AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Pul, yoxsa istedad? - Polemika

Pul, yoxsa istedad? - Polemika

Gənclik qəzeti
21 Yanvar 2015, 10:26 1641
Pul, yoxsa istedad? Bu sual ətrafında daim qızğın müzakirələr gedib. Kimiləri düşünür ki, əgər istedadın varsa, karyera yolunda heç kim qarşıını ala bilməz. Bəziləri isə bu fikrin əksi olaraq pulun daha çox önəm daşıdığının tərəfdarıdır. Bəs gənclər nə düşünür? İş qurmaq üçün pul, yoxsa istedad önəmlidir?

“İstedadın varsa, pul qazana bilərsən”
Bayram Piriyev, dizayner

Bayram uğurlu karyera qurmaqda istedadın önəmli olduğunu deyir. Onun fikrincə, hər şeyi deyil, çox şeyi həll edə bilər: “Düzdür, pul insanın həyatında çox önəmli rol oynayır. Amma hər problemi pul ilə həll etmək mümkün deyil. Pul qarşılığında nələrisə ala bildiyimiz qiymətli kağızdır. Amma istedadı pulla almaq mümkün deyil. Pul ilə istedadı eyni tərəzidə ölçən insanları başa düşə bilmirəm. Pulun çəkisi və dəyəri var, amma istedadın yox. Danılmaz faktdır ki, pul ilə gündəlik tələbatlarımızı ödəyir, bəzi arzularımızı, istəklərimizi həyata keçiririk. Bəzən dünyagörüşümüz, təhsilimiz belə puldan asılı olur. Amma bu, o demək deyil ki, istedadlı insanlar pulu yoxdursa, üzə çıxa bilmir. Müasir dövrdə biz insanlar pulu o qədər əlçatmaz etmişik ki, artıq insanların özlərinə belə güvənləri itib. Hər hansısa uğursuzluqlarımızı ancaq maddi tərəfə bağlayır, “pulum olsaydı, belə olmazdı” deyərək, özümüzü günahlandırırıq”. Bayram deyir ki, əgər insanın istedadı varsa, çox xoşbəxtdir, çünki o, həyatda pulun belə edə bilməyəcəklərinə qadirdir: “Mən bir insanını istedadının önə çıxmasında pulun önəm daşıdığını düşünmürəm. Pul ilə istedad qazanmaq olmaz, amma istedadın varsa, pul qazana bilərsən. Pul bu gün var, sabah yoxdur. İstedad isə insanın özüdür. Bir çox milyarderlərin sıfırdan başlayıb necə karyera qurduqlarının şahidiyik. Fəhləsindən tutmuş, aliminə qədər hər insanın öz istedadı var”.
Həmsöhbətimiz düşünür ki, insan ilk əvvəl özünə inanmalıdır. Özünə inandıqdan sonra onun istedadı ortaya çıxar və bu istedadla da bir çox uğurlara imza ata bilər: “Həyatda kim və ya nəçi olmaq istəyiriksə, o zaman bacardığımız işdən başlamalı, həmin işi ürəklə, sevərək görməliyik. O zaman karyera da qurmuş olarıq, pul da qazanarıq, tələbatlarımızı ödəyib normal insan kimi yaşaya da bilərik”.

“Minimum nəsə verməlisən ki, maksimum nəsə alasan”
Xanım Cəfərova, tələbə

Xanım da digər müsahibimiz kimi həyatda istedadın puldan önəmli olduğunu düşünür. Həmsöhbətimiz deyir ki, əgər çalışdığın sahədə istedadın yoxdursa, bu zaman pul qazanmağın mümkün deyil: “Bir işdə uğur qazanmağın ən böyük sirri həmin sahədə istedadının olmasıdır. Məsələn, əgər mən rəssamamsa, bu sahədə istedadım yoxdursa, yaxşı şəkil çəkib insanların diqqətini cəlb edə bilmirəmsə, necə pul qazana bilərəm? İstedad olduqdan sonra pul özü gəlib səni tapır. İstedadsız rəssam və istedadsız yazıçı? Belə bir şey düşünmək olarmı? Təbii ki, yox. Puldan da öncə onun bacarığı olmalıdır ki, rəsmi çəkə bilsin və ya əsəri qələəmə ala bilsin”.
Xanım deyir ki, istedadla pul qazanmaq olar, ancaq pul ilə istedadı qazanmaq mümkün deyil: “Bəzən valideynlər uşaqlarını istəmədikləri işi görməyə məcbur edirlər. O zaman da o işi candərdi görən gənci işdən çıxarılır. Bu zaman belə bir düşüncə formalaşır ki, pulumuz yoxdu deyə, işdən çıxardılar və ya pul versəydik, işinə davam edərdi. Əgər sənin istedadın yoxdursa, həmin işə pul ilə düzəlsən belə, orada iki aydan artıq işləyə bilməzsən. Valideynlərin yönəltiyi sahələrdə uşaqların uğur qazanması çox vaxt imkansız olur. Uğurlu karyera qurmaq üçün şərt deyil ki, sən mütləq hüquq fakültəsini bitirəsən. İnsan özünü hansı sahədə görürsə, o sahəyədə yönəlməlidir. İstedadın ən böyüyü insanın özünü kəşf etməsidir. İstedad olduqdan sonra pul da onun ardınca gələcək. Həyatda minimum nə isə verməlisən ki, maksimum nə isə ala biləsən”.

“Pullu day-day”ın varsa...
Elməddin Abdullayev, satış nümayəndəsi

Elməddin müsahiblərimizdən fərqli olaraq, istedadın ikinci planda qaldığının, uğurlu karyera qurmaq üçün pulun önəmli olduğunun tərəfdarıdır. O, düşünür ki, həyat o qədər də ədalətli deyil ki, sən yalnız istedadınla hansısa yerə çatasan: “Düzdür, dünya ölkələrinin bəzilərində istedada önəm verilir. Amma bu, çox azlıq təşkil edir. Əgər pulun varsa, istedad o qədər də önəmli deyil. Çünki pulumuz olduqdan sonra istədiyimiz işdə çalışa bilərik. İstedadın varsa, “sənə ölüm yoxdur” kəliməsi bizim üçün yaddır”.
Elməddin deyir ki, əgər pulun yox, istedadın varsa, bu zaman da istedadına istənilən qədər dəyər verilmir: “Düzdür, Azərbaycanda istedadlı gənclər çoxdur. Amma onlar istedadlı olduqları halda, çox az maaş alırlar. Çox pul qazananların əksəriyyətinin arxasında “pullu day-daylar” dayaynır. Bu, həlli mümkün olmayan qlobal problemlərdən biridir. Bu dünya pullu insanların dünyasıdır, kasıb istedadlıların yox. Bu sözümü misallarla sübut da edə bilərəm. Məsələn, çox yox, bir neçə həftə öncə, Türkiyədə yayımlanan məşhur “O səs Türkiyə” proqramında iştirak edən həmyerlimiz Elnur Hüseynov çıxışı ilə bu ölkədə əks-səda doğurub. Halbuki Elnur “Eurovision – 2008”də də o performansı göstərmişdi. Bu yarışmadan sonra Elnuru görən oldumu? Ümumiyyətlə, Elnur kimlərin yadında idi? Biz onun istedadlı olduğunun Türkiyəyə getdikdən sonramı fərqinə vardıq? Xeyr, çünki Elnur istedadını reklam etməli və tanınmaq üçün reklam şirkətlərinə, menecerlərə pul xərcləməli idi. Bunu etmədiyi üçün arxa planda qalmışdı. Türkiyədə bircə dəfə televiziya ekranına çıxdı və münsiflər heyəti tərəfindən dəstəklənən kimi istedadı dillər əzbəri oldu. Bu səbəbdən mən yalnız istedad müqabilində pul qazanmağın qeyri-mümkün olduğunun tərəfdarıyam”.

Aygün ƏZİZ