• cümə axşamı, 25 aprel, 19:17
  • Baku Bakı 21°C

Prezident üsul-idarəsi Türkiyənin xarici siyasət kursunun səmərəliliyini artıracaq

20.04.17 13:00 948
Prezident üsul-idarəsi Türkiyənin xarici siyasət kursunun səmərəliliyini artıracaq
Türkiyədə aprelin 16-da keçirilən referendumla Konstitusiyaya edilən dəyişikliklər bu ölkənin tarixində yeni bir səhifə açdı. Çünki Osmanlı İmperiyasının dağılmasından sonra yaradılan Türkiyə Cümhuriyyətində indiyədək parlament üsul-idarəsi mövcud olub. Lakin son referendumla Türkiyə yeni prezident idarəetmə sisteminə keçdi. Qardaş ölkənin yeni sistemə keçidi həm də bölgəyə yeni bir baxışı ortaya qoymuş oldu. Türkiyənin bundan sonra yerləşdiyi bölgəyə necə təsir edəcəyi, yürüdülən siyasətdə hansı yeniliklərin olacağı diqqət mərkəzindədir.

Mövzu ilə bağlı "Kaspi”yə açıqlamasında millət vəkili, politoloq Elman Nəsirli bildirib ki, türk əhalisi referenduma çıxarılan məsələlərə müsbət münasibət bildirib. Onun sözlərinə görə, Türkiyə tarixində ilk dəfə olaraq parlamentli respublikadan prezident üsul-idarəsinə keçid reallaşır: "2019-cu ildən başlayaraq referendumda yer alan əsas məsələlər tətbiq ediləcək. Nəzəri baxımından artıq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 2019-cu ildə keçiriləcək prezident seçkilərində qalib gələcəyi proqnozlaşdırılır. Qeyd edim ki, məhz həmin ilin noyabr ayının 3-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək. Konstitusiyaya edilmiş yeni düzəlişlərə görə, prezidentlik iki dəfə olmaqla 10 il müddətinə nəzərdə tutulur. Prinsip etibarı ilə Türkiyədə Rəcəb Tayyib Ərdoğanın 2029-cu ilə qədər prezident seçilməsi mümkündür. Xalqın ona böyük etimadını nəzərə alsaq, bu, real görünür”.

Deputat qeyd edib ki, artıq Türkiyə tarixində yeni mərhələ başlayır: "Bu yeni mərhələnin ən mühüm özəlliyi ondan ibarətdir ki, vertikal hakimiyyət daha da güclənmiş olur. Prezident üsul-idarəsinin tətbiqi qərarların qəbulunda çevikliyin, səmərəliliyin artmasına, idarəçiliyin təkmilləşməsinə gətirib çıxaracaq. 51 faizdən artıq seçicinin bu referenduma şıxıraln məsələləri dəstəkləməsi onu göstərir ki, Türkiyə əhalisi bu dəyişikliklərin baş verməsində maraqlıdır. Faktiki olaraq, Türkiyə çox fəal xarici siyasət kursu həyata keçirir və regionda əsas qüvvələrdən biridir. Suriya və digər ölkələrlə bağlı proseslərdə Türkiyənin fəal iştirakı bir çox xarici qüvvələrin maraqlarına uyğun gəlmir. Bu nöqteyi-nəzərdən müxtəlif yollarla qardaş dövlətə qarşı təzyiqlər həyata keçirilir. Terror aktları, dövlət çevrilişinə cəhdlər də məhz fəal xarici siyasət yürüdülməsi reallığından qaynaqlanır. Prezident üsul-idarəsinin xarici siyasət kursunun səmərəliliyinin daha da artmasına gətirib çıxaracağını indidən proqnozlaşdırmaq mümkündür”.

E.Nəsirli əmindir ki, Türkiyə yeni idarəetmə sistemində daha fəal, praqmatik xarici siyasət həyata keçirəcək: "Proseslər göstərir ki, Türkiyədə şaquli hakimiyyətin möhkəmləndirilməsi artıq zamanın tələbidir. Türkiyənin indiki reallığında belə bir addımın atılması düzgün siyasi gedişdir və hesab edirəm ki, bu, qardaş ölkənin daha gücləndirilməsinə gətirib çıxaracaq. Güclü Türkiyə isə Azərbaycan üçün vacib tərəfdaşdır. Türkiyə Azərbaycanın strateji müttəfiqdir. Türkiyənin dünyada, regionda güclənməsi Azərbaycanın həyati maraqlarına cavab verir”.

Politoloq Elxan Şahinoğlu bildirib ki, aprelin 16-da Türkiyədə keçirilən referendumla Konstitusiyaya edilən dəyişiklər əsasən 2019-cu ildən qüvvəyə minəcək: "Prezidentin səlahiyyətləri 2019-cu ildə keçiriləcək seçkilərdən sonra artacaq. O müddətə qədər prezidentin və parlamentin hüquqi statusu necədirsə, elə də davam edəcək. Hakim partiyanın və Ərdoğanın mövqeyi belədir ki, prezident üsul-idarəsinin tətbiqindən sonra Türkiyənin problemlərini həll etmək daha asan olacaq. Amma bunun necə olacağını biz indidən deyə bilmərik. Çünki 2019-cu ildə yeni prezident seçiləndən sonra yeniliyin necə işləməsinin şahidi olacağıq. Real olaraq görəcəyik ki, prezidentlik üsul-idarəsi ilə həqiqətən qarşıya qoyulan hədəflərə çatmaq olurmu”.

E.Şahinoğlunun sözlərinə görə, Azərbaycan-Türkiyə strateji müttəfiqliyi o səviyyədədir ki, parlamentli respublikanın və ya prezident üsul-idarəsinin buna təsiri yoxdur: "Türkiyədə hakimiyyətdə kim olur-olsun, bu ölkə daim Azərbaycanla strateji müttəfiqliyə sadiq qalacaq. Yəni, Türkiyə ilə sıx əlaqələrimiz davam edəcək. Eyni zamanda, Türkiyədə prezident üsul-idarəsinin tətbiqindən sonra gözləyirəm ki, iki qardaş ölkə arasında əlaqələr daha üst səviyyəyə qalxacaq. Həmçinin onu da nəzərə almaq lazımdır ki, 2019-cu ildən sonra baş nazir postu da olmayacaq və hökuməti prezident formalaşdıracaq. Şərt deyil ki, yeni təyinat alan nazirlər parlamentdən olsun. Bu mənada düşünürəm ki, bu amillər özü də Türkiyə-Azərbaycan strateji müttəfiqliyinə daha çox rəng qatacaq”.
Bəxtiyar MƏMMƏDLİ

banner

Oxşar Xəbərlər