• şənbə, 20 Aprel, 01:46
  • Baku Bakı 15°C

Problemli “teatr”ın problematik müzakirəsi...

30.07.14 14:09 2038
Problemli “teatr”ın problematik müzakirəsi...
Mövqe
Teatrın əsas problemi nədir? -sualına cavab vermək bu gün elə çətinləşib ki, az qala ATƏT-in Minsk qrupunun “Dağlıq Qarabağ niyə Azərbaycana qaytarılmır?” sualı qarşısındakı cavabsızlığı ilə eyni səviyyəyə çatıb. Biz isə bu sualın cavabını axtarmaqda maraqlıyıq.Və düşünürük ki, Teatrın əsas problemləri bunlardır:
1. Müasir dövrdə teatrın probleminin sadəcə tamaşaçı yoxluğunun, seyrici kasadlığının olması fikri.
2. Teatrın əsas probleminin, eləcə də qarşısına qoyulan vəzifənin daha çox bilet satılması olması.
3. İnternet aləmində teatr problemlərinin savadsızcasına “şou-biznes xarakterli” müzakirəsi.
4. Müasir siyasi vəziyyətin teatra təsiri.
5. Teatr təhsili və məzunlarının vəziyyəti.
Texnologiya dünyasında, hər nəfəsdə sürətlə mexanizmləşməyə doğru hərəkət edən dünyada insanın öz təbiiliyini qoruması yolunda teatrın əhəmiyyətindən danışmaq, teatrın yeri və rolunu izah etmək məqsədilə bu məqaləni sizlərlə paylaşıram.
XXI əsr texnologiya əsridir. Bu gün elmi-texniki tərəqqi sayəsində texnologiya bizim məişətimizə, hətta bizim daxilimizə nüfuz etmiş, insanın ən vacib həyat hadisəsinə çevrilmişdir desək, mübaliğə etmərik. Biz artıq yaşamımızı texnologiyadan kənarda təsəvvür edə bilmirik. Həqiqət acı olsa da, bəni-adəm adəm övladı olduğunu unudaraq texnologiyanın əsirinə çevrilməyə, robotlaşmağa doğru sürətlə addımlayır. Tanrının bütün xəlq olunmuşların əşrəfi olaraq yaratdığı və mələklərin belə qibtə etdiyi insan bu gün texnoloji qüvvə qarşısında aciz bir qula çevrilmişdir.
Müasir gəncliyimiz texnologiya ilə zəhərlənmiş və bu zəhər onların ən dərin hüceyrələrinə nüfuz etmişdir. Beş-altı yaşlı uşaqların bütün günlərini kompüterdə oyun oynamaqla keçirmələri gələcək gəncliyin hansı vəziyyətdə olduğunu açıq-aydın göstərir. Biz elmi-texniki tərəqqini əlbəttə dəstəkləyirik. Lakin texnologiyanın insanı əsir alması, insanı texnoloji nəsnəyə çevirməsinə əsla razı ola bilmərik. Mexaniki insanlar bəşərilikdən qoparaq öz daxili dünyalarına qapılmağa və bəşəriyyəti yox etməyə başlamışlar.
İnsanı texnoloji dəyişiklikdən, transformer olmaqdan qurtarmaq üçün mədəniyyətin, xüsusən də incəsənətin üzərinə çox böyük öhdəlik düşür. Bu gün statistikaya nəzər saldıqda çox acınacaqlı bir mənzərə ilə qarşılaşırıq:
1. Gənclərin, tələbələrin əksəriyyəti kitab oxumur. Hətta onların içərisində dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadəni belə tanımayanlar var.
2. Gənclərin əksəriyyəti bir dəfə də olsun teatr tamaşası izləməyiblər və ya teatr və tamaşa sözlərinin fərqini belə bilmirlər.
3. Müharibə şəraitində olan ölkənin gəncləri vətənpərvərlik ruhunda çəkilən filmlərə, göstərilən tamaşalara baxmaq əvəzinə erotika, fantastika, komediya yönümlü film və ya tamaşalara üstünlük verirlər.
Bu siyahını sonsuzadək uzatmaq olar. Böyük təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, gələcəyimiz olan uşaqlar böyüyəndə Cavad xan, Koroğlu, Babək, deyil, Betmen, Supermen, Hörümçək adam olmağı arzulayırlar. Körpələrin beyinlərinin bu cür yuyulması, onların robotlaşmağa doğru irəliləmələri dəhşətli bir haldır. Əgər bu gün ibtidai təhsil dövründəki uşaq Cek Çanı, Van-Dammı, Stalloneni tanıdığı halda Şah Qacarı, Əmir Teymuru, Şah İsmayılı, Koroğlunu, Babəki, Qaçaq Nəbini və b. qəhrəmanları tanımırsa bu ilk növbədə təhsilin-məktəbin, müəllimlərin və... sosial uyğunsuzluğun (izahedilməsi çətin olan qərarların) günahıdır.
