeytani təbəqədəndir və falçılara doğru
informasiya vermir. Bu mənada falçılar çox böyük günah sahibləridir. Ona görə də
onlardan uzaq durmaq lazımdır. Ümumiyyətlə, bu işlə məşğul olanlara müəyyən cəzalar
tətbiq edilməli, falçılıq qadağan olunmalı, bir sinif kimi aradan götürülməlidir”.
Astroloq deyir ki, falçılarla mübarizə aparmaq,
insanları bu yoldan çəkindirmək üçün maarifləndirilmə aparılmalıdır: "Lakin
efirlər daha çox reklam edirlər. Allahın işinə qarışmaq olmaz, falçılar əslində
Allahın işinə qarışırlar. Falçılığın heç bir elmi əsası yoxdur. Şeytan nə
deyirsə, onu da təqdim edirlər. Bəzən savadlı adamlar belə, onlara üz tuturlar.
İnsanlar arasında maarifləndirmə işləri aparılmalı, imana gətirilməlidirlər.
İmanlı adam heç vaxt cadugərin, falçının yanına getməz. Son zamanlar
telekanallarımızda falçıların reklamı ilə dolu proqramların sayı getdikcə
artmaqdadır. Bu verilişlər elə qurulur ki, guya tamaşaçıları maarifləndirirlər,
əslində isə bu proqramlarda falçılığın reklamı gedir. Əgər insan falçıya
inanırsa, onun həyata baxışında ciddi problemlər var. Əgər fal doğru olsaydı,
insanlar bir an öncə nəyin baş verəcəyini öyrənib, hər cür hadisəyə qarşı tədbirli
olardılar. Məsələn, zəlzələdən, yanğından, daşqından öncə təhlükəsiz yerlərə çəkilərdilər.
Bir an sonra nələrin baş verəcəyi qeyb aləmidir, yəni Allahın elmi çərçivəsindədir
və kimsə ora müdaxilə edə bilməz, ordan bir xəbər söyləyə bilməz. Dəhşətli
orasıdır ki, bu cür günah işlərlə məşğul olanlar tez-tez Allah adını çəkir,
onlara vergi verildiyini söyləyir, özlərinin də gerçək müsəlman olduqlarını
iddia edirlər”.
Sabaha
ümidi itən insanlar...
"Qoroskop”
qəzetinin baş redaktoru, astroloq Səbuhi Rəhimli deyir ki, insanların falçılara meyl etməsi onların
sabaha ümidlərinin itməsi ilə bağlıdır: "İnsan var Allaha dua edir, hansısa
problemin həllini səbrlə, ümidlə gözləyir. İnsan da var ki, falçılara üz tutur.
Falçılar, baxıcılar şeytanın əlaltılarıdır. Adətən bir quruluşdan digər bir
quruluşa keçəndə, insanların təfəkküründə boşluq yarananda falçılar, baxıcılar
inkişaf edir. Məsələn, sovet rejimi dağıldı, sistem çökdü, bir quruluşdan digərinə
keçid mərhələsi başlandı. Bundan başqa, müharibələr, kənar təzyiqlər, iqtisadi
böhranlar, kütləvi işsizlik, işgüzar təbəqənin ölkəni tərk etməsi maddi-mənəvi
cəhətdən ahəngi pozdu. İnsanlar doğrunun harada, yalanın harada olduğunu bilmədilər.
Bu səbəbdən də ümid axtarışına çıxdılar. Çünki müharibə dövründə, iqtisadi böhran
vaxtında insanlarda ümidsizlik yaranır. Gələcəyi öyrənmək üçün falçılara üz
tutur, magiya daşıyıcılarına müraciət edirlər. Amma düşünmürlər ki, onlar bacarsalar
özlərinə əlac edərlər. Adətən əksər falçılara fikir versəniz, özləri daha betər
vəziyyətdədirlər. Amma dünya yaranandan ağ qüvvələr, qara qüvvələr olub.
Qeyri-sabit dövrdə qara qüvvələr meydan sulayırlar. Çox təəssüf ki, bəzən
falçıları bəzi məmurlar da dəstəkləyir”.
Astroloqun sözlərinə görə, falçı yanına gedən
insanlar imanı zəif insanlardır: "Bütün insanların zaman-zaman müəyyən problemləri
olur. Falçı yanına gedən insanların da əksəriyyəti problemli insanlardır.
Falçının da ilk sözü onun problemləri ilə bağlı olur və insan da avtomatik düşünür
ki, bu hardan bildi ki, mənim belə bir problemim var? Belə olduğu halda biri
digərinə məlumatı ötürür və insanlar arasında təbliğat güclü gedir. Maariflənmə
zəif olduğu üçün falçılara da tələbat artır”.
Aygün ƏZİZ