Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü keçirilib - Yenilənib

Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü keçirilib - Yenilənib

Siyasət
15 Oktyabr 2019, 21:40 214
Oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə dövlət və hökumət başçıları birgə foto çəkdirdilər.
Zirvə Görüşünü açan Azərbaycan Respublikasının Prezidenti İlham ƏLİYEV dövlət və hökumət başçılarını salamlayaraq dedi:
-Hörmətli Nursultan Abişeviç.
Hörmətli dövlət və hökumət başçıları.
Xanımlar və cənablar.
Mən sizin hamınızı səmimiyyətlə salamlayır və Azərbaycana "Xoş gəlmisiniz!” deyirəm.
Qırğız Respublikasının Prezidenti Sooronbay Şaripoviç Jeenbekova ötən dövr ərzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına uğurlu sədrliyinə görə minnətdarlığımı bildirirəm. Qazaxıstanın birinci Prezidenti, bizim ağsaqqalımız Nursultan Abişeviç Nazarbayev Türk Şurasının fəxri sədri statusunda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə iştirak edir. Əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü və Türk Şurasının üzv ölkələrinin prezidentlərinin birgə qərarı ilə hörmətli Nursultan Abişeviçə Türk Şurasının fəxri sədri adı verilmişdir. Nursultan Nazarbayevin türk dünyasında əlaqələrin inkişafı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılmasında böyük xidmətləri vardır.
Özbəkistan Respublikasını Türk Şurasına üzv olması münasibətilə səmimi qəlbdən təbrik edirəm. Hörmətli, Şavkat Miromonoviç Mirziyoyevə bu müdrik qərarına görə təşəkkür edirəm. Özbəkistanın bu qərarı türk dünyasında birlik və həmrəyliyin daha da güclənməsinə, əməkdaşlığımızın daha da dərinləşməsinə xidmət edəcək.
Macarıstanın Türk Şurası ilə əməkdaşlığının genişlənməsi məmnunluq doğurur. Burada Macarıstanın Baş Naziri cənab Viktor Orbanın şəxsən rolunu xüsusi qeyd etmək istərdim. Ötən ay Budapeştdə Türk Şurasının nümayəndəliyinin ofisi fəaliyyətə başlayıb. Ümidvaram ki, bu ofis Şuranın Avropa ölkələri və regional təşkilatlarla əlaqələrinin inkişafına təkan verəcək.
İndi isə sözü Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının hazırkı sədri qismində Qırğız Respublikasının Prezidenti Sooronbay Şərifoviç Jeenbekova verirəm.
X X X
Qırğızıstan dövlətinin başçısı görüşdə çıxış etdi.
Prezident Sooronbay Şaripoviç Jeenbekovun
çıxışı
-Hörmətli dövlət başçıları.
Hörmətli görüş iştirakçıları.
Xanımlar və cənablar.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə sizinlə görüşməyə çox şadam.
Mən, ilk növbədə, Azərbaycan Prezidenti cənab İlham Əliyevə qonaqpərvərliyə və bu görüşün yüksək səviyyədə təşkil edilməsinə görə təşəkkürümü bildirmək istəyirəm. Çox şadam ki, Özbəkistan Prezidenti cənab Şavkat Mirziyoyev təşkilatımızın tamhüquqlu üzvü kimi bizə qoşulub. Mən, həmçinin Qazaxıstanın birinci Prezidenti cənab Nazarbayevi bizim Şuranın fəxri sədri kimi bu Zirvə Görüşündə iştirakı münasibətilə təbrik edirəm. Bu Şura onun təşəbbüsü və ideyası əsasında yaradılıb. Cənab Nazarbayev, Siz bu Şuranın yaradılmasına böyük töhfə vermisiniz. Düşünürəm ki, cənab Nazarbayevə bizim Şuranın ömürlük fəxri sədri adının verilməsi çox düzgün qərar olub.
Bu il təşkilatımızın yaradılmasından 10 il ötür və çox rəmzi haldır ki, bugünkü Zirvə Görüşümüz Azərbaycanda keçirilir. Bizim təşkilatla eyni vaxtda Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu və digər təşkilatlar da yaradılıb.
Hörmətli həmkarlar, Qırğızıstanın təşkilatımızda sədrlik dövrü başa çatmaq üzrədir və biz ölkələrimiz arasında qarşılıqlı dostluq münasibətlərinin möhkəmlənməsi üçün əlimizdən gələni etmişik. Bizim Şuranın yaradıldığı vaxtdan təşkil edilmiş 55 tədbirdən 15-i Qırğızıstanda keçirilib. Qırğızıstanın sədrliyi dövründə Özbəkistan Şuranın tamhüquqlu üzvü olub, Macarıstan isə bizim təşkilatda müşahidəçi statusu əldə edib. İnanırıq ki, bizim Şuranın Budapeştdə açılmış nümayəndəliyi türk dövlətlərinin və Avropa ölkələrinin sivilizasiyaları arasında qarşılıqlı münasibətlərin və əlaqələrin daha da möhkəmlənməsində mühüm rol oynayacaq. Zənnimcə, Özbəkistanın və Macarıstanın iştirakı ilə bizim bütün qarşılıqlı münasibətlərimiz yeni təkan alacaq. İnanıram ki, biz gələcəkdə ölkələrimizin inteqrasiyasına və yeni mühüm sənədlərin qəbul edilməsinə nail olacağıq. Biz ölkələrimiz arasında investisiya-inteqrasiya fondu yarada bilmişik. Nəqliyyat və sənaye sahələrində çalışırıq, Qırğızıstan həm də İslam Əməkdaşlıq Təşkilatında bizim Şuranın müşahidəçi statusu alması üçün ərəb ölkələri ilə çox səmərəli iş aparır. Katiblik bu istiqamətdə işini davam etdirməlidir. Oş şəhəri türk dünyasının mədəniyyət mərkəzi seçilib. Biz bir sıra mədəni-etnoqrafik tədbirlər, həmçinin "Oş türk sivilizasiyasının paytaxtıdır” adlı tədbir keçirmişik. Bu tədbirlərin təşkilində göstərdiyiniz dəstəyə görə sizin hamınıza təşəkkür edirəm. Ümidvaram ki, bu Zirvə Görüşünün nəticəsi kimi biz bir sıra yeni sənədlər qəbul edəcək və ticari-iqtisadi, investisiya əməkdaşlığının potensialını artıracağıq. Kiçik və orta müəssisələrin dəstəklənməsi xüsusilə vacibdir. Qeyd etdiyim kimi, Qırğızıstan bizim türkdilli ölkələrdən olan tərəfdaşlarımız üçün həmişə açıq olacaq. Hazırda Qırğızıstan ilə Türkiyə, Qazaxıstan və Özbəkistan arasında çoxsaylı müştərək müəssisə var. Biz Azərbaycandan və Macarıstandan olan tərəfdaşlarımızla işgüzar qarşılıqlı münasibətlərin inkişafında da maraqlıyıq. Bu gün mən informasiya-telekommunikasiya texnologiyaları sahəsində və "yaşıl” iqtisadiyyatın inkişaf etdirilməsində ölkələrimiz arasında əməkdaşlığı gücləndirməyi təklif edirəm.
Qeyd etmək istəyirəm ki, ölkələrimizin məcmu ümumi daxili məhsulunun həcmi təqribən 1,5 trilyon dollara bərabərdir. Buna görə də biz əməkdaşlığı gücləndirməli və potensialımızdan istifadə etməliyik. Qırğızıstan bu istiqamətdə uğurla işləyir, nəqliyyat dəhlizlərini genişləndirir, energetika müəssisələri inşa edir, yüngül sənayeni və kənd təsərrüfatını inkişaf etdirir. Biz logistika, nəqliyyat, turizm, innovasiya texnologiyaları kimi sektorları da uğurla inkişaf etdiririk. Bütün bu istiqamətlərdə sizinlə işləməyə hazırıq. Qırğızıstan və Qazaxıstanın Avrasiya İqtisadi İttifaqında üzv olması sayəsində 190 milyon əhalini əhatə edən bazar bizim tərəfdaşlarımız üçün əlçatan olub. İqtisadi əməkdaşlığın inkişafı baxımından bizim təşkilatın hələ istifadə edilməyən potensialı çoxdur. Bizim əməkdaşlığın daha bir istiqaməti Dünya Köçəri Oyunlarının təşkilidir. Biz bu oyunların keçirilməsi estafetini Türkiyəyə vermişik. Düşünürəm ki, Türkiyənin böyük nüfuzu Köçəri Oyunlarının bütün dünyada populyarlaşmasına yeni təkan verə biləcək. Sizin hamınızı növbəti Köçəri Oyunlarında fəal iştiraka dəvət edirəm.
