• cümə axşamı, 18 aprel, 22:05
  • Baku Bakı 21°C

Professor Akif Qurbanov: Qqorunma tədbirlərinə hamı əməl etməlidir

20.03.21 10:15 508
Professor Akif Qurbanov: Qqorunma tədbirlərinə hamı əməl etməlidir
Qanda anticisimlərin miqdarı və ya onun titrinin yüksək və aşağı olması dolayı yolla immunitetin göstəricisidir. Lakin yeni növ koronavirusdan (COVID-19) qorunmada təkcə anticisimlər yox, orqanizmimizdə olan başqa hüceyrələr də iştirak edir. Buna hüceyrəvi immunitet deyilir və adətən həmin hal yoxlanılmır, əsas məsələ həmin virusla təmasın olub-olmamasıdır. İnfeksiyaya yoluxma yüngül keçsə də, qanda anticisim əmələ gəlib-gəlməməsindən, onun qanda titrindən asılı olmayaraq koronavirusa yoluxma baş veribsə, immun sistemi həmin virusla qarşılaşdığından təkrar yoluxma digərlərinə nisbətən daha yüngül gedişə malik olacaq. COVID-19-a təkrar yoluxmalar mümkündür, lakin bu, o demək deyil ki, bunu hamıya şamil etmək olar. Təxminən bir neçə faiz hallarda təkrar xəstələnmə mümkündür. Təkrar xəstələnmələr bir qayda olaraq daha yüngül gedişə malik olur. Xəstəliyi keçirənlər bilməlidirlər ki, onlar yenidən infeksiyaya yoluxa bilərlər, ona görə də qorunma vasitələrinə tələb olunan qaydada əməl etməlidirlər. Əlbəttə ki, vaksin kifayət qədər qoruyur. Lakin peyvəndin səmərəliliyindən danışılanda ona 100 faiz təminat verilmir, adətən qoruyuculuğun 91, 92 və ya 95 faiz olduğu deyilir. Bu, o deməkdir ki, effektivliyi 95 faiz olan peyvənd 100 nəfərə vurularsa, onun 95-də bu xəstəlik olmayacaq. Qalan 5-i xəstələnə bilər, lakin xəstəlik yüngül, fəsadlaşmasız keçəcək. Vaksin vurulanlar arasında kimin 95 faiz, kimin 5 faizin arasında yer aldığını heç kəs bilmir. Pandemiya davam etdiyindən vaksin vurdurub-vurdurmamaqdan, xəstəliyi keçirib-keçirməməkdən asılı olmayaraq, qorunma tədbirlərinə hamı əməl etməlidir. Ölkəmizdə mutant virus da aşkar edildiyindən qaydalara daha ciddi şəkildə riayət olunmalıdır.
AZƏRTACxəbər verir ki, bunu TƏBİB-in İdarə Heyəti yanında Tibbi Elmi Komitənin sədri, professor Akif Qurbanov deyib.
O, həmçinin qeyd edib: "Qarşıdan milli bayramımız Novruz bayramı gəlir. Bu bayramda gediş-gəliş, təmas və ünsiyyət artır. Hər kəs o dərəcədə diqqətli olmalıdır ki, bayramdan sonra ölkəmizdə ciddi narahatlıq doğuran vəziyyət yaranmasın. Bunu hər kəs düşünməlidir. Əgər yoluxma saylarında kəskin şəkildə artım baş versə və ölkəmizin səhiyyə sistemi yüklənsə, müalicə müəssisələri infeksiyaya yoluxanlarla dolmağa başlasa, müvafiq tədbirlər görülə bilər. Yoluxma sayları stabil olsa və azalmağa doğru getsə, sərt tədbirlər görülməsinə ehtiyac qalmayacaq”.
banner

Oxşar Xəbərlər