• çərşənbə axşamı, 16 aprel, 16:33
  • Baku Bakı 19°C

“Pul ver, həyat yoldaşını izlə”

14.11.17 12:00 6531
“Pul ver, həyat yoldaşını izlə”
Özlərini haker kimi qələmə verən şəxslər tərəfindən son zamanlar sosial şəbəkə istifadəçilərinə şəxsi məlumatları ifşa edən müxtəlif xidmətlər təklif olunmaqdadır. Bu şəxslər pul müqabilində şəxsi mesajlardan tutmuş, şəkillərə qədər bütün informasiyaları bir neçə dəqiqə ərzində oğurlayıb sifariş verən tərəfə çatdıra biləcəklərini qeyd edirlər. Misal üçün, pul müqabilində həmin hakerlər qadınlara həyat yoldaşlarını nəzarətdə saxlamağı təklif edirlər. Belə ki, pulunu verirsən və ərinin SMS, vatsap və digər sosial şəbəkələrdəki yazışmalarından xəbər tutursan. Hətta telefon danışıqlarını belə əldə etmək mümkündür.

Hakerlər tək kişilərin yox, sifariş əsasında elə qadınların da telefonuna qanunsuz müdaxilə edə biləcəklərini vurğulayırlar. Bütün bu xidmətlər üçün ödəniləcək pul əvvəlcədən tələb olunur. Təbii ki, kimliyi bəlli olmayan bu hakerlərin bu tip əməlləri bütün hallarda şəxsi həyata müdaxilədir. Onların bu qanunsuz əməlinə görə, qanun çərçivəsində məsuliyyət nəzərdə tutulur. Kibercinayətkarlıq halına görə, bu əməli törədən azadlıqdan məhrumetmə cəzası ilə də cəzalandırıla bilər. Eyni zamanda başqasının internet hesabını sındıranlarla yanaşı, bunu sifariş edənlər də cinayət məsuliyyəti daşıyırlar. Digər tərəfdən, insanların şəxsi məlumatlarının oğurlanaraq yayılması, ictimailəşdirilməsi daha ağır fəsadlar, sosial problemlər, hətta nikahların dağılması ilə də nəticələnə bilər.

Sosial şəbəkədən aktiv istifadə edən jurnalist Naibə Qurbanova da hesab edir ki, qanunla başqasının internet hesabını sındıranlar, həmçinin bunu sifariş edənlər cinayət məsuliyyəti daşıyırlar. Xanım jurnalist mövzu ilə bağlı qəzetimizə açıqlamasında bildirib ki, bu kimi hallar şəxsi həyata müdaxilə hesab olunur: "Qəribəsi odur ki, dünyada bu mövzuda müraciətçilərin çoxunun qadınlar olduğu bildirlir. Bu isə əks cinsə olan inamsızlıqdan irəli gəlir. Hakerlər adətən gənc ailələrə, xəyanət ehtimalı olan, şübhələnən tərəflərdən birinə bu təkilfi edirlər. Və ən pisi odur ki, hakerlər çox vaxt sonradan təklifini qəbul etdiyi həmin adamın özünü də şantaj edirlər. İstənilən halda bu qeyri-qanuni və qeyri-etikdir. Belə olması ilə yanaşı, həm də bu hal hər hansı bir xəstəliyin əlaməti ola bilər. Çünki normal insan bu yolla nəyəsə nail ola biləcəyini düşünməz. Canlı-cansız itirdiyini mesajlarda axtarmaq həm vaxt itkisidir, həm də faydasızdır. Kimliyindən, yəni ər, arvad, bacı, qardaş, valideyn, doğmalar və yadlardan asılı olmayaraq, başqasının şəxsi yazışmalarını oxumaq - onun şəxsi həyatına soxulmaqdır. Məncə, bu xəstəlikdir. Normal adama başqasına məxsus söhbət niyə maraqlı olsun ki? Şəxsən mənə təklif etsələr, reaksiyam sərt olar. İndiyə qədər istər həyat yoldaşımın, istərsə də başqasının hesablarına baxmağa maraqlı olmamışam və baxmamışam. Təklif etsələr belə, yenə maraqlı olmaz”.