Hörmətli həmkarlar, mən təşkilatımızda sədrliyi Azərbaycan Respublikasına verirəm. İlham Heydər oğlunun iqtisadi islahatları və investisiyaların cəlb edilməsi siyasəti artıq öz bəhrəsini verir. Bu gün Azərbaycan dünya siyasətində xüsusi və mühüm yer tutur. Biz qardaş Azərbaycanın uğurları barədə bütün xəbərləri sevinclə qarşılayırıq. İnanıram ki, Azərbaycanın sədrliyi ilə iqtisadiyyatın, ticarətin, investisiyaların və digər sahələrin inkişafı üzrə əməkdaşlıq daha da güclənəcək. Mən inanıram ki, Azərbaycanın sədrliyi səmərəli olacaq. Fikrimcə, bizim daha da inkişaf etmək üçün çox böyük imkanlarımız var. Əgər biz bütün potensialımızdan və imkanlarımızdan istifadə etsək, ölkələrimizin əməkdaşlığı əhalinin həyat şəraitini yaxşılaşdıracaq. İndi isə çıxış üçün mənim qardaşım və dostum – Azərbaycan Respublikasının Prezidenti, Türk Şurasının yeni sədri cənab İlham Heydər oğlu Əliyevə söz vermək istəyirəm.
X X X
Azərbaycan Prezidenti İlham Əliyev Zirvə Görüşündə çıxış etdi.
Azərbaycan Prezidenti İlham Əliyevin
çıxışı
- Təşəkkür edirəm, hörmətli Sooronbay Şaripoviç.
Hörmətli həmkarlar.
Qırğızıstandan Türk Şurasına sədrliyi qəbul edən Azərbaycan bu müddət ərzində ölkələrimiz arasında əməkdaşlığın və dostluğun möhkəmləndirilməsi istiqamətində öz səylərini göstərəcəkdir. Bizi birləşdirən ortaq soy-kök, tarix, mədəniyyət və milli dəyərlər qarşılıqlı səmərəli fəaliyyətimiz üçün mühüm əsasdır. Türkdilli dövlətlər arasında əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir.
Türk Şurasının VII Zirvə Görüşü Naxçıvan Sazişinin imzalanmasının onuncu ildönümünə təsadüf edir. 2009-cu ilin oktyabrında dövlət başçılarının Azərbaycanın qədim şəhəri Naxçıvanda keçirilmiş Zirvə Görüşündə ölkələrimiz arasında əməkdaşlığın təsisatlanmış yeni formatı yaradıldı. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan bölgəsi arasında Zəngəzur yerləşir. Vaxtilə Zəngəzur bölgəsinin Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi böyük türk dünyasını coğrafi baxımdan parçaladı. Ancaq Naxçıvanda qəbul etdiyimiz qərarlarla və birgə işimizlə biz türk dünyasının birliyini daha da gücləndirdik və qardaşlığımızı davam etdiririk. Bu mənada Türk Şurasının yaradılmasına dair qərarın məhz Naxçıvanda keçirilmiş Zirvə Görüşündə qəbul edilməsi türk dünyası üçün böyük rəmzi əhəmiyyətə də malikdir.
Ötən on il ərzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası bir təşkilat kimi əhəmiyyətli inkişaf yolu keçib. Şura ölkələrimiz arasında siyasi, iqtisadi, nəqliyyat, humanitar, turizm, informasiya və kommunikasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın inkişafında mühüm rol oynayır. Türk Şurasının mötəbər beynəlxalq təşkilatlarla əlaqələri genişlənir. Hazırda BMT, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, İqtisadi Əməkdaşlıq Təşkilatı kimi qurumlarla səmərəli əməkdaşlıq mövcuddur. TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Akademiyası zəngin mədəni irsimizin tədqiqi, maddi və mənəvi dəyərlərimizin dünya səviyyəsində təbliğində əhəmiyyətli rol oynayır.
Mənim Sərəncamımla 2019-cu il Azərbaycanda "Nəsimi ili” elan olunub. Bu günlərdə növbəti Nəsimi festivalı təntənəli şəkildə keçirilib. Təqdirəlayiq haldır ki, TÜRKSOY dahi Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə 2019-cu ili "Nəsimi ili” elan edib.
Türkdilli Ölkələrin Parlament Assambleyası uğurla fəaliyyət göstərir və bir neçə parlamentlərarası təşkilatlarla sıx əməkdaşlıq edir. Mədəniyyət, elm, təhsil, turizm, gənclər və idman kimi sahələrdə birgə fəaliyyətimiz xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrinin daha da dərinləşməsinə xidmət edir.
Zirvə görüşlərimiz ənənəvi olaraq əməkdaşlığımızın müxtəlif sahələrini əhatə edən mövzulara həsr olunur. Builki tədbirimizin "Kiçik və orta sahibkarlığın inkişafı” adlanan mövzusu mühüm aktuallıq kəsb edir. 2017-ci ildə Azərbaycanda Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yaradılıb. Agentliyin yaradılmasında məqsəd kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsidir. Ölkə daxilində və xaricində geniş fəaliyyət imkanlarına malik güclü sahibkarlar sinfi formalaşıb. Sahibkarlığın İnkişafı Fondu tərəfindən indiyədək 36 min sahibkara 1,4 milyard ABŞ dolları həcmində güzəştli kredit ayrılıb. 2018-ci ildə özəl sektorun ölkəmizin ümumi daxili məhsulunda payı 85 faiz təşkil edir.
Son 16 ildə Azərbaycan iqtisadiyyatı üç dəfədən çox artıb. Ölkəyə 270 milyard dollardan çox sərmayə qoyulub ki, bunun yarısı xarici sərmayədir. Azərbaycan xarici borcu az olan dövlətdir. Azərbaycanın xarici borcu ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir. Bu göstəriciyə görə biz dünyada doqquzuncu yerdəyik.
İqtisadi sahədə aparılmış islahatlar beynəlxalq təşkilatlar tərəfindən də təqdir olunur. Dünya Bankının 2020-ci il üzrə "Doing Business” hesabatında Azərbaycan ən islahatçı 20 ölkə sırasında yer alıb. Hazırda Azərbaycan Türkiyə iqtisadiyyatına ən çox sərmayə qoyan ölkələrdən biridir. Belə ki, Azərbaycanın Türkiyə iqtisadiyyatına sərmayəsi 15 milyard ABŞ dolları, Türkiyənin Azərbaycan iqtisadiyyatına qoyulan sərmayəsi isə 12 milyard ABŞ dolları təşkil edir.
Tarixən qədim İpək Yolunun üzərində yerləşən ölkələrimiz arasında nəqliyyat sahəsində əməkdaşlıq təbii ki, əsas istiqamətlərdən biridir. Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin fəal iştirakçısıdır. 2017-ci ilin oktyabr ayında istifadəyə verilmiş Bakı-Tbilisi–Qars dəmir yolu tarixi İpək Yolunun bərpasına bizim müştərək töhfəmizdir. Bakı Beynəlxalq Dəniz Limanı 15 milyon ton yük və 100 min konteyner yükaşırma qabiliyyətinə malikdir. Ehtiyac olduğu təqdirdə limanın yükaşırma qabiliyyəti 25 milyon ton yük və 1 milyon konteynerə kimi artırıla bilər. Azərbaycan etibarlı tranzit ölkəsi olaraq türkdilli ölkələrin dünya bazarlarına çıxışı üçün səylərini davam etdirir. 2018-ci ildə türkdilli ölkələrdən 8 milyon ton yük Azərbaycan vasitəsilə daşınıb.
Biz enerji sahəsində əməkdaşlığa böyük əhəmiyyət veririk. Azərbaycan bu sahədə də öz imkanlarını təqdim edir. Mərkəzi Asiyadan olan tərəfdaşlarımızın enerji resurslarının bir hissəsi Azərbaycan vasitəsilə dünya bazarlarına nəql edilir.
Biz ölkələrimizə xaricdən turistlərin cəlb edilməsi və ölkələrimiz arasında turist axınını təşviq etmək üçün səylərimizi artırmalıyıq. 2019-cu ilin doqquz ayında Azərbaycana, ümumilikdə, 2 milyon 400 min turist səfər edib ki, onlardan 330 mini türkdilli ölkələrin payına düşür. 2018-ci ilin eyni dövründə isə bu rəqəm 285 min idi.
Ölkələrimiz arasında təhlükəsizlik sahəsində əməkdaşlıq genişlənir. Ötən ay Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 22-ci iclası Bakıda keçirilib. Ölkələrimizin təhlükəsizliyinin möhkəmləndirilməsi və regional sabitliyin təmin olunması baxımından bu sahədə əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir.
Bildiyiniz kimi, Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Ermənistanın destruktiv siyasətinə görə irəliləyiş yoxdur. Ermənistan 30 ilə yaxındır ki, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirir. İşğal olunmuş ərazilərdə etnik təmizləmə siyasəti aparılıb, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Həmin ərazilərdə Azərbaycan xalqına məxsus tarixi-mədəni irs, İslam abidələri və məscidlərimiz dağıdılıb və məhv edilib.
Ermənistan çalışır ki, müsəlman ölkələri ilə sıx əməkdaşlıq qursun. Ancaq dünya müsəlmanları üçün müqəddəs olan məscidləri dağıdan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz. Dinimizə qarşı edilən bu vandallıq Ermənistanın islamofob xislətini nümayiş etdirir.
Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi qəbul edilib. Bu qətnamələrdə işğalçı qüvvələrin Azərbaycan torpaqlarından qeyd-şərtsiz və tam çıxarılması birmənalı olaraq tələb edilir. Eyni zamanda, Qoşulmama Hərəkatı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, NATO, Avropa Parlamenti, Avropa Şurası və digər təşkilatlar buna oxşar qərar və qətnamələr qəbul ediblər. Ermənistan bu qətnamə və qərarların tələblərinə məhəl qoymur, beynəlxalq hüquqi öhdəliklərinin icrasından boyun qaçırır.
Dağlıq Qarabağ Azərbaycanın tarixi və əzəli torpağıdır, Azərbaycanın ayrılmaz hissəsidir. Münaqişə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşlərinin yekun bəyanatlarında da dövlətlərin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına dəstək davamlı olaraq təsbit edilir. Fürsətdən istifadə edərək, mən Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli həllini dəstəkləyən tərəfdaşlarımıza təşəkkür edirəm.
Azərbaycan bu gündən Türk Şurasına sədrliyi öz üzərinə götürür. Sizi əmin edirəm ki, Azərbaycan təşkilata sədrliyi dövründə ölkələrimiz arasında həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə əməkdaşlığın daha da dərinləşməsi istiqamətində səylərini davam etdirəcək.
Diqqətinizə görə təşəkkür edirəm.
X X X
Prezident İlham ƏLİYEV: Hörmətli həmkarlar. İndi isə Türk Şurasının təsis etdiyi Türk Dünyasının Ali Ordenini Nursultan Abişeviç Nazarbayevə təqdim etmək istərdim.
X X X
Prezident İlham Əliyev Türk Dünyasının Ali Ordenini Nursultan Nazarbayevə təqdim etdi.
X X X
Qazaxıstanın birinci Prezidenti və Türk Şurasının fəxri sədri Nursultan Nazarbayev görüşdə çıxış etdi.
Nursultan Nazarbayevin
çıxışı

- Hörmətli dövlət və hökumət başçıları, əziz dostlar.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə iştirak etməkdən məmnunam. Azərbaycan torpağında ənənəvi qonaqpərvərliyə və bu tədbirin yüksək səviyyədə təşkilinə görə Prezident İlham Heydər oğlu Əliyevə səmimi minnətdarlığımı bildirmək istərdim.
Şavkat Miromonoviç Mirziyoyevi və bütün qardaş özbək xalqını Türk Şurasına tamhüquqlu üzv kimi daxil olması münasibətilə təbrik edirəm. Bu, bütün türkdilli ailə üçün çoxdan gözlənilən tarixi hadisədir.
Zirvə Görüşündə müşahidəçi qismində ilk dəfə iştirak edən dostumuz, Macarıstanın Baş Naziri Viktor Orbanı təbrik edirəm. Budapeştdə Türk Şurası nümayəndəliyinin açılması Macarıstan hökumətinin mühüm addımıdır. Həmin nümayəndəlik bizim fəaliyyətimizi Avropa istiqamətində genişləndirəcək.
Sooranbay Şaripoviç Jeenbekov başda olmaqla, Qırğızıstanın Şuradakı sədrliyinin yekunlarını yüksək qiymətləndirirəm.
Qardaşım Prezident Rəcəb Tayyib Ərdoğana mənə Türk Şurasının fəxri sədri statusu verilməsi təklifinə görə xüsusi minnətdarlığımı bildirirəm. Bu təşəbbüsü dəstəklədiyinizə görə hamınıza minnətdaram. Mənim belə yüksək mükafatla təltif edildiyimə görə təşəkkür edir və hamınızın qarşısında baş əyirəm. Bu, mənə təşkilatın işində fəaliyyətimi davam etdirməyə imkan verəcək. Mən bunun üçün var qüvvəmi sərf etməyə hazıram.
Bildiyiniz kimi, mən Prezident səlahiyyətlərini böyüməkdə olan nəslə vermişəm və buraya birinci Prezident, Elbası kimi gəlmişəm. Mən 30 ilə yaxın Qazaxıstana rəhbərlik etmişəm. Bu illər ərzində bizim iqtisadiyyatımız 20 dəfə, ölkənin rifahı 19 dəfə artıb və biz tədricən inkişaf etmiş ölkələrə yaxınlaşırıq. Bu müddət ərzində bizim çox böyük uğurlarımız olub.
Hörmətli Zirvə Görüşü iştirakçıları. 2006-cı ildən başlayaraq Jeenbekov, Ərdoğan, Mirziyoyev və Orban isə ötən il Çolpan-Atadakı görüşlərdə iştirak edirlər. Mərkəzi Asiyada yeni müstəqil dövlətlərin tarixinin yalnız ilk ayları gedirdi, amma biz artıq qardaş xalqlarımız arasında dilin, mədəniyyətin və ənənələrin eyniliyinə əsaslanan münasibətlər qurulmasının əhəmiyyətini dəqiq başa düşürdük. Buna görə də bütün qardaş ölkələr Ankara bəyanatını imzaladılar. Bunun vasitəsilə biz geniş türk dünyasında qarşılıqlı əməkdaşlığımızı inkişaf etdirmək üçün iradə və qətiyyətimizi ifadə etdik. Türkdilli dövlətlərin başçıları müxtəlif heyətlərdə Azərbaycanda, Türkiyədə, Qırğızıstanda, Özbəkistanda və Qazaxıstanda 10-a yaxın görüş keçiriblər. Görüşlərin dəyişkən nəticələrinə bizim ölkələrimizin daxili inkişafının cürbəcür gündəlikləri və xarici siyasət konyukturası təsir edib.
On il əvvəl Naxçıvanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında əsas sənədi təsdiq etdik. Beləliklə, əlaqələrimizin yeni, daha düşünülmüş və praqmatik mərhələsinə start verildi. Məhz bu yanaşma bizə indiki yubiley tədbirinə yaxşı nəticələrlə gəlməyə imkan verdi. Əvvəla, biz təşkilatın həm qlobal kontekstdə, həm də özümüz üçün zəruriliyini və aktuallığını sübut etməyə nail olduq. İkincisi, Şura Özbəkistanın və Macarıstanın hesabına genişləndi ki, bu da bizim birgə salnaməmizdə yeni səhifə açdı. Üçüncüsü, ölkələr tərəfindən sanballı institusional struktur yaradıldı. Bu struktura TürkPA, TÜRKSOY, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Ağsaqqallar Şurası, eləcə də Türk Ticarət-Sənaye Palatası daxildir. Dördüncüsü, Şuranın siyasi və iqtisadi nüfuzu regional və beynəlxalq səviyyələrdə artır. Beşincisi, türk dünyası inteqrasiyasının konsepsiyası qəbul olunub. Həmin sənəd əsasən türkdilli ölkələrin çoxplanlı qarşılıqlı fəaliyyətini perspektivdə keyfiyyət cəhətdən daha yüksək səviyyəyə çıxaracaq.
Hörmətli dostlar, türk sivilizasiyasının dərin kökləri vardır. Əgər tarixə müraciət etsək, biz planetin ən böyük qitəsində həmişə mühüm rol oynamış xalqların xələfləriyik. Türk dünyasının müasir mərhələdə də əhəmiyyətini dərk etmək üçün dünyanın coğrafi xəritəsinə baxmaq kifayətdir. Xüsusilə qeyd etmək istərdim ki, mən ötən müddət ərzində, - 1992-ci ildən 2019-cu ilə qədər 25 ildən artıq müddətdə, - müxtəlif heyətlərlə türkdilli dövlət başçılarının 17 görüşünün hamısında iştirak etmişəm. Mən bunları əxz etmişəm: məsələn, "Türk” sözü, bu sözün hər bir hərfinin mənim üçün xüsusi mənası var. Birinci "t” hərfi - trast, yəni, inamdır, "ü” - uniti, yəni, birlik, "r”- renessans, yəni, intibah və sonuncu "k” hərfi - kinşil, yəni, qohumluq. Bu anlayışa əsaslanaraq mənim birlik daxilində işimin məqsədi ölkələrimizi yaxınlaşdırmaq olub və buna görə də mən çox şadam ki, birgə səylərlə bu məqsədə nail olmuşuq.
Bizim 160 milyona yaxın sayda qardaşlıq ailəmiz möhkəmlənir, genişlənir və inkişaf edir. Bununla yanaşı, hamımız bilirik ki, bu gün dünyada iri dövlətlər arasında qarşıdurma və etimad böhranı nəticəsində mürəkkəb geosiyasi vəziyyət yaranıb. Bəzən bizim Şuranın ölkələri arasında da öz həllini tələb edən məsələlər yaranır. Əlbəttə, belə şəraitdə biz əllərimizi yanımıza salıb oturmuruq. Birlikdə həll yollarını tapmışıq və həll etmişik. Həmişə də belə olmalıdır. Məsələn, türk dünyasının inteqrasiya konsepsiyasının qəbul olunması və mənim Çolpan-Atada türk əməkdaşlıq təşkilatlarının islahatları barədə təkliflərimlə əlaqədar bizim addımlarımız həmin çağırışlara cavab oldu. Güman edirəm ki, bizim hamımızın növbəti səviyyəyə, yəni, ümumtürk gələcəyinin yeni üfüqlərinin formalaşdırılmasına başlamağa keçmək vaxtıdır. Bununla əlaqədar mənim iki təklifim var. Birincisi, "Türk baxışı 2040” proqramını hazırlamaq. Bu proqramda türkdilli birliyin uzunmüddətli məqsədləri və onlara nail olmaq yolları əksini tapmalıdır. Beləliklə, biz xalqlarımıza göstərilən dövr üçün türk inteqrasiyasının təxmini obrazının cizgilərini təqdim edərik. Bununla da biz, həmçinin xarici siyasət və ticarətin yumşaq gücü, tranzit və turizm, investisiya, energetika, "yaşıl” iqtisadiyyat, kiçik və orta biznes kimi prioritet sahələrdə ölkələrin qarşılıqlı fəaliyyətinə yeni impuls verərik. Proqrama, həmçinin mədəniyyət və təhsil, gənclər siyasəti və səhiyyə, rəqəmsallaşdırma və süni intellekt, eləcə də türk beşiyi - Türküstan şəhərinin inkişafı bölmələrini daxil etmək zəruridir. Hazırda Qazaxıstan həmin şəhərdə nəhəng tikinti işlərinə başlayıb. Sənəddə müvafiq təhlil aparıldıqdan sonra indiki və əvvəlki görüşlərdə irəli sürülən təşəbbüslərin gerçəkləşdirilməsi üzrə "Yol xəritələri” də öz əksini tapmalıdır. Həm də sənədin bizim dövlətlərin milli inkişaf proqramları ilə əlaqəsini təmin etmək zəruridir. Bununla yanaşı, biz həm də birliyin açıqlığını təmin etməli və qapalı blok yaratmağa şirniklənməməliyik. İkincisi, perspektivdə Şuranın adının dəyişdirilməsi məsələsinə nəzər yetirmək lazımdır. Bizim təkcə dilimiz deyil, həm də tariximiz, mədəniyyətimiz, dünyagörüşümüz və ənənələrimiz də eyni mənbədən qidalanır. Buna əsaslanaraq türk inteqrasiyasının uğuru təkcə bizim ailələrimiz üçün deyil, həm də bütün Avrasiya məkanında təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi üçün strateji əhəmiyyətə malikdir. XXI əsr bizə belə imkan verir və bundan tam istifadə etmək lazımdır. Həm də hesab edirəm ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasını təşkilat səviyyəsinə qədər yüksəltmək olar. Beləliklə, əgər bizim Şuramız təşkilata çevrilsə, bizim qurumumuzu türkdilli deyil, Türk Dövlətləri Təşkilatı adlandırmaq olar. Biz bilirik ki, vahid köklərə malikik, amma ötən əsrlər ərzində, ötən dövr ərzində bizim ölkələrimiz öz yollarını dəyişiblər. Köklərimiz eynidir, türk dövlətləri adlandırmalıyıq.
Hörmətli görüş iştirakçıları, türk inteqrasiyasının möhkəmləndirilməsi və inkişafı yolunda əməyimi yüksək qiymətləndirməyiniz mənim üçün böyük şərəfdir. Ümid edirəm ki, biz gələcəkdə də sizinlə birlikdə yeni zirvələr fəth edəcəyik və mən bu yolda sizə kömək etməyə və dəstək göstərməyə həmişə hazıram. Diqqətinizə və mənə göstərdiyiniz hörmətə görə təşəkkür edirəm.


X X X


Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan görüşdə çıxış etdi.

Prezident Rəcəb Tayyib Ərdoğanın
çıxışı
- Hörmətli prezidentlər.
Hörmətli qurucu Prezident.
Hörmətli Baş Nazir.
Hörmətli nazirlər, əziz qardaşlarım.
Sizi ən səmimi hisslərimlə, məhəbbətlə və hörmətlə salamlayıram. Türk Şurasının VII Zirvə Görüşü ilə əlaqədar "Odlar Yurdu” can Azərbaycanın paytaxtı Bakıda olmaqdan böyük məmnunluq duyuram.
Zirvə toplantısına ev sahibliyi edən İlham Əliyev qardaşıma qonaqpərvərliyinə görə təşəkkürümü bildirirəm.
Fürsətdən istifadə edərək, Türk Şurasına sədrliyi ötən il uğurla öz üzərinə götürən möhtərəm qardaşım Prezident Jeenbekovu təbrik edirəm.
Naxçıvan Sazişinin onuncu ildönümünə təsadüf edən və əziz qardaşım Şavkat Mirziyoyevin də aramızda tamhüquqlu üzv olaraq qatıldığı bu Zirvə Görüşü həqiqətən tarixi əhəmiyyətə malikdir. Özbəkistana ürəkdən "Aramıza xoş gəldiniz!” deyirəm.
Bu Zirvə Görüşünü tarixi edən digər bir məqam isə türk dünyasının ağsaqqalı, Qazaxıstan Respublikasının qurucu Prezidenti əziz qardaşım elbası Nazarbayevə minnətdarlığımızın bir göstəricisi olaraq təklifim əsasında Türk Şurasının fəxri prezidenti adının təqdim edilməsidir. Hörmətli ağsaqqalım, Zati-alinizə təqdirlərimi və təbriklərimi ifadə edirəm.
Macarıstanın Baş Naziri əziz dostum cənab Viktor Orbanı bu il aramızda görməkdən bir daha böyük məmnunluq duyuruq.
Fürsətdən istifadə edib baş katibimiz hörmətli Bağdad Amreyevə və komandasına əzmkar səylərinə görə təşəkkür edirəm.
Hörmətli qardaşlarım, Türk Şurası kimi təsisatların dünya siyasətində rolunun daha da artdığını görürük. Türk Şurasının digər çoxtərəfli platformalarla əməkdaşlığına və əlaqələndirilmiş şəkildə fəaliyyət göstərməsinə önəm veririk. Şuranın BMT Baş Assambleyasında və İslam Əməkdaşlıq Təşkilatında müşahidəçi statusuna sahib olmasını arzu edirik. Beləliklə, türk dünyasında ortaq bir fondun qurulması təklifini dəstəkləyirik. Ancaq əvvəlcə bu fondun maliyyə, hüquqi və inzibati təməlləri sağlam qoyulmalıdır. Bu məsələdə katibliyin əlaqələndirməsi ilə aidiyyəti milli və beynəlxalq qurumların da təcrübəsindən istifadə edilərək genişmiqyaslı iş görülməsinin faydalı olduğunu düşünürük.
Beynəlxalq ticarətin dollar əsaslı olması qeyri-müəyyənlik şəraitində risklər yaradır. Buna görə iqtisadiyyatlarımız üzərindəki valyuta təsirini azaldacaq mexanizmləri tətbiq etməliyik. Yerli valyutalarla ticarətə əhəmiyyət verdiyimizi xüsusilə qeyd etmək istəyirəm.
Hörmətli qardaşlarım, Şərq-Qərb istiqamətində orta dəhliz üzərindən Xəzərdən və Türkiyə ərazisindən keçən nəqliyyat marşrutları böyük potensiala malikdir. Bu marşrutdan tam mənasında istifadə etməyimiz gömrüklərimiz arasında əməkdaşlığın inkişafından asılıdır. Təəssüf ki, kvotalar ticarətimizin qarşısında duran ən böyük maneələrdən biridir. Türk Şurası olaraq, aramızdakı kvotaları ortadan qaldırmalıyıq. Bundan başqa, diasporlarımızın birgə fəaliyyət göstərmələrinə dair layihələrə də önəm verməliyik.
Hazırda Türk Şurasına üzv ölkələrdən təxminən 1300 tələbəyə Türkiyə təqaüdləri ilə universitetlərdə təhsil almaq imkanı təqdim edirik. Türkiyə universitetlərindən məzun olan on minlərlə tələbəmiz, şükür olsun, bu gün həkim, mühəndis, məmur, siyasətçi kimi türk dünyasına qürurla xidmət edir. Başda mədəniyyət və təhsil olmaqla elm, tarix, gənclər, idman, arxiv, kitabxanaçılıq kimi sahələrdəki fəaliyyətimizi genişləndirərək davam etdirməliyik. Beləliklə, mərkəzi Bakıda yerləşən TürkPA-nı, Türk Mədəniyyəti və İrsi Fondunu, Astanadakı Türk Akademiyasını və Ankarada fəaliyyət göstərən TÜRKSOY-u hamımız birlikdə dəstəkləməliyik. Bu təşkilatlarımız arasında əlaqələri genişləndirəcək əlaqələndirmə komitəsinin yaradılmasına dair qərarı Zirvə Görüşündə qəbul etməyi nəzərdə tuturuq.
