Prezidentə yazırlar: “Sizin millət, Vətən sevginizin qarşılığı ümumxalq sevgisidir”
Azərbaycanda
koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin
sağlamlığının qorunması, eyni zamanda, rifahının yaxşılaşdırılması ilə bağlı atdığı
qətiyyətli addımlara görə Prezident İlham Əliyevə vətəndaşlardan çoxsaylı minnətdarlıq
məktubları gəlməkdə davam edir. Prezidentin saytına istinadla həmin məktublardan
bir qismini təqdim edirik.
Xaricdə yaşayan azərbaycanlıların
diqqət mərkəzində
Qazaxıstan Respublikası Qərbi Qazaxıstan vilayəti yerli
qanunverici orqanının deputatı Ənvər
Ağayev: "Möhtərəm cənab Prezident. Hazırda dünyanın ən böyük problemi
olan koronavirus pandemiyasının qarşısının alınması məqsədilə bütün dövlətlər
çoxsaylı tədbirlər görür, virusun təsirinin azaldılması üçün addımlar atırlar.
Biz - Qazaxıstanda yaşayan azərbaycanlılar yaşadığımız ölkə ilə yanaşı, doğma Vətənimizdə
bu bəlanın yayılmasından narahatlıq keçirsək də, Azərbaycanda
görülən tədbirləri, Sizin örnək fəaliyyətinizi, ölkəmizin hər bir vətəndaşına
göstərdiyiniz diqqət və qayğını heyranlıqla izləyirik. Vaxtında atdığınız
uğurlu addımlar, verdiyiniz müdrik qərarlar, xüsusilə də ölkə vətəndaşlarının
maddi rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyiniz layihələr
xaricdə yaşayan azərbaycanlıların diqqət mərkəzindədir. Belə bir qənaətə gəlir
və bir daha şahidi oluruq ki, Sizin siyasətinizin mərkəzində Azərbaycan vətəndaşı
dayanır. Azərbaycan xalqının rifahı Sizin üçün hər şeydən üstündür. Sizin "Biz birlikdə güclüyük!”
çağırışınız xalqımızın həmrəyliyinə, birliyinə yeni, parlaq çalarlar gətirdi.
Qlobal bəla ilə mübarizədə Azərbaycan xalqı məsuliyyət, yüksək nizam-intizam və
ən başlıcası, milli həmrəylik nümayiş etdirdi. Xaricdə yaşayan azərbaycanlılar
olaraq həm qürbətdəki həmyerlilərimiz, həm də Vətənimiz üçün gördüyünüz işlərdən
qürur duyuruq. Başqa bir ölkənin vətəndaşı olsaq da, Qazaxıstandakı azərbaycanlılar,
qürbət ölkədə mövqe tutmuş, müəyyən söz sahibi olan oğul və qızlarımız üçün
Sizin çağırışınız bir siqnaldır. Biz tarixi məsuliyyətimizlə bu çağırış
qarşısında hər cür fədakarlığa hazır olduğumuzu bildirməkdən şərəf duyuruq”.
Mürəkkəb vəziyyətlərdə qalib gəlmək
Deputat Ə.Ağayev öz məktubunda yazıb ki, qlobal
problemlərlə mübarizədə Azərbaycan yeni bir nümunə yaradıb və indi bütün dünya bu nümunəni öyrənməyə çalışır: "Türkdilli xalqların
liderlərinin videokonfransını keçirməklə Siz böyük türk oğlu kimi ümumbəşəri bəlaya
qarşı birlikdə mücadilənin əhəmiyyətini bütün dünya siyasətçilərinə nümayiş
etdirdiniz. Qlobal problemlərlə mübarizədə Azərbaycan yeni bir nümunə yaratdı və
indi bütün dünya ölkəmizin nümunəsini öyrənməyə çalışır. Biz inanırıq ki, Sizin siyasətinizin
ətrafında hər zaman sıx birləşən Azərbaycan xalqı bu çətin günlərdən də uğurla
çıxacaq. Sizə və ailənizə bu çətin günlərdə əvəzsiz olan cansağlığı arzu
edirik. Siz mürəkkəb vəziyyətlərdə qalib gəlmək
üçün var qüvvənizlə çalışır, mümkün olan hər şeyi edirsiniz. Dünyanın hansı ölkəsində
yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlıya göstərdiyiniz qayğıya görə
Sizə dərin minnətdarlığımı bildirirəm. Cənab
Prezident, Allahın köməyi, Sizin möhkəm iradəniz, eyni zamanda, birlik və həmrəyliyimizin
gücü sayəsində gözə görünən və görünməyən bütün düşmənlərimizə hər zaman qalib
gələcəyimizə öz varlığımız qədər inanırıq”.