"Sağlam Toplum” İctimai Birliyinin rəhbəri, sosioloq Lalə Mehralının fikrincə, qadın ərini o vaxt izləmək ehtiyacı duyur ki, ailədə inam, etibar hissi qalmayıb. O, "Kaspi”yə bildirib ki, ər telefonundan gizli istifadə edirsə, ikinci telefonu varsa, sosial şəbəkələrdə çevrəsi qız-qadındırsa, qadının bu davranışdan şübhələnməsi təbiidir: "Həyat yoldaşından soruşacaq, sualları cavabsız qalacaq, bu halda içindəki şübhələri yox etmək ehtiyacı duyacaq. Hakerlərin tələsinə də qadınlar məhz bu vaxt düşürlər. Hər yerdən ümidi üzülmüş, ailəsinin dağılma qorxusu ilə yaşayarkən hansısa bir səhifədə, qrupda haker reklamına rast gəlir, ərinin bütün sirlərini öyrənmək şansı yaranır və o, bu şansı əldən vermək istəmir. Hakerlərin davranışı isə qanunaziddir. Əgər qadın ərinin səs yazısını, yazışmasını, qarşı tərəf ilə telefon danışığını haker vasitəsi ilə əldə edirsə, bilməlidir ki, həm haker, həm də ona bu tapşırığı verən cinayət məsuliyyəti daşıyır. Konstitusiyamızın 32-ci maddəsinə görə, qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Həmçinin hər kəsin yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququna dövlət təminat verir. Dövlətin təminatında olan məlumatların əldə edilməsi, yayılması şəxsin hüquqlarını pozmaq deməkdir ki, ər bu zaman məhkəməyə müraciət edib haqqını axtara bilər. Yəni, qadın günahsız ikən günahkar vəziyyətinə düşə bilər. Nəzərə alsaq ki, əksər qadınlar ərinin başqa biri ilə mesajını, şəklini əldə etdikdə, bunu özündə saxlamır, minlərlə üzvü olan qadın səhifələrində yayır, bu zaman məsuliyyətin böyüklüyünü də təsəvvür etmək olar”.

Sosioloq hesab edir ki, əgər qadın həyat yoldaşına güvənmirsə, onun xəyanət etdiyini bilirsə, bu zaman o öz haqlarını yalnız qanuni yollarla tələb etməli, hüquqlarını qanun çərçivəsində qorumalıdır: "Qadın məhkəmədə ərinin ona xəyanət etdiyini bildirə, qanuni yollarla dəlillər əldə edilməsinə nail ola bilər. Nəzərə alaq ki, hakerə ödəniləcək məbləğ də az olmayacaq. Bu cür iş görənlər öz xidmətlərini ən az 100-150 manatdan təklif edirlər. Sosial şəbəkədə çox rast gəlmişəm, haker ona ödənilən məbləği alıb izini itirib, qadın həm pulundan olub, həm də ərinin şəxsi yazışmalarına baxa bilməyib. Necə deyərlər, it də gedib, ip də. Qaldı ki, mənim başıma gələcək olsa, mən heç bir halda hansısa qanunsuz yolla bu işi görmərəm. Əgər həyat yoldaşımın mesajlarını izləmək, səs yazılarını dinləmək ehtiyacı duyuramsa, deməli ailəmdə inam, etibar yoxdur. Bu halda ailə olmağın mənası da yoxdur. Ailə bir-birinə gözüyumulu güvənmək deməkdir. İnsan ona yad olan hər hansı bir adamla həyat yoldaşının arasında fərq görə bilmədiyi zaman ailə olmasının və ya olmamasının fərqi yoxdur. Hər şeyi hüquqi çərçivədə, etik dəyərlərin itməməsi şərti ilə bitirmək lazımdır. Bir-birinə güvənməyən, etibar etməyən valideynlərin uşaqları da bu qarışıq mühitdə böyüyür, valideynləri arasındakı inamsızlığı duyur. O uşağın böyüyüb sosial həyatında ailədə gördüyü davranışı tətbiq etmək ehtimalı olduqca yüksəkdir. Ona görə də valideynlər özlərinə etdiyi pisliyi övladlarına etməməli, onu etibarın, inamın olmadığı ailədə böyüməyə məcbur etməməlidir”.

