• çərşənbə axşamı, 19 mart, 08:55
  • Baku Bakı 8°C

Hikmət Məmmədov: "Prezidentin Fransa səfəri ölkələrimizarası münasibətlərin inkişafında yeni səhifənin başlanğıcı oldu"

16.03.17 10:00 3040
Hikmət Məmmədov: "Prezidentin Fransa səfəri ölkələrimizarası münasibətlərin inkişafında yeni səhifənin başlanğıcı oldu"
Politoloq: "Fransa Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq hüquqa, ədalətə söykənən mövqe tutmalı, mövcud reallıqları dərk etməlidir"
Martın 12-15-i tarixində Azərbaycan Prezidenti İlham Əliyev Fransada rəsmi səfərdə olub. Səfər çərçivəsində dövlətimizin başçısı MEDEF biznes şurasının üzvləri ilə görüşüb, Azərbaycan iqtisadiyyatı, ölkəmizdə həyata keçirilən islahatlar, biznesin inkişafı və sərmayədarlar üçün yaradılmış şərait barədə geniş məlumat verib, həmçinin onları maraqlandıran sualları cavablandırıb. Martın 14-də isə dövlətimizin başçısı Fransa Senatının sədri Jerar Larşe, Milli Assambleyasının sədri Klod Bartolon və Fransa prezidenti Fransua Ollandla görüşüb, qarşılıqlı fikir mübadiləsi aparılıb. Prezidentlərin iştirakı ilə Azərbaycan-Fransa sənədlərinin imzalanması mərasimindən sonra hər iki dövlət başçısı mətbuata bəyanatla çıxış ediblər.Azərbaycan Prezidentinin Fransa səfəri, keçirdiyi görüşlər, səsləndiyi fikirlər, bu səfərin ölkələrimiz arasında münasibətlərin inkişafına təsiri və digər məsələlərlə bağlı "Kaspi”nin suallarını Milli Məclisin deputatı, politoloq Hikmət Məmmədovcavablandırır.

- Hikmət müəllim, Prezident İlham Əliyev Fransada rəsmi səfərdə olduğu müddətdə çoxsaylı görüşlər keçirib, müxtəlif rəsmilərlə, o cümlədən tanınmış şirkət rəhbərləri ilə bir sıra mövzularda geniş fikir mübadiləsi aparıb. Siz bu səfərin əhəmiyyətini necə dəyərləndirirsiniz?
- Azərbaycan prezidentinin Fransaya səfəri bu ölkə ilə diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə əlaqədar idi. Fransa-Azərbaycan əlaqələri daim inkişaf edir, siyasi əlaqələrimiz yüksək səviyyədədir. Ölkələrimiz arasında iqtisadi potensial da böyükdür. Azərbaycanda 50-dən çox fransız şirkəti uğurla fəaliyyət göstərir və ölkəmizin iqtisadiyyatına yatırılan investisiyaların həcmi 2 milyard dollardan çoxdur. Fransa-Azərbaycan iqtisadi əlaqələrinin uğurla inkişafı həm Azərbaycanın potensialını, həm də fransız biznes dairələrinin ölkəmizdə fəaliyyət göstərməyə marağını nümayiş etdirir. Kosmik sənaye, su təchizatı, energetika, kənd təsərrüfatı sahəsində Azərbaycanın çox böyük potensialı var. Bununla yanaşı, Azərbaycanın təşəbbüskarlığı ilə reallığa çevrilən bir sıra beynəlxalq layihələrdə iştirakçı kimi Fransanın da böyük marağı var. Buna misal kimi XXI əsrin layihəsi olan Cənub Qaz Dəhlizi layihəsinin adını çəkə bilərik. Məhz bu layihə Avropanın enerji xəritəsini dəyişir və Avropa istehlakçıları üçün yeni təbii qaz mənbəyidir. Bundan başqa, əlverişli coğrafi mövqeyə malik olan, Asiya və Avropanın arasında yerləşən, müasir nəqliyyat infrastrukturuna malik Azərbaycan regionun nəqliyyat qovşağına çevrilməkdədir. Fransada bu layihə də maraqla qarşılanır. Azərbaycanla Fransa arasında mədəniyyət, təhsil sahəsində əlaqələrimiz də yüksək səviyyədədir. Azərbaycan prezidenti iş adamları, şirkət rəhbərləri ilə görüşündə ölkəmizin iqtisadi potensialını ən yüksək səviyyədə, real faktlara əsaslanaraq təqdim etdi. Bu səfər siyasi, iqtisadi xarakterinə görə, eyni zamanda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı aparılan müzakirələr baxımından olduqca əhəmiyyətli hadisə kimi yadda qaldı. ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biri olan Fransa Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Fransada keçirilən görüşlərdə prezident İlham Əliyev bir daha birmənalı olaraq qeyd etdi ki, danışıqlar prosesində Azərbaycanın ərazi bütövlüyü heç zaman müzakirə mövzusu ola bilməz, Dağlıq Qarabağ əzəli, tarixi torpağımızdır. Bu açıqlama Dağlıq Qarabağ problemi ilə manipulyasiya edənlərə, işğala məruz qalan tərəfdən hansısa güzəştlər qoparmağa çalışanlara qətiyyətli cavabdır, aydın mesajdır. Həm bütün bunları, həm də Parisdə keçirilən görüşləri, aparılan müzakirələri, imzalanan sənədləri nəzərə alaraq qeyd edə bilərik ki, Azərbaycan prezidentinin Fransa səfəri ölkələrimiz arasında münasibətlərin inkişafında yeni səhifənin başlanğıcı oldu.