Dövlətin qayğısı ilə əhatə olunmaq
Hacıqabul rayon sakini Azər
Əhmədli: "Hörmətli
cənab Prezident. Pandemiya
qlobal bir problemdir, bütün dünya ölkələri bu problemi yaşayır, o cümlədən də
bizim ölkəmiz bu bəla ilə qarşı-qarşıyadır. Ancaq Sizin ölkəmizin inkişafı
naminə apardığınız misilsiz siyasətinizin nəticəsidir ki, qabaqlayıcı tədbirlər
vaxtında görüldüyü üçün Azərbaycanda bu virusa yoluxanların sayı gündən-günə
azalmaqdadır. Mən
Birinci Qarabağ müharibəsi veteranının oğlu olaraq hər bir vətəndaşın probleminə
həssas yanaşdığınıza, göstərdiyiniz diqqət və qayğınıza görə Sizə dərin minnətdarlığımı
bildirirəm. Mən də dövlətimizin qayğısı ilə əhatə olunan vətəndaşlar
sırasındayam və işsiz olduğum üçün 190 manat məbləğində birdəfəlik ödəmə aldım.
Buna görə Sizə minnətdaram. Allah Sizi qorusun”.
Amansız pandemiyaya qarşı layiqli
mübarizə
Sumqayıt şəhər sakini, Əməkdar müəllim Qətibə
Əsədova: "Möhtərəm
cənab Prezident. Mən
70 yaşlı bir ana kimi Sizə və ailənizin hər bir üzvünə dərin sevgi və hörmətimi
bildirmək istəyirəm. Bu il əmək fəaliyyətimi dayandırmışam. Buna baxmayaraq,
Sizin və Mehriban xanımın istər işləyən nəslə, istərsə də təqaüddə olan yaşlı nəslə
diqqət və qayğınızı çox yüksək qiymətləndirirəm. Sizin yorulmaz fəaliyyətiniz nəticəsində
Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələrindən çox irəli gedərək, bu amansız
pandemiyaya qarşı layiqli mübarizə apardı. Allaha şükürlər olsun ki, ölkəmiz
Sizin sayənizdə bu bəladan az itkilərlə qurtulmaqdadır. Cənab Prezident, onu da bildirmək
istərdim ki, Sizin millət, Vətən sevginizin qarşılığı ümumxalq sevgisidir. Azərbaycanımız
naminə gördüyünüz hər bir işə görə Sizə
çox minnətdarıq. Allah Sizi qorusun”.
"Bu xalq hər zaman Sizinlə birlikdə
güclü olacaqdır”
Mingəçevir sakini, tarix müəllimi Mənsur
Həsənov: "Möhtərəm
cənab Prezidentimiz. Dünyamız
çətin sınaq qarşısında ikən xalqımızı bu bəladan hifz etmək üçün gördüyünuz tədbirlər
və ard-arda verdiyiniz mühüm fərman və sərəncamlarınıza görə bir vətəndaş
olaraq Sizə dərin təşəkkürümüzü bildirirəm. Cənab
Prezident, xalqımız dünyanı bürüyən ağır pandemiya dövründə "Biz birlikdə
güclüyük!" çağırışınız ətrafında sıx birləşdi. Bu gün əminliklə deyə bilərəm
ki, görülən təxirəsalınmaz tədbirləriniz sayəsində pandemiyaya qarşı mübarizə
öz səmərəsini göstərməkdədir. Təbii ki, bu, hər bir Azərbaycan vətəndaşını
sevindirir. Bu ağır dövrdə vətəndaşlarımızın rifahı üçün gördüyünüz tədbirlər
bir daha sayənizdə dövlətimizin nə qədər qüdrətli bir ölkə olduğunu hər bir kəsə
və təbii ki, bütün dünyaya göstərdi. Bir
müəllim kimi çalışdığım Mingəçevir şəhər 20 saylı tam orta məktəbin kollektivi
adından Sizə və köməyini xalqımızdan heç zaman əsirgəməyən Birinci
vitse-prezidentimiz Mehriban xanım Əliyevaya dərin minnətdarlığımızı bildirirəm.
