• cümə, 26 Aprel, 08:29
  • Baku Bakı 12°C

Prezidentə yazırlar: “Siz xalqımıza xidmət edirsiniz”

27.04.20 14:06 567
Prezidentə yazırlar: “Siz xalqımıza xidmət edirsiniz”
Azərbaycanda koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması, eyni zamanda, rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlara görə Prezident İlham Əliyevə vətəndaşlardan çoxsaylı minnətdarlıq məktubları gəlməkdə davam edir. Prezidentin saytına istinadla həmin məktublardan bir qismini təqdim edirik.
Biz birlikdə güclüyük
Samux rayonu Sərkar kənd ziyalıları: "Möhtərəm cənab Prezident. Planetimizin gözlə görünməyən bəla ilə üzləşdiyi bir vaxtda Sizin xalqımıza əvəzolunmaz dəstəyiniz, apardığınız misilsiz işlər dövlətimizin bu sınaqdan minimum itki ilə çıxacağına zəmin yaradır. Xalqımıza və bütün dünyada yaşayan azərbaycanlılara verdiyiniz dəyərə görə Sərkar kəndinin ziyalıları adından Sizə minnətdarlığımızı bildiririk. Doğrudan da bu çətin günlərdə biz birlikdə güclüyük. Ulu Tanrı Sizi qorusun”.
Xalqa maddi və mənəvi dəstək
Zərdab rayon sakini Şəfəq Səfəliyeva: "Cənab Prezident. Ölkəmizdə əhalinin bütün təbəqələrinin dövlətin yüksək diqqət və qayğısı ilə əhatə olunması həyata keçirilən sosial siyasətin mühüm tərkib hissəsidir. Siz qeyd etdiyiniz kimi, dövlət siyasətinin mərkəzində vətəndaşların rifahı və mənafeyi dayanır. Bu gün yeni növ koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində Azərbaycanda həyata keçirilən operativ tədbirlər Sizin vətəndaşlara verdiyiniz dəyərin parlaq ifadəsidir. Bu çətin şəraitdə Azərbaycan xalqına həm maddi, həm də mənəvi dəstək olduğunuza görə Sizə minnətdarıq”.
Prezidentimizə, dövlətimizə güvənimiz artır
Samux rayonu İnstitut qəsəbəsinin ziyalıları: "Hörmətli cənab Prezident. Çox sevindirici haldır ki, bütün dünyanı cənginə alan koronavirus pandemiyasının sürətlə yayıldığı bir vaxtda Azərbaycanda məhz Sizin uzaqgörən siyasətiniz, qabaqlayıcı tədbirləriniz sayəsində bu virusun genişlənməsinin qarşısı alındı. Sizin məhz Azərbaycan xalqının sağlamlığını, təhlükəsizliyini hər şeydən üstün tutmağınız, bu istiqamətdə vaxtında qəbul etdiyiniz qərarlar sayəsində xalqımız bu bəladan qurtulmaqdadır. Özünütəcrid dövründə verdiyiniz hər bir qərar, imzaladığınız hər bir sərəncam ilə sadə Azərbaycan vətəndaşlarının yanında olduğunuzu, əsil rəhbər, lider kimi cəmiyyətin hər bir üzvünü düşündüyünüzü, onun qayğısına qaldığınızı sübut etdiniz. Belə ki, aztəminatlı ailələrə birdəfəlik müavinətin verilməsi, əhalinin həssas qrupuna aid olan tələbələrin təhsil haqqının dövlət büdcəsi hesabına ödənilməsi, elektrik enerjisinə tələbatın artdığı bir dövrdə güzəştli limitin artırılması, kommunal ödənişlərə edilən güzəştlər, kənd təsərrüfatı ilə məşğul olanlara güzəştli subsidiyaların ayrılması, habelə koronavirus xəstələrinin müalicəsinin dövlət hesabına aparılması Prezidentimizə, dövlətimizə güvənimizi artırdı. Cənab Prezident, biz – Samux ziyalıları da Sizin çağırışlarınıza səs verir, bütün qaydalara riayət etməklə, milli birlik, milli həmrəylik göstərməklə tezliklə bu bəladan tamamilə qurtulacağımıza əminik”.