Vəkillər Kollegiyasının üzvü, vəkil Xəyal Bəşirov da mövzu ilə bağlı qəzetimizə bildirib ki, qeyd olunan məqamla əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsində müvafiq məsuliyyət növləri nəzərdə tutulub. Hüquqşünas deyib ki, qüvvədə olan Cinayət Məcəlləsində Kibercinayətlər fəsli məhz bu cür qanun pozuntularını tənzimləyir: "Konkret olaraq qeyd etdiyiniz əməl, yəni başqa bir insanın sosial şəbəkələrdə olan şəxsi hesablarına qanunsuz daxil olmaq, oradakı məlumatları müxtəlif niyyətlərlə əldə etmək Cinayət Məcəlləsinin 271-ci maddəsinin tələblərinə görə, kompüter sisteminə və ya onun hər hansı bir hissəsinə daxil olmaq hüququ olmadan həmin sistemə və ya onun hər hansı bir hissəsinə mühafizə tədbirlərini pozmaqla, yaxud burada saxlanılan kompüter məlumatlarını ələ keçirmək və ya başqa şəxsi niyyətlə qəsdən daxil olma hesab olunur. Qeyd olunan qanunsuz əmələ görə təqsirli olan şəxsləri iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir. Eyni zamanda bu cür qanunazidd hərəkətlər həmin şəxslər tərəfindən təkrar, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birliyin tərkibində və yaxud da vəzifəli şəxs qismində öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə isə onlar üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, dörd min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilərlər. Bununla yanaşı, digər önəm veriləsi məqam budur ki, hakerlər başqalarına məxsus məlumatları əldə etdikdən, kiməsə verdikdən sonra bu məlumatlar bəzi hallarda hədə-qorxu ilə tələb etmə (şantaj) məqsədilə istifadə olunur, həmin məlumatların sahiblərinə qarşı müxtəlif tələblər irəli sürülür. Bu da əlavə bir cinayət əməlinin tərkibini yaradır. Beləliklə də həmin şəxslər barəsində Cinayət Məcəlləsinin 182-ci maddəsində nəzərdə tutulan hədə-qorxu ilə tələb etmə cinayətinin məsuliyyətini yaradır. Bu maddə ilə həmin şəxslərin əməlləri sübuta yetirildiyi zaman onları əlavə olaraq, hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə 3 ildən 5 ilə qədər, ağırlaşdırıcı hallarda isə 5 ildən 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir”.

Təhlükəsizlik üzrə ekspert Rəşad Əliyev də bizimlə söhbətində deyib ki, başqasına aid məlumatların ələ keçirilməsi, yayılması istənilən halda şəxsi həyata müdaxilə sayılır. Onun sözlərinə görə, qanunla belə əməllər qadağan olunub, qəti şəkildə buna yol vermək olmaz: "Hansısa naməlum şəxsin, deyək ki, hakerin pul müqabilində kiməsə verdiyi məlumatların doğruluğu da şübhə altındadır. Çünki biz mənbənin, yəni bu məlumatları bizə verən şəxsin kimliyini bilmirik. Bəlkə özünü haker adlandıran şəxs xidmət təklif etdiyi adamdan sadəcə pul "qopartmaq” istəyir? Ola da bilər ki, haker hansısa yolla kiminsə kompüterinə, sosial şəbəkədəki səhifəsinə müdaxilə edib, şəxsi məlumatlarını ələ keçirib. Ümumiyyətlə, hakerlər tərəfindən qeyd edilən şəkildə kiməsə təklif gələrsə, yaxud kimsə özünə aid məlumatların hansısa şəxs tərəfindən ələ keçirildiyini bilərsə, ən yaxşı hal sivil yolla, qanun çərçivəsində hərəkət etməkdir”.
Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər