• cümə axşamı, 28 mart, 15:01
  • Baku Bakı 16°C

Prioritet istiqamətlər Mehriban Əliyevanın diqqət mərkəzində

05.04.17 11:30 1710
Prioritet istiqamətlər Mehriban Əliyevanın diqqət mərkəzində
Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyeva dövlət vəzifəsi daşımazdan öncə də ölkə daxilində, eləcə də xaricdə ictimai-siyasi proseslərin iştirakçısı, kifayət qədər tanınan, nüfuzlu insan olub. O, Heydər Əliyev Fondunun prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı kimi özünəxas nəcib, humanist və insanpərvər xarakteri ilə cəmiyyətdə mənəvi aşınma yaradan, eləcə də saf və ali dəyərləri ucuzlaşdıran mənfi meyillərə qarşı hər zaman barışmaz mövqe tutub.


Mehriban xanım ölkəmizdə elmin, təhsilin, mədəniyyətin inkişafı, sosial problemlərin həlli naminə fəal işlər görüb, cəmiyyətin inkişafı üçün var gücü ilə çalışıb, Azərbaycan qadınının ictimai fəaliyyətinin yeni səhifəsini açıb. Buna görə də onun hərtərəfli fəaliyyəti Azərbaycan vətəndaşları tərəfindən daim yüksək qiymətləndirilib. Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 21-də imzaladığı sərəncamla ölkənin Birinci vitse-prezidenti postuna təyin olunduqdan sonra da ölkənin ictimai-siyasi, mədəni, humanitar həyatında mühüm və fəal rol oynayacağını, daha çox isə sosial sahəyə diqqət ayıracağını bəyan edib. Mehriban xanım xarici mediaya müsahibəsində Birinci vitse-prezident kimi bundan sonrakı işlərini sosial məsələlərin, əhalinin aztəminatlı hissəsinin problemlərinin həlli üzərində qurmaq niyyətində olduğunu söyləyib. O, mərhəmətsizlik və laqeydliyin qorxulu anlayışlar olduğunu diqqətə çatdıraraq, istər ictimai xadim, istərsə də dövlət məmuru üçün humanizmi qorumağın vacib olduğunu vurğulayıb.

Çox keçməyib ki, Mehriban xanımın səsləndirdiyi bu fikirlər onun əməli fəaliyyətində də müşahidə olunmağa başlayıb. Belə ki, martın 9-da birinci vitse-prezidentin sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın, məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirə keçirilib. Mehriban xanım doğma torpaqlarından didərgin düşmüş soydaşlarımızın üzləşdiyi ağır problemlərin həllinin artıq 20 ildən çoxdur ki, Azərbaycan dövlətinin diqqət mərkəzində olduğunu xatırladıb. Qeyd edib ki, Prezident İlham Əliyevin imzaladığı ilk sərəncamlarından biri 2004-cü ildə qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğun artırılması üzrə Dövlət Proqramı ilə bağlı olub, 2007-2011-ci illərdə həmin proqrama əlavələr təsdiqlənib. Mehriban xanım Dövlət Proqramına uyğun olaraq, qaçqın və məcburi köçkün soydaşlarımızın sosial, təhsil, məşğulluq, yaşayış və tibbi təminatına dair bütün lazımi tədbirlərin mərhələlərlə həyata keçirildiyini xatırladıb. Deyib ki, bu proseslər indi də davam etdirilməkdədir. Birinci vitse-prezident indiyə qədər bölgələrdə məcburi köçkünlər üçün 100-ə yaxın müasir yaşayış kompleksinin salındığını, 250 min köçkünün yeni mənzillə təmin olunduğunu söyləyib. O, soydaşlarımızın işlə təmin olunması istiqamətində atılan addımlardan da söhbət açıb. Bildirib ki, son 13 ildə 400 min qaçqın və məcburi köçkün işlə təmin olunub.

Mehriban xanım ölkə ərazisindəki bütün çadır düşərgələrinin artıq ləğv olunduğunu, orada məskunlaşan məcburi köçkün ailələrinin yeni salınmış qəsəbələrə köçürüldüyünü bir daha xatırladaraq əlavə edib ki, Dövlət Proqramında bu istiqamətdə həyata keçirilən tədbirlərin icrası üçün bütövlükdə 6 milyard manatdan çox vəsait ayrılıb. Qeyd edib ki, dünyanın bir sıra aparıcı beynəlxalq təşkilatları, o cümlədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı da ölkəmizdə qaçqınlara və məcburi köçkünlərə göstərilən qayğını çox yüksək qiymətləndirir, hətta bir çox hallarda Azərbaycanı bu sahədə nümunəvi dövlət adlandırırlar. Birinci vitse-prezident M.Əliyeva müşavirədəki çıxışında görülən işləri qeyd etməklə yanaşı, hələ də ağır vəziyyətdə, qəzalı və yararsız binalarda kifayət qədər məcburi köçkün ailəsinin yaşadığını da xatırladıb. Bildirib ki, Bakı və Sumqayıt şəhərlərində yararsız, qəzalı binalarda yaşayan bütün köçkün ailələri tezliklə yeni mənzillərə köçürülməlidir. Onun sözlərinə görə, qarşıda duran əsas məqsəd qəzalı binalarda yaşayan bütün köçkünləri bu il və gələn il ərzində yeni mənzillərlə təmin etməkdir.

