AZE | RUS | ENG |


“Prezident mənə çox yaxşı təsir bağışladı”

“Prezident mənə çox yaxşı təsir bağışladı”
Vladimir Solovyov: İlham Əliyev dərin təfəkkürlü, savadlı, öz ölkəsi və atası qarşısında böyük məsuliyyət hiss edən dövlət xadimidir

Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkətinin (VQTRK) teleaparıcısı Vladimir Solovyov aprelin 11-də Vesti.FM kanalında "Pryamoy kontakt” verilişinin birbaşa efirində Bakı səfəri barədə danışıb. V.Solovyov Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ilə iki saat söhbət edib. AZƏRTAC "Vestnik Kavkaza” informasiya portalının bu barədə yazısını təqdim edir.

Vladimir Solovyov vurğulayıb ki, Bakıya səfərinin məqsədi məhz Prezidentlə görüşmək idi. Teleaparıcı deyib: "Dövlətlərin liderləri ilə söhbətlər həmişə çox maraqlıdır. Söhbət bu cür məsuliyyət səviyyəsində aparılır”.

O, Azərbaycanın paytaxtı barədə təəssüratlarını bölüşərək qeyd edib: "Bakıda yollar qüsursuzdur. Görünür ki, şəhərin abadlaşdırılması üçün böyük məbləğdə pul sərf edilib. Şəhər çox səliqəlidir. Bakıda bir neçə əsl memarlıq əsəri var. O cümlədən Zaha Hadidin layihəsi üzrə tikilmiş Heydər Əliyev Mərkəzi həqiqətən gözəldir”.

Teleaparıcı deyib ki, Azərbaycana səfər etməyə çoxdan hazırlaşırmış. O, etiraf edərək deyib: "Azərbaycan Prezidentinə veriləsi suallarım çox idi. Mən bundan sonra nə olacağını anlamaq və prinsipial əhəmiyyətli hesab etdiyim bütün sualları vermək istəyirdim. Deyə bilərəm ki, hamı mənimlə son dərəcə nəzakətli və xoş rəftar edirdi. Prezidentlə görüşümüz düz saat 10-da başladı. O, artıq iş yerində idi. Mən təəccübləndim ki, İlham Əliyev fotoşəkillərdə olduğundan xeyli cavan görünür – ucaboylu, xoşrəftar. Söhbətimiz çox səmimi oldu. Mən bu söhbətə görə Prezidentə təşəkkür etmək istərdim. O, mənə çox yaxşı təsir bağışladı”.

Vladimir Solovyov deyib: "Mən gördüm ki, İlham Əliyev olduqca savadlı, yüksək təfəkkürlü siyasətçidir - əsl dövlət xadimidir. Biz onunla həm Belarusda həbs edilmiş bloqer, həm də Uyeldanov barədə danışdıq, hər məsələni ətraflı təhlil etdik, mən Prezidentin mövqeyini dinlədim və öz mövqeyimi bildirdim. Mənə deyildi ki, bu insanlara münasibətdə yüksək nəzakət göstərilir, lakin onlar Azərbaycan qanunlarını pozublar və qanuna görə cavab verməyə borcludurlar”.

O bildirib ki, söhbətin gedişində erməni soyadlı Rusiya vətəndaşının Bakıya uçan təyyarəyə buraxılmaması məsələsinə də toxunulub. Teleaparıcı bildirib: "Prezident izah etdi ki, onlar bütün ermənilərlə müharibə aparmırlar. Lakin vəziyyət elədir ki, Azərbaycana gələn hər bir insanın təhlükəsizliyini təmin etmək lazımdır. Azərbaycan ilə Ermənistan arasında münasibətlərin çox gərgin, faktiki olaraq partlayış həddində olmasını nəzərə alsaq, erməni soyadlı bir insan mehmanxanaya gəlib sənədlərini təqdim edəndə onun təhlükəsizliyinə kim zəmanət verə bilər? Ehtimal edilən hadisəyə görə təqsirkar hakimiyyət olacaq. Odur ki, səfərlərin təşkil edilməsi üçün bütöv təhlükəsizlik sistemi lazımdır”.

Vladimir Solovyov vurğulayıb ki, İlham Əliyev çox da asan olmayan həyat məktəbi keçib. O xatırladıb ki, vaxtilə Qorbaçovun ətrafı təmizlənəndə Şevardnadze İlham Əliyevin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutundan kənarlaşdırılması barədə əmr verib. O deyib: "Demək olmaz ki, tale həmişə onun üzünə gülüb. O, ölkə qarşısında çox böyük məsuliyyət hiss edir. Biz keçmiş dövrü müzakirə etdik və mənə xoş idi ki, Rusiyanın və siyasi xadimlərin müasir tarixi barədə bizim mövqelərimiz oxşar idi. Qeyd etməliyəm ki, mən Ermənistanın rəhbərləri barəsində bircə kəlmə də təhqiramiz ifadə eşitmədim”.

V.Solovyov bildirib ki, söhbət zamanı onu ən çox heyrətləndirən İlham Əliyevin təmkinliliyi və pozitiv ovqatı olub. Aparıcı deyib: "Prezidentin davranışında yalnız böyük hörmət və mürəkkəb vəziyyəti qiymətləndirmək istəyi duyulurdu. Biz Rusiya ilə tərəfdaşlıq münasibətləri barədə danışanda və mən deyəndə ki, Rusiya heç vaxt Azərbaycanı satmaz, o, mənə etiraz edərək dedi: "Heç vaxt Putin satmaz”. Mən bu sözlərə etiraz edə bilmədim”.

Ümumiyyətlə, aparıcının fikrincə İlham Əliyevlə söhbət etmək çox maraqlı idi. Vladimir Solovyov vurğulayıb: "Azərbaycan Prezidenti gözəl ailə başçısıdır. Onun çox ağıllı xanımı və yaxşı uşaqları var. O, dərin təfəkkürlü, savadlı, öz ölkəsi və atası qarşısında böyük məsuliyyət hiss edən dövlət xadimidir”.

Verilişin sonunda Vladimir Solovyov diqqətə çatdırıb ki, bütün tərəflər bunu istəməsə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi mümkün deyil. Aparıcı sonda deyib: "Mənim erməni dostlarım tərəfindən xoş məram olmasa, Azərbaycan, Ermənistan və Rusiya tərəfindən hərəkət etməyin zəruri olması başa düşülməsə bu, mümkün deyil. Əlbəttə, bu vəziyyətdə hər kəs bir qədər narazıdır, lakin başa düşməliyik ki, bizə kompromislər lazımdır. Bizim necə müsbət nəticələr əldə edə biləcəyimizi anlamaq lazımdır. Sülh prosesinin necə davam edəcəyi, əlbəttə, mənim səviyyəmdən yuxarıdır, çünki bu məsələ yalnız prezidentlər arasında həll edilə bilər. Bakıda mən hərəkət etmək arzusunu gördüm”.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0047
GEL 1 Gürcü larisi 0.7056
GBP 1 İngilis funt sterlinqi 2.1791
TRY 1 Türk lirəsi 0.4718
KWD 1 Küveyt dinarı 5.5883
SEK 1 İsveç kronu 0.1923
EUR 1 Avro 1.8484
CHF 1 İsveçrə frankı 1.7083
USD 1 ABŞ dolları 1.7022