• çərşənbə axşamı, 19 mart, 09:50
  • Baku Bakı 8°C

Prezidentin müsəlman və xristian dünyasına Şuşadan verdiyi mesaj

16.01.21 19:15 897
Prezidentin müsəlman və xristian dünyasına Şuşadan verdiyi mesaj
Ulu öndər Heydər Əliyev 1982-ci il yanvarın 14-də böyük şair və ictimai xadim Molla Pənah Vaqifin Şuşada məqbərəsinin açılışını etmişdi. Həmin tədbirdə iştirak etmiş 21 yaşlı İlham Əliyev heç vaxt fikirləşməzdi ki, Azərbaycanın qeyrət qalası olan Şuşa 10 ildən sonra işğal ediləcək və məhz o, bu işğala son qoyaraq 39 ildən sonra, eyni gündə bu müqəddəs şəhərə Müzəffər Ali Baş Komandan kimi geri qayıdacaq.
Kaspi.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev bildirib.
Azay Quliyev deyib: "Bəli, bu tarixi və şərəfli missiya məhz Prezident İlham Əliyevin taleyinə yazılmışdı. Azərbaycan xalqının tapdanmış qürurunu və heysiyyətini bərpa etməyi, dahi şəxsiyyətlərimiz Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün erməni vəhşiləri tərəfindən güllələnmiş büstünü doğma vətənlərinə qaytarmağı, qan yaddaşımızda daşlaşmış Cıdır düzündə öz qəhrəman əsgərlərini salamlamağı yalnız Ali Baş Komandan kimi cənab İlham Əliyev bacardı.
Qarabağ torpaqlarını, Şuşanı Heydər Əliyevin dövlətçilik məfkurəsinin və İlham Əliyev idarəçiliyinin yetirməsi olan gənclər böyük qəhrəmanlıq və şücaət göstərərək azad etdilər. Ali Baş Komandanın qətiyyətli iradəsi və "dəmir yumruğu” ilə əsgər və zabitlərimizin igidliyi, Vətən sevgisi və düşmənə olan nifrəti birləşərək dünyanın hərbi ekspertlərini heyrətləndirən Şuşanın azad olunma əməliyyatını uğurla başa çatdırmağa nail oldular.
Azərbaycan Prezidentinin Şuşa səfəri həm də böyük qayıdışın Şuşadan başlayacağının yeni anonsu idi. Ali Baş Komandanın revanşizm xülyalarında olan düşmənə məhz Şuşadan mesaj verməsi, onlara dəmir yumruğunu bir daha xatırlatması həm də rəmzi məna daşıyır. Çünki "Şuşaya sahib olan bütün Qarabağa nəzarət edir” gerçəkliyini hamı, o cümlədən ermənilər də yaxşı başa düşürlər.
Səfərdə diqqəti cəlb edən məqamlardan biri də Prezidentin, Mehriban xanımın və Leyla xanımın Şuşada olan müqəddəs yerləri, məscidləri ziyarət etmələri, eyni zamanda xristian dini məbədinə baş çəkmələridir. Bununla mesaj verildi ki, Şuşadakı Aşağı və Yuxarı Gövhər ağa məscidləri və Qarabağda olan Qafqaz Albaniyası mədəniyyətinin nümunələri, o cümlədən Qazançı məbədi bundan sonra Azərbaycan dövləti tərəfindən qorunacaq. Heydər Əliyev Fondu indiyədək yüzlərlə tarixi və dini abidənin bərpası, qorunması və dünyaya tanıdılması istiqamətində çoxlu işlər görüb. Eyni xoş tale Qarabağda olan xristian dini məbədlərini də gözləyir. Bu, həm də xristian dini altında pərdələnərək öz çirkin niyyətlərini həyata keçirmək istəyən, işğala dini münaqişə donu geyindirərək ona haqq qazandırmağa çalışan ermənilərə və onların havadarlarına Azərbaycanın tutarlı cavabı, ölkəmizin multikultural dəyərlərə nə qədər önəm verdiyinin, bütün dinlərə və millətlərə bərabər şəkildə hörmət olunduğunun bir daha nümayişi idi.
Eyni zamanda, dövlət başçısı tərəfindən Ermənistanın bir ölkənin şirkətinin iştirakı ilə təmir-bərpa işləri adı altında Şuşadakı Yuxarı Gövhər ağa məscidinin tarixinin saxtalaşdırmasının, "Azərbaycan izi”nin silinməsinə cəhd edilməsinin, İslam abidələrini təhqir etdikdən sonra müsəlman ölkələri ilə riyakarcasına dostluq əlaqələri qurmasının sərt tənqid olunması həmin ölkələrə həm etiraz, həm də xəbərdarlıq idi. Əminik ki, Prezidentin müsəlman və xristian dünyasına Şuşadan verdiyi mesajlar ünvanına çatıb”.
banner

Oxşar Xəbərlər