Aprelin 3-də isə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 2016-cı ilin aprel döyüşləri zamanı Azərbaycan Ordusunun yaralanmış bir qrup əsgər və zabiti ilə görüşüb. Görüşdə Mehriban Əliyevanın iştirakı ilə "2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsi təqdim olunub. Əsgər və zabitlər qarşısında çıxış edən Mehriban xanım bildirib ki, aprel hadisələri Azərbaycan dövlətinin qüdrətini, xalqımızın birliyini göstərib. O, Azərbaycan Silahlı Qüvvələrinin bu gün qüdrətli, lazımi müasir silah və texnika ilə tam təmin olunmuş ordu olduğunu vurğulayıb. Bildirib ki, Azərbaycan əsgərləri yüksək peşəkarlıq, vətənpərvərlik, qəhrəmanlıq göstərərək işğal altında olan torpaqların bir qismini azad ediblər. Mehriban xanım ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralanmış, xəsarət almış əsgərlərimizin sağlamlığının bərpasına Azərbaycan dövlətinin xüsusi diqqətlə yanaşdığını da dilə gətirib. Deyib ki, Azərbaycan dövləti və Azərbaycan xalqı üçün hər bir əsgər əzizdir, dəyərlidir. Mehriban xanım aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin də normal həyata qayıtması üçün bütün lazımi addımların atılacağını söyləyib. Qeyd edib ki, şəxsən onun tapşırığı ilə yaralanmış əsgər və zabitlərin hər birinə fərdi yanaşılacaq, onlar normal hərəkət dinamikasına yardım edən müasir protezlə təmin olunacaqlar. Mehriban xanım bildirib ki, xüsusi işçi qrup yaradılıb və bu qrupda çalışan insanlar həm protezlərin təminatı, həm də gələcək mərhələdə onların texniki xidmətini həyata keçirəcəklər. Onun sözlərinə görə, iyirmi gün ərzində bütün lazımi işlər görüləcək. Mehriban xanım rəhbərlik etdiyi Heydər Əliyev Fondunun işçilərinin də hər zaman yaralanmış əsgər və zabitlərə xidmət etməyə, yardım göstərməyə hazır olduğunu bəyan edib.

Milli Məclisin deputatı, politoloq Elman Nəsirov da "Kaspi”yə açıqlamasında Mehriban Əliyevanın Birinci vitse-prezident postuna təyin olunmasından sonra keçirdiyi ilk iclasın qaçqın və məcburi köçkünlərin problemlərinə, ikinci görüşün isə aprel döyüşlərində yaralanmış hərbçilərin qayğılarına həsr olunmasına diqqət çəkib. Deyib ki, bu addımlar cəmiyyət tərəfindən çox böyük ruh yüksəkliyi ilə qarşılanıb. Deputatın sözlərinə görə, ümumiyyətlə, Mehriban xanımın fəaliyyətində sosial istiqamət daha çox müşahidə olunub: "Birinci vitse-prezident təyin olunduqdan sonra Mehriban xanım yeni səlahiyyət çərçivəsində ənənəvi fəaliyyətini daha sistemli şəkildə qurmağa başlayıb. Qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə, onların mənzillərlə, iş yerləri ilə təmin olunmasına, həmçinin aprel döyüşlərində sağlamlıqlarını itirmiş hərbçilərimizin sosial qayğılarının həllinə çalışıb. Bu istiqamətdə o, aidiyyəti icra orqanlarına müvafiq tapşırıqlar verib. Bununla o, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətə öz töhfəsini, dəstəyini vermiş olub. Ona görə də Azərbaycan cəmiyyətinin hər bir üzvü birmənalı olaraq qeyd edir ki, Mehriban Əliyevanın Birinci vitse-prezident kimi fəaliyyətə başlaması insanlarımızın sosial rifah halının yaxşılaşdırılması istiqamətində konkret addımlarla müşayiət olunacaq. İnsanlarda böyük ümidlər yaranıb ki, bu çərçivədə məsələlər operativ şəkildə, qısa müddətdə həllini tapacaq”.

Mehriban xanım Əliyevanın Birinci vitse-prezident təyin edilənə qədərki fəaliyyətini nəzərə alaraq, əminliklə qeyd etmək olar ki, o, yeni vəzifəsində də Prezident İlham Əliyevin ən yaxın silahdaşına çevriləcək, onunla birlikdə Azərbaycanın daha sürətlə inkişaf etdirilməsinə töhfə verəcək.

Alpər TURAN

banner

Oxşar Xəbərlər