• cümə, 19 Aprel, 15:02
  • Baku Bakı 25°C

“Pul sizə verilən dəyərdir” – Uğur hekayəsi

19.05.14 09:07 2748
“Pul sizə verilən dəyərdir” – Uğur hekayəsi
Resurslarını, bacarığını, savadını, insani keyfiyyətlərini düzgün qiymətləndirdiyini və qarşıya düzgün hədəflər qoyduğunu düşünür. Buna görə də özünü xoşbəxt sayır. Deyir ki, insan ona verilmiş nemətləri, bilik, bacarıq və digər imkanlarını düzgün qiymətləndirib xoşbəxtlik meyarını düzgün müəyyən etməlidir. Müsahibimiz AtaHoldinqin İdarə Heyətinin sədr müavini Rəşad Əliyevdir.
- Sizcə, gələcək karyera pilləsində irəliləmək üçün təhsil nə dərəcədə vacibdir?

- Təhsil gələcək karyera pilləsində irəliləmək üçün çox vacibdir. İqtisadiyyatın inkişaf etdiyi, rəqabətin gündən-günə artdığı dövrdə sağlam iş yeri tapmaq heç də asan deyil. Bu baxımdan texniki biliklərini artıq ali təhsil ocağında almaq, menecer səviyyəsinə yüksəlmək üçün müxtəlif treninqlərdə iştirak edərək müvafiq təhsil almaq çox vacibdir.
- Rəşad bəy, ixtisas seçiminizdə ailənizin rolu olubmu? Necə oldu məhz maliyyə ixtisasını seçdiniz?

- Mənim 11-ci sinif məzunu olduğum dövrlər, 2004-cü ildə oğlanların əksəriyyəti gələcəkdə prokuror olmaq ümidi ilə hüquqa, cərrah olmaq ümidilə tibbə üz tuturdular. İqtisadiyyat sahəsi o qədər məşhur deyildi. Amma mənim bilik, bacarıq və istəklərim tam fərqli idi və xoşbəxtəm ki, ailəm mənim azad seçimimə hörmətlə yanaşdı. Riyazi və texniki biliklərimin fərqli olması baxımından iqtisadiyyat sahəsi daha optimal idi. Hesablamalar analitik düşüncə qabiliyyəti tələb etdiyindən bu sahə mənə daha doğma və rahat gəlirdi. Bu baxımdan iqtisadiyyatı seçdim. Üçüncü kursdan isə artıq seçəcəyim ixtisası dəqiq müəyyən etdim, maliyyəçi olmağa qərar verdim. Eyni zamanda tələbəlik vaxtımdan idarəetmə qabiliyyətimi inkişaf etdirirdim.
- Ali məktəbi bitirəndən sonra işsizlik problemi yaşamadınız ki?

- Düşünürdüm ki, ali məktəbi bitirib iş üçün müxtəlif şirkətlərə CV-imi təqdim edəcəm və uyğun iş yeri olduqda, təcrübə yığmaq üçün işləyəcəyəm. Burada bəxt amili də rol oynadı. Dördüncü kursda oxuyarkən Mərkəzi Bankdan bir qrup işçi heyəti yuxarı kurslarla görüş keçirdi və on namizəd təcrübə keçmək üçün Mərkəzi Banka dəvət aldı. Namizədlərdən biri də mən oldum. Pulsuz təcrübə keçəndən 4-5 ay sonra elə sözügedən bankdan iş təklifi gəldi. Diplomumu alıb Mərkəzi Bankda kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamenti tərkibində auditor-inspektor vəzifəsində işləməyə başladım. Bu, karyeramın başlanğıcında arzu edə biləcəyim ən uğurlu bir gedişat idi. Mərkəzi Bankda qazandığım bilik, bacarıq və ali məktəbdə aldığım təhsilimlə müəyyən qədər fərqləndiyimi düşünürəm. Fərqlənmə nəticəsində Mərkəzi Bankda 6 ay çalışdıqdan sonra 2005-ci ilin yanvarında Qərb standartlarına uyğun və ümumi qəbul olunmuş maliyyə menecmentinin qurulması üçün “AtaHolding” ASC-dən iş təklifi aldım.
- Necə oldu ki, 23 yaşınızda sizə bu cür işi həvalə etdilər?

