• çərşənbə axşamı, 19 mart, 11:04
  • Baku Bakı 8°C

Prezident İlham Əliyev: Azərbaycanın NATO ilə əməkdaşlığı böyük potensiala malikdir

23.11.17 13:05 2656
Prezident İlham Əliyev: Azərbaycanın NATO ilə əməkdaşlığı böyük potensiala malikdir
Azərbaycan və NATO arasında yaxşı əməkdaşlıq tarixi var. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə NATO-nun mənzil-qərargahında Alyansın baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında deyib.
Prezident İlham Əliyev NATO-nun mənzil-qərargahına bir daha səfər etməkdən məmnun olduğunu bildirib və qeyd edib ki, Azərbaycanla NATO arasında mühüm əməkdaşlıq məsələlərini müzakirə etmək imkanı mövcuddur.
Dövlət başçısı xatırladıb ki, Azərbaycan NATO-nun bir çox əməliyyatlarında iştirak edib və hazırda da Qətiyyətli Dəstək Missiyasına öz töhfəsini verir: "Əfqanıstanda sülh və təhlükəsizliyi təmin etmək üçün 94 azərbaycanlı hərbi qulluqçu NATO hərbçiləri ilə çiyin-çiyinə xidmət edir. Azərbaycan, həmçinin koalisiya qüvvələri üçün multimodal tranzit və hava dəhlizləri təqdim edir”.
Azərbaycan Prezidenti NATO-nun baş katibi Yens Stoltenberqlə regional təhlükəsizlik məsələlərini müzakirə etdiyini vurğulayıb.
İlham Əliyev əlavə edib ki, regional təhlükəsizliyə ən böyük təhdid Ermənistanla Azərbaycan arasında həll olunmamış münaqişədir: "Bizim ərazilərimiz işğal altında qalır. Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirilib və təəssüf ki, vəziyyət dəyişmir”.
Prezident qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin prezidentlərinin status-kvonun qəbuledilməzliyi və dəyişdirilməli olduğu barədə bəyanatlarına baxmayaraq, Ermənistan status-kvonu uzun müddət saxlamaq istəyir.
İlham Əliyev BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının işğal olunmuş Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrini də xatırladıb: "Ermənistan 20 ildən çoxdur ki, bu qətnamələri yerinə yetirmir”.
Dövlətimizin başçısı bildirib ki, münaqişənin həlli BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və Azərbaycanın ərazi bütövlüyünə əsaslanmalıdır: "Azərbaycanın ərazi bütövlüyünü bütün dünya tanıyır”.
Prezident İlham Əliyev NATO-nun baş katibi ilə nəqliyyat təhlükəsizliyi ilə bağlı məsələləri də müzakirə etdiyini deyib: "Mən baş katibi məlumatlandırdım ki, Azərbaycan öz qonşuları ilə birgə Asiya ilə Avropa arasında ən qısa marşrut olacaq Bakı-Tbilisi-Qars dəmir yolu layihəsini uğurla başa çatdırıb. Bundan başqa, bu marşrutla Əfqanıstana tədarüklər də daha sadə və effektiv olacaq”.
Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycanın NATO ilə əməkdaşlığı böyük potensiala malikdir.
İlham Əliyev əlavə edib ki, bu onun NATO-nun mənzil-qərargahına altıncı səfəridir və bu da Azərbaycanla NATO arasında möhkəm əməkdaşlığı nümayiş etdirir: "Biz regionda sülhün, təhlükəsizliyin və sabitliyin təmin olunması məqsədilə tərəfdaşlığımızı davam etdirəcəyik”.
banner

Oxşar Xəbərlər