• cümə, 19 Aprel, 07:06
  • Baku Bakı 13°C

Prezident Rumen Radev: Azərbaycan Bolqarıstanın xarici siyasət prioritetləri sistemində mühüm yer tutur

13.10.17 22:36 1794
Prezident Rumen Radev: Azərbaycan Bolqarıstanın xarici siyasət prioritetləri sistemində mühüm yer tutur
Azərbaycan Bolqarıstanın xarici siyasət prioritetləri sistemində mühüm yer tutur.
Trend-in məlumatına görə, bunu Bolqarıstan Prezidenti Rumen Radev Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından onun və xanımı Desislava Radevanın şərəfinə verilən rəsmi ziyafətdə çıxışı zamanı deyib.
Bolqarıstan Prezidenti qeyd edib: "Hörmətli cənab Prezident. Hörmətli xanım Əliyeva. Hörmətli xanımlar və cənablar. İcazə verin, bu gün keçirilmiş məhsuldar görüşlərdən və aparılmış səmimi danışıqlardan məmnun qaldığımı bildirim. Xüsusi məmnunluqla bəyan edə bilərəm ki, onlar səmimi, açıq və dostluq şəraitində keçdi. Azərbaycan Respublikası Bolqarıstan Respublikasının xarici siyasət prioritetləri sistemində mühüm yer tutur. Şadam ki, bu cür vacib səviyyəyə uyğun olaraq aramızda təşəkkül tapmış təmaslar həm siyasi, həm iqtisadi baxımdan yüksək və ali səviyyədə böyük dinamika ilə səciyyələnir. İcazə verin qeyd edim ki, 2015-ci ilin martında imzalanmış Bolqarıstan Respublikası ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə qarşılıqlı maraqlarımıza, böyük potensiala və bu sahədə mövcud perspektivlərə uyğun olaraq aramızdakı münasibətlərin əla səviyyəsinə verilən qiymətdir və əlaqələrimizin daha da dərinləşdirilməsinə olan ümumi arzunun təzahürüdür. İnanıram ki, Azərbaycana etdiyimiz səfərin əsas məqsədlərindən birinə bu gün artıq nail olduq.
Cənab Prezident, biz Sizinlə Bolqarıstan ilə Azərbaycan arasında ənənəvi, xoş, mehriban münasibətləri təsdiq etdik və qarşılıqlı maraq doğuran bütün sahələrdə ölkələrimizin və xalqlarımızın inkişafı və rifahı naminə həmin əlaqələrin dərinləşməsi istiqamətində çalışmağa hazır olduğumuzu bildirdik. Gələcəyə əminliklə nəzər salaraq keçmişi bilməliyik və əziz tutmalıyıq. İyirmi beş illiyini 2017-ci il iyunun 5-də qeyd etdiyimiz dövlətlərarası münasibətlərimizin tarixi zaman baxımından qısa olsa da çox əhəmiyyətli və hadisələrlə zəngindir".
Dövlət başçısı bildirib ki, ötən 25 il ərzində Bolqarıstan ilə Azərbaycan arasında münasibətlər ümumi maraq doğuran bütün sahələrdə bərabərhüquqlu əməkdaşlıqla, qarşılıqlı hörmət və anlaşma ilə, eləcə də açıq qalan məsələlərin olmaması ilə xarakterizə edilir:"Xəzər dənizinin mirvarisi, Böyük İpək Yolunun ayrılmaz hissəsi olan Bakı şəhərində həmin İpək Yolunun bərpasına ümumi marağımızı qeyd etmək istərdim. Asiya ilə Avropa arasında nəqliyyat və enerji dəhlizlərinin yaradılmasında geostrateji üstünlüklərdən istifadəni vacib sayıram: Bolqarıstan Avropaya qapı, Azərbaycan isə Avropa ilə Asiya arasında körpü və Mərkəzi Asiyaya qapı olaraq öz rolunu oynaya bilər. Bolqarıstanın və Azərbaycanın geosiyasi yerləşməsi ölkələrimizin üstünlüyüdür. Mən əminəm ki, biz bu üstünlüyü ölkələrimizin rifahı naminə birgə səylərlə inkişaf etdirərək bundan yararlanacağıq. Təsadüfi deyil ki, məhz enerji sahəsində qarşılıqlı fəaliyyət gün ərzində gələcək əməkdaşlığımızın təfərrüatlı qaydada nəzərdən keçirilmiş imkanları və prioritetləri sırasında oldu. Bu baxımdan, icazə verin, enerji resurslarının təchizatında mənbələrin və marşrutların şaxələndirilməsi sahəsində gələcək əməkdaşlıq üçün böyük potensialın olduğunu bir daha qeyd edim.Avropa İttifaqı ilə münasibətlərə gəldikdə, biz həm Şərq Tərəfdaşlığı çərçivəsində, həm münasibətləri yeni inkişaf mərhələsinə daxil edəcək hərtərəfli sazişin bağlanması ilə əlaqədar danışıqların aparılmasında Azərbaycanın Avropa İttifaqı ilə daha sıx əməkdaşlıq etmək arzusunu yüksək dəyərləndiririk və dəstəkləyirik. Bu, şübhəsiz ki, Bolqarıstan ilə Azərbaycan arasında iqtisadi mübadilənin, qarşılıqlı təmasların və sərmayələrin artması üçün yeni perspektivlər açacaq".
R.Radev deyib ki, ölkələrimiz arasında rəsmi münasibətlərlə yanaşı, xalqlarımız arasında əlaqələr əsrlər boyu davam edib: "Bolqarıstanda Nizami Gəncəvi, Şah İsmayıl Xətai kimi dahi şairlərin yaradıcılıq fəaliyyəti və bütövlükdə Azərbaycan mədəniyyətinin nailiyyətləri ilə tanışdırlar. Məmnuniyyətlə qeyd edirik ki, son illər ərzində ikitərəfli münasibətlərimizin mədəniyyət, təhsil və elm sahələrində inkişafı, eləcə də mədəni-tarixi irsin qorunması istiqamətində ciddi addımlar atılmışdır.
Mədəni və mənəvi sahələrdə layihələrin mühüm sosial elementi mövcuddur və bu layihələr xalqlarımız arasında yaxınlaşmaya xidmət edir. Bu baxımdan, icazə verin, Veliko Tırnovo şəhərinin yaxınlığında Trapezitsa qalasının ictimaiyyətə açıq elan olunması, bərpası və konservasiyası layihəsinin həyata keçirilməsində göstərilmiş maliyyə dəstəyinə görə Heydər Əliyev Fondu qismində Azərbaycan tərəfinə, xüsusən də bu cür nəcib missiyanın reallaşmasında şəxsi xidmətlərinə görə Mehriban xanım Əliyevaya xüsusi təşəkkürümü bildirim.
Hörmətli cənab Prezident. Hörmətli xanım Əliyeva. Hörmətli xanımlar və cənablar. Göstərilmiş qonaqpərvərliyə və səfərimizi əla təşkil etdiyinizə görə təşəkkürümü qəbul etməyinizi xahiş edirəm. Sağ olun".
banner

Oxşar Xəbərlər