• cümə, 29 Mart, 14:31
  • Baku Bakı 14°C

Prezident İlham Əliyevin qətiyətli diplomatiya siyasəti milli maraqlarımızı qoruyur

03.09.20 14:23 768
Prezident İlham Əliyevin qətiyətli diplomatiya siyasəti milli maraqlarımızı qoruyur
Azərbaycanın dünyada müstəqil siyasət yürüdən, qlobal siyasi proseslərə və beynəlxalq münasibətlər sisteminə öz baxışı olan bir dövlət kimi tanınması ölkəmizin nüfuzunun yüksəlməsini, ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmləndirilməsini təmin edib.
Bunu Trend-ə açıqlamasında Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Naqif Həmzəyev bildirib.
Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın hərtərəfli inkişafı, iqtisadi potensialının güclənməsi, həyata keçirilən müstəqil xarici siyasət sayəsində ölkəmiz ətrafında əlverişli xarici mühit formalaşdırıb, dünyanın aparıcı dövlətləri ilə qarşılıqlı etimada əsaslanan münasibətlərini inkişaf etdirib.
Ötən gün Prezident İlham Əliyevin Yaponiyanın və Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirlərinin etimadnaməsini qəbul edərkən səsləndirdiyi fikirlər də Azərbaycanın xarici siyasətinin əsasını milli maraqlar, tərəfdaşlıq, qarşılıqlı əməkdaşlıq, regionun sabitliyinin, təhlükəsizliyinin qorunub saxlanması təşkil etdiyini təsdiq etdi.
Eyni zamanda unikal əməkdaşlıq məkanına çevrilən Azərbaycanda həyata keçirilən uğurlu xarici siyasət milli maraqlara xələl gətirmədən bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri respublikamıza həm siyasi, həm də iqtisadi dividendlər qazandırıb.
Millət vəkili vurğulayıb ki, Yunanıstan arasında diplomatik münasibətlərin qurulması ölkəmizin dövlət müstəqilliyinin ilk dövrünə təsadüf edir. Həmin vaxtdan etibarən sabit inkişaf xətti götürərək tərəfdaşlıq səviyyəsinə yüksələn münasibətlər bir çox mühüm hadisələrlə əlamətdar olub. Azərbaycan qədim tarixə və mədəniyyətə malik olan Yunanıstan ilə əlaqələrin ildən-ilə inkişafına xüsusi əhəmiyyət verib. Lakin Yunanıstanın əvvəlki hökuməti hakimiyyətə gələndən sonra iki ölkə arasında əməkdaşlıqda soyuq münasibət yaranıb.Bu da Yunanıstan hökumətinin istəyi ilə baş verib. İxtisasca diplomat olan, dünyanın ən nüfuzlu ali məktəblərindən birində 5 il diplomat yetişdirən, diplomatik qaydaları yüksək səviyyədə bilən və daim bu qaydalara riayət edən Prezident İlham Əliyev Yunanıstanın səfiri ilə açıq danışaraq əməkdaşlığımıza mənfi təsir göstərən məsələlərə diqqəti yönəldərək, Azərbaycanın milli maraqlarının ən vacib məsələ olduğunu bir daha nümayiş etdirib.
Azərbaycanın Yunanıstanla qarşılıqlı münasibətlərə mürəkkəblik gətirən amillərdən biri də bu ölkənin ölkəmizin strateji müttəfiqi, qardaş Türkiyə ilə ziddiyyətli və münaqişə elementlərinə malik əlaqələrinin olmasıdır. Prezident İlham Əliyev bildirib ki, biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. Biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük. Onlar Azərbaycanı bütün məsələlərdə dəstəkləyirlər və biz onları bütün məsələlərdə dəstəkləyirik, o cümlədən Şərqi Aralıq dənizində kəşfiyyat məsələsi ilə bağlı. Mən istəyirəm ki, siz bizim mövqeyimizi biləsiniz. Bu mövqe mənim göstərişimlə artıq Azərbaycan hökuməti tərəfindən rəsmi açıqlanmışdır. Sizə bir daha deyə bilərəm ki, Türkiyə bizim üçün təkcə dost yox, qardaş ölkədir və türklər bizim qardaşlarımızdır. Beləliklə, bütün məsələlərdə biz onların yanında olacağıq.
Azərbaycan Yunanıstanla siyasi əlaqələrini qurarkən və inkişaf etdirərkən Türkiyə ilə əlaqələrini mənfi təsirdən qoruduğu halda, Yunanıstanın işğalçı Ermənistanla, Kiprlə hərbi əməkdaşlığı narahatlıq yaratdı.
"Ermənistan bizim ərazilərimizi işğal etmiş ölkədir. Xocalıda soyqırımı aktı törədib, bir milyon azərbaycanlını evlərindən didərgin salıb, tarixi, mədəni, dini abidələrimizi dağıdıb, işğal edilmiş ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirib, beynəlxalq hüququ pozur, BMT Təhlükəsizlik Şurasının və başqa təşkilatların qətnamələrinə əməl etmir. Yeri gəlmişkən, iki il əvvəl Avropa İttifaqı və Azərbaycan "Tərəfdaşlıq prioritetləri” adlı sənədi paraflayıblar. Orada Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəkləyir”. Ölkə Prezidentinin bu fikirləri Yunanıstanın nisbətən bu yaxınlarda iqtidara gəlmiş yeni hökuməti əvvəlki hökumətin Azərbaycana qarşı siyasətini yenidən nəzərdən keçirməsinə şərait yaradacaq.
Xatırladaq ki, müxtəlif dövrlərdə Azərbaycanda səfərdə olmuş Yunanıstan nazirləri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində BMT qətnamələrinin yerinə yetirilməsini, istənilən ölkə ərazisinin işğal olunmasına qarşı çıxdıqlarını bildiriblər. İnanırıq ki, Yunanıstanın yeni hökuməti də ölkələrimiz arasında münasibətlərin intensiv inkişafına, faydalı əməkdaşlıqlara maraqlı olacaq.
banner

Oxşar Xəbərlər