Dünya ölkələri üçün nümunə
Sumqayıt şəhər sakini Zöhrab Süleyman: "Hörmətli cənab Prezident. Dünyanı cənginə almış koronavirus pandemiyasının ən inkişaf etmiş ölkələri belə viran qoyması fonunda Azərbaycandakı vəziyyət bizi sevindirir. Apardığınız məqsədyönlü siyasət və görülən qabaqlayıcı tədbirlər dünya ölkələri üçün nümunədir. Biz gənclər Sizin bütün addımlarınızı dəstəkləyir, daim yanınızda olduğumuzu bildiririk. Sizin sayənizdə ölkəmiz bu xəstəliyə tezliklə qalib gələcək və yeni inkişaf yoluna qədəm qoyacaqdır. Bakı Ali Neft Məktəbinin rəhbərliyi və professor-müəllim heyəti, həmçinin tələbələri adından Sizə təşəkkürümüzü bildiririk”.
Aparılan müdrik siyasət
Bakı şəhər sakini Ziyad Ağayev: "Cənab Prezident. Mən bir Azərbaycan gənci olaraq Sizin yürütdüyünüz siyasəti bəyənir və dəstəkləyirəm. Təəssüf ki, 2020-ci ildə dünyamız, onun bir parçası olan doğma Vətənimiz böyük bəla ilə üzləşdi. Lakin əminəm ki, apardığınız müdrik siyasət sayəsində biz bu bəladan xilas olacağıq. Mən Sizi ailəmin bir üzvü kimi çox sevirəm. Allah Sizə və Birinci vitse-prezidentimiz Mehriban xanıma cansağlığı versin. Allah Sizi qorusun. Tahir Hacıyev adına 252 nömrəli məktəbin bütün şagirdləri adından Sizə təşəkkürümü və minnətdarlığımı bildirirəm. Biz birlikdə güclüyük”.
Əhaliyə göstərilən dəstək
Şəki şəhər sakini Günay Qurbanova: "Hörmətli Prezidentimiz. Bütün dünyanın koronavirus pandemiyası ilə üz-üzə qaldığı bir dövrdə Sizin rəhbərliyinizlə ölkəmizdə atılan bütün addımları bəyənirik. İnfeksiyanın ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində görülən bütün işlərə görə Sizə dərin təşəkkürümüzü bildiririk. Cənab Prezident, Siz təhlükəni hiss etdiyiniz andan xalqın yanındasınız. Həyata keçirdiyiniz tədbirlər, əhaliyə göstərilən dəstək, yardımlar bir daha sübut edir ki, Siz həqiqətən də əsil azərbaycanlısınız. Qısa zaman kəsiyində tikilən xəstəxanalar, spirt və maska istehsalı müəssisələri göstərir ki, Siz xalqımıza xidmət edirsiniz. Möhtərəm Prezidentimiz, bu məsuliyyətli və şərəfli işinizdə Sizə uğurlar arzu edirik. Allah Sizi və ailənizi qorusun”.
Məsuliyyətli və şərəfli fəaliyyət
Bakı şəhəri, Səbail rayon sakini: "Hörmətli cənab Prezident. Dünyamızı bürüyən COVID-19 pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində görülən qabaqlayıcı tədbirlərə görə bir vətəndaş olaraq Sizə dərin təşəkkürümü bildirirəm. Azərbaycan dünyanın nəhəng ölkələrinin qarşısında aciz qaldığı virusun yayılmasını qabaqcadan gördüyü tədbirlərlə əngəllərdi. Son günlər virusdan sağalan xəstələrin sayının yoluxanların sayını üstələməsi bunu deməyə əsas verir. Cənab Prezident, Azərbaycan vətəndaşının sağlamlığı naminə gördüyünüz qətiyyətli tədbirlərə görə Sizə minnətdarlığımı bildirir, məsuliyyətli və şərəfli fəaliyyətinizdə uğurlar arzulayıram. Allah Sizi bizim başımızın üzərindən əksik etməsin. Biz birlikdə güclüyük”.