Var olun. Əmin olun ki, bu xalq hər zaman Sizinlə birlikdə güclü olacaqdır.
Allah Sizi qorusun”.
"Güclü dövlət olmağımızın əsl səbəbi
Sizsiniz”
Goranboy rayonu Qarqucaq kənd sakini Alik
Quliyev: "Çox
hörmətli cənab Prezident. Mən
dəniz neftçiləri və Goranboy sakinləri adından Sizə minnətdarlığımı və təşəkkürümü
bildirirəm. Son
dövrlərdə Azərbaycanda sürətli inkişafın, neft və qeyri-neft sektorlarında
ciddi irəliləyişin olduğu hamıya bəllidir. Bu inkişaf Sizin apardığınız siyasətin
nəticəsidir. Biz goranboylular Sizin dəstəyinizi və qayğınızı hər zaman hiss
edirik. Ölkəmizdə bütün sahələrdə, xüsusən də siyasi, iqtisadi, məhkəmə, hüquq,
təhsil və səhiyyə sahələrində aparılan islahatlar bunun bariz nümunəsidir. Siz
dediyiniz kimi, Azərbaycan tarixdə heç vaxt bu qədər güclü olmamışdı. Bu gün
güclü dövlət olmağımızın əsl səbəbi Sizsiniz, cənab Prezident! Goranboyda və ətraf rayonlarda da
inkişafın şahidi oluruq. Hər bir Azərbaycan vətəndaşı kimi, mən də öz növbəmdə
çətin neftçi peşəsini layiqincə yerinə yetirməyə çalışıram. Hazırda COVID-19 pandemiyasi ilə
üz-üzəyik. Amma Sizin verdiyiniz qərarlar, atdığınız addımlar sübut edir ki, hər
bir azərbaycanlı üçün ən doğru addım evdə qalmaq, öz sağlamlığını qorumaqdır”.
Minlərlə vətəndaşın işlə təmin
olunması
Qax rayonu Əmircan kənd sakini Əli Seyidəliyev: "Hörmətli cənab Prezident. Dünyanı bürüyən koronavirus
pandemiyası ilə mübarizə sahəsində ölkəmizdə görülən işlər təqdirəlayiqdir.
Virusun ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması ilə bağlı tədbirlər
üçün böyük məbləğdə vəsaitin ayrılması, Koronavirusla Mübarizəyə Dəstək
Fondunun yaradılması, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi bu məsələyə
necə ciddi yanaşıldığını göstərir. Bu müddət ərzində sosial işçi layihəsinin tətbiq
edilməsi və mənim kimi minlərlə vətəndaşın işlə təmin olunması bizə göstərdiyiniz
qayğının və diqqətin təcəssümüdür. Əziz
Prezidentimiz, böyük bir bəla olan koronavirusun ölkəmizdə kütləvi yayılmasının
qarşısını almaq məqsədilə görülən işlərə görə Sizə dərin minnətdarlığımızı
bildiririk. Siz xalqımıza dəstək olduğunuz kimi, xalqımız da hər zaman Sizə dəstəkdir.
Siz dediyiniz kimi,
biz
birlikdə güclüyük!”.
"Çətin günlərdə xalqımıza arxa-dayaq
oldunuz”
Oğuz
rayonu, Ərmənət kənd
sakini Nəriman
Ramazanov: "Hörmətli
cənab Prezident, Ali Baş Komandan. Sizin
ölkəmizi COVID-19 virusundan qorumaq üçün atdığınız hər addımı alqışlayırıq.