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Fransanın göstərdiyi səyləri yüksək qiymətləndirmək mümkündürmü?
- Bu gün Azərbaycan həmsədr dövlətlərin münaqişənin həlli ilə bağlı fəaliyyətlərindən narazıdır. Hansısa həmsədr dövlətin münaqişənin həllinə töhfə verdiyini söyləmək çətindir. 1994-cü ildə atəşkəs razılaşması imzalanandan sonra yaradılan ATƏT-in Minsk qrupu, həmsədrlik institutu indiyə qədər münaqişənin həllinə hər hansı töhfə verməyib. Belə bir töhfə olsaydı, indiyə qədər Azərbaycanın ərazi bütövlüyü bərpa olunardı. Həmsədrlər bu günə qədər əməli fəaliyyət göstərməyiblər. Azərbaycan prezidentinin Fransa səfərinin bir əhəmiyyəti də bundan ibarət idi ki, Dağlıq Qarabağ probleminə dair danışıqları, münaqişənin həllini ölü nöqtədən tərpətmək mümkün olsun. Xatırlayırsınızsa, Fransa səfərindən bir neçə gün əvvəl Minsk qrupunun həmsədrləri ilə Azərbaycan prezidentinin görüşü də olub. Azərbaycan həmsədr dövlətlərin hər biri ilə ayrı-ayrılıqda görüşməyə hazırdır. Bütün bunların hamısı nəticə etibarilə ona gətirib çıxarmalıdır ki, Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapsın. Bunun üçün də həmsədr dövlətlərinin hər birinin səyləri olduqca vacibdir. Ayrılıqda hansısa həmsədr dövlət daha çox fəallıq nümayiş etdirə bilər. Lakin münaqişənin bütövlükdə həlli 3 həmsədr dövlətin səyləri, razılığı nəticəsində mümkündür. Bu münaqişə həllini tapdığı təqdirdə region daha sürətlə inkişaf edə, Avropanın aparıcı dövləti, Minsk qrupunun həmsədr ölkəsi kimi Fransanın da bu coğrafiyadakı maraqları təmin oluna bilər. Ona görə də Fransa problemin həllində beynəlxalq hüquqa, ədalətə, Avropa dəyərlərinə söykənən mövqe tutmalı, mövcud reallıqları dərk etməlidir. Əks təqdirdə elə bir mərhələ gələ bilər ki, nə Fransanın, nə də digər dövlətlərin vasitəçiliyinə, həmsədrliyinə ehtiyac qalmaz, Azərbaycan aprel döyüşlərində olduğu kimi hərb yolu ilə ərazi bütövlüyünü bərpa edər.

- Fransa rəsmiləri, o cümlədən prezident Fransua Olland da Azərbaycanın ərazi bütövlüyünün ölkəsi tərəfindən dəstəkləndiyini, işğal edilmiş torpaqlarımızda yaradılan qondarma qurumu tanımadıqlarını, Dağlıq Qarabağ münaqişəsinin dövlətlərin ərazi bütövlüyünün qorunması çərçivəsində həllinə tərəfdar olduqlarını bəyan edirlər. Ancaq biz müşahidə edirik ki, Dağlıq Qarabağda bəzi Fransa şirkətləri fəaliyyət göstərir. Bu ziddiyyət, verilən vədlərlə əməli tədbirlərin üst-üstə düşməməsi nədən qaynaqlanır?
- Prezident İlham Əliyev Fransada keçirdiyi görüşlərdə bu məsələyə də toxunub. O, bəzi xarici şirkətlərin Azərbaycanın işğal olunmuş ərazilərində risk altında, qanunsuz fəaliyyət göstərməsinin narahatlıq doğurduğunu diqqətə çatdırıb. Eyni zamanda vurğulayıb ki, həmin ərazilərdə qanunsuz fəaliyyət göstərən şirkətlər bu fəaliyyətlə bağlı riskləri göz altına almalı və belə fəaliyyətdən çəkinməlidirlər. Bəzi Fransa şirkətlərinin həmin ərazilərdə iş qurmasının Azərbaycanla Fransa arasındakı dost münaisbətlərə uyğun olmadığı da xüsusi qeyd edilib. Bununla bağlı mövqe bildirməzdən öncə Fransa prezidentinin bir fikrini xatırlatmaq istəyirəm. Fransua Olland qeyd edib ki, Fransa Azərbaycanın səmimi tərəfdaşıdır. Əgər Fransa prezidentinin dilə gətirdiyi bu fikirlər reallığa əsaslanırsa, o zaman həqiqətən də sübut etməlidirlər ki, Azərbaycanla münasibətlərində səmimidirlər. Biz buna inanmaq istəyirik. Lakin biz onu da yaxşı bilirik ki, Qərbdə ənənəvi ikili standratlar siyasəti həyata keçirilir. Qərbdə hər hansı faktı müxtəlif cür şərh etmə təcrübəsi var. Ciddi araşdırma aparsaq görərik ki, prezidentimizin də qaldırdığı bu məsələdən fransalı diplomatlar müxtəlif vasitələrlə yayınırlar. Gah bu şirkətlərin offşor zonalarda qeydiyyatdan keçdiyini, gah da müstəqil fəaliyyət göstərdiyini, onlara təsir etmə imkanının olmadığını bildirirlər. Bu yanaşma tək Fransada deyil, bütün Avropa, Qərb dövlətlərində var. Onlar bu cür yollarla manipulyasiya edirlər. Lakin bununla belə, Fransa prezidentinin səmimiyyəti dilə gətirməsi bizlərdə müəyyən ümid yaradır ki, heç olmasa bundan sonra qeyd etdiyiniz məsələnin həlli üçün konkret addımlar atılacaq.

