AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Prezident:

Prezident: "İnsanların sağlamlığı ön, iqtisadiyyat ikinci plandadır"

Siyasət
07 İyul 2020, 11:45 190
Seçim qarşısında olanda bizim seçimimiz birmənalı, tərəddüdsüz idi, insanların sağlamlığı ön plandadır, iqtisadiyyat ikinci plandadır.

Bunu Prezident İlham Əliyev iyulun 6-da Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalı ilə tanışlıqdan sonra Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və "Xəzər” Televiziyasına müsahibəsi zamanı deyib.

Dövlət başçısı bildirib: "Əlbəttə, bu pandemiya təsirsiz ötüşmədi. Dünyanın aparıcı maliyyə qurumları indi ortaya müxtəlif proqnozlar qoyurlar - dünya iqtisadiyyatı nə qədər tənəzzülə uğrayacaq, avrozonada vəziyyət necə olacaq, işsizliklə bağlı vəziyyət necə olacaq? Biz görürük ki, işsizlik az olan ölkələrdə işsizlik kəskin artır. Dünya iqtisadiyyatına böyük zərbə vuruldu və Azərbaycan da dünya iqtisadiyyatının bir parçası olduğu üçün təbii ki, bu, bizim vəziyyətimizə də mənfi təsir göstərmişdir.

Biz bu ili çox böyük ümidlərlə, böyük planlarla başlamışdıq. İlin ilk aylarında iqtisadi göstəricilərimiz kifayət qədər yüksək idi. Biz hesab edirdik ki, 2020-ci il son vaxtlar apardığımız islahatların nəticəsində gözəl nəticələri verə biləcək il olacaqdır. Ancaq əlbəttə ki, pandemiya bizim bütün planlarımıza da müdaxilə etdi və biz şüurlu şəkildə çox sərt məhdudlaşdırıcı addımlar atdıq, o cümlədən ticarət sahəsində, digər sahələrdə. Təxmin edirdik ki, iqtisadiyyatımız tənəzzülə uğrayacaq. Azərbaycan iqtisadiyyatı beş ayın yekunlarına görə 1,7 faiz tənəzzülə uğradı. Altı ayın yekunları yəqin ki, bir neçə gündən sonra məlum olacaq. Amma bilirsiniz, bu, bərpa ediləcək. Ona görə mən bir daha demək istəyirəm ki, seçim qarşısında olanda bizim seçimimiz birmənalı, tərəddüdsüz idi, insanların sağlamlığı ön plandadır, iqtisadiyyat ikinci plandadır. Amma buna baxmayaraq, biz heç bir sosial layihəni təxirə salmadıq, ixtisar etmədik. Əksinə, bu il büdcə xətti ilə reallaşan sosial layihələr keçən ilə nisbətdə daha təsirlidir. Misal üçün, ən həssas təbəqəyə aid olan layihələr bu il daha böyük həcmdə icra edilir.
 
Məsələn, bu il məcburi köçkünlər üçün rekord sayda binalar tikiləcək, 7 mindən çox köçkün ailəsi yeni mənzillərlə təmin ediləcəkdir. Şəhid ailələri üçün bu il rekord sayda - 1500 mənzil istifadəyə veriləcək, adətən ildə təqribən 700-800 mənzil təqdim edilir. İyirmi il orduda qüsursuz xidmət etmiş hərbçilərə bu il 400-dən çox mənzilin verilməsi nəzərdə tutulur. Biz ünvanlı sosial yardım alanların sayını artırdıq. Bu rəqəm təqribən 85 minə yaxınlaşır - 85 min ailə, yəni, 300 mindən çox insan. Digər önəmli sosial layihələr icra edildi. Bildiyiniz kimi, işsizləri, o cümlədən qeyri-formal sahədə işləyənləri dəstəkləmək, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan insanlara maddi yardım göstərmək və digər məqsədlər üçün təqribən 3 milyard manat vəsait nəzərdə tutulur və o vəsaitin bir hissəsi artıq xərclənib. Ona görə biz nə qədər vəsait lazımdırsa, o qədər də ayıracağıq".