Sürətlə böyüyən bir hörümçək toru kimi bütün dünyanı əhatə edən texnologiya ilə birlikdə insani dəyərlər unudulmağa başlayır. Bu səbəblə demək olar ki, antik dövr filosoflarının etdikləri kimi təkrar insanı axtarmağın vaxtı gəlib çatmışdır.
Bu gün məktəb, məktəbəqədər və ibtidai təhsil dövründəki uşaqları ünsiyyətə, mədəni ehtiyac mübadiləsinə yönləndirmək təhsilin, o cümlədən təhsil sisteminin əsas prioriteti olmalıdır. Əks halda sonuc “təbii” və “normal” insanın kökünün kəsilməsinə, ancaq mexanizmləşən dünyada avtomatlaşan yeni insanın var olmasına səbəb olacaqdır. Ənənəvi təhsil sistemini idarə etməyə əsaslanan vasitələr bu mexanizmləşməni sürətləndirmiş, idarə olunması istənilən mexaniki insan sadəcə bir düyməsi basılması kifayət edəcək “siçan” halına gəlmişdir. Lakin bu gün məmləkətimizdə təhsil sahəsində verilən qərarların daha humanist olması mümkün olsaydı aşağıdakı həll yolu həm təhsil həm də teatrın vəziyyətinin düzəlməsinə kömək edə bilərdi.
“Tövsiyyə” xarakterli “xəyal”lardan ibarət sıralanma budur:
1. Məktəb və universitet daxilində teatr bucağının, teatr məkanının yaradılması.
2. Məktəb dərsliyində keçirilən mövzular (ədəbiyyat, tarix) ilə eyni zamanda teatrların repertuarının izlənməsi. Fikrimi daha da açıqlasam, əgər şagird M.F.Axundzadənin yaradıcılığını öyrənirsə, onun qəhrəmanlarını teatr səhnəsində əyani görməsi yüksək effekt verəcəkdir.
3. Ödənişsiz olaraq tələbələrə xidmət edən tədbirlərin həyata keçirilməsi.
4. Tamaşanın və aktyorların tanıtdırılması.
5. Master-klassların təşkil olunması və tələbələrə yaradıcı olmaqda teatrın önəminin izah edilməsi.
Dövrümüzdə əksər tələbələrin bir dəfə də olsun teatrda olmamaqları, hətta əsas teatrların harada yerləşdiyindən xəbərsiz olmaları çox acınacaqlı haldır. Bir çox tələbələr teatr tamaşalarının onların zövqlərini oxşamadıqlarını qeyd edirlər. Lakin erotik yönümlü, ucuz komediya xarakterli “tamaşalar”da gənclərin-tələbələrin üstünlük təşkil etməsi bu zövqün nədən ibarət olduğunu açıq şəkildə göstərir. Yerli tamaşalara demək olar ki, 5-10 nəfər gələn tamaşaçı, xarici şou-biznes nümayəndəsinin konsertinə izdihamla axışır.
Beləliklə, sosial-mədəni sferada həyata keçirələcək bu tədbirlərlə tamaşaçının teatra ayağının açılmasına həm də müəyyən dünyagörüşünə sahib olmasına kömək etmək olar. Xüsusən texnologiya dünyasında düşüncələri pozulan gənclərin buna çox ehtiyacları var. Bu gəncləri xilas etmək, texnologiyanın caynağından qurtarmaq teatrın və təhsilin üzərinə düşür. Çünki elmi-mədəni səviyyə gəncləri aydınlığa çıxara biləcək qüvvədir.
Əgər teatr gənclərin maariflənməsi üçün əlindən gələni əsirgəməzsə, bunun qarşılığını mütləq şəkildə ala bilər. Bakıda çox sayda gənclərdən, tələbələrdən ibarət böyük tamaşaçı potensialı var. Sadəcə onların arasında olan əlaqəni heç bir mənada pozmaq lazım deyil. Çünki insanların bir yerdə yaşaya bilmələri üçün bir-birilərilə əlaqə qura bilmələri vacibdir. Teatr sənəti və teatr təhsilindəki əlaqələr sisteminin təbii insanı necə meydana çıxardığı və bəşəri səviyyəyə necə çatdırdığı bu şəkildə izah edilə bilər:
Əlaqə nədir?
Əsas olaraq əlaqə iki sistem arasındakı mübadilədir. Texniki olaraq isə əlaqə mənbədən çıxan məlumatın alıcıya hər hansı bir vasitə yolu ilə çatdırılmasıdır.
Əlaqəni sadə anlamda daxili əlaqə və xarici əlaqə olaraq iki yerə bölmək mümkündür. Daxili əlaqə bir sisteminin özünü tamamlaya bilməsi üçün öz içində məlumat mübadiləsi etməsidir. Xarici əlaqə isə özünü tamamlayan sistemlər arasındakı məlumat mübadiləsidir.
