• cümə axşamı, 18 aprel, 23:52
  • Baku Bakı 21°C

PR insanın qabında olmalıdır

13.12.19 10:07 2273
PR insanın qabında olmalıdır
Nəsimi Paşayev: "Sözlərlə oynamışam, nəyisə deməmişəm, amma yalan danışmamışam”
Deyir ki, jurnalistlərin zənginə cavab vermək önəmlidir. Əgər danışmaq istəməsən belə, telefonu açıb deməlisən ki, üzrlü hesab et, mən bunu cavablandıra bilməyəcəyəm.
Bildirir ki, telefonum 24 saat açıq olur. Gecə 2-də, səhər 5-də jurnalistlər zəng vurur. Həmişə də cavab verir.
Söhbət "Hünər Group" şirkətinin PR və marketinqdepartamentinin direktoru Nəsimi Paşayevdən gedir
- 90-cı illərin əvvəllərində Türkiyədə təhsil almağa getmisiniz. İndi Türkiyədə təhsil almaq adiləşib, amma o vaxt indiki kimi deyildi. Rayon yerində böyüyən birinin o vaxt ölkə xaricində təhsil almağa getməyi necə oldu?
- Təhsil almaq üçün Azərbaycandan Türkiyəyə 1991-ci ildə gedilməyə başlandı. Həmin il qeyri-rəsmi yolla kadr yetişdirilməsi ilə bağlı göndərilmə olmuşdu. 1992-ci ildə isə qanuni şəkildə tələbə qəbulu üçün elan verilmişdi. Düzü, mənim xəbərim yox idi. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası yeni yaradılmışdı, biz də gözləyirdik ki, imtahan vaxtı elan olunsun, yerli universitetlərə test imtahanı verək. Xalam ibtidai sinif müəllimi idi, bir gün dedi ki, Türkiyə universitetlərinə qəbul imtahanında iştirak etməklə bağlı elan verilib. Hətta dedi ki, sənəd qəbulu rayonlarda aparılır, bu gün sonuncu günüdür, istəsən, sənədlərini ver. O vaxt mən Mingəçevir şəhərində idim. Dedilər ki, sənəd qəbulu Mingəçevirdə yeni açılan institutda olacaq. Getdim, dedilər ki, bizdə belə bir şey yoxdur. Axşam xəbərlərdə gördüm ki, sənəd qəbulu üçün vaxtı iki gün də uzadıblar. Sənəd qəbulu sən demə, Təhsil Şöbəsində aparılırmış. Sinif yoldaşımla sənədlərimizi vermək üçün gedəndə, yolda əmimoğlu ilə qarşılaşdıq. Hara getdiyimizi ona deyəndə, bildirdi ki, boş şeydir. Lakin biz hər şeyə rəğmən, yenə də təhsil şöbəsinə yollandıq və sənədlərimizi təqdim etdik. 19 iyulda Bakıda imtahan verdik.
İmtahandan sonra rayona qayıtdım. İmtahanın nəticələrini soruşanda, deyirdim ki, qəbul olmuşam. Amma nəticələr hələ çıxmamışdı. 92-ci ildə yerli universitetlərə tələbə qəbulu gec keçirildi, noyabr ayında oldu, dekabr ayında da dərslər başladı. Türkiyə universitetinə imtahan verəndən sonra yerli universitetlərə qəbul imtahanına hazırlaşmadım. Mənə deyəndə ki, niyə imtahanlara hazırlaşmırsan? Deyirdim ki, onsuz da ali məktəbə qəbul olmuşam. Və qəbul oldum da.
- Əvvəlcədən belə düşünməyinizin səbəbi nə idi?
- Çünki çox yaxşı yazmışdım. O vaxt testlər fərqli idi. İndi testlərdə 3-4 fənn olur. Bizdə 8 fəndən ibarət 140 sual idi. Hətta testdə sualların cavab variantları yox idi. Biz sualları kənarda bir vərəqdə həll edib cavablarını kağıza qeyd edirdik. İmtahanın ortasında dedilər ki, məsələnin həlli yollarını da yazmalısınız. Təzədən məsələ və misalların həlli yollarını yazmışıq, çox qəliz bir şey idi. Sualların böyük əksəriyyətinin cavablarını yazdığıma görə tam əmin idim ki, qəbul olmuşam.
- Neçənci ildə məzun oldunuz? Təhsili başa vuran il ölkəyə qayıtmamısınız.
- 92-ci ildə qəbul olub Türkiyəyə getdik. İlk il Türkcə Öyrətim Mərkəzində dil hazırlığı keçdik. 4 il də universitet təhsili oldu. 97-ci ildə məzun olmalıydıq. Amma mən başqa səbəblərdən dolayı 2000-ci ilə qədər Türkiyədə qaldım. Hətta son il magistraturaya imtahan vermişdim, amma vəziyyət elə gətirdi ki, magistraturanı da oxumadım.
- Türkiyədə niyə qaldınız?
- O vaxt orda yaşamaq daha maraqlı idi. Orda yaşayırdıq. Sonra dönmək vaxtı gəldi və qayıtdım.
- Həmin müddətdə yəqin ki orda işləmisiniz. Təhsil aldığınız sahədə çalışırdınız?
- Öz sahəmlə bağlı çox ciddi işlə məşğul olmamışam, amma bir müddət çörəkpulu qazanmaq üçün müxtəlif işlərdə çalışmışam. Tikintidə çalışdım, işlədim, daş daşıdım, ofisiant, qabyuyan işlədim. İki semestr arasında - fevral ayında 15 günlük tətil olur. İmkanı olan ailələrin uşaqları Bakıya gəlirdilər. Amma bir qisim azərbaycanlı tələbə qalıb o müddətdə işləməyi üstün tuturdu, mən də onlardan biri idim. Orda müəyyən tanışlarımız var idi, onların köməkliyi ilə inşaatda iş tapıb işləyirdik. Məsələn, deyirdilər ki, fəhlə lazımdır, biz də gedirdik. Bir dəfə tikintisi başa çatmış bir bina var idi, oranı təmizləmək üçün bizi çağırdılar. Altı ay bir bazarın yeməkxanasında həm ofisiant, həm mətbəxi yığışdıran, qabyuyan işləmişəm.
Bir müddət isə çox yaxşı işdə də çalışmışam. Hətta o qədər yaxşı idi ki, zarafatla desək, tələbələrin avtobusa minmədiyi qədər mən taksidə gəzirdim.
- O vaxt Azərbaycandan gedən əksər tələbələr bu cür işlərdə çalışırdı?
- O vaxt Türkiyəyə təhsil almağa gedənlərin böyük bir qismi orta təbəqə insanlar idi. İçlərində çox az imkanlı ailələrin uşaqları olurdu. Mən keçdiyim yolu əksər tələbələr keçirdi. Mənimlə o yolu keçənlərin bir çoxu indi çox yaxşı vəzifələrdədirlər. Bu gün çox yüksək vəzifədə işləyən biri var ki, biz onunla torpaq daşımışıq. 95-96-cı illərdən sonra artıq o mühit olmadı. Bir neçə il öncə bir faktla qarşılaşdım. Bir ailə var idi, övladı Ankarada təhsil alırdı. Anası həftənin birinci günü bir qazan dolma bişirib təyyarə ilə aparıb oğluna verib gəlirdi. Biz elə dövrdə oxumuşuq ki, ailəmizə məktubla salam yazırdıq, o salamın cavabını 3 ay sonra alırdıq. Telefonla zəng etmə imkanımız belə yox idi.
- Hansı ixtisasda təhsil alırdınız?
- Jurnalistika fakültəsində, radio, televiziya və kino ixtisası üzrə.
- Ancaq sizi daha çox mətbuat xidmətində görmüşük...