- O zaman beynəlxalq standartlara uyğun maliyyə-menecmentin, daxili nəzarətin qurulması üçün ən azı texniki biliklər hər kəsdə yox idi. Mən bu bilikləri universitet illərində əldə etmişdim. Bu da İqtisadiyyat Universitetinin tərkibində yaradılmış “Xüsusi İstedadlar Qrupu” proqramı çərçivəsində təhsil almağımdan irəli gəlirdi. Aldığım Qərb standartlarına uyğun müasir təhsil bu bilik və bacarıqları məndə formalaşdırdı və o illərdə bunu çox rahatlıqla tətbiq etməyə başladım. Təbii ki, bunu qəbul etdirmək o qədər də asan deyildi, şirkətlərimiz üçün mühasibatlıq prinsiplərindən kənarlaşdırılmamış şəraitdə maliyyə hesabatları, maliyyə planlaşdırılması, maliyyə təhlilləri, analizlər yad bir məfhum idi. Amma fəxrlə deyə bilərəm ki, biz ölkədə ilk holdinq, özəl qurumuq ki, bunu tətbiq etməyə başladıq. Hətta ilk holdinq qurumuyuq ki, Azərbaycanda beynəlxalq standartlara uyğun audit olunmuş konsalidə hesabatlarını hər il ictimaiyyətə təqdim etdik.
- 2010-cu ildə sizin artıq kifayət qədər yaxşı vəzifəniz var idi. Həmin il Londonda Biznes və Maliyyə məktəbində təhsil alma ehtiyacı nədən yarandı?

- Sözügedən məktəbə MBA dərəcəsi almaq, Qərb təhsilinə yiyələnmək məqsədilə qəbul oldum. Bu məktəb onlayndır və proqramın qrafikini iş qrafikimə uyğunlaşdırmaq və internet üzərindən bütün təhsili idarə etmək mümkündür. Biznesdə daha yuxarı, üst səviyyəyə irəliləmək üçün müəyyən əlavə peşəkar bilik və bacarıqlar mütləq vacibdir. Düşünürəm ki, öyrənmək yalnız universitet illəri ilə bitməli deyil. Bu baxımdan Qərb təhsili almağa qərar verdim və bu, mənim işə, biznes, idarəetmə bacarıqlarına fərqli prizmadan fərqli bucaq altında baxmağıma çox kömək etdi.
- Maliyyə, biznesdən söhbət düşəndə adamın ağlına ilk gələn pul olur. Siz də iş həyatına başlayandan, təxminən 22 yaşınızdan bu işin içindəsiniz. Pul sizin üçün nə deməkdir?

- Pul çox şeydir, bir çox şeylərə nail olmaq üçün vasitədir, dəyərdir. Sizə verilən dəyərdir. Siz nə qədər çox qazanırsınızsa, deməli, sizə o qədər çox dəyər verilir, yaxud siz o qədər dəyərlisiniz. Pul mənim üçün vacib olduğuna görə biznes sahəsindəyəm. Əks təqdirdə, humanitar sahələrdə olardım.
- Qazancınızdan yardım etməyi xoşlayırsınız?

- Yardım etmək insanın fədakarlıq xüsusiyyətlərindən irəli gəlir və yalnız maddi yardımla məhdudlaşmamalıdır. Maddi yardım işin ən asanıdır, insana həqiqətən yardım etmək lazımdır. Səhv etmirəmsə, İsa peyğəmbərin bəşəriyyət üçün söylədiyi gözəl bir kəlam var. Balıqçıya deyir ki, “yetimə balıq vermə, ona balıq tutmağı öyrət”. Bu baxımdan, maddi yardımla deyil, fərqli yardımlarla kiminsə problemini həqiqətən həll etmək mümkündürsə, insaniyyət xatirinə bu şeyləri etməyə çalışıram və bundan zövq alıram. Yardım etmək insanı rahatladacaq bir hissdir, heç vaxt eşitməmişəm ki, kimsə yardım edəndən sonra stresə düşdüyünü desin.
- 25 yaşınızdan etibarən müxtəlif vəzifələrdə idarəçilik sistemində çalışırsınız. İdarəçidə hansı xüsusiyyətlər cəmləşməlidir?

- Yaxşı idarəçidə müxtəlif növ bilik və bacarığın olması minimum tələblərdir. İşlədiyi sahə üzrə texniki, nəzəri, təcrübədən irəli gələn biliklər, bundan başqa, insani keyfiyyətlər də çox vacibdir. Yaxşı idarəçi vaxtında və düzgün qərar qəbuletmə bacarığına sahib olmalıdır. Yaxşı menecer şirkət daxilindəki, yaxud tabeliyində olan insanları istiqamətləndirmək, onları idarə etmək, münasibət qurmaq, həvəsləndirmək kimi insani keyfiyyətlərə də sahiblənməlidir. İdarəçi problemin mahiyyətini başa düşməli, eyni zamanda yeni ideyalar istehsal etməyi bacarmalıdır. Qəbul edilmiş müəyyən strategiyanı gündəlik icra etmək qabiliyyəti də bir menecerdə vacib olan minimum tələblərdir.
- Sizcə, idarəçilik qabiliyyəti insanın genində olmalıdır, yoxsa onu sonradan qazanmaq mümkündür?

- Yuxarıda sadaladığım bacarıq və xüsusiyyətləri iki hissəyə bölmək olar: insani keyfiyyətlər və texniki biliklər. Texniki bilikləri öyrənmək olar, insani keyfiyyətlər isə insanın nəzarətindən kənar inkişaf edir. Bu, ailədən, yaşam tərzindən, ətraf mühitdən gələn xüsusiyyətlərdir. Əgər bir ailədə insan məqsədli şəkildə idarəedici kimi yetişdirilirsə, yaxud, istəmədən həyat tərzi insanı idarəçi olmağa məcbur edibsə, nəticə uğurlu ola bilər. Əks təqdirdə, bu xüsusiyyəti kimsə planlaşdıra bilməz. Çünki bu, təbiətən gələn bir xüsusiyyətdir. Sonradan öyrənmək mümkün olsaydı, hər kəs menecer olmaq, idarə etmək fikrinə düşərdi.
- Bütün gün təhlillər, hesablamalar… Bir sıfırın artıq, yaxud əskik düşməsi belə hər şeyi alt-üst edə bilər. Bu qədər stresli işdən sonra istirahətinizi necə təşkil edirsiniz?

- İllərə baxsaq, iş təcrübəm çox olmasa da, məndə belə bir fikir formalaşıb ki, istirahət etməyin özü bir bacarıqdır. Çünki nəyəsə nail olmaq üçün müəyyən şeyləri qurban verməyin lazım olduğu bir dövrdə yaşayırıq. Bu baxımdan, müəyyən dövrə qədər istirahəti işə, karyeraya qurban vermişəm, amma son dövrlər səhhətimə və istirahətimə fikir verməyə başlamışam. Demək olar ki, hər gün istirahətimə müəyyən vaxt ayırıram və bunu sevə-sevə edirəm. Açıq havada vaxt keçirməyi xoşlayıram. Yaz, yay və payızın ilk aylarında işdən sonra dostlarla, yaxud təkbaşına Bakının ən gözəl guşəsi olan Milli Parkda vaxtımı keçirməyi sevirəm. Hava şəraiti imkan vermədiyi təqdirdə isə hər hansı sakit məkanda dostlarla oturub söhbətləşirik.
- Rubrikamızın ənənəvi sualı: uğurunuzun sirri nədədir?
- Mən uğurlu olmağı, xoşbəxt olmaqla bir arada tuturam. Məncə, insanın uğurlu olması onun məqamından, malından, mülkündən, tutduğu vəzifədən və s. asılı deyil. Əgər insan özünü xoşbəxt sayırsa, deməli, o artıq uğurlu insandır. Çünki nəticə etibarı ilə hamının bir yaşam qayəsi var. Hamı nəyisə əldə etsə, xoşbəxt olacağına inanır. Mən inanıram ki, maddiyyatdan asılı olmayaraq dünyada xoşbəxt insanlar çoxdur. Ən böyük problem insanlarda xoşbəxtliyin meyarını müəyyən etməkdir. Çünki burada insanın eqosu və iştahı böyük rol oynayır. İnsan ona verilmiş nemətləri, bilik, bacarıq və digər imkanlarını düzgün qiymətləndirib xoşbəxtlik meyarını düzgün müəyyən etməlidir. O meyarı müəyyən edəndən sonra ona doğru gedən yolları tərtib edib, o yolları sadəcə addımlamaq lazımdır. Mən məndə olan resursları, bacarığı, savadımı, insani keyfiyyətlərimi düzgün qiymətləndirdiyimi və düzgün hədəflər qoyduğumu düşünürəm. Buna görə xoşbəxtəm. Bir də Cəlaləddin Ruminin gözəl bir sözü var ki, həmişə ona riayət etməyə çalışıram: ya olduğun kimi görün, ya göründüyün kimi ol.
Lalə MUSAQIZI

banner

Oxşar Xəbərlər