Siz bizi bizdən də çox düşünürsünüz. Bunun sayəsində biz bu gün rahat yaşayır,
koronavirusun dünyada yaratdığı dəhşətləri kənardan izləyirik. Bu qayğınıza görə Sizə ailəmiz
adından təşəkkür edirəm. Bu çətin günlərdə xalqımıza arxa-dayaq oldunuz, təhlükəsizliyimiz
üçün əlinizdən gələni əsirgəmədiniz. Biz Sizinlə fəxr edirik. Siz dövlətimizin
başında olduğunuz müddətdə Azərbaycan var olacaqdır. Ulu Tanrı Sizi və ailənizi
qorusun”.
"Biz Sizinlə - cənab Prezidentimizlə
fəxr edirik”
Biləsuvar rayon sakini Sevinc
Qədirova: "Möhtərəm
Prezident. Bütün
dünyanı cənginə alan koronavirus pandemiyasının törətdiyi fəsadların qarşısının
alınması üçün həyata keçirdiyiniz işləri hər birimiz görürük və buna görə Sizə
təşəkkür edirik. Sizin
təşəbbüsünüzlə aztəminatlı ailələrlə bağlı proqramların icrasına başlanıldı.
Dünya ölkələri arasında müqayisədə ölkəmizdə vəziyyət elə də acınacaqlı deyil.
Bu da Sizin qabaqlayıcı tədbirləriniz nəticəsində mümkün oldu. Biz inanırıq ki,
gözəl və firavan həyatımız tezliklə yenidən öz axarı ilə davam edəcək. Biz
Sizinlə - cənab Prezidentimizlə fəxr edirik”.
Xalqın təkcə Prezidenti deyil, həm də
qəhrəmanı
Salyan rayon sakini Şəbnəm Kərimli: "Möhtərəm cənab
Prezident. Sizin
müdrikliyiniz və uzaqgörən siyasətiniz Azərbaycanımızı pandemiyadan da ən yüksək
səviyyədə qorudu. COVID-19 infeksiyasının ölkəmizdə yayılmaması üçün gördüyünüz
təxirəsalınmaz tədbirlərə, bu virusun gələcəyimizi əlimizdən almasına mane olduğunuza
və ən əsası, xalqın təkcə Prezidenti deyil, həm də qəhrəmanı olduğunuza görə
bir gənc kimi Sizə minnətdarlığım sonsuzdur. Uca
Tanrı Sizi və ailənizi qorusun”.
"Biz
birlikdə güclüyük!”
Füzuli rayonu Böyük Bəhmənli kənd sakini Süleyman İsmayılov: "Möhtərəm Prezidentimiz. Bütün bəşəriyyət üçün təhlükə
yaradan koronavirus xəstəliyinin Azərbaycanda geniş yayılmasının qarşısının
alınması üçün Sizin rəhbərliyinizlə həyata keçirilən mübarizə tədbirlər bizdə
böyük qürur hissi yaradıb. Dünyanın ən inkişaf etmiş ölkələrinin, müasir səhiyyə
sistemlərinin belə qarşısında aciz qaldığı bu xəstəlik Ümumdünya Səhiyyə Təşkilatı
tərəfindən hələ pandemiya elan edilməmişdən əvvəl Sizin uzaqgörənliklə
başlatdığınız və birbaşa rəhbərliyinizlə həyata keçirilən tədbirlər nəticəsində
şükürlər olsun ki, ölkəmiz üçün faciəvi nəticələrə gətirib çıxarmadı. Bütün bunlara görə xalqımız Sizə
minnətdarlığını ifadə edir. Azərbaycanın bu sahədəki mübarizəsinin dünya ölkələri
üçün örnək olmasını qürur hissi ilə qarşılayırıq. Məhz görülən tədbirlərin nəticəsidir
ki, son günlər ölkəmizdə bu xəstəliklə bağlı müsbət dinamika müşahidə olunur,
sağalaraq evlərinə qayıdan xəstələrin sayı hər gün artır. Bu çətin günlərdə bütün xalqımız
Sizin "Biz birlikdə güclüyük!” çağırışınızı müsbət əhval-ruhiyyəsi və mənəvi
gücü ilə yaşayır”.
Hazırladı: Rufik İSMAYILOV