Müasir dövrdə bölgəmizdə sülhə və əmin-amanlığa ən böyük təhdid mənbəyi terror təşkilatlarıdır. PKK/YPG, İŞİD, FETÖ kimi şər şəbəkələrinin mövcudluğu təhlükəsizlik sahəsindəki əməkdaşlığımızın əhəmiyyətini artırmışdır. Suriyada son səkkiz ildir yaşadıqlarımız isə bir terror təşkilatının əli ilə digərinin məhv edilməsinin mümkün olmadığını göstərmişdir. Ölkə olaraq PKK/YPG-ni ortadan qaldırmaq məqsədilə oktyabrın 9-da çox mühüm bir addım atdıq. "Sülh çeşməsi” əməliyyatımızın iki əsas məqsədi var. Bunların birincisi, Suriyanın şimalındakı PKK/YPG-dən gələn terror təhdidinin tamamilə aradan qaldırılmasıdır. Əməliyyatımızın ikinci qayəsi isə səkkiz ildir müsafir etdiyimiz 3 milyon 650 min suriyalı ərəbin öz ölkələrinə, vətənlərinə sağ-salamat qayıda bilmələrini təmin etməkdir. Bundan başqa, təxminən 350 min suriyalı kürdü ölkəmizdə qonaq qəbul edirik.
Bu gün əməliyyatın yeddinci günündəyik. Əməliyyatımız BMT Baş Assambleyasının 74-cü toplantısında bütün dünyaya nümayiş etdirdiyimiz təhlükəsiz bölgə xəritəsinə uyğun şəkildə uğurla davam edir. Bu gün səhərədək təxminən min kvadratkilometrlik ərazini separatçı terror təşkilatının işğalından azad etdik. İnşallah, qısa zamanda Münbiçdən İraqla sərhədimizə qədər olan bölgəni təhlükəsiz vəziyyətə gətirib ilk mərhələdə bir milyon, daha sonra iki milyon suriyalı qaçqının öz istəkləri ilə evlərinə qayıtmalarını təmin edəcəyik. Afrin, Cerablus, Azezdə olduğu kimi, burada da beynəlxalq dəstəklə infrastruktur, məktəb, xəstəxana və ev layihələri ilə sabitliyi təmin edəcəyik.
Suriyanın şimalı sülh çeşmələri ilə yenidən cücərənə, hədəflərimizə çatana qədər mübarizəmizi davam etdirəcəyik. Ulu əcdadımız Dədə Qorqudun dediyi kimi, "Yaxşı dost yaxşı gündə çağırılanda, pis gündə isə çağırılmadan gələndir”. Bəli, Türkiyənin terrora qarşı apardığı ölüm-dirim mübarizəsində siz qardaşlarımdan çox güclü həmrəylik gözləyirik. Əməliyyatın başladığı andan etibarən Türkiyəyə dəstək verən bütün liderlərə buradan bir daha təşəkkür edirəm. Üç yüz milyonluq türk dünyasındakı hər bir qardaşımın qəlbinin bizimlə döyündüyünü, ölkəmiz və qəhrəman ordumuz üçün dua etdiyini çox yaxşı bilirəm. Eyni qaydada 15 iyul gecəsi 251 insanımızı şəhid edən, 2193 insanımızı yaralayan FETÖ təşkilatı ilə mübarizədə ölkəmizə verdiyiniz dəstəyi davam etdirməyinizi xahiş edirik. Türkiyə Maarif Fondu vasitəsilə əlimizdən gələn hər cür töhfəni verməyə hazırıq.
Hörmətli qardaşlarım, milli mübarizələrimizdə bir-birimizin yanında durmaq qardaşlığımızın borcudur. Azərbaycanın əzəli torpağı Dağlıq Qarabağın və ətrafının Ermənistanın işğalı altında qalması bir milyon qardaş-bacımızı evlərindən, yurdlarından uzaqda qaçqın və köçkün vəziyyətində yaşamağa məcbur edib. BMT Baş Assambleyasındakı nitqimdə də dediyim kimi, bu, qəbuledilməz bir vəziyyətdir. Dağlıq Qarabağ probleminin ən qısa müddətdə sülh yolu ilə və Azərbaycanın ərazi bütövlüyü əsasında həll edilməsi üçün əlimizdən gələn səyləri göstərməyə davam edəcəyik. Türk dünyasının əsas hissəsi olan Kipr türkləri problemin həll olunmamasından hələ də əziyyət çəkirlər. Gözləntimiz kiprli türklərin məruz qaldıqları haqsız təcrid və embarqonun aradan qaldırılmasına yardım etməyinizdir.
Bu düşüncələrlə çıxışımı yekunlaşdırarkən Türk Şurasının bu günlərə gəlməsində əməyi olan hər kəsə təşəkkürlərimi bildirirəm. İnşallah, gələn il Türkiyədə keçiriləcək səkkizinci Zirvə görüşümüzdə Türkmənistanı da tamhüquqlu üzv olaraq aramızda görəcəyimizə inanıram.
Zirvə Görüşümüzün xeyirli olmasını diləyir, Sizin vasitənizlə türk dünyasındakı bütün qardaşlarıma buradan salam və sevgilərimi göndərir, Türkmənistanın iştirakı ilə də, bəli, altı dövlət - bir millət olmağı arzu edirik.
Allah köməyiniz olsun. Təşəkkür edirəm.
X X X

Zirvə Görüşündə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev çıxış etdi.
Prezident Şavkat Mirziyoyevin 
çıxışı
-Hörmətli İlham Heydər oğlu.
Hörmətli dövlət və hökumət başçıları. Əziz dostlar.
Hər şeydən əvvəl icazə verin, bu görüşün yüksək səviyyədə təşkilinə və bizə mehriban qonaqpərvərlik göstərildiyinə görə Azərbaycan xalqına və şəxsən Zati-aliləri Prezident İlham Əliyevə dərin təşəkkürümü bildirim. Zati-aliləri, Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekovu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında son bir il ərzində uğurlu sədrliyinə görə təbrik edirəm. Həmkarlarımın rəylərinə qoşularaq bizim təşkilatın əsasını qoyanlardan biri, onun inkişafında böyük rol oynamış Qazaxıstan Respublikasının birinci Prezidenti – elbası hörmətli Nursultan Abişeviç Nazarbayevin Türk Şurasının fəxri sədri seçilməsini tam dəstəkləyirəm.
Həqiqətən, bizim hamımız Nursultan Abişeviçin öz ideyaları və Türk Şurasının beynəlxalq təşkilata çevrilməsi təklifi ilə bağlı böyük töhfəsini yaxşı bilirik və yüksək qiymətləndiririk. Fürsətdən istifadə edərək, onu bu mükafat münasibətilə təbrik etmək istəyirəm.
Hörmətli dostlar, bu gün Türk Şurasının 10 illiyini gözəl Azərbaycan torpağında qeyd etməyimiz dərin rəmzi məna daşıyır. Bu beynəlxalq strukturun əsası məhz burada qoyulub. Həmin tarix bizim üçün də böyük tarixi hadisədir. Çünki Özbəkistan Türk Şurasının tamhüquqlu üzvü olub.
Hörmətli həmkarlar, bizim ölkəmizin Şuraya daxil olması, onun türk dünyasında rolu və əhəmiyyəti ilə bağlı söylədiyiniz səmimi fikirlərə görə sizə minnətdarlığımı bildirirəm. Şübhəsiz ki, Özbəkistanın təşkilata daxil olması təbii tarixi proseslərin nəticəsidir. Biz şadıq ki, bu gün tamhüquqlu üzv qismində həmin qədim körpüləri möhkəmləndiririk. Qədim Özbəkistan torpağında bizim ortaq tariximizin şərəfli səhifələri yazılıb, o, dünya elm və mədəniyyətinin inkişafına misilsiz töhfə vermiş Musa Xarəzmi, Əhməd Fərqani, Əbu Reyhan Biruni, İbn Sina, Mirzə Uluqbəy kimi alimlər və mütəfəkkirlər, müqəddəs dinimizin tarixində parlaq izlər qoymuş böyük ilahiyyatçılar İmam Buxari, İmam Tirmizi, İmam Maturidi, Bəhauddin Nəqşbənd, özünün gözəl əsərləri ilə türk dünyasını birləşdirən Əlişir Nəvai kimi dahi şair bəxş edib. Təkcə özbək xalqı deyil, bizim hamımız onlarla fəxr edirik. Bu mənəvi sərvətin gənc nəsillər üçün qorunması və öyrənilməsi hamımızın borcudur. Ən başlıcası - Türk Şurasında iştirakımız bizim xalqın maraqlarına tam uyğundur. Bu gün təkcə mədəni-mənəvi əlaqələr deyil, həm də ticari-iqtisadi münasibətlər də yeni səviyyəyə yüksəlib. Son üç ildə ölkələrimizin qarşılıqlı ticarət həcmi təxminən iki dəfə artıb. Üç mindən çox müştərək müəssisə yaradılıb, nəqliyyat əlaqələri genişlənir, vizasız turist səyahətləri artır, xalqların qardaşlıq telləri möhkəmlənir.
