• cümə axşamı, 25 aprel, 12:11
  • Baku Bakı 23°C

Prezident İlham Əliyev: Çayçılığın inkişafı üçün yerli icra orqanları fermerlərə dəstək verməlidir

03.09.17 18:15 1162
Prezident İlham Əliyev: Çayçılığın inkişafı üçün yerli icra orqanları fermerlərə dəstək verməlidir
Çayçılığın inkişafı üçün yerli icra orqanları fermerlərə dəstək verməlidir. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Lənkəranda keçirilən çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində yekun nitqində deyib.
Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycanda kənd təsərrüfatı prioritet sahə olaraq qalır və qalacaqdır: "Eyni zamanda, qeyd etdiyim kimi, kənd təsərrüfatının şaxələndirilmiş şəkildə inkişaf etdirilməsi də qarşıda duran əsas vəzifələrdən biridir. Kənd təsərrüfatının bütün sahələri bizim üçün əhəmiyyətlidir. Biz ölkəmiz üçün ənənəvi olan sahələri dirçəldirik, bərpa edirik, yeni sahələr yaradılır. Bir sözlə, Azərbaycanda ərzaq təhlükəsizliyi və idxaldan asılılığın azaldılması məsələləri diqqət mərkəzindədir. Son illərdə bu istiqamətdə çox böyük nəticələr əldə edilmişdir. Bunu həm statistik göstəricilər, həm də real həyat göstərir. Son vaxtlar bütün bölgələrdə kənd təsərrüfatına göstərilən diqqət və dövlət tərəfindən aparılan siyasət artıq gözəl nəticələrini verir.
Qarşıya vəzifə qoyulur ki, ənənəvi olan sahələrin bərpası, dirçəldilməsi prosesi növbəti illərdə daha da sürətlə getsin və biz tezliklə bu ənənəvi sahələri bərpa edə bilək. Bu gün müzakirə mövzusu olan ənənəvi sahələrin bərpası artıq böyük bir canlanmaya gətirib çıxarıb. Bu siyasət fermerlər tərəfindən bəyənilir. Artıq yüzlərlə, minlərlə yeni iş yeri yaradılır. Vaxtilə baxımsız olan, istifadəsiz qalan torpaqlarda indi çəltikçilik, çayçılıq inkişaf etdirilir, insanlar işə cəlb olunublar. Beləliklə, biz kənd təsərrüfatının bütün sahələrini inkişaf etdirərək bir neçə məqsədə çatmış oluruq”.
İlham Əliyev bildirib ki, ölkəmizin iqtisadi potensialı artır, idxaldan asılılıq azalır, yeni iş yerləri, yeni sənaye müəssisələri yaradılır və Azərbaycan dünya bazarlarına öz keyfiyyətli məhsulunu təqdim edir:
"Onu da qeyd etməliyəm ki, Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsulları çox keyfiyyətlidir, təbiidir, orqanikdir. Əlbəttə, xarici bazarlarda da bizim məhsullarımıza böyük maraq var. Biz öz məhsullarımızı xarici bazarlara daha da böyük həcmdə təqdim etmək üçün indi müxtəlif tədbirlər görürük. Azərbaycanın ticarət evləri yaradılır. Artıq birinci belə ticarət evi yaradılıb, növbəti evlərin yaradılması prosesi gedir. Müxtəlif ölkələrə ticarət missiyaları göndərilir. Mən də xarici səfərlərimdə və həmkarlarımı Azərbaycanda qəbul edərkən bu məsələləri daim qaldırıram ki, Azərbaycan məhsulları müvafiq ölkələrə ixrac edilsin. O ki qaldı, bu gün müzakirə etdiyimiz sahələrdən biri olan çayçılığa, hamımız yaxşı bilirik ki, Azərbaycanda çayçılığın çox böyük ənənələri var. Lənkəranda birinci çay fabriki 1930-cu illərdə yaradılmışdır. Çayçılığın sürətli inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1970-ci ildə 8 min hektarda çay əkilirdisə, 1982-ci ildə təxminən 12 min hektarda çay əkilmişdir və çayın istehsalı 26 min tona çatmışdır. Burada da qeyd olundu, müəyyən səbəblər üzündən fermerlər, kəndlilər tərəfindən çayçılığa maraq azaldı, dövlət də öz dəstəyini göstərə bilmədi. Ona görə biz demək olar ki, çayçılığı itirmək ərəfəsində idik. Son illər ərzində bu sahəyə göstərilən xüsusi diqqət hesabına biz çayçılığı bərpa edirik və edəcəyik.
Hələ ki, min hektarda çay plantasiyaları əkilib. Bu, əlbəttə ki, əvvəlki dövrlə müqayisədə çox aşağıdır. Ancaq biz çay plantasiyalarını tədricən bərpa edəcəyik. Əsas vəzifələrdən biri də məhz bundan ibarətdir ki, yeni çay plantasiyaları salınmalıdır. Dövlət öz dəstəyini göstərməlidir, yerli icra orqanları fermerlərə dəstək verməlidirlər. Bu sahələr müəyyən edilməlidir. Çünki cənub zonasında boş qalan o qədər də böyük torpaq sahələrimiz yoxdur. Ona görə biz istifadəsiz qalan torpaq sahələrində, çayçılıq üçün münbit olan torpaqlarda plantasiyalar salmalıyıq. Eyni zamanda, çayçılığın inkişaf etdiyi dünyanın aparıcı ölkələrinin təcrübəsi də öyrənilməlidir. O ölkələrdə həm məhsuldarlıq çox yüksəkdir, eyni zamanda, onlar torpağın hər qarışından istifadə edirlər. Dağətəyi ərazilərdə, yamaclarda terras şəklində çay plantasiyaları salınır. Bu, eyni zamanda, sitrus meyvələrinin istehsalına da aiddir. Biz sitrusçuluğu da dağətəyi ərazilərdə, o cümlədən bu ərazilərdə inkişaf etdirməliyik. Müvafiq dövlət qurumları burada yeni çay plantasiyalarının salınması ilə bağlı təkliflərini tezliklə verməlidirlər. Əlbəttə, bu plantasiyaların su təminatı da təşkil edilməlidir. Davamlı su təminatı olmalıdır. Dünyanın ən qabaqcıl texnologiyaları tətbiq edilməlidir. Dünən çayçılıq təsərrüfatında olarkən mənə məruzə edildi ki, biz ən qabaqcıl texnologiyaları tətbiq etsək məhsuldarlığı bir neçə dəfə artıra bilərik. Bu, onu deməyə əsas verir ki, biz hətta məhdud olan torpaq sahələrində keyfiyyətli və böyük həcmdə çay istehsalına nail ola bilərik”.
Prezident vurğulayıb ki, çayçılıq intensiv şəkildə inkişaf etdirilməlidir: "Ötən əsrin 80-ci illərindən fərqli olaraq, bu gün bu sahə üzrə kənd təsərrüfatı elmi inkişaf edib. Qeyd etməliyəm ki, dünyanın ən qabaqcıl texnologiyaları Azərbaycanda tətbiq olunmalıdır. Astara rayonuna keçən səfərimdə "Astaraçay” müəssisəsində olmuşam. Bu dəfə də həmin müəssisənin plantasiyalarında olarkən məruzə edildi ki, onlar məhz bu yanaşmanı tətbiq edirlər, ən müasir texnologiyalar tətbiq olunur".
banner

Oxşar Xəbərlər