AZE | RUS | ENG |


Prezident İlham Əliyev BMT tribunasından Ermənistanı işğalçı adlandırdı

Prezident İlham Əliyev BMT tribunasından Ermənistanı işğalçı adlandırdı
"Xocalı soyqırımını törədənlərdən biri də Serj Sarkisyandır"

"Azərbaycan torpaqlarının 20 faizi 25 ildən artıqdır ki, Ermənistanın işğalı altındadır".
 
APA-nın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxışı zamanı deyib.
 
Dövlət başçısı bildirib ki, Dağlıq Qarabağ Azərbaycanın qədim və tarixi torpaqlarıdır: "Ermənistanın işğalı nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.
 
Ermənistanda, Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər rayonlarında  azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirib.
 
Ermənistan azərbaycanlılara qarşı Xocalı faciəsi törədib. Bu faciə dünyanın 20-dən artıq ölkəsi tərəfindən rəsmən tanınıb. 1992-ci ilin 26 fevralında Ermənistan 613 Xocalı sakinini qətlə yetirib. Onların arasında 106 qadın və 63 uşaq var. Bu cinayəti törədənlərdən biri də Ermənistanın hazırkı prezidentidir. Aparıcı beynəlxalq təşkilatlar Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarılmasını tələb edən qətnamələr qəbul edib. BMT Təhlükəsizlik Şurasının da 4 qətnaməsi var.
 
Lakin Ermənistan qətnamələri yerinə yetirmir, 24 ildir ki, qətnamələrə əhəmiyyət vermir və cəzalandırılmır. Bəzən BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün içində icra olunur. Bizim vəziyyətimizdə isə 24 ildir, icra olunmur. Bu, ikili standartdır və qəbuledilməzdir. Ermənistana qarşı beynəlxalq sanksiya tətbiq olunmalıdır.
 
BMT-də aparılmalı olan islahatlardan biri də Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icra mexanizmləri ilə bağlı olmalıdır. Ermənistan "status-kvo"nun dəyişməməsi üçün hər şey edir. Substantiv danışıqları bloklayır. ATƏT-in Minsk qrupunun həmsədrləri dəfələrlə bəyan edib ki, "statu-kvo" qəbuledilməzdir".
 
Prezident qeyd edib ki, təcavüzkara qarşı beynəlxalq təzyiq yoxdur, Ermənistan diktatorluğuna qarşı sanksiyalar tətbiq olunmur: "Bu dayandırılmalıdır. Ötən ilin aprelində  Ermənistan daha bir cinayət törədib. Nəticədə Azərbaycanın 6 dinc sakini öldürülüb, cavab hücumu ilə Azərbaycan Ordusu işğal olunmuş ərazilərin bir hissəsini azad edib və bayrağını həmin ərazilərdə ucaldıb. Ermənistan rəhbərliyi bu dərsi unutmamalıdır. Əks halda, növbəti təxribatın cavabı daha ağrılı olacaq.
 
Döyüşdə itirən Ermənistan yenidən Azərbaycanın kəndlərinə hücum edib. Bu ilin iyulunda hədəfli hücum nəticəsində Alxanlı kəndinə edilən hücum zamanı 2 nəfər öldürülüb. Bunlar 2 yaşlı Zəhra Quliyeva və onun nənəsidir. Beynəlxalq ictimaiyyət erməni terrorizmini və faşizmini dayandırmalıdır. Azərbaycan münaqişəsinin sülh yoluna sadiqdir. Lakin erməni hərbi təxribatı davam edərsə, Azərbaycan öz əhalisini müdafiə edəcək. Lazım gəlsə, ötən ilin aprelində olduğu kimi, Ermənistan yenə cəzalandırılacaq. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn prinsipləri əsasında həll olunmalı, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir".

Dövlət başçısı daha sonra bildirib ki, Azərbaycan BMT-nin aktiv üzvüdür. 2012-ci ildə Azərbaycan BMT TŞ-nin qeyri-daimi üzvü seçilib. 25 illik tarixi olan bir ölkə üçün bu böyük uğur idi. Üzv ölkələrin böyük əksəriyyəti Azərbaycan və onun siyasətinə dəstək göstərdilər.
 
Prezident qeyd edib ki, Azərbaycan stabil, modern, demokratik ölkədir: "Demokratiyanın inkişafı, insan haqlarının müdafiəsi hökumətimizin əsas prioritetləri sırasındadır. Azərbaycanda fikir, söz, sərbəst toplaşma və dini azadlıqlar da daxil olmaqla bütün fundamental azadlıqlar tam təmin edilir. Azərbaycan dünya tərəfindən multikulturalizmin mərkəzi kimi tanınmış ölkələrdən biridir. Bu, Azərbaycanın dövlət siyasətidir. Bütün etnik və dini qrupların nümayəndələri Azərbaycanda sülh və harmoniya şəklində yaşayır.
 
2016-ci il Azərbaycanda multikulturalizm, 2017-ci il isə İslam həmrəyliyi ili elan olunub. Demək olar ki, heç milli azlığın yaşamadığı Ermənistandan fərqli olaraq, Azərbaycan multietnik ölkədir. Ermənistanda islamofobiya pik həddə çatıb. Bu ölkə vandalizm aktları həyata keçirərək, işğal olunmuş Azərbaycan ərazilərdəki bütün məscidlərimizi dağıdıb".
 
Dövlət başçısı Azərbaycanın dinlərarası dialoqu genişləndirmək üçün bir sıra beynəlxalq tədbirlər keçirdiyini də diqqətə çatıdıb.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0042
GEL 1 Gürcü larisi 0.6654
GBP 1 İngilis funt sterlinqi 2.2846
TRY 1 Türk lirəsi 0.4379
KWD 1 Küveyt dinarı 5.6285
SEK 1 İsveç kronu 0.2014
EUR 1 Avro 2.0032
CHF 1 İsveçrə frankı 1.7194
USD 1 ABŞ dolları 1.7001