Dövlət öz vətəndaşının yanındadır
Bakı şəhəri, Nəsimi rayon sakini Püstəxanım Tağızadə: "Möhtərəm Prezidentimiz. Pandemiya ilə mübarizədə Sizin rəhbərliyinizlə çox vacib qabaqlayıcı tədbirlər görüldü və görülməkdə davam edir. Biz hər zaman şahidi olmuşuq ki, çətin vəziyyətlərdə dövlət öz vətəndaşının yanındadır. Ümumiyyətlə, ölkəmizdə, sözün əsl mənasında, vətəndaş-dövlət etimadı mövcuddur. Biz Koronavirusla Mübarizəyə Dəstək Fondunun nümunəsində bunun bir daha şahidi olduq. Bundan əlavə, xəstəlikdən və onun fəsadlarından əziyyət çəkən sahibkarları unutmayaraq, dövlət onlara öz maliyyə dəstəyini göstərdi. Siz sahibkarlara çağırışlar etdiniz, dediniz ki, işçiləri ixtisar etməsinlər. Çünki indiki şəraitdə bunu etmək bizim həmrəylik təşəbbüsümüzə zidd ola bilər. Həmin çağırışları oxuyanda bir daha əmin oldum ki, Azərbaycan dövləti hər bir vətəndaşının yanındadır və hər birimiz üçün nə qədər narahatlıq keçirir. Əlbəttə, bu, sevginin, qayğının, mərhəmətin bariz nümunəsidir. Təməli ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan uzaqgörən siyasətin, xalq-dövlət, dövlət-xalq birliyinin və həmrəyliyinin bariz nümunəsi məhz budur. Qeyd etməliyəm ki, Azərbaycan dövləti təkcə çətin günlərdə deyil, bütün dövrlərdə öz siyasətini insan amili üzərində qurub. Hər şey xalq üçündür, hər şey vətəndaşların rifahı, qayğısız, xoşbəxt gələcəyi üçündür. Göstərdiyiniz diqqət və qayğıya görə Sizə təşəkkür edirəm”.
Bəşəriyyət tezliklə bu bəladan xilas olacaq
Zərdab rayon sakini Vəfa Bayramova: "Möhtərəm cənab Prezident. Hər zaman olduğu kimi, bu çətin günlərdə də Sizin Vətənimiz, xalqımız üçün gördüyünüz işlər bizi çox sevindirir. Dünyanı cənginə alan koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması üçün atdığınız qətiyyətli addımları bütün xalqımız çox böyük minnətdarlıqla qarşılayır. Vətəndaşlarımızın sağlamlığının qorunması istiqamətində gördüyün işlərə görə Sizə ürəkdən minnətdarıq. İnanırıq ki, həm xalqımız, həm də bəşəriyyət tezliklə bu bəladan xilas olacaqdır. Allah Sizi və xalqımızı qorusun. Biz birlikdə güclüyük”.
Xalq-rəhbər vəhdətinin sarsılmazlığı
Sabirabad rayon sakini Səbinə İsmayılova: "Möhtərəm cənab Prezident. Dünyanı bürümüş koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə Sizin rəhbərliyinizlə görülən ardıcıl və məqsədyönlü tədbirlər məcburi köçkün kimi məni çox qürurlandırır. Sizin çox uzaqgörən və qətiyyətli qərarlarınız bizi dünyanın inkişaf etmiş ölkələrinin üzləşdiyi acı taledən xilas etdi. Azərbaycanın koronavirus pandemiyasından ən az zərər çəkən ölkələr arasında ilk yerlərdə olması məhz Sizin qabaqlayıcı tədbirlərinizin sayəsindədir. Sizin "Biz birlikdə güclüyük!" çağırışınız qəlbimizdə xalq-rəhbər vəhdətinin sarsılmazlığına bir daha əminlik yaratdı. Azərbaycan xalqı Sizin və Mehriban xanımın simasında övladını təhlükədən qoruyan, ona sevgi və məhəbbətlə yanaşan bir ata qayğısı, bir ana şəfqəti duydu. Hörmətli cənab Prezident, biz əminik ki, yürütdüyünüz düzgün siyasət, verdiyiniz doğru qərarlar, atdığınız qətiyyətli addımlar sayəsində ölkəmizdə bu pandemiyanın kökü kəsiləcək və Sizin rəhbərliyinizlə yenə də işıqlı günlər yaşayacaq, parlaq nailiyyətlər əldə edəcəyik”.
Hazırladı: Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər