• cümə, 29 Mart, 00:27
  • Baku Bakı 7°C

Postsovet məkanında müzakirə olunan qəza

12.09.20 18:00 765
Postsovet məkanında müzakirə olunan qəza
Və ya Mixail Yefremovun günahı
Rusiyanın tanınmış aktyoruMixail Yefremovun iyun ayında törətdiyi yol qəzası ilə bağlı səs-küylü məhkəmə işi başa çatıb. Rusiya Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, aktyor ümumi rejimli koloniyada olmaq şərtilə 8 il həbs cəzasına məhkum edilib.
Xatırladaq ki, hadisə axşam saatlarında Moskvada baş verib.Yefremovun idarə etdiyi "Jeep Grand Cherokee” avtomobili qarşıdakı zolağa çıxaraq "Lada” avtomobili ilə toqquşub.Nəticədə "Lada”nın sürücüsü kəllə-beyin travması alıb. Ekspertiza aktyorun sərxoş olduğunu müəyyənləşdirib. Yefremovun özü isə qəza nəticəsində xəsarət almayıb.Aktyora qarşı açılan cinayət işi üzrə təhqiqat 4 ay davam edib. Budur, Moskvanın mərkəzində ölümlə nəticələnən yol qəzasında günahkar olan aktyor Presnenski məhkəməsinin qərarı ilə təkcə həbslə canını qurtarmır, eyni zamanda qəzada ölən Sergey Zaxarovun böyük oğluna 800 min rubl məbləğində təzminat ödəməli olacaq.
Məhkəmə, aktyoru yol hərəkəti qaydalarını pozmaqda, ehtiyatsızlıqdan bir nəfərin ölümünə bais olmaqda və hadisəni sərxoş vəziyyətdə törətməkdə günahkar hesab edib. Zərərçəkənlər tərəfindən verilən şahidlərin ifadələri etibarlı sayılıb, lakin məhkəmə müdafiə tərəfinin Yefremovun sərnişin oturacağında oturduğuna dair sözlərinə inanmayıb. Sənətçinin şəxsən "Jeep Grand Cherokee”ini sürdüyü və avtomobildə tək olduğu sübuta yetirilib. Bundan əlavə, məhkəmə həkimlərin Sergey Zaxarovu xilas etmək üçün əlindən gələni etdiyini təsbit edib. Eyni zamanda, müdafiə tərəfi sürücünün tibbi səhv səbəbi ilə öldüyünü israr edib. Rusiya mətbuatı yazır ki, istedadlı aktyor bu hərəkəti ilə günahı boynuna almağa qorxduğunu da nümayiş etdirib. Hansı ki, məlum qəzadan sonra o ağlayıb, özünü söyüb... Vəkili Elman Paşayev isə "o, hadisənin necə baş verdiyini xatırlamır, heç nə xatırlamır” deyə israrla bildirib. Qeyd edək ki, bir çox nüfuzlu vəkillər Yefremovun işini aparmaqdan imtina ediblər.
Hadisənin videogörüntüləri göstərir ki, aktyor hadisədən sonra avtomobildən çıxıb, şahidlərdən birindən siqaret istəyib, "hamı sağdırmı?” deyə soruşub. Sonra zərərçəkənlərin müalicəsini qarşılayacağını bildirib. Bir neçə gündən sonra Yefremov üzr istəyərək videomüraciət yayıb və zərərçəkənin ailəsinə kompensasiya söz verib. Ancaq Zaxarovun qohumları puldan imtina ediblər.
Xatırladaq ki, ölümlə nəticələnən yol qəzası hadisəsində dövlət ittihamçısı Yefremov üçün 11 il həbs istəmişdi. Son iclasda aktyor son sözü söyləyib və məhkəmə çərçivəsində olmasa da, günahkar olduğunu etiraf edib. Aktyora 8 il iş verilməklə yanaşı, üç il müddətində sürücülük hüququndan da məhrum olunub.
Balaca aktyor
5 aya yaxındır ki, mətbuatın və sosial şəbəkələrin gündəmindən düşməyən qəza ilə bağlı təkcə bütün Rusiya əhalisi deyil, aktyoru tanıyan postsovet məkanı danışır. Onunsa xüsusi təqdimata ehtiyacı yoxdur. Bioqrafiyasında teatr və kinoda oynadığı 150-dən çox rol yer alıb. Onun xarizması tamaşaçıları ovsunlayıb, müqayisəolunmaz oyun tərzinin hər kadrda görünməsi üçün tamaşaçılar səbirsizliklə gözləyib.
Mixail Yefremov aktyor ailəsində doğulub. Atası əfsanəvi aktyor və rejissor Oleq Yefremov, anası "Sovremennik” teatrının aktrisası Alla Pokrovskaya, opera rejissoru olan babası Boris Pokrovski ona da böyük sənəti sevdirə biliblər. Onun tərbiyəsi ilə dəhlizin o biri başında yaşayan baba və nənəsi məşğul olub. Atası onun üçün bir növ "ali hakim” idi. Uşaq hər həftə təhsildə uğurlarını və gündəlik hadisələri əks etdirən bir məktub hazırlayıb qonşu mənzilə aparırdı. Düzdür, uşaqlıqda aktyorluq işinin sirlərini çox yaxşı bilən Mixail Yefremov ailə ənənəsini davam etdirməyə həvəsli deyildi. Bir müddət taksi sürücüsü olmaq xəyalları qururdu. Ancaq dedikləri kimi, genlər öz təsirini göstərdi və Mixail səhnədə ilk çıxışını erkən etməli oldu.
Onun iştirakı ilə ilk tamaşa Moskva Bədaye Teatrında "Get, geriyə bax” tamaşasında baş tutdu. 13 yaşlı Mişa "Cərrah Mişkinin günləri” film-dramında da baş rolu oynadı.
1978-ci ildə onun iştirakı ilə təsirli məzmuna malik "Mən nəhəng olanda” filmi ekranlara çıxdı. Yeniyetmə sevgisi və əxlaqi dəyərlər haqqına olan filmdə cazibədar xuliqan Petya Kopeykin rolunu oynayan aktyor, onunla eyni sinifdə oxuyan qıza vurulur. Tamaşaçılar zərif hisslərini həssaslıqla çatdıran gənc aktyorun uşaq sadəlövhlüyü və idrakına heyran oldular. Təbii ki, bu, həmçinin öz rejissor düşüncələrinə oğlu üzərində səylə nail olan Oleq Yefremovun da zəhməti idi.
Növbəti uğurlu rolu, milyonlarla sovet tamaşaçısına iki məktəblinin – Andrey və Nataşanın təsirli sevgisindən bəhs edən "Hər şey əksinə” filmində "əsil məhəbbət hər şeydən yüksəkdir” fikrini aşılamaq oldu. Qızın valideynlərini Oleq Tabakov və Svetlana Nemolyaeva kimi səhnə sənətinin nəhəngləri oynayırdı. Birgə oyundan əldə edilən təcrübə isə Mixail üçün boşuna getmədi.
Əlvida, MXAT
Mixail teatr təhsilini MXAT-ın məktəb-studiyasında aldı. Birinci kursdan sonra - 1982-ci ildə onu orduya çağırdılar və aviasiyada xidmət etdi. Aktyor, müsahibələrində deyir ki, hərbi xidmətin birinci ilini hamı kimi yola verib, sonra isə rəhbərlik istedadı itirmək istəməyib və ona bayram proqramı hazırlamağı etibar edib.
Hərbi xidməti başa vuran Yefremov yenidən təhsilini davam etdirmək üçün MXAT-a qayıdır. Vladimir Boqomolovun kursunda oxuyur. 1987-ci ildə aktyor "Sovremennik-2” teatr-studiyasına rəhbərlik edir. Onunla bu teatrda Nikita Vısotski, Mariya Yevstiqneyeva, Yevgeni Mitta kimi gənc aktyorlar çalışırdı. 1991-ci ildə studiya dağılsa da, heyəti, oynadıqları tamaşalara bilet çətin tapılan aktyorlara çevrildilər. Sonra Mixail ömrünün 8 ilini MXATA-a həsr etdi. Bu müddətdə aktyor bədii rəhbər olan atası ilə daim yaradıcılıq mübahisələrində olurdu. Bacısı Anastasiya xatırlayır ki, Mixaili bir sıra idarəetmə məsələləri razı salmırdı, O, atası ilə yox, bütün sərt teatr sistemi ilə mübarizə aparırdı. 1999-cu ildə bədii şuranın iclası zamanı teatrın maliyyəçisi Komarovla əlbəyaxa dalaşmasından sonra bu səhnə ilə vidalaşmalı oldu.
2000-ci ildə Aleksandr Mitta oğlunun məsləhəti ilə Yefremovu yeni layihəsinə - "Sərhəd. Tayqa macərası” serialına dəvət etdi. Aktyora mənfi rol olan zabit Aleksey Jqut obrazını oynamaq həvalə edildi. Mübahisəli rol olmasına baxmayaraq, Jqut obrazı tamaşaçılar tərəfindən sevildi. Yefremovun özü isə personajın uğurunu, daha çox ssenaristlərin əməyi ilə əlaqələndirdi.
Filmin uğurundan sonra Yefremov mütəmadi olaraq ekranda görünməyə başladı. Rejissorlar, həmçinin onun komediya istedadından da istifadə edirdilər. Aktyor heç vaxt bir ampluada sığınıb qalmadı. Gah dramatik, gah komediya rolları ilə tamaşaçılarını cəlb etdi.
Çoxuşaqlı ata
Mixail Yefremov çoxuşaqlı atadır. İlk həyat yoldaşı Yelena Qolyanova olub. Hər ikisi heç vaxt nikahlarının saxta olduğunu və Yelenanın mənzilini dəyişmək üçün bağlandığını gizlətməyiblər. İttifaqları ay yarım çəkib. Tələbəlik illərində Mixail, aktrisa Natalya Neqodanı sevib. İki il sonra eyni kursda oxuduğu Natalya İonova ilə görüşməyə başlayır. Həmçinin onun Lyudmila Zalessko ilə macəralarından da danışırlar. MXAT-ı bitirəndən sonra "Sovremennik” ədəbi jurnalının redaktoru Asya Vorobyova ilə vətəndaşlıq nikahında da yaşayıb. 1988-ci ildə bu nikahdan oğulları Nikita doğulub. Deyilənə görə, Asya təkcə öz əri Anton Tabakovu tərk edərək Mixaillə evlənmədi, həmçinin nikahı ilə bərabər iki kişinin dostluğunu da alt-üst elədi.
Yefremovun növbəti həyat yoldaşı Yevgeniya Dobrovolskaya olur. Oğulları Nikolay bu evlilikdən dünyaya gəlir. Aktyor sevgisi xətrinə düz 5 il dilinə spirtli içki vurmur. 1997-ci ildə isə nikahları, Mixailin xəyanəti üzündən pozulur.
Mixail üçüncü rəsmi nikahını aktrisa Kseniya Kaçalinlə gerçəkləşdirir. Onunla, birgə oynadığı filmin çəkilişlərində tanış olur. Nikahları 4 il davam edir. Hazırda Kseniya Hindistanda yaşayır. O, uzun illər qızları Anna-Mariyanın tərbiyəsi ilə tək məşğul olur. Sonra qız, Moskvaya, atasının yanına qayıdır. 16 yaşında isə qeyri-ənənəvi seksual oriyentasiyasına görə onun haqqında danışılır.
Aktyorun evlilikdə son seçimi səs rejissoru Sofiya Kruqlikova olur. O, aktyor üçün Vera və Nadejda və boris adlı əkiz qız və oğlan dünyaya gətirir. 2016-ci ildə - 15 illik evlilikdən sonra onlar kilsədə nikah mərasimi keçirirlər. Aktyorun yaxınları Sofiyanı onun məhəbbəti adlandırırlar.
Amma indi aktyor yaşadığı sevgi macəralarını az qala xatirəyə çevirib. İndi onu daha çox azadlığı düşündürür. Rusiya mətbuatı yazır ki, aktyor məhbəsdən yalnız ölkə prezidenti Vladimir Putinin şəxsi göstərişi ilə azad oluna bilər.
Rusiya mətbuatından tərcümə etdi
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər