• çərşənbə, 24 Aprel, 22:13
  • Baku Bakı 23°C

Prezidentlərin Tehran görüşünün regional əhəmiyyəti nədən ibarətdir?

03.11.17 12:00 796
Prezidentlərin Tehran görüşünün regional əhəmiyyəti nədən ibarətdir?
Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışının ardınca Tehranda Azərbaycan, Rusiya və İran prezidentlərinin iştirakı ilə üçtərəfli görüş keçirildi. Prezidentlərin görüşündə regionda təhlüksəzilik, terrorçuluqla mübarizə, iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi və digər məsələlər müzakirə olunub. Onu da qeyd edək ki, ilk belə üçtərəfli görüş Azərbaycanda keçirilib.

Xəzər regionu ölkələrindən üçünün bu formatda görüşündə, həmçinin "Şimal-Cənub” layihəsi barədə də fakir mübadiləsi aparılıb və prezidentlərin yekdil qərarına əsasən bu layihənin tezliklə reallaşdırılması qərara alınıb. Bu da bir daha Azərbaycanın regiondakı mövqeyinin əhəmiyyətini ortaya qoymuş oldu.

Bütövlükdə isə Azərbaycan, Rusiya və İran arasında üçtərəfli əməkdaşlıq iqtisadi baxımdan regiona hansı faydanı verə bilər?

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Aydın Mizəzadə bildirdi ki, Tehranda Azərbaycan, İran və Rusiya prezidentlərinin iştirakı ilə üçtərəfli görüşün xüsusi əhəmiyyəti var: "Birincisi, üç nüfuzlu dövlətin mehriban qonşuluq münasibətləri və birgə layihələr üzərində çalışması regiona stabillik və təhlükəsizlik gətirir. Digər tərəfdən, birgə iqtisadi layihələrin irəli sürülməsi hər üç ölkədə böyük sayda yeni iş yerinin yaranmasına və "Şimal-Cənub” nəqliyyat dəhlizinin işə düşməsi nəticəsində bir çox sahələrin inkişafına gətirib çıxaracaq. Eyni zamanda ölkələrin bu qədər dostlaşması Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsində mövqelərin yaxınlaşmasını təmin edəcək. Çox ciddi bir iqtisadi layihənin həyata keçməsi müəyyən təcrübənin toplanmasına və gələcəkdə hər üç ölkə üçün maraq doğuran yeni layihələrin işə düşməsinə səbəb olacaq. Ən əsası isə, Azərbaycan, Rusiya və İran dünyaya mehriban qonşuluq əsasında bu gün stabilliyi təmin etməyin və problemlərin həllinin mümkünlüyü mesajını vermiş oldu”.

AMizəzadə əlavə etdi ki, Azərbaycan geosiyasi vəziyyətinə görə regionda çox əhəmiyyətli bir mövqedə yerləşir: "Ancaq Azərbaycan rəhbərliyi bu gün sadəcə olaraq coğrafi üstünlükdən istifadə etmir. Düşünülmüş daxili və xarici siyasət ölkənin problemlərinin həllinə, dostlarının çoxalmasına və strateji fəaliyyətin aparılmasına səbəb oldu. Eyni zamanda "Şimal-Cənub” layihəsinin həyata keçməsi Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin daha böyük güclə işləməsinə səbəb olacaq. Çünki həm İrandan, həm Rusiyadan gələn yüklərin bir qismini artıq Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə yönləndirmək mümkündür ki, hər iki ölkə buna böyük maraq göstərir. Həmçinin iki əhəmiyyətli nəqliyyat dəhlizinin Azərbaycandan keçməsi ölkəmizin logistik mərkəzə çevrilməsinə və nəqliyyata bağlı olan digər sahələrin intensiv inkişafına gətirib çıxaracaq. Ümumən götürdükdə, Azərbaycanın bu gün nəqliyyat qovşağına çevrilməsi ölkəmizin qeyri-neft sektorunun inkişafına da çox güclü təkan verəcək”.

Millət vəkili, professor Musa Qasımlı bildirdi ki, prezidentlər İlham Əliyev, Vladimir Putin və Həsən Ruhaninin Tehranda görüşü çoxşaxəli, çoxistiqamətli xarici siyasətimizi həyata keçirən diplomatiyamızın uğurlu fəaliyyətinin konkret təzahürüdür. Onun sözlərinə görə, bu, bir daha təsdiq edir ki, Prezident İlham Əliyevin yürütdüyü siyasət geniş və əhatəli olub, Azərbaycanı təkcə Şərq və Qərb arasında deyil, eyni zamanda Şimal və Cənub arasında qovşaq, şəbəkə ölkə halına gətirir, dövlətimizin rolunu artırır, mövqelərini möhkəmləndirir: "Məhz bu əməkdaşlıq nəticəsində Şimal-Cənub dəmiryol xəttinin işə düşməsi böyük əhəmiyyət daşıyacaq, ölkəmizi Fars körfəzinə, Hind okeanına çıxaracaq və Ermənistan tərəfindən blokadada saxlanılan Naxçıvanın da problemlərini həll etməyə yardımçı olacaq. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında dövlətimizin iştirak etdiyi və ya həyata keçirdiyi layihələr Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır, millətimizin mənəvi-psixoloji ruhunu və özünəinam hissini yüksəldir”.

Politoloq Fikrət Sadıxov isə qeyd etdi ki, Azərbaycan, Rusiya və İranın dövlət başçılarının Tehran sammiti strateji əhəmiyyəti daşıyır: "Hesab edirəm ki, Azərbaycan, Rusiya və İran prezidentlərinin Tehran sammiti uğurla nəticələndi”. F.Sadıqov vurğuladı ki, sammit çərçivəsində enerji, nəqliyyat, təhlükəsizlik, iqtisadi əməkdaşlıq və digər sahələrə dair mühüm müzakirələr keçirildi. Onun sözlərinə görə, diqqət çəkən məqamlardan biri bu müzakirələrlə yanaşı, həm də mühüm qərarların qəbul edilməsidir: "Bu qərarların bir hissəsi nəqliyyat layihələri ilə bağlıdır. Artıq Astara-Rəşt dəmir yolunun Azərbaycan tərəfdə olan hissəsi hazırdır. Fikrimcə, bu yolun çox böyük strateji əhəmiyyəti var, çünki qlobal layihənin tərkib hissəsidir”.
Politoloqun sözlərinə görə, Azərbaycanın Rusiya və İranla münasibətləri kifayət qədər stabildir və partnyorluq formatındadır: "Məhz bu mənada Tehran sammitinin strateji əhəmiyyəti var. Həmçinin sammitin regional əhəmiyyəti böyükdür. Prezidentlər regionda stabillik, terrorizmə qarşı mübarizə, cinayətkarlığa qarşı birgə səyləri müzakirə edib. Bu da regionda stabilliyin bərpa olunmasına və inkişafına böyük təkan verəcək”.
Bəxtiyar MƏMMƏDLİ

banner

Oxşar Xəbərlər