- İşğalçı Ermənistan hər zaman Rusiyanı, eyni zamanda Fransanı özünün hamisi sayıb, bu dövlətlərlə münasibətlərə xüsusi önəm verib. Belə olan halda nə üçün Rusiya, eləcə də Fransa bu imkanlardan yararlanaraq işğalçı dövlətə təzyiq göstərmir, danışıqlar prosesinin irəliləməsinə çalışmırlar?
- Həmsədr dövlətlərin hər birinin işğalçı Ermənistana təsir imkanları fərqlidir. Təbii ki, təsir imkanları baxımından ilk yerdə Rusiya dayanır. Tarixi əlaqələr, həmçinin Ermənistanın bir dövlət kimi hazırda mövcud olduğu coğrafiyada yaradılması, ayaqda durması istər çar və sovet Rusiyası, istərsə də müasir Rusiya ilə bağlıdır. Bütün dövrlərdə Ermənistanın mövcudluğu Rusiyadan asılı olub. İndi də bu işğalçı dövlət Rusiyanın forpostu adlandırılır. İqtisadi, siyasi, hərbi rıçaqlar baxımından da Ermənistan daha çox Rusiyadan asılıdır. Ancaq hər nə qədər tarixi olsa da, mövcud geostrateji nöqteyi-nəzərdən bu münasibətlər möhkəm deyil. Ermənistanın Rusiya ilə ümumiyyətlə sərhədləri yoxdur. Ola bilsin Fransanın da Ermənistana mədəni, mənəvi təsirləri böyükdür. 1994-cü ildə Minsk qrupu yaradılarkən Azərbaycan daha çox Almaniya və Türkiyə üzərində dayanır, bu dövlətlərdən birinin də həmsədr olmasına maraq göstərirdi. O zamankı Fransa prezidenti Ermənistanla dost ölkə olduqlarını etiraf edərək demişdi ki, biz məhz bu dostluq münasibətlərimizdən yararlanaraq Dağlıq Qarabağ problemini həll edəcəyik. Əgər doğrudan da Fransa Ermənistanla dost ölkədirsə, onda dost kimi işğalçı dövlətə təsir etsinlər, Sarkisyan rejimini beynəlxalq hüququn tələblərini yerinə yetirməyə, ədalətin bərqərar olmasına səsləsinlər.

- Bu il başlayandan Azərbaycan Prezidenti İ.Əliyev İsveçrə, Belçika, Almaniya, Qətər, Pakistan, İran və Fransada rəsmi səfərlərdə olub. Azərbaycanın həyata keçirdiyi siyasi kurs, bütün bu səfərlər və ən yüksək səviyyədə keçirilən görüşlər, qarşılıqlı əlaqələrin inkişafına dair əldə edilən razılaşmalar tək ölkəmizin deyil, ümumilikdə regionun inkişafına necə təsir edir?
- Hamı etiraf edir ki, Azərbaycan regionda sabitləşdirici funksiya yerinə yetirir. Bu siyasətin fəlsəfəsində, strategiyanın müəyyənləşdirilməsində ümummilli lider Heydər Əliyevin böyük xidmətləri var. Azərbaycanın xarici siyasət strategiyası balanslaşdırılmış siyasətdir. Dövlət başçısı da qeyd edib ki, Azərbaycan qarşıdurma və rəqabət poliqonu deyil, əməkdaşlıq və tərəfdaşlıq məkanıdır. Azərbaycan kimi mürəkkəb coğrafiyada yerləşən ölkənin ən ideal xarici siyasət kursu məhz bu fəlsəfə üzərində qurula bilərdi. Sevindirici haldır ki, bu, baş verdi. Ancaq bunları sözdə demək asandır, gərək əməldə də göstərəsən. Olduqca ziddiyyətli beynəlxalq münasibətlər mərhələsindən keçirik və mürəkkəb geostrateji mövqeyimiz var. Mövcud olduğumuz coğrafiyada dünya siyasətini müəyyənləşdirən, fərqli qütblərdən olan ölkələrin bir çox fərqli maraqları var. Bu maraqların hamısını uzlaşdırmaq və Azərbaycanı əməkdaşlıq məkanına çevirmək olduqca çətindir. Ona görə də cənab prezident qeyd edir ki, Azərbaycan Avropa ilə Şərq arasında yalnız coğrafi körpü rolunu oynamır, eyni zamanda mənəvi, mədəni, iqtisadi körpü funksiyasını yerinə yetirir. Azərbaycan qonşu ölkələrlə üçtərəfli əməkdaşlıq formatlarının təşəbbüskarı kimi çıxış edir, regional əməkdaşlığa öz töhfələrini verir. Dünyada sivilizasiyaların toqquşduğu beynəlxalq münasibətlər müstəvisində Azərbaycan sivilizasiyaların əməkdaşlığının qorunub saxlandığını göstərən müsbət nümunədir.
Rufik İSMAYILOV


banner

Oxşar Xəbərlər