Zirvə Görüşünün hörmətli iştirakçıları, sizin diqqətinizi gündəliyə daxil edilmiş aşağıdakı məsələlərə cəlb etmək istəyirəm. Birinci məsələ - kiçik və orta biznesin inkişafı bizim görüşümüzün əsas mövzusudur və təşkilata üzv dövlətlərin hamısı üçün, o cümlədən Özbəkistan üçün çox böyük əhəmiyyət kəsb edir. Son üç ildə ölkəmizdə strateji əhəmiyyətli sahə olan xüsusi mülkiyyətin və sahibkarlığın inkişafına prioritet diqqət yetirilir. Nəticədə ümumi daxili məhsulda onun payı bu gün 59 faiz təşkil edir. Biz öz gələcəyimizi məhz kiçik biznesin və özəl sahibkarlığın inkişafı ilə əlaqələndiririk. Bu sahənin inkişafı, öz növbəsində, yeni nəqliyyat-kommunikasiya şəbəkələrinin, logistika mərkəzlərinin, minlərlə iş yerinin yaradılmasına imkan verəcək. Biz bu prosesdə ölkələrin təcrübəsindən fəal istifadə etmək niyyətindəyik. Biz sahibkarlar arasında birbaşa, qarşılıqlı anlaşma və etimada əsaslanan əlaqələrin qurulması üçün ən əlverişli şəraitin yaradılmasını prioritet vəzifələrimizdən biri hesab edirik. Türkdilli Dövlətlərin Biznes Şurasının bu yaxınlarda biznes icmasının 500-dən çox nümayəndəsinin iştirakı ilə Daşkənddə keçirilmiş forumunun yekunları da bu vəzifələrin yerinə yetirilməsinə yönəlib. Biz birgə texnoparkların, innovativ startap şirkətlərinin və vençur fondlarının təşkilini təklif edirik. Birgə sərmayə fondunun yaradılmasına və türkdilli ölkələrin ticarət evlərinin açılmasına hazırıq. İkincisi, hazırda Şuraya üzv dövlətlərin əhalisinin 40 faizdən çoxu gənclərdən ibarətdir. İstedadlı və təhsilli gənclərin sahibkarlığa geniş cəlb edilməsi məqsədilə biz Türk Şurası çərçivəsində gənc sahibkarlar forumu təsis etməyi və onun birinci iclasının növbəti ildə Özbəkistanda keçirilməsini təklif edirik. Üçüncüsü, ölkələrimizdə iri nəqliyyat-kommunikasiya layihələrinin reallaşdırılması Mərkəzi Asiya-Türkiyə nəqliyyat dəhlizi vasitəsilə Avropa, Çin və Cənubi Asiya bazarlarına çıxmaq üçün geniş imkanlar yaradacaq. Bu zaman Bakı-Tbilisi-Axalkalaki-Qars yeni dəmir yolunun potensialından da səmərəli istifadə edilməlidir. Biz tranzit və logistika mərkəzlərinin təşkilində Aktau, Türkmənbaşı, Ələt, Samsun və Mersin limanlarının müasir infrastrukturundan da istifadə olunmasında maraqlıyıq. Biz, həmçinin ölkələrimizin məsul təşkilatları tərəfindən Türk Şurası ölkələrinin ərazisində xarici ticarət yüklərinin daşınması zamanı qarşılıqlı razılaşdırılmış güzəştlərin və preferensiyaların tətbiqi məsələsinə də birgə baxılmasını təklif edirik. Dördüncüsü, bizim turizm sahəsində əməkdaşlığımızın fəallaşdırılması üzrə fəaliyyəti də dəstəkləyirik. Qeyd etmək lazımdır ki, son üç ildə Şuraya üzv dövlətlərdən Özbəkistana gələn turistlərin sayı təxminən iki dəfə artıb. Biz təşkilat çərçivəsində ötən il hazırlanmış "Müasir İpək Yolu” turizm proqramında da fəal iştirak etməyə hazırıq. Əminəm ki, 2020-ci ildə qədim Xivə şəhərinin türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi qardaş xalqlarımızın dostluğunun daha da möhkəmlənməsinə və onların yaxınlaşmasına kömək edəcək.
Zirvə Görüşünün hörmətli iştirakçıları, biz mədəni-humanitar əlaqələri münasibətlərimizin gələcək inkişafında mühüm amil kimi qiymətləndiririk. Bizim hamımız türk dünyasının Yunus Əmrə, Əlişir Nəvai, Füzuli, Məhtimqulu, Abay kimi dahi şəxsiyyətlərinin yaradıcılığına böyük hörmət və sevgi bəsləyirik. Onların çox qiymətli mənəvi irsinin bütün xalqlarımız üçün daha əlçatan olması üçün ölkələrimizin hər birində ana dilində 100 cildlik "Türk ədəbiyyatı inciləri” kitablar silsiləsinin nəşr olunmasını təklif edirik. Bu nəşrə Şuraya üzv dövlətlərin ədəbiyyatlarının ən yaxşı nümunələri daxil ediləcək. Biz Şuranın nəzdində fəaliyyət göstərən Beynəlxalq Türk Akademiyasına da üzv olmağa hazırıq. Bununla yanaşı, Şuraya üzv ölkələrin müasir ədəbiyyat və incəsənətdə, tarix elmi və memarlıqda böyük uğurlar qazanmış nümayəndələrinin həvəsləndirilməsi məqsədilə TÜRKSOY beynəlxalq mükafatının təsis olunmasını təklif edirik.
Əziz dostlar, Türk Şurasında sədrliyin Azərbaycan Respublikasına keçməsi münasibətilə hörmətli İlham Heydər oğlunu təbrik edir, bu məsuliyyətli və şərəfli missiyanın yerinə yetirilməsində ona böyük uğurlar arzulayıram.
Diqqətinizə görə təşəkkür edirəm.
X X X

Sonra görüşdə Macarıstanın Baş Naziri Viktor Orban çıxış etdi.
Baş Nazir Viktor Orbanın
çıxışı
-Hörmətli cənab prezidentlər.
İcazə verin, Zirvə Görüşünün təşkilinə görə Prezident İlham Əliyevə təşəkkür etməyi özüm üçün böyük şərəf saydığımı bildirim. Mən Bakıya tez-tez gəlirəm və hər səfərim zamanı burada gördüyüm inkişafa görə Sizi təbrik etmək istəyirəm.
Cənab Prezident Sooronbay Jeenbekov, il ərzində gördüyünüz işlərə görə Sizi təbrik edənlərə qoşuluram. Cənab Prezident, məni ölkənizə dəvət etdiyinizə və orada keçirilən iclasda iştirak etdiyimə görə Sizə təşəkkürümü bildirirəm. Mən qıpçaqların böyük dostu Qazaxıstanın birinci Prezidenti Nazarbayevi ali mükafat alması münasibətilə təbrik etmək istəyirəm. Burada iştirak edənlərin heç də hamısı bəlkə də bilmir ki, Macarıstanda qıpçaqlar yaşayır və macarların çoxunun damarlarında qıpçaq qanı axır. Onların hətta öz bələdiyyəsi, özünüidarə orqanları da var. Cənab Prezident Nazarbayev macar qıpçaqlarının fəxri prezidentidir. Hər il qıpçaqlar iclas keçirəndə biz onu Macarıstandan salamlayırıq. Cənab Prezident, Sizi ali mükafat münasibətilə bir daha təbik edirik.
Hörmətli xanımlar və cənablar. Mən Türk Şurasının iclasında ilk dəfə Qırğızıstanda iştirak etmişəm. Lakin artıq beş ildir ki, biz Parlament Assambleyasının üzvləriyik və Türk Akademiyasında müşahidəçi qismində iştirak edirik. Biz Türk Şurasına müşahidəçi qismində qoşulmuşuq, çünki biz həm nə isə almaq, həm də nə isə vermək istəyirik. Bu gün biz macarlar bu Şuraya Avropaya və Avropa İttifaqına qoşulmağımızı təklif edə bilərik. Buna görə də son aylarda biz Türk Şurasının Avropa nümayəndəliyini yaratmışıq və Sizin Xarici İşlər nazirləri ilə birlikdə Budapeştdə bu daimi nümayəndəliyi açmışıq. Bu daimi nümayəndəlikdə iqtisadi forumlar və müxtəlif mədəni tədbirlər keçiriləcək. Bu işə mümkün qədər tezliklə başlamaq üçün sizin nümayəndə heyətlərini ehtiramla gözləyirik. Cənab prezidentlər, sizə təşəkkür edirəm ki, bu gün bu barədə saziş imzalamağa razılıq vermisiniz.
Hörmətli cənab prezidentlər. Biz iqtisadi əməkdaşlığa xüsusi diqqət yetiririk. Macarıstanda ixracın həcmi ölkənin ümumi daxili məhsulunun 85 faizinə bərabərdir. Keçən il bizdə iqtisadiyyatın artımı 5 faiz olub və bu il də 5 faiz artıma nail olacağıq. Biz xarici ölkələrdə öz kapitallarını sərmayə qoymaq istəyən macar sahibkarlar üçün investisiya proqramı elan etmişik. Biz onları dəstəkləyirik. Bunun sayəsində Macarıstan və Türk Şurasının üzvü olan ölkələr öz əmtəə dövriyyəsini artırır. Mən Baş Nazir olduğum dövrdə bu əmtəə dövriyyəsi 2 dəfə artıb və 4 milyard dollara çatıb. Sizə onu da bildirmək istəyirəm ki, Macarıstanın Eksimbankı Türk Şurasının üzvü olan ölkələr üçün kredit xətti açıb. Bu kredit xəttindən həm sizin, həm də bizim sahibkarlar istifadə edə bilərlər. Macarıstan və Türkiyə sahibkarları üçün 190 milyon, Qazaxıstan və Macarıstan sahibkarları üçün 80 milyon, Özbəkistan-Macarıstan əməkdaşlığı üçün daha 80 milyon, Macarıstan-Azərbaycan əməkdaşlığı üçün 80 milyon və Macarıstan-Qırğızıstan əməkdaşlığı üçün 27 milyon dollarlıq kredit xətti açılıb. Biz Türk Şurasının Sənaye və Ticarət Palatası ilə fəal əməkdaşlıq edirik. Beləliklə, bu mənbələrdən istifadə edilsə, gələcəkdə biz bu məbləğin əvəzini çıxa biləcəyik.
Hörmətli cənab prezidentlər. Bizim ölkələrimiz arasında coğrafi məsafə kifayət qədər böyükdür. Buna görə də bizim vətəndaşların öz aralarında ünsiyyət saxlaması xüsusilə vacibdir. Hazırda Türk Şurasının üzvü olan ölkələrdən gəlmiş tələbələrə Macarıstan hökuməti 725 təqaüd verir. Qazaxıstanlı tələbələrə 250 təqaüd, azərbaycanlı tələbələrə 200 təqaüd, türkiyəli tələbələrə 150 təqaüd, özbəkistanlı tələbələrə 75 təqaüd və qırğızıstanlı 30 təqaüd veririk. Hörmətli xanımlar və cənablar, biz bu rəqəmləri daha da artırmağa hazırıq.
İcazənizlə, hazırda Avropa İttifaqında baş verənlər barədə bir neçə kəlmə demək istərdim. Hazırda Avropa İttifaqında yeni təsisatlar yaradılır. Bu yaxınlarda parlament seçilib. Hazırda komitələrə üzvlər seçilir. Bütün üzv ölkələr komitələrə öz nümayəndələrini göndərirlər, onların qarşısında ciddi vəzifələr durur. İndi Macarıstan bu Avropa qurumunda macarların da portfel alması, Avropa İttifaqının genişlənməsi və mehriban qonşuluq siyasəti uğrunda mübarizə aparır. Bizim şansımız pis deyil, lakin bu, çox kəskin mübarizədir. Əgər biz həmin portfelə yiyələnə bilsək, onda Azərbaycanla daha sıx əməkdaşlıq edəcəyik, Türkiyənin üzvlüyü barəsində müəyyən addımlar ata biləcəyik və bu istiqamətdə irəliləməyə kömək etməyə şad olarıq. İcazə verin, Brexit haqqında da bir neçə söz deyim. Mən Türk Şurasının diqqətini buna cəlb etmək istəyirəm. Hələlik heç kəs heç nəyi dəqiq bilmir. Lakin mən hesab edirəm ki, britaniyalılar bu ayın sonunda Avropa İttifaqından çıxacaqlar. İndiyə qədər Britaniya müəssisələri və həmin müəssisələrlə Türk Şurasının üzvü olan ölkələr arasında əlaqələr Avropa İttifaqının oyun qaydaları ilə nizamlanırdı. İndi isə britaniyalılar Avropa İttifaqını tərk edəcəklər. Onlar Avropa İttifaqının ümumi ticarət siyasətindən imtina edəcəklər. Buna görə də onlar hər kəslə ayrı-ayrılıqda yeni sazişlər bağlayacaqlar. Əlbəttə, Macarıstanla saziş Britaniya ilə Avropa İttifaqının qaydaları əsasında bağlanacaq, amma sizin halda bu, belə olmayacaq. Buna görə Türk Şurasına qabaqcadan fikirləşməyi və artıq indi Böyük Britaniya ilə Azərbaycan, Böyük Britaniya ilə Qazaxıstan və digər dövlətlər arasında yeni ticarət sazişləri barədə britaniyalılarla danışıqlara başlamağı təklif edirəm. Çünki bu, əvvəl belə deyildi. Mən bu yeni imkanlara hazırlaşmağı təklif edirəm və gəlin, bu məsələni də əlaqələndirək.
Hörmətli cənab Prezident Əliyev, dəvət üçün Sizə təşəkkür edirəm. Çox şadam ki, Sizin tədbirdə iştirak edirəm.
X X X
Daha sonra Türkmənistanın Baş Nazirinin müavini Purli Aqamuradov görüşdə çıxış etdi.
Baş Nazirin müavini Purli Aqamuradovun
çıxışı
-Cənab sədr, hörmətli dövlət başçıları, xanımlar və cənablar.
İlk növbədə, hörmətli Prezident İlham Əliyevə təşəkkürümü bildirmək istərdim. Mən Türkmənistan Prezidenti cənab Qurbanqulu Berdiməhəmmədovun salamlarını sizə çatdırıram.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə fəxri qonaq qismində iştirak etmək üçün dəvətə və nümayəndə heyətimizə göstərilən səmimi qonaqpərvərliyə görə Azərbaycan Prezidentinə minnətdarlığımı bildirmək istəyirəm.
Hörmətli görüş iştirakçıları. Bizi ümumi tarix birləşdirir. Xalqlarımız və ölkələrimiz arasındakı əlaqələr möhkəmdir və ümumi tarixə, mədəni-mənəvi dəyərlərə söykənir. Xalqlarımızın bir çox ortaq dəyərləri var. Əməkdaşlığımızın müsbət dinamikasını qeyd etmək olduqca vacibdir. Bugünkü görüş bizim üçün vacib hadisədir. Deməli, bizə ümumi dil tapmaq daha asandır. Türkmənistan xarici siyasətinin əsas istiqamətlərindən biri mədəni diplomatiyadır. Multimodal logistik habların yaradılması da vacib məqamlardandır. Türkmənistan Mərkəzi Asiya, Xəzər dənizi və Yaxın Şərqdən Avropaya və digər qitələrə çıxış dəhlizinin yaradılmasına tərəfdardır. Türkmənistan həmin sahədə çox ciddi əməkdaşlığı dəstəkləyir. Dahi şəxsiyyətlərimiz bizim fəxrimizdir və beynəlxalq arenada dəyərlərimizin təşviqinə xidmət edir. Düşünürəm ki, XXI əsrin nailiyyətləri xalqlarımız tərəfindən sülh məqsədlərinin təbliği üçün istifadə olunmalıdır.
Hörmətli dövlət başçıları. Ümid edirəm ki, VII Zirvə Görüşü daha sıx əməkdaşlığa və xalqlarımız arasında əlaqələrin möhkəmlənməsinə gətirib çıxaracaq. Təşəkkür edirəm.
X X X
Türk Şurasının Baş katibi Bağdad Amreyev Zirvə Görüşündə çıxış etdi.
Baş katib Bağdad Amreyevin
çıxışı
-Möhtərəm dövlət başçıları və Baş Nazir.
Hörmətli nazirlər, dəyərli nümayəndə heyətlərinin üzvləri.
Dövlət və hökumət başçıları ilə bu yubiley Zirvə Görüşündə birlikdə olmaqdan böyük şərəf və qürur hissi duyduğumu dilə gətirmək istəyirəm. Zirvə Görüşünə hazırlıq prosesində əvəzolunmaz dəstəyinə və Türk Şurasına dəstəyinə görə Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm.
Qazaxıstanın birinci Prezidenti əziz Nursultan Abişeviç, Türk dünyasına böyük töhfələrinizə görə Sizə Türk Şurasının daimi sədri statusunun verilməsi münasibətilə Sizi təbrik edirəm. Fürsətdən istifadə edərək, bütün türk dünyasının birliyi yolunda böyük əməyinə görə Nursultan Abişeviçin qarşısında baş əyirik. Sözsüz ki, Elbasının ideyaları, fikirləri və layihələri bundan sonra da bizim fəaliyyətimizin kursunu müəyyənləşdirəcək.
Qırğız Respublikasının Prezidenti zati-aliləri Sooronbay Jeenbekova Qırğızıstanın sədrliyi dövründə yeni uğurlar əldə etdiyimiz təşkilata uzaqgörən rəhbərliyə görə təşəkkürümü bildirirəm.
Zati-aliləri Rəcəb Tayyib Ərdoğana Türk Şurasına göstərdiyi daimi böyük dəstəyə görə minnətdarlığımı ifadə edirəm. Mən, həmçinin türk və İslam dünyasının maraqlarının müdafiəsinə görə Prezident Ərdoğanın əhəmiyyətli fəaliyyətini vurğulamaq istəyirəm.
