• cümə, 19 Aprel, 19:20
  • Baku Bakı 24°C

Prezident İlham Əliyev hazırda türk dünyasının hamisi rolunda çıxış edir

01.04.21 19:45 907
Prezident İlham Əliyev hazırda türk dünyasının hamisi rolunda çıxış edir
On yeddi illik prezidentlik fəaliyyəti ərzində dövlətimizin başçısı İlham Əliyev çıxış etdiyi bütün beynəlxalq kürsülərdən Azərbaycanın milli maraqlarını prinsipiallıqla ifadə və müdafiə edib. Azərbaycan Prezidenti martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşündə də bu ənənəsinə sadiq qaldı. Belə ki, sammitdəki çıxışını əsasən Qarabağ mövzusuna həsr edən Prezident İlham Əliyev bildirdiyi kimi, Ermənistan illər boyu xarici dəstəkçilərinə arxalanaraq Azərbaycana qarşı sistemli, ardıcıl olaraq təxribatlar törədib, Paşinyan Şuşada andiçmə keçirərək, Cıdır düzündə yallı gedərək, "Qarabağ Ermənistandır və nöqtə” bəyanatı verərək və 2020-ci ilin yayında Ermənistanın müdafiə naziri yeni əraziləri işğal etmək anonsları edərək xalqımızın heysiyyəti ilə oynayıblar. 44 günlük Vətən müharibəsi məhz bu ardıcıl təxribatlara cavab olaraq baş verdi və xarici dairələrin Ermənistana dəstəyinə, Minsk qrupunun fəaliyyətinin "sıfır effektivliyi”nə baxmayaraq, Azərbaycan illərlə kağız üzərində qalan BMT qətnamələrini özü təkbaşına icra etdi. İstər Vətən müharibəsinə qədər olan zaman kəsiyində, istərsə də müharibə zamanı Türkiyənin Azərbaycana siyasi və mənəvi dəstəyi olduqca böyük əhəmiyyət kəsb edib. Müharibənin gedişində hər gün, hər an Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan, eləcə də Türkiyənin ayrı-ayrı rəsmi şəxsləri və sadə türk vətəndaşlar qətiyyətlə və əminliklə Azərbaycanın tək olmadığını ifadə edərək, xalqımızın yanında olub, haqq işimizə dəstək veriblər. Şuşanın azad olunması münasibətilə Prezident İlham Əliyevi və Azərbaycan xalqını ilk təbrik edən də Rəcəb Tayyib Ərdoğan olub. Türk Şurası 2020-ci ilin sentyabrın 28-də - müharibədən bir gün sonra Azərbaycana dəstək xarakterli açıqlama verib. Ondan sonra müharibə dövründə bir neçə dəfə buna oxşar açıqlamalar verilib.
Bu fikirləriAZƏRTAC-a açıqlamasında politoloq Şəbnəm Həsənova söyləyib.
Politoloq deyib ki, dövlətimizin başçısı da qeyd etdiyi kimi, artıq Dağlıq Qarabağ münaqişəsi öz həllini tapıb və hazırda Dağlıq Qarabağ adında hər hansı bir ərazi vahidi mövcud deyil. Azərbaycan bu məsələni həll edərək tarixi Zəfər qazanıb. Zirvə görüşündə Ermənistanın Qarabağda türk və müsəlman irsini məhv etməsi məsələsinə xüsusi toxunan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Qarabağ bölgəsindəki 67 məsciddən 63-ü dağıdılıb, həmçinin kilsələr də yerlə-yeksan edilib. Azərbaycan erməni faşizminin qarşısını alaraq, türk dünyası qarşısında tarixi xidmət göstərərək bu gün dağıdılmış ərazilərdə bərpa işlərinə başlayıb. Bu gün Azərbaycan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağda dağıdılmış məscidləri, tarixi və mədəni abidələri bərpa edərkən əslində təkcə özünün deyil, bütün islam dünyasının dəyəri olan mədəni və dini irsə sahib çıxır və onu prinsipiallıqla müdafiə edir.
Eyni zamanda, Zəngəzur dəhlizi və Naxçıvanla kommunikasiyanın açılmasının türk dünyası üçün əhəmiyyətini vurğulayan Azərbaycan Prezidenti bu məsələnin vacibliyini hər zaman açıq şəkildə dilə gətirib. Belə ki, hələ 2009-cu il oktyabrın 3-də Naxçıvan şəhərində Türkdilli ölkələrin dövlət başçılarının IX Zirvə görüşündə və 2019-cu il oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə görüşündə Prezident İlham Əliyev Zəngəzur bölgəsinin vaxtilə Azərbaycanın tarixi torpağı olduğunu, onu türk dünyasını parçalamaq məqsədilə Azərbaycandan qoparıb Ermənistana birləşdirildiyini bildirmişdi. Zəngəzurun qoparılması ilə türk aləminin vahid bir platformada fəaliyyətinə əngəl yaradılmışdır. Lakin bu məsələni daim diqqətdə saxlayan Azərbaycan Prezident hər zaman bildirirdi ki, türk dünyası arasında qəbul edilmiş qərarlarla, atılmış addımlarla biz fəaliyyətimizi daha da gücləndirəcəyik. Elə bu baxımdan da 2009-cu ilin oktyabrında dövlət başçılarının Azərbaycanın qədim şəhəri Naxçıvanda keçirilmiş Zirvə görüşündə türk dövlətləri arasında əməkdaşlığın təsisatlanmış yeni formatı yaradıldı. Türk Şurasının yaradılmasına dair qərar məhz Naxçıvanda keçirilmiş Zirvə görüşündə qəbul edilməsi türk dünyası üçün böyük rəmzi əhəmiyyətə malik idi.
"Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi məsələsində Türkiyənin önəmli rol oynadığını Qazaxıstanın birinci Prezidenti-Elbası, Türk Şurasının fəxri sədri Nursultan Nazarbayev də vurğuladı. Nursultan Nazarbayev tərəfindən təklif edilən "Türk dünyasının gələcəyi - 2040” adlı sənəd olduqca mühüm əhəmiyyət kəsb edir. O baxımdan ki, bu gün türk dövlətləri müstəqil və güclüdür. Lakin müstəqil və güclü olmaqla kifayətlənməyərək onlar həm də birlikdə olmalıdır, birlikdə olmaq güclü olmağın ən etibarlı zəmanətidir”, - deyə Ş.Həsənova qeyd edib.
banner

Oxşar Xəbərlər