- Mən təhsil aldığım vaxt jurnalistika fakültəsinin 3 bölməsi var idi. Biri radio, televiziya və kino idi. Biri qəzetçilik, digəri də ictimaiyyətlə əlaqələr. Orda tədris prosesi belə idi ki, ilk iki il ixtisas dərsləri alırsan, növbəti iki ildə isə öz ixtisas dərslərinlə yanaşı, seçilmiş dərsləri götürürsən. Yəni hansı bölmə sənə daha uyğundursa, onun dərslərini alırsan. Mən daha çox ictimaiyyətlə əlaqələri götürürdüm. Universiteti bitirəndən sonra bir müddət Türkiyədə qaldım. 2000-ci ildə ölkəyə döndüm, hərbi xidmətə getdim və qayıtdıqdan sonra ilk işim qəzet oldu. 2004-cü ilə qədər ayrı-ayrı qəzetlərdə işlədim. 2004-cü ildə çalışdığım qəzet bağlandı və mən qəzetdə çalışmamaq qərarı verdim. 2004-cü ili aprel-sentyabr aylarında ticarətlə məşğul oldum. Balaca bir köşkü işlədirdim. 2004-cü ildə "Barmek AzərbaycanElektrik Şəbəkəsi”nin mətbuat xidmətində işçiyə ehtiyac olduğunu eşitdim. Sənədlərimi götürüb getdim, orda Tanrıverdi Mustafayevlə görüşdüm. Çağırıb bir az sorğu-sual etdilər, dedilər ki, sənədlərini ver, işə başla. O vaxtdan 2018-ci il iyunun 1-nə qədər sırf mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsində çalışmışam. Son illər isə xüsusilə daha çox ictimaiyyətlə əlaqələrə köklənmişdim, PR işləri ilə məşğul olurdum. 2014-cü ildə bunu daha çox göstərə bildim. Çünki 2014-cü ilin mart ayında "Metropoliten”də ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi oldum. İndi də o istiqamətdə davam edirəm.
- PR-a bu gün tələbat çoxdur, eyni zamanda çox da tənqid edilən sahədir...
- Bizdə tənqid olmayan sahə yoxdur. Hər bir sahənin yaxşısı da var, pisi də. Elə jurnalistikanı götürək, burda da "reket jurnalistika” problemi var. Hər bir sahənin təhsilini almaq vacibdir. Ancaq elə sahələr var ki, orda təhsillə yanaşı, təcrübə də önəmlidir. Şəxsən mən PR təhsili almamışam, amma jurnalistikada oxuyanda PR dərsi keçmişik. Tale elə gətirib ki, indiyə qədər çalışdığım qurumlarda ictimaiyyətlə əlaqələrdə işləmişəm. Yəni, bir növ məcburən PR sahəsinin içində olmuşam. PR yaradıcılıq, təcrübə istəyən sahədir. Bəzən mətbuat xidməti rəhbəri deyir ki, PR işi görürəm, amma işinə baxırsan ki, elə deyil. Mən də mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsində çalışmışam, amma üstünlüyü PR-a verirdim. Mətbuat xidməti isə bir qurumun sözçülüyünü həyata keçirir. İctimaiyyətlə əlaqələr isə odur ki, analiz, araşdırma aparır, insanlarla ünsiyyətdə olur və ona uyğun strategiya hazırlayıb rəhbərliyə təqdim edir, deyir ki, biz bunu etsək, daha yaxşı olar. Çünki bizim məqsədimiz imic formalaşdırmaq, onu yüksəltmək və qoruyub saxlamaq, gələcəkdə yaranacaq hər hansı böhran vəziyyətindən minimum zərərlə çıxmaqdır.
Tənqidə gəldikdə, Azərbaycanda PR sahəsində təhsil verən müəssisə yoxdur.
- Yəni, təhsil alınacaq bir yer olmadığı üçün tənqid də etməyi doğru hesab etmirsiniz?
- Baxırsan ki, normal tənqid edir. Burda problem yoxdur. Məsələn, adam gəlib məcburən ictimaiyyətlə əlaqələr mütəxəssisi olub. Məktəbini oxumayıb, çünki bizdə elə bir tədris yoxdur. Həm də nəzərə alaq ki, Azərbaycanda ictimaiyyətlə əlaqələr yeni-yeni formalaşır. Tənqid olunmaq problem deyil, tənqiddən nəticə çıxarmaq lazımdır. Mənim səhvlərim yoxdur ki? Əlbəttə ki, var. Gördüyüm işlərdə hansısa nöqsanlar ola bilər. Əsas odur ki, o nöqsanlara verilən reaksiyaları dərs kimi götürüb aradan qaldırmaq üçün çalışasan. Təəssüf ki, bizdə marketinq, PR jurnalistikada hamı bir-birinə söz atır, bir-birini tənqid edir. Hər kəs başını aşağı salıb işi ilə məşğul olsa, ümumi tənqiddən nəticə çıxarıb işini görsə, bu qədər problem yaranmaz.
Amma PR-da çatışmazlıq da çoxdur. Tədris yoxdur, kurslar da azdır. Bir də düşünürəm ki, PR anadangəlmə bir şeydir. İnsanın qabında olmalıdır. Adama baxıb demək olar ki, bundan PR-çı olar, ya yox. Bir adamı məcbur PR mütəxəssisi etmək mümkün deyil.