Teatr əlaqə vasitəsi kimi dramaturq, rejissor, aktyor və b. ilə öz-özlüyündə tək bir sistemdir. Dramaturqun (mənbə) istehsal etdiyi fikir (məhsul) pyes olaraq rejissorun əlinə keçir. Rejissor bu məhsul üzərində işləyir və onu ssenari şəklində aktyora (alıcıya) ötürür. Aktyor isə öz növbəsində bu məhsulu tamaşa şəklində seyriciyə təqdim edir. Beləliklə dramaturqdan aktyora qədər olan əlaqə daxili əlaqə, aktyordan tamaşaçıya qədər olan əlaqə isə xarici əlaqə hesab oluna bilər.
Teatr sistemi öz daxilində əlaqələr sistemini həyata keçirib bunu tamaşaçıya çatdırdığı kimi, tamaşaçı da öz ehtiyaclarını dərk edərək öz daxilində əlaqələr sistemini həyata keçirir və sistematik olaraq tamaşaya qoşulur.
Həm təhsil, həm məşq, həm də tamaşa əsnasında həm aktyorlar, həm də tamaşaçılar bir çox sınaqdan keçirlər və şəxsi olaraq inkişaf edirlər. Tamaşa zamanı aktyor və tamaşaçı ünsiyyət qurmaq məharəti əldə edirlər. Tamaşadan sonra isə bu bacarıq gündəlik həyatlarına bir rəng qatır.
Aktyor ifaçılığı baxımından səhnədəki daxili əlaqə aktyora çox böyük ünsiyyət qurmaq məharəti qazandırır. Xüsusən səhnədə qazanılan intuitiv əlaqə, gündəlik həyatda aktyora digər insanlarla rahat ünsiyyət qurmağa kömək edir. Aktyor qarşısındakı insanın necə reaksiya verəcəyini öncədən sezir və əlaqni istiqamətləndirən şəxs olur. Bu səbəblə də aktyorlar onlarla ünsiyyətə girilməsi bəyənilən şəxslərdir. Razı salma bacarıqları yüksəkdir və qarşısındakı insana “bəli” söylətməyə qadirdirlər.
Tamaşaçı baxımından əlaqəyə gəlincə, əgər tamaşaçı komediya tamaşasına getmək istəyirsə özünü gülməyə proqramlaşdırır və bu səbəblə gündəlik həyatlarına nisbətən daha çox gülür. Bunun tam əksi də ola bilər. Tamaşaçının özünü bir tamaşanı izləməyə hazırlaması ona duyğularını idarə etməyə kömək edir. Duyğularını idarə edə bilən bir şəxs digər şəxslərlə əlaqəyə girərkən daha rahat olur. Ani reaksiyalardan uzaqdır və söyləyəcəklərini əvvəlcədən ölçüb-biçir, sonra ötürür və beləliklə əlaqəni istiqamətləndirən şəxs olur.Tamaşaçının bir faciədəki bir əsas obrazla duyğusal əlaqə qurması da onun bu istedadını inkişaf etdirməyə kömək edir ki, bu da sağlam əlaqənin bünövrəsidir.
Yenə faciədəki katarsis hadisəsi də duyğusal təmizlənməni həyata keçirir və tamaşaçının durğunlaşmasını, gündəlik həyat stresslərindən bir müddət uzaqlaşmasını və öz daxili əlaqəsini daha sağlam həyata keçirməsini təmin etməkdədir. Sonda bütün bunlar bəşəri əlaqə ilə çevrəni qapadır.
Teatr sənətini icra edə bilmək üçün teatr sənətçisi intellektual bir şəxsiyyət olmalıdır. Özünü tamamlayan sənətçi müdrik insandır və əsas vəzifəsi çoxluq təşkil edən digər insanları məlumatlandırmaqdır. Müdrik insanın saçdığı həyat işığı - cinsi, dini və irqi ayrı-seçkilik etmədən bütün insanları və canlıları aydınlığa çıxartmalıdır.
Sənət bəşəridir. Düzgün bir şəkildə həyata keçirilən bütün sənət növləri də bəşəri əlaqəyə dəstək olmaqdadır. Bu gün bünövrəsi qoyulan lazımsız bir ənənə sabah ya elmli-bilikli ancaq universallıqdan uzaq olan gənclər, ya da daha pis halda attestatı niyə aldığını bilməyən-sonucda uçuruma yönələn gənc nəsli yetişdirəcək. Əsas məsələ bütün komponentlərin teatrın, təhsilin-onların əsasında duran texnologiyanın bütöv əlaqəsini sistematik şəkildə işlətməkdir. Nəticəsi aydın gənclər olsun deyə...

Aygün Süleymanova
teatrşünas
banner

Oxşar Xəbərlər