Həmçinin bu yaxınlarda məni səmimi qəbul edərək dəyərli məsləhət və ideyalarını bölüşən Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə səmimi minnətdarlığımı bildirirəm. Çolpon-Atadakı Sammitdən sonrakı dövr, – bu isə bir ildən bir az çoxdur, - Türk Şurası çərçivəsində əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi planında ən uğurlu və dinamik dövr olub. İlk növbədə, bu il qardaş Özbəkistanın təşkilata qoşulması ilə Türk Şurasının genişləndirilməsi baş verib. Bu fürsətdən istifadə edərək, bu tarixi qərara görə Özbəkistan Prezidenti Zati-aliləri Şavkat Mirziyoyevə dərin minnətdarlığımı bildirmək istəyirəm. Əminəm ki, bu mühüm addım Türk Şurasının işinə yeni impuls verəcək və Türk Şurasının vahid mavi bayrağı altında türkdilli dövlətlərin və xalqların əməkdaşlığının genişlənməsinə təkan olacaq.
Bu ilin daha bir gözəl xəbəri Xarici İşlər nazirlərimizin iştirakı ilə sentyabrda Budapeştdə Türk Şurasının Avropa ofisinin təntənəli açılışı oldu. Bu addım Macarıstanın türk dünyası ilə əlaqələri inkişaf etdirmək niyyətini təsdiqləyir. Bununla əlaqədar Türk Şurasının Avropada və dünyada təbliğinə görə Macarıstanın Baş Naziri zati-aliləri Viktor Orbana minnətdarlığımı ifadə edirəm. Bu il sizin qarşınızda biz Xarici İşlər nazirləri ilə birgə Türk Şurasının Avropa ofisində sazişin imzalanması mərasimini keçirəcəyik.
Bu il qardaş Türkmənistanla da əlaqələri xeyli irəli aparmışıq. Bu yaxınlarda Türkmənistan rəhbərliyi ilə rəsmi danışıqlar zamanı bu ölkənin təşkilatda müşahidəçi statusunun əldə edilməsi məsələsi üzrə anlaşmaya nail olduq. Biz əminik ki, qarşıdakı aylarda bu məsələ həllini tapacaq.
Zati-aliləri, hörmətli dövlət başçıları. Sizin göstərişlərinizə əsasən üzv ölkələr arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi Türk Şurasının yaradılması anından prioritetdir. Buna görə hazırkı Zirvə Görüşünü "Üzv dövlətlərin kiçik və orta biznes müəssisələrinə dəstək” mövzusuna həsr etmişik. Bu il biz nazirlər səviyyəsində 15 müşavirə keçirmişik. Onlardan səkkizi iqtisadiyyata məsul nazirlərin görüşü olub. Türk Şurası çərçivəsində mayın 17-də Nur-Sultan şəhərində Türk Ticarət-Sənaye Palatasını yaratdıq. Əminəm ki, bu qurum ölkələrimiz arasında ticari-iqtisadi əlaqələrin inkişafına böyük töhfə verəcək. Dünən Özbəkistanın və Macarıstanın ticarət palataları da bu prosesə rəsmən qoşulublar. Biz bir həftə bundan əvvəl Daşkənddə 50 sahibkarın iştirakı ilə böyük biznes forum təşkil etdik. Dünən biz Bakıda da biznes forum keçirdik. Bu forumlarda onlarla saziş imzalanıb. Bu ilin iqtisadiyyat sahəsində daha bir mühüm təşəbbüsü Türk İnvestisiya Fondunun yaradılmasıdır. Ümid edirəm ki, bu fond sizin dəstəyinizlə kiçik və orta biznes müəssisələri vasitəsilə ölkələrimizin ticari-iqtisadi əməkdaşlığına güclü impuls verəcək.
Sizin Çolpon-Atadakı Sammitdə verdiyiniz tapşırığa müvafiq olaraq, Türk Şurasında islahatlarla bağlı məsələ üzrə iş görülüb. Qurumlarımız arasında əməkdaşlığın səmərəliliyinin artırılması məqsədilə Türk Şurası yanında Əlaqələndirmə şurası yaradılıb.
Zati-aliləri, cənab prezidentlər. Qeyd olunanlardan çıxış edərək deyim ki, keçən 10 il ərzində Türk Şurası tamhüquqlu beynəlxalq təşkilat kimi özünü doğruldub. Üzv dövlətlər arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafının səmərəli mexanizminin olmasını bəyan etmək üçün bütün əsaslar var. Bunu ölkələrimizin ümumi maraqlarının irəliləməsi istiqamətində təşkilatın uğurlu fəaliyyəti təsdiq edir. Bu gün Türk Şurası BMT və digər nüfuzlu beynəlxalq təşkilatlarla konstruktiv əlaqələr qurub. Əminliklə deyə bilərik ki, ötən 10 il ərzində Türk Şurasının formalaşdırılması mərhələsi yekunlaşıb və biz təşkilatın inkişafının növbəti mərhələsinə keçirik. Nursultan Abişeviç Nazarbayevin təklif etdiyi kimi, gündəlikdə "Türk baxışı 2040” proqramının işlənilməsi məsələsi durur. Bununla bağlı Şuranın katibliyi tərəfindən təşkilatımızın perspektivlərini müəyyən edən "Türk Şurası 2025” adlı yeni strategiya hazırlanır. Bu sənədə sizin təkliflərinizi əlavə edərək biz onu gələn Zirvə Görüşündə diqqətinizə çatdıracağıq.
Əminik ki, türk dünyasının qlobal regional gündəliyinin prioritetləri əsasında yeni mərhələnin dinamik olması üçün üzv dövlətlər arasında əməkdaşlığı dərinləşdirəcəyik və infrastruktur, sərmayələr, qanunvericilik, həmçinin real iqtisadiyyat sahələrində aparıcı layihələrin reallaşdırılması ilə inteqrasiyanın yeni yüksək səviyyəsinə çatacağıq. Növbəti mərhələ iqtisadi əməkdaşlığın ən mühüm sahələrində yeni prinsip və yanaşmaların tətbiqini tələb edə bilər. Belə ki, azad ticarətin stimullaşdırılması strategiyası çərçivəsində, yaxud üzv dövlətlər arasında ticarətin inkişafı üçün imtiyazlı ticarət sazişlərin əldə edilməsi gündəliyə çıxarıla bilər. İqtisadi əməkdaşlığın gücləndirilməsi üçün ticarətin stimullaşdırılması və qarşılıqlı investisiyalar, həmçinin kiçik və orta biznes müəssisələrinə dəstək üçün optimal maliyyə alətləri lazımdır.
Transxəzər marşrutunu Şərqlə Qərb arasında səmərəli ticarət-nəqliyyat dəhlizinə çevirmək üçün biz gündəliyə nəqliyyat və gömrük sahələrində optimal və əlverişli şərtlərin formalaşdırılması məsələsini daxil edirik. Həmin dəhliz boyunca logistik xərcləri azaltmaqla nəqliyyat və gömrük əməliyyatlarının operativliyini artırmaq olduqca vacibdir. Bunun üçün biz birgə Xəzər gəmiçilik şirkətinin yaradılmasını müzakirə etməyi planlaşdırırıq. Həmin strategiyada bir çox müxtəlif sahələr var, o cümlədən diaspor, turizm, kənd təsərrüfatı, gənclər məsələləri.
Yaxın 10 ildə biz qlobal arenada mühüm yer tutan türk dünyasını daha nüfuzlu, güclü və vahid birliyə çevirmək üçün böyük həvəs və səylə işləməyə hazırıq. Diqqətə görə təşəkkür edirəm.
X X X
Prezident İlham ƏIiyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təklifi ilə növbəti görüşün Türkiyədə keçiriləcəyini elan etdi.
Sonra Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünün sənədləri imzalandı.
X X X
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünə yekun vuran Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:
-Hörmətli dövlət və hökumət başçıları. Əziz dostlar.
Artıq imzalanma mərasimi başa çatmışdır. Zirvə Görüşümüz də yekunlaşır. Bir daha nümayəndə heyətlərinin başçılarına, bütün qonaqlara bu Zirvə Görüşündə iştirak etdiklərinə görə dərin minnətdarlığımı bildirmək istəyirəm.
Özbəkistanın tamhüquqlu üzv dövlət kimi Türk Şurasına qoşulması çox əlamətdar addımdır, Türk Şurasının coğrafiyasını genişləndirir və gücümüzü artırır. Macarıstanda Şuranın nümayəndəliyinin ofisinin açılması Avropa dövlətləri və təsisatları ilə daha sıx əməkdaşlıq üçün yeni imkanlar açır. Bu gün çıxışlarda səslənən dəyərli fikirlər əminəm ki, bizim işimizi zənginləşdirəcək və bu təkliflərin reallaşması əməkdaşlığımızın keyfiyyətcə yeni pilləyə qalxmasına imkan yaradacaqdır.
Azərbaycan bu gündən Şuraya sədrliyi öz üzərinə götürür. Sizi əmin etmək istəyirəm, biz var gücümüzlə çalışacağıq ki, növbəti bir il ərzində təşkilatımız daha da güclənsin və qarşıda duran bütün vəzifələr uğurla icra edilsin.
Bir daha sizə dərin hörmət və ehtiramımı bildirirəm. Beləliklə, bizim toplantımız başa çatır. Sağ olun.
X X X
Sonra Prezident İlham Əliyevin adından Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçılarının şərəfinə ziyafət verildi.
Daha sonra konsert proqramı oldu.