- Pozitiv bir insansınız. Demək istəyirsiniz ki, PR mütəxəssisi pozitiv olmalıdır?
- (Gülür) Hazırda çox gözəl işləri olan, amma özləri üzdə olmayan bir çox PR mütəxəssisi var. Onun pozitiv olub-olmamağının işinə heç bir dəxli yoxdur. Yəni, işini bilir. Məndə elədir ki, indiyə qədər çalışdığım sahələrdə göz önündə olmaq məcburiyyətində qalmışam. Göz önündə olan adam üçün pozitivlik mütləqdir.
Pozitivliklə yanaşı, səmimilik, dürüstlük, rol oynamamaq da vacibdir. Məsələn, mən yanınızda olanda sizi tərifləyirəmsə, uzaqlaşandan sonra əks fikir səsləndirirəmsə, artıq bu, rola girmək olur. Yalan danışmamaq önəmlidir. Bəzən mətbuata, insanlara xoş gəlmək üçün rola girirlər. Kamera söndü, telefon yerə qoyuldu, adam olur başqa biri. O, mütləq bir yerdə özünü göstərir. Ona görə deyirəm ki, ictimaiyyətlə əlaqələr insanın canında olmalıdır. Mən pozitivlik göstərmişəm, müəyyən bir şeyə nail olmuşam. Amma pozitivliyim rola girmək deyil, olanım budur. Dostlar arasında da beləyəm.
- Jurnalistlərin zənglərinin cavabsız qalması məsələsi də var.
- Müsahibə prosesində görürsünüz ki, mənə bir neçə zəng gəlib. Təbii ki, cavab verə bilmədim. Amma burdan çıxan kimi bir-bir hamısına zəng vuracam. Tək mətbuata aid deyil, hamıya qarşı beləyəm. Ona görə deyirəm ki, bu işdə səmimiyyət önəmlidir. Düzdür, bəzən səmimi olduğuma görə insanların qəlbini qırmışam da. Açıq sözlüyəm, sözü üzə deməyə çalışıram. Bu xüsusiyyətlərimdən dolayı bəzi dostlarım mənə kobud da deyirlər. Olur ki, bəzən sözü insanların üzünə birbaşa deyəndə inciyirlər və mən izah etmək məcburiyyətində qaldıram ki, səmimi demişəm, pis niyyətim yoxdur. Ancaq yenə də düşünürəm ki, səmimiyyət, dürüstlük önəmlidir. Təmsil etdiyim qurumla bağlı açıqlama verəndə belə, səmimi olmağa çalışmışam. Sözlərlə oynamışam, nəyisə deməmişəm, amma yalan danışmamışam.
- Bəzən problem olanda danışmamağı üstün tutanlar da var.
- Mütləq zəngi açmaq, danışmaq lazımdır. Əgər cavab verə bilməyəcəksənsə, telefonu açıb deməlisən ki, üzrlü hesab et, mən bunu cavablandıra bilməyəcəyəm. Jurnalistlər onlara qarşı olan münasibətə önəm verirlər. Hiss etsinlər ki, qarşı tərəf onlara hörmət edir. Mənim telefonum 24 saat açıq olur. Gecə 2-də, səhər 5-də jurnalistlər zəng vurur. Həmişə də cavab vermişəm.
- Deputatlıq iddiasına da düşmüsünüz. Bir az da bundan danışaq.
- Bəli, fevral ayında Milli Məclisə keçirilən seçkilərə iştirak etmək istəyirəm. İndiyə qədər dost-tanışlar deyirdilər ki, namizəd ol, amma mən özümü indi buna hazır görürəm. Namizədliyimi öz rayonumuzdan verəcəm. Orda məni tanıyanlar çoxdur. Şansım da var. Niyə də olmasın?
Bu məsələni elan edəndə bir dostum yazmışdı ki, deputatlığa yeganə namizədsən ki, PR-çıya ehtiyacın yoxdu. PR da bu işdə önəmlidir. Fəndləri, ictimaiyyətlə necə işləmək lazım olduğunu, hədəf kütləmi, onlara necə müraciət etməyi bilirəm. Demək olar ki, artıq strategiya hazırdır. Sadəcə estafetə qoşulmaq qalıb.

Aygün Asimqızı
banner

Oxşar Xəbərlər